Məhkəmə qərarları › İş №2(103)-1558/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1558/2025

03.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1558/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X30 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X6, X22, X9, X12 və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3996/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçının atası X23 xx.xx.1993-cü ildə vəfat etmişdir.

2. ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********27) 0.08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə (qeydiyyat nömrəsi: **********) daşınmaz əmlakın dövlət reyestrində 631 nömrəli reyestr kitabının 59723 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə X17 adına qeydiyyata alınmışdır.

3. X6, X9, X12, X10 və X11 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, onlar xx.xx.1993-cü ildə ölmüş ataları X14 irs qalmış mirası qəbul etməmiş, etmir, etməyəcək, özlərinə çatası hissəsindən imtina edir, gələcəkdə bununla bağlı hər hansı bir iddia ortaya çıxarsa, məsuliyyəti öz üzərlərinə götürdüyünü qeyd etmişlər (imzaların həqiqiliyi Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmişdir).

4. Bakı şəhəri 32 saylı Notariat Ofisinin xüsusi notariusu X44 tərəfindən təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1993-cü ildə vəfat etmiş X17 vərəsəsi X15r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsindən ibarətdir.

5. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-355 reyestr nömrəli vərəsəlik payının bağışlanma müqaviləsindən görünür ki, X22 Bakı şəhəri 32 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-62 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X14 miras qalmış əmlakdan ona çatası tam hissədə payını İddiaçı bağışlamış və İddiaçı tərəfindən qəbul edilmişdir. Sadıqova Floranın adından bu müqaviləni etibarnamə üzrə səlahiyyətli nümayəndəsi imzaladığından, o, xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, müqavilənin onun tapşırığı ilə bağlandığını və həmin müqaviləni bəyəndiyini bəyan etmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ massivi ünvanında yerləşən 992 saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli müraciətə baxılmış, müraciətlə əlaqədar bildirilmişdir ki, qeyd olunan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər (qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

7. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi notariat idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Elektron notariat” informasiya sistemində aparılan araşdırma nəticəsində X2 adına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 54 saylı notariat ofisində vərəsəlik işinin açıldığı, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi, X17 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində X16 miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyi müəyyən edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X14 miras qalmış ünvan 1nə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən miras əmlak üzrə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 İddiaçı mərhum atası Məmmədmuradov X14 vərəsələrinə miras qalmışdır. Müraciət əsasında miras əmlak üzrə Bakı şəhəri 54 saylı Notariat Ofisində vərəsəlik işi açılaraq vərəsələrin dairəsi müəyyən olunmuş, miras əmlak üzrə hüququ olan 5 varisin - X8, X1, X4, X5, X3 imtina ərizələri ilə və varis olan X13 1 (bir) bağışlama müqaviləsi ilə İddiaçı xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəhbərliyinə yazılı şəkildə ərizə ilə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, **********08 nömrəli cavab məktubunda bildirilmişdir ki, bağ sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. xx.xx.2023-cü il tarixdə cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi yazılı formada müraciət edilərək tələb edilmiş, lakin cavabdeh tərəfindən həmin şəhadətnamənin verilməsindən imtina edilərək yazılı ərizəyə cavab verilməmiş, edilən şifahi müraciətlərin də nəticəsi olmamışdır. Cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 miras əmlak üzrə İddiaçı adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini təmin etməməsi səbəbindən o, faktiki sahibliyində olan miras əmlak üzrə hüquqları qeydə aldıra bilmir, miras əmlaka dair cavabdeh tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyindən məhkəmə qaydasında həmin sənədi almaq qərarına gəlmişdir.

11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3996/2024 nömrəli qərardadı ilə X6, X22, X9, X12 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Onlar məhkəməyə xx.xx.2024-cü il tarixli ərizələr ünvanlayaraq qeyd olunan miras əmlaka dair iddiaçının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə etiraz etmədiklərini bildirmişlər.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3996/2024 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya məxsus olan, onun və iddiaçının mərhum atalarından miras qalmış bağ sahəsinin tam payda iddiaçıya bağışlanması və iddiaçının həmin payı qəbul etməsi barədə iddiaçı ilə Sadıqova Flora arasında müvafiq müqavilənin bağlanması ilə tərəflər miras əmlak barəsində həmin vaxtadək həyata keçirilmiş notariat əməliyyatlarını bəyənmiş, yəni iddiaçı miras əmlaka dair tam pay üzrə şəhadətnamənin Sadıqova Floraya verilməsini mübahisələndirməmişdir. Bununla da, mərhum atalarından qalmış miras əmlak üzrə tam pay əvvəlcə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Sadıqova Floraya, sonra isə onunla iddiaçı arasında bağlanmış müqavilə əsasında yekunda iddiaçıya məxsus olmuşdur.

14. Miras əmlak barəsində verilmiş şəhadətnamədən sonra, məhz elə həmin şəhadətnamə əsasında şəhadətnamədə nəzərdə tutulmuş pay hüququnun iddiaçıya bağışlanması və iddiaçının bunu qəbul etməsi barədə bağlanmış müqaviləni məhkəmə Mülki Məcəllənin 139-1.1.3-cü maddəsində nəzərdə tutulmuş “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr” kateqoriyasına uyğun gələn müqavilə kimi qiymətləndirərək hesab edir ki, bu müqavilə iddiaçının mübahisə predmeti olan bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır və yetərlidir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası yoxdur.

15. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iş materialları əsasında müəyyən edilir ki, bağ sahəsi barədə vərəsəlik işi cavabdeh qismində cəlb edilmiş notariat ofisində deyil, başqa notariat ofisində açılmışdır. Cavabdeh qismində cəlb edilmiş notariat ofisi isə vərəsəlik payının bağışlanması haqqında müqavilənin rəsmiləşdirildiyi ofisdir. Deməli, iddiaçı hazırkı iddiasını iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1, 139-1.1.3, 357, 666.1, 668.1, 668.1.1, 1321.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 81, 88, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum atası X34 MəmmədMurad oğlundan qalan əmlaka dair vərəsə hesab olunur. Məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda məhkəmə iclası təxirə salına bilər. Hazırki işdə də bu hallar müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1, 668.1.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: - daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0., 8.0.3. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsasdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. İşdən müəyyən olunur ki, iddiaçının atası X23 xx.xx.1993-cü ildə vəfat etmiş, ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixdə X17 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

28. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, iddiaçının bacı-qardaşları olan Məmmədmuradov Məmməd, Məmmədmuradov Cavid, Məmmədmuradova Təranə, Məmmədmuradov Nazim (xx.xx.2024-cü il tarixdə ölmüşdür) və Məmmədmuradov Namik xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizə verərək, mərhum atalarından irs qalmış miras əmlakı qəbul etmədiklərini və gələcəkdə də etməyəcəklərini bəyan etdiklərindən, vərəsə X13 adına mərhum X14 miras qalmış həmin əmlaka dair xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

29. Daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçı ilə X22 arasında bağlanmış müqaviləyə əsasən ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi iddiaçıya bağışlanmışdır.

30. Hazırda iddiaçının tələbi Bakı şəhəri 54 saylı Notariat Ofisinə qarşı tələbi miras qalmış həmin bağ sahəsinə dair özünün adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. İddiaçı tələbini belə əsaslandırır ki, o, miras əmlak üzrə hüququ olan beş varisin - X8, X1, X4, X5, X3 imtina ərizələri ilə və varis olan X13 bağışlama müqaviləsi ilə xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəhbərliyinə yazılı şəkildə müraciət etmiş, ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, bağ sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün notarial qaydada təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

31. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söz edilə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişiklik yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Şəxsin hüquqi vəziyyətinin strukturunu isə bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və.s.

32. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin hüquqi müdafiəyə ehtiyacının olubolmadığını müəyyənləşdirərkən onun nail olmaq istədiyi yekun məqsədə çatmaq üçün hüquqi müdafiənin düzgün vasitələrindən istifadə edib-etmədiyi də nəzərə alınmalıdır. Bu isə iddiaçıdan nail olmaq istədiyi yekun məqsədə daha əlverişli və birbaşa yolla çatmağa xidmət edən iddia qaldırmağı tələb edir.

33. Bu mənada, məhkəmə kollegiyası hesab ki, iddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün onun əldə etmək istədiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin onun hüquqi vəziyyətinə təsir edib-etmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır.

34. İş materiallarından müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 0.08 ha torpaq sahəsi digər vərəsə tərəfindən iddiaçıya bağışlanmış, həmin bağışlama müqaviləsi isə onun hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

35. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda da göstərilmişdir ki, qeyd olunan əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

36. O da qeyd edilməlidir ki, iddiaçı tərəfindən sözügedən bağışlama müqaviləsi daşınmaz əmlakın dövlət reyestrinin aparılması vəzifəsini daşıyan inzibati orqana təqdim edildikdən sonra həmin orqan tərəfindən qeydiyyatın aparılmasından imtina edildikdə, onun qərarı, hərəkət və ya hərəkətsizliyi inzibati məhkəməyə müraciət olunmaqla mübahisələndirilə bilər.

37. Məhkəmə kollegiyası iddiaçının tələbi ilə bağlı həmçinin qeyd edir ki, mərhum X14 miras qalmış əmlak barədə vərəsəlik işi artıq Bakı şəhəri 32 saylı Notariat Ofisində açılmış, vərəsələrdən birinə mirasa əmlakdan tam hissəyə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadətnamə və miras əmlaka dair bağışlama müqaviləsi vərəsələr arasında mübahisə predmeti olmamış, hazırda da mübahisə predmeti deyil. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən digər vərəsələr (iş üzrə üçüncü şəxslər) məhkəməyə yazılı müraciət edərək miras əmlakdan imtina etdiklərini bir daha təsdiq etmişlər.

38. Belə olan halda miras əmlaka dair notariat orqanı tərəfindən iddiaçının adına yeni qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.

39. Bundan başqa, iddiaçı hazırkı iddiasını iddiaya cavab verməli olmayan şəxsə qarşı vermişdir. Belə ki, cavabdeh Bakı şəhəri 54 saylı Notariat Ofisində hər hansı vərəsəlik işi açılmamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3996/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar