Məhkəmə qərarları › İş №2(103)-1551/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1551/2022

10.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1551/2022 10.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin boşaldılaraq istifadəyə qaytarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh (Maraqlı şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, 20.12.2016-cı il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla üzərində icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisi, Abşeron rayon donuzkökəltmə sovxozunun ərazisi ünvanında yerləşən 1.6 hektar torpaq sahəsindən Cavabdeh Qəhraman oğlunun çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin boşaldılaraq cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 1.6 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti ilə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 97 nömrəli məktubundan görünür ki, Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materiallarının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 2(003)-3282/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar