Məhkəmə qərarları › İş №2(103)-1553/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1553/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1553/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (əvvəlki adı "xxxx" İKB ASC) qarşı "fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-3747/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri yaşayış binasının və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə «xxxx» İKB ASC-nin Yevlax filialı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən 136500 manat kredit götürmüşdür. Aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasını və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdur. Hazırda həmin borc tam şəkildə ödənilmişdir. Onun banka borcu qalmamışdır. Buna baxmayaraq, borc müqabilində ipoteka qoyulmuş evlərin ipotekadan azad edilməsi barədə zəruri sənədləri verməkdən imtina edir və bununla da, onun hüquqlarını pozur. Göstərilənlərə əsasən «xxxx» İKB ASC xeyrinə yüklü edilmiş Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ipotekadan və yüklülükdən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3747/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə toplanmış sübutlara qeyri obyektiv yanaşmış, onları araşdırmamış, bankdan borcun olub-olmamasına dair təsdiqedici və ya inkaredici sənədlərin alınmasını təmin etməmişdir. İş materiallarında olan və qətnamədə sadalanan qəbzlər üzrə ödənilmiş kredit borcunun məbləği hesablandıqda müəyyən etmək olar ki, kredit borcu faiz borcu ilə birlikdə 137.860 manat təşkil edir ki, bu da borcun tam bağlanmasına dəlalət edir. İddiaçı tərəfindən banka olan borcun tam silinməsini Mərkəzi Bankın kredit reyestrindən çıxarışı da sübut edir. Belə ki, xx.xx.2015-ci il tarixli həmin çıxarışa əsasən iddiaçı tərəfindən müxtəlif banklardan aldığı yeddi kredit üzrə 355.544 manat, o cümlədən 136.500 manat mübahisə edilən kredit üzrə kredit borcu tam ödənilməklə qalıq borcun olmaması qeyd edilir. Belə olan halda, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən hallara qeyriobyektiv yanaşmış, onları araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı «xxxx» İKB ASC ilə İddiaçı arasında xx xxxxxxx 2008-ci ildə bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 50.000 manat, xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinə əsasən isə 100.000 manat məbəlğində kredit verilmiş, İddiaçı kredit öhdəliklərini icra edə bilmədiyindən həmin müqavilələr üzrə bank qarşısında borcu yaranmışdır. Tərəflər arasında razılığa əsasən həmin borc məbləğlərini bağlamaq üçün bank tərəfindən xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsinə əsasən iddiaçıya 136.500 manat məbləğində yenidən kredit verilmiş və həmin kredit məbləği əvvəlki müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinə yönəldilmişdir. Bu səbəbdən də, xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddiaçıya verilmiş 136.500 manat məbləğində pul vəsaiti növbəti gün, yəni xx.xx.2009-cu ildə onun digər müqavilələr üzrə yaranmış borclarını bağlamaq üçün banka mədaxil edilmişdir. Lakin sonradan İddiaçı xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu səbəbdən Bank kredit müqaviləsinə xitam verilməsi, borc məbləğinin ondan tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi tələbi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Bankın iddia tələbi təmin edilmiş və həmin qətnamə icra olunması üçün aidiyyəti üzrə icra qurumuna göndərilmişdir. Lakin həmin qətnamə hal-hazıradək icra olunmamışdır. Buna görə də, hesab edir ki, iddia tələbi əsassız olmuşdur və rayon məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-14/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə «xxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə «xxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134.440 manat əsas kredit borcu, 55.708 manat faiz borcu və 4000 manat dəbbə pulu cəmi 194.148 manat borcun, habelə iddia verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, İddiaçı xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə ödənilməmiş 134440 manat əsas kredit borcu, 55708 manat faiz borcu, 4000 manat dəbbə borcu – cəmi 194148 manat borcun, habelə iddia ərizəsi verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsi onun tərəfindən ipotekaya qoyulmuş, Mingəçevir şəhərinin Günəş küçəsində mülkiyyətində olan 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli 7 otaqlı 170,49 kv.m yaşayış, 250,98 kv.m köməkçi sahəsindən ibarət 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 hektar torpaq sahəsində yerləşən 7№-li, 3 girişli, 283,08 kv.m ümumi, 187,9 kv.m əsas, 95,18 kv.m köməkçi sahədən ibarət bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı «xxxx» İKB ASC-nin Yevlax filialına olan cəmi 194.148 manat borcunun ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2008ci il tarixdə 1088 manat, xx.xx.2008-ci il tarixdə 930 manat, xx.xx.2009-cu il tarixdə 200 manat, xx.xx.2009-cu il tarixdə 100 manat, xx.xx.2009-cu il tarixdə 300 manat, xx.xx.2009cu il tarixdə 814 manat, xx.xx.2009-cu il tarixdə 70.785,46 manat, xx.xx.2009-cu il tarixdə 65.500 manat, xx.xx.2011-ci il tarixdə 800 manat, xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 200 manat, xx.xx.2011-ci il tarixdə 500 manat, xx.xx.2011-ci il tarixdə 300 manat, xx.xx.2011-ci il tarixdə 300 manat, xx.xx.2011-ci il tarixdə 400 manat, xx.xx.2011-ci il tarixdə 400 manat banka ödəniş edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər icra bölməsinin xx.xx.2011-ci il tarixli qərarının surətindən görünür ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-14 saylı, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş üzrə «xxxx» ASC tərəfindən Nəsimi rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020ci il tarixli məktubdan görünür ki, «xxxx» ASC ilə bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 136.500 manat məbləğində kredit verilmişdir. Kredit ödənişində gecikmələr yarandığından məhkəməyə müraciət edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı qətnaməsi ilə xx.xx.2009-cu il tarixli KBB № YEV 012 saylı kredit müqaviləsinə xitam verilmiş, İddiaçı xx.xx.2009-cu il tarixli KBB № YEV 012 saylı kredit müqaviləsi üzrə yaranmış 134.440 manat əsas kredit borcu, 55.708 manat faiz borcu, 4000 manat dəbbə pulu, cəmi 194.148 manat pulun alınıb «xxxx» İKB ASC-yə verilməsi, ödənişin ipotekaya qoyulmuş ünvan 1 ünvanda 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evinə və Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli 7 saylı qeyri-yaşayış binasına yönəldilməsi qət edilmişdir. Hal-hazırda Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnamə üzrə «xxxx» («xxxx» İKB) ASC-yə xx.xx.2020-ci il tarixə ödənilməmiş qalıq borcu 190.560 manat təşkil edir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(051)-14/2011 saylı qətnaməsi üzrə icra tədbirləri davam etdirilir. İş materiallarında olan xxxx İKB ilə borc alan İddiaçı arasında bağlanmış xx xxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən fərdi sahibkar İddiaçı dövriyyə vəsaitlərinin genişləndirilməsi məqsədi ilə 100.000,00 manat kredit verilmişdir. İş materiallarında olan xxxx İKB ilə borc alan İddiaçı arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Bank tərəfindən fərdi sahibkar İddiaçı əsas vəsaitlərinin genişləndirilməsi (tikinti) məqsədi ilə 50.000,00 manat kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 311.3-cü maddəsinə əsasən kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir; Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixli KBB№YEV 012F saylı kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi üzrə bank tərəfindən iddiaçıya 136.500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi İddiaçı ilə bank arasında xx.xx.2009cu il tarixli ipoteka müqavilələri bağlanılmış və verilən kreditin qaytarılmasının təminatı kimi Mingəçevir şəhəri Gəncə şossesində 0,03 ha torpaq sahəsində yerləşən 3 girişli 7 saylı qeyri-yaşayış binası və ünvan 1 ünvanda 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün bank borcun məcburi qaydada tutulması və tutmanın ipotekaya yönəldilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsinə xitam verilməsi, İddiaçı ilə «xxxx» İKB ASC-nin Yevlax filialı arasında xx.xx.2009-cu il tarixdə bağlanmış KBB№YEV 012F saylı kredit müqaviləsi üzrə yaranmış 134.440 manat əsas kredit borcu, 55708 manat faiz borcu və 4000 manat dəbbə pulu - cəmi 194.148 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı alınıb iddiaçıya ödənilməsi, ödənişin ipotekaya qoyulmuş Mingəçevir şəhəri Günəş küçəsində 0,12 hektar torpaq sahəsində yerləşən iki mərtəbəli 7 otaqlı 1A nömrəli fərdi yaşayış evinə və Mingəçevir şəhəri Gəncə şossesində olan 0,03 hektar torpaq sahəsində yerləşən 7 nömrəli 3 girişli bir mərtəbəli qeyri-yaşayış binası olan daşınmaz əmlaklara yönəldilərək onların açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı «xxxx» İKB ASC-nin Yevlax filialına olan cəmi 194.148 manat borcunun ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə hal-hazıradək icra edilməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə borcunu tam şəkildə ödədiyini bildirmiş və bu zaman sübut kimi 65.650 manat pulun ödənilməsinə dair xx xxxxxxxx 2009-cu il tarixli və 70.785,46 manat pulun ödənilməsinə dair xx xxxxxxxx 2009-cu il tarixli kassa məxaric orderlərinə istinad etmişdir. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi Kredit Reyestrində onun borcunun olmamasına dair məlumata istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borcunun olması Mingəçevir şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(051)-14/2011 saylı qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, İddiaçı məhkəmədə şəxsən iştirak etmiş və borcunun olmasını etiraf etmiş, qeyd edilən kassa məxaric orderlərinin olmasını, banka olan borcunun tam ödənilməsini məhkəməyə bildirməmişdir. Bununla yanaşı, cavabdeh xxxx ASC-nin nümayəndəsinin izahatından və məhkəməyə təqdim etdiyi xx xxxxxx 2008-ci il və xx xxxxxxx 2008-ci il tarixli kredit müqavilələrindən və bank hesablarından çıxarışlardan məlum olur ki, İddiaçı cavabdeh Bankdan 100.000 manat və 50.000 manat olmaqla, ümumilikdə 150.000 manat kredit götürmüş, xx.xx.2009-cu il tarixdə həmin müqavilələr üzrə borc məbləğlərinin ödənilməsi üçün 65.650 manat və 70.785,50 manat məbləğində ödənişlər etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Banka olan borcunun tam ödənilməsi ilə bağlı dəlilləri əsassızdır və həqiqəti əks etdirmir. İddiaçının apellyasiya şikayətinin Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi Kredit Reyestrində onun borcunun olmamasına dair məlumatla bağlı dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin Reyestrdə borca dair hər hansı məlumatın mövcudluğu özü-özlüyündə şəxsin məhkəmənin qətnaməsi ilə müəyyən edilmiş kredit borcunun ödənilməsi anlamına gəlmir. Məhkəmə kollegiyası izah edir ki, qeyd edilən borc məbləğinin İddiaçı tutulması Mingəçevir şəhər məhkəməsinin qətnaməsi əsasında müəyyən edildiyindən və həmin qətnamə icraya yönəldiyindən, bu qətnamə üzrə borcun ödənilməsi «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilməli və borc məbləği ödənildikdən sonra həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) icra icraatına xitam verilməsi haqqında müvafiq qərar qəbul edilməlidir. Lakin iş materiallarında bu cür qərarın qəbul edilməsinə dair hər hansı sübut mövcud deyildir. Beləliklə, müəyyən edilir ki, iddiaçının banka olan borcunun onun tərəfindən tam ödənilməsinə dair dəlili sübuta yetməmişdir və bu əsasa istinad edərək həmin borcun ödənilməsinin təminatı kimi çıxış edən ipoteka predmetlərinin ipoteka yüklülüyündən azad edilməsinə dair iddiası əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3747/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar