Məhkəmə qərarları › İş №2(103)-1556/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1556/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1556/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2683/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 07 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 201.871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq tələbkar banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac təşkilatı olan “X5” MMC-nin “hərracın nəticələri barədə” xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə”yə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Hazırda iddiaçı iddia edir ki, qətnamənin cavabdehlər tərəfindən icra edilməməsi nəticəsində onlar məcburi icra hərəkətləri ilə bağlı 8100 manat xərc çəkmiş, həmçinin hərracın keçirilməsi ilə bağlı 12.495 manat məbləğində xərclər də cavabdehlər tərəfindən ödənilməmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "YapıKredi Bank Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək (birgə) qaydada 8.000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.100 manat məbləğində pul vəsaitinin ”YapıKredi Bank Azərbaycan” QSC xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir . Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək “X11 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixdə hərrac xərcləri ilə bağlı 10.588,98 (on min beş yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat xidmət haqqı, 1906,02 (bir min doqquz yüz altı manat iki qəpik) manat, eyni zamanda 18% əlavə dəyər vergisi olmaqla, cəmi 12.495 (on iki min dörd yüz doxsan beş) manat hərrac təşkilatı olan “X5” MMC-yə ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 762 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixdə bank köçürmə sənədi ilə qeyd edilən məbləğ təşkilatın bank hesabına ödənilmişdir. Odur ki, qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək (birgə) qaydada icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, yəni 8.000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.100 manat məbləğində pul vəsaitinin, eyni zamanda cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək (birgə) qaydada hərracın keçirilməsi üçün çəkilən xərclərə görə 12.495 (on iki min dörd yüz doxsan beş) manat məbləğində və 127,48 manat dövlət rüsumunun "xxxx" QSC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli 215/380 saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmçinin cavabdehlər X6 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2015-ci il tarixli 215/380 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X4 məxsus Bakı şəhəri Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən 112,1 kv.m qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 07 avqust 2017-ci il tarilxli qətnaməsinə əsasən ümumilikdə 201.871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac təşkilatının hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq adları yuxarıda qeyd olunmuş vətəndaşlar, əssasız olaraq iddiaçı "xxxx" QSC-yə məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşamağa davam etmiş və daşınmaz əmlakın boşaldılmasından imtina etmişlər. Bununla bağlı iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılması "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edilməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2 maddəsinin şərtinə görə boşaldılmış daşınmaz əmlaka görə 8.000 (səkkiz min manat 00 qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. Eyni zamanda hərrac mərkəzinə ödənilən 10588,98 manat xidmət haqqı, 1906,02 manat ƏDV pul vəsaitinin ”YapıKredi Bank Azərbaycan” QSC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2683/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hərracın keçirilməsi üçün xərclərə görə 12495 (on iki min dörd yüz doxsan beş) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 127,48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12622,48 (on iki min altı yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, mülki iş üzrə icraatın Cavabdeh3 münasibətdə hissəvi xitam verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ilkin iddia ərizəsinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. İcra məmurunun öz vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlı əmələ gələn zərər risklərinin müqavilənin standart şərtləri sayəsində borcluya həvalə edilməsi qanuna və hüquqa zidd olduğundan etibarsızdır. Həmçinin qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmişdir. Məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətlərdə və qaydada icra olunması üçün qanunvericilik tərəfindən dövlət orqanlarına zəruri olan bütün imkanlar yaradılmışdır. Belə olan halda dövlət orqanına aid vəzifənin, dolayısı ilə isteklakçının kredit müqaviləsi üzrə bank qarşısında yaranan borcların geri qaytarılması üçün göstəriləcək əlavə xidmətlərin istehlakçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla istehlakçıların hüquqlarının qorunması prinsipinə uyğun deyildir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, qanunla nəzərdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmişdir. İddiaçı isə həmin xərclərin deyil, icra zamanı "xxxx" MMC tərəfindən ona əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tutulmasını tələb edir. Halbuki, qanunvericiliyə əsasən bu tip çəkilən xərclərin cavabdehdən tələb edilməsi hüququ nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi icra hərəkətlərinin həyata keçirilməsi üçün iddiaçıya əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərə görə 8.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. İddia tələbinin hərracın həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması ilə bağlı məhkəmə qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilməsinə baxmayaraq onlar tərəfindən hərracın keçirilməsi ilə bağlı xərclər nə tələbkar "xxxx" QSC-yə, nə də ki, icranı həyata keçirən icra şöbəsinin depozit hesabına ödənilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatlarında etiraf etmişlər ki, hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər onlardan tutulmamışdır. Məhkəmə həmçinin hesab etmişdir ki, mülki iş üzrə icraat Cavabdeh3 münasibətdə vəfat etdiyi üçün hissəvi xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 4, , 25, 41, 46, 47-ci, “İcra haqqında” Qanunun 2.1, 8.1, 8.2, 78.1, 79.1, 79.2.1, 81.1, Mülki Prosessual Məcəllənin 261.0.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayəti verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əhət oğluna qarşı iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Əhəd oğlu və Cavabdeh2 izahatlarında icra hərəkətlərinin keçrilməsi ilə əlaqədar cəkilən xərclərin, yəni 8.000 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində iddia tələbinə etiraz etmiş və bildirmişdilər ki, icra sənədləri tərəflərindən könüllü şəkildə icra edilmiş və ipoteka predmeti olan qeyri yaşayış sahələrinin boşaldılmasını özləri sərbəst şəkildə həyata keçirmişlər. Bundan başqa icra hərəkətlərinə görə nəzərdə tutulan 7% ödəniş cavabdehlərdən tutulmuşdur. Bundan başqa hərracda qətnamə ilə nəzərdə tutulan borc və digər xərclər çıxılmaqla qalan məbləğ onlara qaytarılmışdır. Əgər borc tam şəkildə ödənilməsəydi icra işinə xitam verilməklə icra sənədləri məhkəməyə göndərilə bilməzdi. Məhkəmə təkrarən ödənilən məbləğin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsini qət etməklə onların yuxarıda qeyd olunan maddi qanunvericilik prinsipini pozmuşdur. Məhkəmə iddiaçının yalnız məhkəməyə təqdim etdiyi iddia tələbi üzrə qətnamə çıxarmış və bu məbləğin yaranmasına dair heç bir arayış istəməmiş, eləcə də icra sənədləri tələb edilmədən ədalətsiz qətnamə qəbul etməklə məhkəmədə müdafiə imkanlarını məhdudlaşdırmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməsini xahiş etmiş, son məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edildiyindən hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 78.1. İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 79.1. İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1. Borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:

4. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2-ci maddəyə görə Qanunun 4.1.4cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. 25.3.3. İpoteka qoyanın vəzifələrindən biri ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəməkdir.

41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 46.2. İpoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. 47.2. İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin məhkəməyə verilməsindən qabaq, yəni xx.xx.2020ci il tarixdə vəfat etdiyi, belə olan halda isə hüquq varisliyinə yol verilmədiyini əsas götürərək iş üzrə icraata hissəvi xitam versə də, qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbləri pozularaq iş üzrə icraata xitam verilməsi barədə ayrıca qərardad qəbul etməmiş, yalnız məhkəmə qətnaməsində bu hala istinad edərək prosessual pozuntuya yol vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2683/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi - Cavabdeh3 aid hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - hərracın həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması hissəsində əsassız olmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 07 avqust 2017-ci il tarilxli qətnaməsinə əsasən ümumilikdə 201.871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün xx.xx.2018-ci ildə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmiş, xx.xx.2018-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icrası üçün tərəflərə bildiriş göndərilmişdir. Daha sonra prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. xx.xx.2018-ci ildə keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq tələbkar banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac təşkilatı olan “X5” MMC-nin “hərracın nəticələri barədə” xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilə”yə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri ilə bağlı kollegiya qeyd edir ki, bu məsələ yalnız Mülki Məcəllənin 319.5-ci maddəsində göstərilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Bununla yanaşı, “İcra haqqında” Qanunun 79.1-ci maddəsində müəyyən edilib ki, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin Qanunun 79.2.1-ci maddəsində isə göstərilmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. Bundan əlavə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.4-cü maddəsində “ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar digər xərclər” ifadəsindən istifadə olunmuşdur. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, hərrac təşkilatının xidmət haqqı və ya hərracın keçirilməsi xərcləri icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar xərclərə aiddir. Başqa sözlə, hazırki mübahisənin predmetini təşkil edən hərrac xərclərinin tutulması ilə bağlı hərəkətlər icra tədbirləri çərçivəsində icra məmuru tərəfindən həyata keçirilməli olan tədbirlərə aiddir və iddiaçı bank həmin xərcləri hərrac təşkilatına ödəmək vəzifəsi daşımamışdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdehlərin bu xərclərə görə iddiaçı qarşısında müstəqil öhdəliyi yarana və həmin xərclər ayrıca olaraq onlardan tutula bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2683/2022 saylı, 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar