Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1544/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş (Açar sözlər: «istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2023 saylı, 15 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000205 saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişində İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən Cavabdeh ASC-də mexaniki yığma sexində tornaçı işinə qəbul edildiyi, aylıq əmək haqqının 585.00 manat təşkil etdiyi, müqavilənin qüvvədə olduğu göstərilib.
2. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000206 saylı xx.xx.2023- cü il tarixli əmək müqaviləsi bildirişində İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən "xxxx" ASC-də mexaniki yığma sexində köməkçi fəhlə işinə qəbul edildiyi, aylıq əmək haqqının 345.00 manat təşkil etdiyi, müqavilə qüvvədə olduğu göstərilib.
3. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xxxxxxx000207 saylı xx.xx.2023- cü il tarixli əmək müqaviləsi bildirişində İddiaçı xx.xx.2006-cı il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən "xxxx" ASC-də mexaniki yığma sexində köməkçi fəhlə işinə işə qəbul edildiyi, aylıq əmək haqqının 380.00 manat təşkil etdiyi, müqavilənin qüvvədə olduğu göstərilir.
4. Cavabdeh ASC-nin 178 saylı xx.xx.2022-ci il tarixli arayışında əmək xəsarətinə görə İddiaçı 2020-ci ilin aprel - 2022-ci ilin avqust aylarını əhatə edən dövr üzrə hər ay 184.00 manat ödənc verildiyi göstərilib.
5. Cavabdeh ASC-nin 11 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2023-cü il tarixdən müəssisə üzrə əmək haqlarının 10% artırılması ilə əlaqədar olaraq, əmək xəsarətinə görə İddiaçı ödənilən ödəncin miqdarı xx.xx.2023-cü il tarixdən 10% artırılaraq 203 manat müəyyən edilmişdir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" ASC-nin şikayətinin təmin edilməsi, "xxxx" ASC-nin sədri X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə 1200 manat cərimə olunmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati material üzrə icraata xitam verilməsi qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3083/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-5079/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, "xxxx" ASC-nin sədri X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməmiş, "xxxx" ASC-nin sədri X1 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 1200 manat cərimə olunmasına dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalat qəzası nəticəsində sağlamlığa dəymiş zərərə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona 2020-ci ilin aprel ayından hesablanmaqla aylıq əmək haqqının 60 %-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiada göstərib ki, 1981-ci ilin noyabr ayından bəri Cavabdeh ASC-də tornaçı vəzifəsində çalışır. xx.xx.1988-ci il tarixdə Cavabdeh ASC-də çalışan zaman iş yerində istehsalat qəzası nəticəsində xəsarət alaraq əmək qabiliyyətini 60 % itirmiş və ona ömürlük İİİ (üçüncü) dərəcə əlillik təyin edilmişdir. 2020-ci ilin aprel ayında cavabdeh ASC-də əmək haqlarının artırılmasına baxmayaraq, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona ödənilməli olan ödəncin məbləği artırılmamışdır. Belə ki, hazırda ona ödənilən aylıq əmək haqqının, yəni 585 manatın 60%-i məbləğində, yəni 351 manat aylıq ödənc ödənilməli olduğu halda, ona aylıq 184 manat ödənc ödənilir. Bununla bağlı xx.xx.2022-ci il tarixdə X4 Xidmətinin Bakı şəhər idarəsinə şikayətlə müraciət etmiş, müraciətinə cavab olaraq, X4 Xidmətinin Bakı şəhər idarəsindən aldığı **********4 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh ASC-nin vəzifəli şəxsi barəsində AR İXM-in 192.4-cü maddəsinə əsasən (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin bu günədək cavabdeh ASC tərəfindən ona müvafiq ödəncin ödənilməsi həyata keçirilmir. Bu hal əmək qanunvericiliyinin və əmək hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu səbəbdən də pozulmuş hüquqları bərpa edilməli, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə ona aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin verilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulmalıdır. Cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi ilə bağlı müraciət etsə də, keçirilmiş mediasiya prosesində aralarında barışıq əldə olunmamışdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilərək istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə İddiaçı 2020-ci ilin aprel ayından (xx.xx.2023-cü il tarixədək hər ay 351 manat olmaqla cəmi 6714 manat) hesablanmaqla aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması; Cavabdeh ASC-dən 150 manat ekspert xərcinin və 87,14 manat dövlət rüsumunun tutulması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iddiaçı xx.xx.1988-ci il tarixdə cavabdeh müəssisədə işdə əmək xəsarəti aldığına görə əmək qabiliyyətinin 60 %-ni itirmiş və ona aylıq ödənc təyin edilmişdir. xx.xx.1991-ci il tarixdən isə ödənc ömürlük təyin edilmişdir. İddiaçının xəsarət aldığı müddətdə çalışdığı peşə 2-ci dərəcəli burğuçu-tornaçı olmuş, hazırda fəhlə köməkçisi işləyir. İddiaçının tornaçı olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqı 585.00 manat, həmin tarixdən sonra 345.00 manat olsa da, cavabdeh tərəfindən ona hər ay 184.00 manat, xx.xx.2023-cü il tarixdən 203 manat ödənc verilmişdir. Cavabdeh hesab edib ki, iddiaçıya verilən ödəncin məbləği yalnız kütləvi artım zamanı artırıla bilərdi və xx.xx.2023-cü il tarixdən 10 faiz kütləvi artım olduğuna görə, 184 manatın ödənc də 10 faiz artırılaraq 203 olmuş və bu şəkildə ödənilməlidir. Məhkəmə hesab edib ki, aylıq ödəncin miqdarı cavabdeh müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilməklə ödənməli olduğundan, istehsalat qəzası nəticəsində sağlamlığına dəymiş zərərə görə iddiaçıya 2020-ci ilin aprel ayından hər ay 351 manat hesablanmaqla aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza zamanı mühasibatlıq sahəsində xüsusi biliyi olan ekspert əmək qabiliyyətinin 60%-ni itirmiş iddiaçıya aylıq ödənclərin az hesablandığını, 2020-ci ilin aprel ayından indiyədək olan dövr üzrə hesablanmamış ödəncin məbləğinin 6847,00 manat olduğunu müəyyən etmişdir. Məhkəmə 9/3616 saylı xx.xx.2023-cü il tarixli rəyilə qismən razılaşmır. Bеlə ki, cavabdеh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya 203 manat ödənc versə də, rəyi vеrən еkspеrt ödənilməmiş ödənc fərqinin miqdarını müəyyən еdərkən həmin halı nəzərə almamış, bütün mübahisəli dövr üzrə ödəncin aylıq məbləğinin 184.00 manatdan hеsab еtmiş, bununla da iddiaçıya ödəncin 2020-ci ilin aprel ayından indiyədək olan dövr üzrə 6847,00 manat az hesablandığı barədə işin hallarına tam uyğun olmayan nəticəyə gəlmişdir. Odur ki, ödənilməmiş ödənc fərqinin miqdarı müəyyən еdilərkən cavabdеhin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya ödədiyi ödəncin miqdarı nəzərə alınmalı, həmin məbləğ ödənilməmiş ödənc fərqinin еkspеrt tərəfindən müəyyən еdilmiş miqdarından çıxılaraq, mübahisəli dövr üzrə hesablanmalı olan ödəncin məbləği 6714,00 manat müəyyən edilməli və həmin məbləğin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Həmçinin, iddia tələbində konkret hansı məbləğdə pul tələb olunması qeyd olunmasa da, ərizənin “xahiş edirəm” hissəsində ziyanın hesablanaraq ödənilməsi məhkəmədən xahiş edilmişdir. Ona görə də, həmin məbləğin hesablanaraq göstərilməsi iddiaçının tələbinin tam təmin olunması kimi qəbul olunmalı, iddia tələbindən kənara çıxılması kimi hesab edilməməlidir. Çünki, iddiaçı ona ödənilməli ödəncin hansı qaydada həyata keçirildiyini əvvəlcədən bilə bilməzdi. Məhkəmə eyni zamanda hesab edib ki, dövlət rüsumunun miqdarı müəyyən edilərkən 2020-ci ilin aprel ayından xx.xx.2023-cü il tarixədək aylıq əmək haqqının 60 %-i miqdarında aylıq ödəncin az ödənilmiş 6714,00 manat iddia qiyməti olaraq qəbul edilməli, iddia təmin edildiyindən, eləcə də iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, ekspertə verilməli olan məbləğ və 87,14 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın isə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edib şikayətdə göstərib ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən dəlillərin heç birinin əsası yoxdur. Məhkəmə heç bir əsas olmadan iddianı təmin etmiş, lakin qətnaməsini əsaslandıra bilməmişdir. Hazırki iddianın heç bir hüquqi əsası yoxdur. Belə olan halda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi əsassızdır, lakin məhkəmə tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamış, qətnaməsini formal mülahizələrlə bir cümlə ilə əsaslandırmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında Cavabdeh ASC-nin vəkili X5 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Maddə 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Maddə 1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır.
18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. Qərarın 2.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin məbləği müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
27. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki, qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Birinci instansiya məhkəməsi də iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edərək rəy almış və ekspertizanın rəyində də İddiaçı 2020-ci ilin aprel ayından indiyədək "xxxx" ASC-də əmək müqaviləsinə əsasında tornaçı vəzifəsində işlədiyi müddətdə istehsalatda aldığı əmək xəsarəti nəticəsində ödənilən aylıq ödənclər üzrə əlavə hesablanmalı məbləğin 6847,00 manat təşkil etdiyi müəyyən edilmişdir. Ekspert hesablamanı 2023-cü ilin 8 ayı daxil olmaqla aparmışdır.
30. Birinci instansiya məhkəməsi isə ekspert rəyi ilə qismən razılaşmayaraq göstərmişdir ki, cavabdеh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya 203 manat ödənc versə də, rəyi vеrən еkspеrt ödənilməmiş ödənc fərqinin miqdarını müəyyən еdərkən həmin halı nəzərə almamış, bütün mübahisəli dövr üzrə ödəncin aylıq məbləğinin 184.00 manatdan hеsablamış, bununla da iddiaçıya ödəncin 2020-ci ilin aprel ayından indiyədək olan dövr üzrə 6847,00 manat az hesablandığı barədə işin hallarına tam uyğun olmayan nəticəyə gəlmişdir. Ona görə də ödənilməmiş ödənc fərqinin miqdarı müəyyən еdilərkən cavabdеhin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 7 ay müddətində iddiaçıya ödədiyi ödəncin miqdarını nəzərə almış, həmin məbləğ ödənilməmiş ödənc fərqinin еkspеrt tərəfindən müəyyən еdilmiş miqdarından çıxaraq, mübahisəli dövr üzrə hesablanmalı olan ödəncin məbləğini 6714,00 manat müəyyən etmiş və həmin məbləğin ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur.
31. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da cavabdeh razılaşmamış və apellyasiya şikayətində formal dəlillərdən istifadə etmiş və məhkəmənin qətnaməni əsaslandırmadığını göstərmişdir. Lakin formal da olsa apellyasiya şikayətində göstərilən dəlillər hansısa sübutla təsdiq olunmur və yalnız şikayət xatirinə verildiyi bəlli olur. Bu cür vəziyyətdə apellyasiya şikayətinin hər hansı bir hüquqi dəyərləndirmə aparılmasını zəruri edən dəlili olmadığından məhkəmə tərkibi də birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün olan yekun nəticəsi ilə razılaşır.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 749/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-749/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.