Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1546/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Zülfiyyə İbrahimovanın, iddiaçının nümayəndəsi İlham İbrahimovun, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdehlər Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1 və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4269/2024 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı Zülfiyyə İbrahimova cavabdeh Bakı şəhəri 268 nömrəli xüsusi təhsil Cavabdeh1də ibtidai sinif müəllimi işləyib. 2.İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin Cavabdeh1 direktorunun xx.xx.2024cü il tarixli 70 nömrəli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Bu normaya görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, işəgötürənin həmin əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 4.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiysı məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən iddiaçı Zülfiyyə İbrahimova, iddiaçının nümayəndəsi İlham İbrahimov, iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. 7.Cavabdehlərin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İddiaçının tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanın qərarı var. Belə ki, AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.2-ci bəndinə görə, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Qaydaların 3.14-cü bəndinə görə, sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. İddiaçı xx.xx.2024-cü ildə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyib. Onun özü iddia ərizəsində bildirib ki, xx.xx.2024-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edərək 20 bal toplayıb. Həmin Qaydanın 5.4-cü bəndinə görə, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Ona görə əmək müqaviləsinin ləğvi qanunvericiliyə uyğunur. 9.İddiaçı bildirir ki, xx.xx.2023-cü ildə keçirilmiş sertifikasiya imtahanında iştirak edə bilməyib, buna səbəb anasının xx.xx.2023-cü ildə komaya düşməsi, xx.xx.2023-cü ildə vəfat etməsi olub. Ona görə də hesab edir ki, bu hal nəzərə alınmalı, xx.xx.2024-cü ildə keçirilmiş sertifikatlaşdırma təkrar deyil, ilkin hesab olunmalı və ona növbəti sertifikatlaşdırmada iştirak etmək imkanı verilməli idi. 10.İddiaçının bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndində qeyd olunub: “Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”. İddiaçı xx.xx.2023-cü ildə keçirilmiş sertifikatlaşdırmada üzrlü səbəbdən (anasının vəfat etməsinə görə) iştirak etməyib. Buna görə də onun iş yeri 1 il müddətində saxlanılıb və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilib. Qaydaya görə, hər hansı səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxs sertifikatlaşdırmada iştirak edib, lakin ondan keçə bilməyən şəxsə bərabər tutulur. Odur ki, sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən şəxs üçün növbəti sertifikatlaşdırma təkrar sayılır. 11.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 12.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4269/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1546/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1546/2025
07.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver