Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1553/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: " pul tələbi ") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.000 (iyirmi doqquz min) manat borc məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 174 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o mebel istehsalı ilə məşğul olur. Elə həmin fəaliyyət növü ilə məşğul olan Cavabdeh ilə 2021-ci ilin iyun ayında tanış olmuşdur. Tanışlıqdan bir neçə vaxt sonra onunla cavabdeh arasında söhbət əsnasında cavabdeh mebel sənayesində istifadə olunan dəzgahı iki ay müddətində onun istifadəsində olan sexdə işlək şəkildə quraşdırmağı öhdəsinə götürmüşdür. Qeyd olunan dəzgahın ümumi dəyərinin 33.500 manat olmaqla qiymətlənməsinə dair aralarında şifahi olaraq razılaşma əldə edilmişdir. xx.xx.2021-ci il tarixdə şifahi razılaşmaya əsasən nəzərdə tutulmuş 33.500 manatın 29.000 manatını müxtəlif yerlərdə şahidlərin yanında cavabdehə nəğd şəkildə ödəmişdir. Eyni zamanda cavabdeh göstərilən müddət ərzində dəzgahı təhvil verməyəcəyi halda ödənilən məbləği tam şəkildə qaytaracağına söz vermişdir. Şifahi razılaşmada nəzərdə tutulan 2 ay müddət başa çatsa da cavabdeh müəyyən bəhanələr gətirərək gah Bakı şəhərində olmadığını, gah da dəzgahı yaxın günlərdə quraşdıracağı bəhanəsi ilə görüşməkdən yayınmışdır. Sonuncu dəfə Cavabdeh 2021-ci ilin noyabr ayında onunla görüşmək və borcunu 10 gün ərzində qaytarmaq istədiyini bildirmişdir. Bununla bağlı onlar arasında telefon danışıqları olmuş, həmin danışıqlar zamanı cavabdeh özü həqiqətən borcunun olduğunu etiraf etmişdir. Lakin cavabdeh vədinə əməl etməmiş, hətta cavabdeh onunla əlaqələrini kəsərək onun telefon zənglərini cavabsız qoymuşdur. Bu səbəbdən o, ilkin olaraq xx.xx.2021-ci il tarixində DİN-nin 102 xidmətinə və xx.xx.2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin aidiyyəti orqanlar tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28.000 manat məbləğində pul vəsaiti və 174 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 28.174 (iyirmi səkkiz min yüz yetmiş dörd) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
7. Mülki iş materiallarında olan iş materiallarında olan İddiaçı Sabunçu rayon Polis idarəsinə ünvanlanmış müraciəti əsasında Sabunçu RPİ-nin 15-ci PB-nin sahə inspektoru Rafael Məmmədov tərəfindən tərtib edilmiş arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə polis idarəsinə müraciət edərək Cavabdeh ilə birlikdə dəyəri 33.500 manat olan dəzgahın hazırlanaraq quraşdırılması üçün 2 ay müddətinə razılaşmalarını, lakin hazıradək vədinə əməl etməməsini və pulunu qaytarmamasını bildirmişdir. Araşdırma zamanı həmin məlumatın mülki xarakterli olmasını müəyyən edərək məhkəməyə müraciət edilməsi izah edilmişdir. İddiaçı işə əlavə edilmiş Sabunçu RPİ-nə ünvanlanan xx.xx.2021ci il tarixli ərizəsindən görünür ki, o, cavabdehə 29.000 manat verdiyini bildirmişdir.
8. Həmçinin işə əlavə edilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında aparılan araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir.
9. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan və məhkəmənin sorğusuna əsasən Sabunçu RPİ-nin 15-ci PB-nin və Nəsimi RPİ-nin 20-ci PB-nin verdiyi cavab məktublarından müəyyən edilmişdir ki, aparılan araşdırmalar zamanı Cavabdeh izahatları alınmamışdır.
10. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş flaş kartdakı xx.xx.2021-ci il tarixdə gizli olaraq qeydə alınmış videogörüntü məhkəmə baxışı zamanı tədqiq edildikdə, cavabdeh görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh görüntülərdə aparılan danışıqlardakı qeyd olunan 28.000 manat pul vəsaitinin onun tərəfindən iddiaçıdan alınmasını etiraf etmişdir.
11. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. Qardaşı mebel istehsalı ilə məşğul olmuş, son dövrlər işləri yaxşı getmədiyi üçün birlikdə həmin işə sərmayə qoyaraq inkişaf etdirmək qərarına gəlmişlər. İlkin olaraq isə dəzgahı yeniləməyi qərara almışlar. Onlara Cavabdeh nömrəsini qardaşının uzun müddətdir tanıdığı Rövşən adlı şəxs vermişdir. Onlar cavabdehlə ilk öncə telefon vasitəsilə, daha sonra isə görüşüb danışmışlar. Görüşə cavabdeh özünün idarə etdiyi "Cadillac Escalade" minik markalı 90- BZ-909 dövlət qeydiyyat nişanlı avtomobillə və tanımadığı bir nəfər şəxslə birlikdə gəlmişdir. Bu zaman qardaşının yanında onunla birlikdə oğlu da olmuşdur. Danışıqlar zamanı onlar cavabdehlə dəzgahın hazırlanmasını 33.500 manata razılaşmışlar. Cavabdeh iki ay ərzində yeni bir dəzgah hazırlayıb onlara verəcəyini bildirmişdir. İlkin olaraq 29.000 manat ödəməyi, qalan 4500 manat olan zəhmət haqqını isə dəzgah təhvil veriləndə ödəməyi razılaşmışlar. 29.000 manat məbləği onlar müxtəlif vaxtlarda qardaşı və oğlu ilə birlikdə görüşüb vermişlər. Cavabdeh isə razılaşmada nəzərdə tutulan 2 ay müddət başa çatsa da, dəzgahı hazırlamamış və söz verdiyi kimi pulu onlara qaytarmamışdır. Daha sonra cavabdehlə əlaqə saxlamaq mümkün olmadığından onlar Sabunçu rayon Polis İdarəsinə müraciət etmişlər. Verilmiş suallara əsasən şahid bildirmişdir ki, 2021-ci ilin sentyabr ayında qeydə alınmış videogörüntüdəki danışıqlarda o da iştirak etmişdir. Həmin vaxt cavabdeh 28.000 manat pulu almasını qəbul etmişdir. Danışıqlardan da görünür ki, artıq pulun ödənilməsindən 2-3 ay vaxt keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməkdən yayındığı üçün ondan tam icranı tələb etmişlər. Lakin cavabdeh işlərin tamamlanması üçün əlavə 1000 manat istədiyindən, sonuncu 1000 manat vəsait cavabdehə videoçəkiliş qeydə alındıqdan sonra verilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən öhdəliyin razılaşdırılmış müddətdə gecikdirməsi səbəbindən onlar sexdəki fəaliyyətlərini dayandırmışlar. Belə ki, dəzgah olmadığından onların fəaliyyəti faktiki dayanmış vəziyyətdə olduğu üçün gəlir əldə etməmiş, buna baxmayaraq icarə haqqı ödəmək məcburiyyətində qalmışlar. Bu səbəbdən də tamamilə işi dayandırdıqlarından sifariş verilmiş dəzgaha maraqları itmişdir.
12. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, fərdi qaydada mebel istehsalı sahəsində çalışır və tərəfləri iş fəaliyyəti ilə bağlı tanıyır. Belə ki, iddiaçıya yeni dəzgah lazım olduğu üçün onun xahişi ilə usta kimi tanıdığı Cavabdeh ilə tanış etmişdir. Lakin tərəflər arasında aparılan danışıqlarda iştirak etməmişdir, ona görə də cavabdehin iddiaçıdan nə qədər pul almasını bilmir. Yalnız iddiaçının söhbətlərindən eşitmişdir ki, 29000 manat pul verilib. Eyni zamanda, bu sahədə çalışdığı üçün hesab edir ki, bu tip dəzgahların ümumi dəyəri 20.000-30.000 manat aralığında dəyişir. Bu isə dəzgahın funksionallığından asılıdır. Şahid həmçinin onunla da cavabdeh arasında dəzgahın təhvil verilməsi ilə bağlı narazılıqların olmasını təsdiq etdi. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
14. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
15. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
16. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
19. Maddə 443.6. Əgər əlavə müddətin təyin edilməsinin hər hansı nəticə verməyəcəyi aydındırsa və ya zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan dərhal istifadəyə hər iki tərəfin mənafeləri əsas götürülməklə haqq qazandıran xüsusi hallar mövcuddursa, əlavə müddət təyin edilməsi zərurəti yoxdur.
20. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2-ci maddəyə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
23. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
24. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
25. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
26. 447-ci maddəyə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
27. 447.2-ci maddəyə görə aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.
28. 447.3-cü maddəyə görə aşağıdakı hallarda müqavilədən imtina yolverilməzdir: 447.3.1. öhdəliyin pozuntusu cüzi olduqda; 447.3.2. öhdəliyin pozulması üçün tamamilə və ya əsasən kreditorun özü məsuliyyət daşıdıqda; 447.3.3. öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən iddia tələbinin təmin olunmayan 1000 manat hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. İddiaçı tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş flaş kartdakı xx.xx.2021-ci il tarixdə gizli olaraq qeydə alınmış videogörüntü məhkəmə baxışı zamanı tədqiq edildikdə, cavabdeh görüntüdəki şəxsin özü olmasını təsdiq etmişdir. Həmçinin cavabdeh görüntülərdə aparılan danışıqlardakı qeyd olunan 28.000 manat pul vəsaitinin onun tərəfindən iddiaçıdan alınmasını etiraf etmişdir.
43. Kollegiya hesba edir ki, iddiaçı cavabdehə əlavə olaraq 1000 manat ödəniş etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən rayon məhkəməsi iddia tələbini qimən təmin etməkdə haqlı olmuşdur.
44. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
47. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
48. Hazırkı halda, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3685/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov