Məhkəmə qərarları › İş №2(103)-1550/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1550/2024

12.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1550/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3316/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları

1. Tərəflər xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuşlar. Daha sonra tərəflər arasında münasibətlər korlanmış, nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3316/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında xx.xx.2013-cü irl tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 823 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, uşaqların analarının himayəsində saxlanması və sonuncuların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün uşaqların atalarından analarının xeyrinə aliment tutulması qət edilmişdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 6, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından doğulmuş Nihad və Fidan adlı iki övladları var. Münasibətləri normal olsa da, sonradan pisləşmiş və aralarında olan nikah Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə nikahları pozulmuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospekti ünvanda yerləşən 6 saylı evin 3 saylı mənzili onun mülkiyyətindədir. Həmçinin həmin mənzildə qeydiyyatdadır. Lakin cavabdeh tərəfindən evdən qovulmuş, mülkiyyət hüquqları məhdudlaşdırılmışdır. Uzun müddətdir ki, o, mülkiyyətində olan mənzilə daxil ola bilmir. Kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir.

6. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3316/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddaçı köçmək istədiyi mənzildə yaşayıb və yaşadığı mənzildən cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum edilib. İşin faktiki hallarından görünür ki, iddiaçı mülkiyyətində olan mənzildən iradəsinə zidd olaraq çıxarılmış, mülkiyyətçi kimi mənzildən istifadə hüququ cavabdeh tərəfindən pozulmuşdur.

8. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsi; «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3316/2023 saylı iş üzrə 14 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intsansiya məhkəməsi qətnaməsində mülkiyyət hüququna dair qanun müddəalarına istinad etmiş, lakin qanunla hər zaman uşaqların mənafelərini üstün tutmalı olmasını, uşaq hüqularını ilk növbədə təmin etməli olmasını gözardı etmişdir. Tərəflərin birgə nikah dövründə əldə etdikləri evə hər birinin əmlak hüquqları vardır. O, iddiaçının əmlak hüquqlarını inkar etmir, iddiaçının hüquqlarından sui-istifadə etməsinə yol verilməməli olduğunu Məhkəmənin diqqətinə çatdırmışdır. İddiaçı öz hüquqlarından uşaqların mənafeyinə zidd olaraq istifadə edir, bu yolverilməzdir. O, uşaqların mənafeyi naminə yaşadığı və birgə nikah dövründə əldə edilən mənzilin - Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Zahid Qasımov prospektində yerləşən 6 saylı evin 3 saylı mənzili üzərində tərəflərin payların həcminin müəyyən edilməsi, iddaçıya kompensasiya verilməklə, yaxud ayrı bir yaşayış sahəsi təmin edilməklə onun əmlak hüquqlarına xitam verilməsi ilə bağlı təkliflər etmiş, razılıq olmasına çalışmışdır. Lakin iddiaçı razılığa gəlməyərək hüquqlarından sui-istifadə etmək, uşaqların hüquq və mənafeyini pozmaq niyyətini nümayiş etdirmişdir. İddiaçının yaşayış sahəsinə ehtiyacı yoxdur. O, özü boşanmadan əvvəl evi və uşaqlarını tərk edib ayrı yaşamışdır, öz anası ilə birlikdə yaşamışdır, indi, boşanmadan sonra gəlib birlikdə eyni evdə guya yaşamaq istəməsi, evə köçürülmə tələb etməsi, onun dürüst olmadığına dəlalət edir. Qarşılıqlı razılıq əldə olunmadığından hazırda o, mənzil üzərində tərəflərin paylarının həcminin müəyyən edilməsi, iddaçıya kompensasiya verilməklə onun əmlak hüquqlarına (əgər varsa) xitam verilməsi üçün iddia qaldırmaqla bağlı müraciət etmişdir, iş mediasiya mərhələsindədir. Mediasiya prosesində məsələ öz həllini tapmazsa məhkəmə yolu ilə məsələ həll olunacaqdır. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirəcəkdir. Odur ki, uşaqların mənafelərinə zidd olan qərardır. İddiaçı mənzilə köçürüləcəyi təqdirdə uşaqlar üçün sağlam və təhlükəsiz mühit ortadan qalxacaqdır. Cavabdeh iddiaçı ilə bir mənzildə yaşamağın uşaqların və özününü sağlamlığı və təhlükəsizliyinə təhdid olması səbəbindən, eləcə də iddiaçının yaşayış sahəsinə ehtiyacının olmadığı, məqsədinin mənzildə yaşamaq deyil, ona və uşaqlara zorakılıq və psixoloji təzyiqləri davam etdrimək olması səbəbindən iddiaçının mənzilə köçürülməsinə etiraz etmişdir. İddiaçının psixoloji durumu, eləcə də iddiaçının uşaqların psixoloji vəziyyətinə təsiri məhkəmə ekspertizası ilə araşdırılmalı idi. Uşaqlar qorxu və narahatlıq keçirirlər, atalarının gəlib onların üstünə qışqırmasından, hay-küy salacağından, evdə ata-ana arasında dava dalaş olacağından qorxurlar, əndişə, təlaş, stress keçirirlər. Bu isə onların sağlamlığına olduqca mənfi təsir edir. İddiaçı aliment ödəməkdən boyun qaçırdır, uşaqlarının qayğısını çəkmir. İcra məmurlarının təzyiqi və tədbirləri sayəsində iddiaçıdan hər dəfə zorla aliment alınır, iddiaçı könüllü olaraq aliment ödəməmişdir. İddiaçının məqsədi fiziki və psixoloji təzyiq və təhdidlərlə uşaqları və onu evdən çıxarmaq və evi satmaqdır.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək yuxarıda qeyd olunan məzmunda izahat vermiş, şikayətin təmin olunmasını, qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, tərəflər evin satılması ilə bağlı razılığa gəliblər və əldə olunan vəsaitin aralarında bərabər bölünəcəkdir. İddiaçı iddiadan imtina etmək istəyir, sadəcə o, Qarabağda işləyir, gələ bilmir və ərizə də göndərə bilmir. Bildirdikləri ilə bağlı heç bir sübutu yoxdur. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnmənin tam ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyasının

18.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

19.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

20.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 22.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 27.213.1-ci və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 28.215.1-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

29.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

30. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 31.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.Kollegiya qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 33.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 34.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia.

35. Mübahisəli əmlakın tərəflərin birgə mülkiyyətində olması, buna baxmayaraq iddiaçının həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam səlahiyyətlərinin həyata keçirə bilməməsi işin mübahisələndirilməyən hallarına aiddir. Belə ki, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov prospekti, ev 6, mənzil 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mülkiyyət hüququnu sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

36. Mülki qanunvericiliyə görə, bir qayda olaraq paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılaşması əsasında həyata keçirilir. Belə ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqlarına uyğun şəkildə paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Belə olan halda qeyd edilməlidir ki, əmlakın digər mülkiyyətçisi olan Cavabdeh iddiaçının mülkiyyət hüququnun ünsürləri olan səlahiyyətlərdən istifadə etməsinə maneçilik törətməsi, sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Halbuki, ümumi əşyaya sahiblik və ondan isifadə qaydalarını müəyyənləşdirərkən mülkiyyətçilərin hər birinə mənsub olan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir.

37. Kollegiya cavabdehin apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

38. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 40.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3316/2023 saylı, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar