Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1560/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə köçürülmə”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-6363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan 10 iyul 2015-ci il tarixdə anadan olmuş oğlu X2 ilə birlikdə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 127 saylı evin 162 saylı mənzilinə köçürülməyi və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdeh ilə 02 mart 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 10 iyul 2015-ci il tarixdə oğlu X2 dünyaya gəlmişdir. Birgə nikaha daxil olduqları vaxtdan cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 127 saylı evin 162 saylı mənzilində yaşamış, cehiz əşyaları həmin mənzilə gətirilib yerləşdirilmişdir. Ər-arvad olaraq münasibətləri normal olmuş, cavabdeh təqaüddə olan hərbiçidir, özü onu mənzilə qeydiyyata aldırmış, oğlu da burada dünyaya gəlmiş və qeydiyyatdadır. Sonradan kənar müdaxilələr nəticəsində münasibətləri gərginləşmiş və cavabdeh onu məcbur etmişdir ki, 2021-ci ilin fevral ayında uşağı da götürüb ata evinə getsin. Bir ildən çox müddətə cavabdeh onlarla maraqlanmamış, uşağın saxlanılması üçün hər hansı bir formada maddi köməklik göstərməmişdir. Hətta oğlu 2021-ci ilin sentyabr ayında birinci sinifə gedərkən cavabdeh nəinki maddi köməklik göstərmiş, heç onu təbrik belə etməmişdir. Atası təqaüdçüdür, xəstədir, o, özü də işləmir. Maddi vəziyyəti ağır olmasına baxmayaraq barışıq ümidi ilə uşağın xatirinə aliment tələbi qaldırmamışdır. 2022-ci ilin yanvar ayında cavabdehə mediasiya təklifi göndərərək aliment verməsini təklif etmişdir. Fikirləşmişdir ki, vəziyyəti bilib gəlib onları evə aparar və ya maddi köməklik edər. Ancaq belə olmadı. Ona görə də məcbur olub uşağın saxlanılması üçün aliment tələbinə dair iddia qaldırmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(001)-2916/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq 2022-ci ilin aprel ayından başlayaraq hər ay cavabdehdən uşağın saxlanılması üçün 193 manat alimentin tutulması qət edilmişdir. Alimenti də vaxtıvaxtında ödəmir, faktiki olaraq Binəqədi rayonunda yaşamasına baxmayaraq, icra sənədini Kürdəmir rayonuna göndərtdirmişdir. Bundan sonra sanki oğlunun olması onun yadına düşmüş və həmin vaxtdan bu günə qədər maddi köməklik əvəzinə müxtəlif üsul və vasitələrlə gərginlik yaratmağa çalışır. Hazırda da məhkəmədə ona qarşı iddia qaldıraraq həftənin 3 günü uşaqla ünsiyyətdə olmaq üçün uşağın ona verilməsini tələb edir. O, isə deyir ki, imkan versin evə qayıtsınlar və bütün vaxt uşaq onun yanında olsun. Cavabdeh buna razı olmur.
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Məhəmməd Rüstəmli) ilə iddia təmin edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, hazırda yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 127 saylı evin 162saylı mənzili mənə qohumu X3 tərəfindən 04 avqust 2011-ci il tarixdə bağışlama müqaviləsi əsasında ona verilmiş, 02 mart 2012-ci il tarixdə iddiaçı ilə rəsmi nikaha daxil olub ikinci ailə həyatı quraraq evlənmiş, həmin nikahdan 10 iyul 2015-ci il təvəllüdlü övladı X2 anadan olmuş, sonra iddiaçı ondan icazəsiz uşağı da götürüb evdən getmişdir. Məhkəmə həmin halları nəzərə almamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, həmçinin nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 127 saylı evin 162 saylı mənzil 26 avqust 2011-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
8. AZ-T seriyalı 026756 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 02 mart 2012-ci il tarixdə nikahlarını bağlamışlar.
9. AZ-İİİ seriyalı 594866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 iyul 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.
10. Binəqədi rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 34 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X6 küçəsi, 127 saylı evin 162 saylı mənzilində qeydiyyatdadır.
11. 29 sentyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasinin Konstitusiyası
12. Maddə 43.İ Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
13. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
14. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;
15. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır;
18. 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
31. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, iddiaçı cavabdehin arvadıdır, tərəflər arasında rəsmi nikah hal-hazırda da mövcuddur, qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının oğlu ilə birlikdə ailə üzvü olaraq cavabdehin mülkiyyətində olan mənzildən istifadə etmək hüququ olduğundan, rayon məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
34. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
36. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-6363/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov