Məhkəmə qərarları › İş №2(103)-1558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1558/2022

26.01.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1558/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5273/2021 saylı, 13 dekabr 2021ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətlərə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X4” Açıq Səhmdar Cəmiyyətinə qarşı depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 aprel 2003-cü il tarixli müqavilə əsasında “X4” Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh X5) depozitə qoyduğu 325000 ABŞ dolları məbləğində pul vəsaitinin və 325000 ABŞ dolları pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh X7 Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı 13.12.2021-ci il tarixinə təyin olunmuş məhkəmə baxış iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh X7 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasından 15 aprel 2003-cü il tarixli Cavabdeh X5 ilə aralarında bağlanmış depozit müqaviləsi ilə 325.000 ABŞ dolları məbləğində pulun əmanətə qoyulması faktının təsdiq edilməsi, 15 aprel 2003-cü il tarixli müqavilə əsasında Cavabdeh X7 Səhmdar Cəmiyyətinə depozitə qoyduğu 325.000 ABŞ dolları məbləğində pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hesablanmış faizləri hər il üçün 19500 ABŞ dolları olmaqla ötən 17 il üçün 331500 ABŞ dolları pulun Cavabdeh X7 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasından tələb edilib ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2 (004)-5273/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh X7 Səhmdar Cəmiyyətindən 15 aprel 2003-cü il tarixli depozit müqaviləsi əsasında depozitə qoyduğu 325000 (üç yüz iyirmi beş min) ABŞ dolları və 325000 ABŞ dolları pul vəsaitinə illik 6 faiz dərəcəsi ilə hər il üçün 19500 (on doqquz min beş yüz) ABŞ dolları olmaqla, 17 il üçün hesablanmış 331500 (üç yüz otuz bir min beş yüz) ABŞ dolları, cəmi 656500 (altı yüz əlli altı min beş yüz) ABŞ dolları məbləğində pul (ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) tutularaq iddiaçı X2 ödənilməsi qərara alınmışdır. Cavabdeh X7 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının sədri K.Ziborov 17.11.2021-ci il tarixdə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli 2(004)5273/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 29.11.2021-ci il tarixli, 2(004)-5273/2021 saylı qərardadı ilə Cavabdeh X7 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasının sədri K.Ziborovun ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.10.2021ci il tarixli 2(004)5273/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işin məhkəmə baxışı 13.12.2021-ci il tarixə saat 14:45-ə təyin edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5273/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh X7 Səhmdar Cəmiyyətinə və Cavabdeh X7 Səhmdar Cəmiyyətinin Ləğvetmə Komissiyasına qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla depozitə qoyulmuş pul məbləğinin və ona hesablanmış faizlərin tutulması tələbinə iddia ərizəsi üzrə mülki işin icraatına MPM-nin 261.0.1-ci maddəsi ilə xitam verilməsi qərara alınmışdır. İddiaçı X3 məhkəmənin qeyd edilən qərardadından 30.12.2021-ci il və 05.01.2022ci il tarixlərdə eyni məzmunlu şikayətlər verərək Yasamal Rayon Məhkəməsinin 2(004)- 5273/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadının ləğv olunmasını və işin məhkəmədə baxılmasını xahiş etmişdir. Şikayətlər ərizə ilə oxşar məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli, 2(004)- 5273/2022 tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı və vəkili şikayətə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər. Digər tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5273/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təsdiq olunması və Bankın könüllü ləğv edilməsi ilə əlaqədar 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə və Mərkəzi Banka müraciət olunması qərara alınmışdır. İş materiallarında olan 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2-(81)-1921/2008 saylı, 31.07.2008-ci il tarixli qərardadının surətindən görünür ki, Azərbaycan Respublikası Milli Bankının Cavabdeh KB ASC-nin ləğvi və ləğvedicinin təyin edilməsi barədə ərizəsi üzrə icraata Cavabdeh KB ASC könüllü ləğv etmə prosesində olduğundan xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarına əsasən “..bankın adından ləğvedici və ya onun vəkil etdiyi şəxsinə hərəkətlərinin hüquqi qüvvəyə malik olması bankın öhdəlikləri və ya tələblərinin ləğvediciyə keçməsi anlamını ifadə etmir. Bu halda ləğvedici müflis elan olunan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olur və qanunvericilikdə hüquqi şəxsin səlahiyyətli orqanının malik olduğu hüquqları həyata keçirməklə bərabər, müvafiq vəzifələri daşıyır.” “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi anından banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 13.06.2020-ci il tarixli qərarı bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini və tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsinin izah olunmasını nəzərdə tutur. “Banklar haqqında” Qanunun 71.3-cü maddəsində göstərilmişdir ki, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.4cü maddəsində göstərilmişdir ki, Ləğvedici məhkəmənin nəzarəti altında və maliyyə bazarlarına nəzarət orqanı ilə sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. Həmin Qanunun 77.1-ci maddəsində göstərilmişdir ki, Bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu Qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir. Həmin Qanunun 77.8-ci maddəsində göstərilmişdir ki, məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş tələblər siyahısından və ya etiraz edilmiş tələblər siyahısından çıxarılır və təsdiqlənmiş tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi qiymətləndirilən iddia kimi ləğvetmə prosessində olan banka qarşı irəli sürülmüş tələbdir.Belə tələb müqavilə mübahisəsi və.s.bu kimi kateqoriyadan olan tələblərə aid olmamaqla banka qarşı irəli sürülmüş bank əmanəti müqaviləsi üzrə pul tələbidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Odur ki, kollegiya şikayətin dəlillərini araşdıraraq və MPM-in 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, bu dəlillər əsassız olmaqla birinci instansiya məhkəməsinin qanuni və işin hallarına uyğun olan qərardadının dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 32, 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayətlər təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(004)- 5273/2022 qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Hakim: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar