Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1544/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: müqavilənin etibarlılığı, etibarsız əqd üzrə alınan pulun geri qaytarılması, sübutetmə, əsassız varlanma, restitusiya) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 07 may 2021-ci il tarixdə imzaladığı əlyazısında Bakı şəhəri, Səbail rayonu, 1-ci Buxta küçəsi 15S-də olan 2 otaqlı mənzilini 38 000 manata İddiaçı satdığını, bütün kommunalları “Asan Kommunal”da İddiaçı adına keçirdiyini, ilk olaraq 37 000 manat aldığını, İlkanənin qalan 1000 manatı 10 gün müddətində ödəməyi öhdəsinə götürdüyünü, evi satması barədə bütün ailə üzvlərinin xəbərinin olduğunu, mübahisəli məsələyə cavabdehlik daşıdığını göstərmiş, həmin əlyazısına İddiaçı da müvafiq qeydləri, yəni evi 38 000 manat alması, evə baxış keçirməsi, evin sənədləşməsini öz üzərinə götürdüyü, ilkin olaraq 37 000 manat ödədiyi, qalan 1000 manatı 10 gün müddətində ödəyəcəyi barədə məlumatlar əlavə olunmaqla əlyazısı sonuncu tərəfindən də imzalanmışdır.
2. İddiaçı ilə “Azəriqaz” İB arasında qazın alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə AKX-02974xx/xx-2021 saylı müqavilə bağlanmış, Bakı şəhəri, Səbail rayonu 1-ci Buxta küçəsində İddiaçı məxsus evə “Zenner G4T” mexaniki sayğac quraşdırılmışdır.
3. Səbail Rayon Su Kanal İdarəsi ilə İddiaçı arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2021-ci il tarixli 44204841 saylı müqavilə bağlanmışdır.
4. X7 X3 qarşı “evdən çıxarılma” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, X2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq X10 verilməsi qət olunmuşdur.
5. Həmin qətnamədən X2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş, qətnamə “cavabdehin ailə üzvlərinin evdən çıxarılması” hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
7. X7 İddiaçı qarşı “evdən çıxarılma” tələbi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılması və yaşayış evinin boşaldılaraq X10 verilməsi qət olunmuşdur.
8. Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-vü il tarixli qətnaməsi ilə təmin edilməmişdir.
9. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Qəmbər oğluna xx.xx.2022-ci il tarixdə ünvanlandığı pretenziya məktubunda göstərmişdir ki, 15 gün müddətində 38 000 manatın ödənilməsini tələb edir, əks halda məhkəməyə və istintaq orqanlarına müraciət edəcəkdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı Cavabdeh1 və Cavabdeh2 Qəmbər oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən 38 000 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Sonradan iddiaçı ərizə verərək Cavabdeh2 proessual statusunun dəyişdirilib onun üçüncü şəxs qismində cəlb olunmasını istəmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli protokol-qərardadı ilə ərizə təmin olunmuşdur.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 Qəmbər oğlunun vasitəsilə ünvan 2 ünvanında yerləşən Cavabdeh1 məxsus olan 2 otaqlı mənzil 38 000 manata ona satılmış, evi aldıqdan sonra evin daxilində və çardaq hissələrində, qaz və elektrik sahələrində xeyli təmir işləri aparmış, bütün kommunal xərcləri öz adından ödəmişdir. Sonralar məlum olmuşdur ki, həmin mənzilin əslində başqa sahibi varmış və mənzil mübahisəlidir, hətta bununla bağlı məhkəmə qətnamələri də mövcuddur. 30 iyun 2022-ci il tarixində iki nəfər icra məmuru gələrək xəstə uşağı belə nəzərə almadan evi boşaltmalarını tələb etmişlər. Çıxarışı olmayan, texniki pasportu, kommunal sahələri ona məxsus olan, bir ildən artıq yaşadığı ev xəbəri olmadan başqasına satılmışdır. Ona görə də, Cavabdeh1 ödədiyi 38 000 manat Röyaldan tutulub ona ödənilməlidir.
13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, xəstə oğlunun pensiyası ilə bankdan kredit götürərək mübahisəli mənzili Cavabdeh1 almış, cavabdeh evin problemli olduğunu bilə-bilə evi ona satmışdır. Həmin evin sahibi Arif adlı şəxs onu məhkəməyə vermiş və evdən çıxarmışdır. İki xəstə oğlu ilə çöldə qalıb, gedəcək yeri yoxdur.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh evi Sədaqət xanımdan aldığını, 3-4 ay özü yaşayıb sonra iddiaçıya satdığını, evi iddiaçıya satdığı zaman sayğacların sıfırlandığını, notarial qaydada iddiaçının adına keçirildiyini bildirmişdir.
15. Cavabdehin nümayəndəsi (vəkili) iddianın əsassız olduğunu bildirərək göstərmişdir ki, cavabdeh özü də pul ödəyərək həmin mənzili Cavabdeh2 vasitəçiliyi ilə Sədaqət adlı xanımdan almışdır. Ev özbaşına tikilidir, heç bir sənədi yoxdur. Cavabdeh iddiaçı ilə eyni vəziyyətdədir və 38 000 manatın cavabdehdən tələb edilməsi üçün səbəbli əlaqə mövcud deyil. Mülki Məcəllənin heç bir norması pozulmamışdır.
16. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 Qəmbər oğlu bildirmişdir ki, Arifi və Sədaqəti tanıyır. Arif evləri tikib satmaqla məşğul olur. Arif evi Sədaqətə, Sədaqət Röyala, Röyal da İlkanəyə satmışdır. O sadəcə vasitəçi olmuşdur.
17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, eyni zamanda 204 manat dövlət rüsumunun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
18.1. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Bu hal Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin müqavilənin etibarsızlığına səbəb olur. 18.2. İş materiallarından görünür ki, tərəflər arasında sadə yazılı müqavilə bağlanmışdır. 18.3. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. 18.4. İş materiallarından görünür ki, Cavabdeh1 məhkəmənin 22 sentyabr 2022-ci il tarixli iclasında iddia tələbini etiraf edərək mənzilini cavabdehə satdığını bildirmiş, bununla iddiaçını sübut etmə vəzifəsindən azad etmişdir. Həmin etiraf məhkəmə zalında video-audio yazı aparılmaqla edilmişdir və bu zaman etiraf etmiş şəxsə kənar müdaxilə olması, onun kənar şəxslərin təzyiqi altında olması və s. istisna edilir.
19. Gəldiyi nəticəni əsaslandırarkən məhkəmə, Mülki Məcəllənin 144.1-ci, 337.1-ci, 390.2-ci, 406.1-ci, 1091.1-ci, 1092-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1ci, 106.3-cü, 220.4-cü maddələrinə istinad etmişdir.
20. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarlmasını xahiş etmiş, şikayətini, məhkəmənin iş üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadığı, sübutlara düzgün qiymət vermədiyi, tərəflər arasında sadə yazılı müqavilənin bağlandığını vurğulmasına baxmayaraq əsassız varlanma müddəalarına istinad etməklə ziddiyyətli nəticəyə gəldiyi və bununla da maddi hüquq normalarını düzgün tətbiq etmədiyi, evin vicdanlı alıcısı olmasını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
21. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 və Cavabdeh2 Qəmbər oğlu məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
23. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
28. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
29. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
30. Əgər 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.
31. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
35. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
36. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
37. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
38. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
39. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
40. Maddə 2. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hüququ düzgün tətbiq etmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
50. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
52. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Predmetini daşınmaz əmlakın təşkil etdiyi alqı-satqı müqaviləsi baxımından isə xüsusi etibarlılıq şərti olaraq onun notarial qaydada bağlanmalı olduğu müəyyənləşdirilmişdir (§ 36).
53. İşin hallarından aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, 1-ci Buxta küçəsi 15S-də olan 2 otaqlı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan özbaşına tikili olmaqla alqı-satqının predmeti ola bilməzdi (§ 25) və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşma notarial qaydada təsdiqlənməmişdir – bu isə o deməkdir ki, həmin razılaşmanın etibarlı olmasından bəhs etmək mümkün deyildir.
54. İşin mübahisəsiz halıdır ki, etibarsız (əhəmiyyətsiz) olan həmin razılaşma üzrə iddiaçı cavabdehə 38 000 manat vermiş, bu pul vəsaiti geri qaytarılmamışdır.
55. Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən qərarında qeyd etmişdir ki, “...Mülki Məcəllənin 337.5-ci maddəsi ... etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Mülki Məcəllənin 337.5ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. ...Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər.
56. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhz əsassız varlanma müddəalarına istinadən iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlmişdir və apellyasiya şikayətinin müvafiq dəlili mahiyyətcə düzgün olan qətnamənin ləğvinə əsas verə bilməz.
57. Kollegiya həmçinin cavabdehə izah edir ki, əgər o, sözügedən özbaşına tikilini digər şəxsdən pul müqabilində almışdırsa, əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı həmin şəxsə qarşı iddia verə bilər.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1898/2022 saylı iş üzrə 22 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən Cavabdeh1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhramzadə