Məhkəmə qərarları › İş №2(103)-1561/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1561/2023

17.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1561/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Kamil Əyubov adına 12 №-li məktəbə qarşı “işə bərpa, əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xidmətinə verilən maddənin götürülməsi, işə bərpa olunması, xx.xx.2021-ci il tarixdən maaşının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərclərinin Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-5409/2022 saylı, 08 iyul 2022-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Qərardaddan iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5065/2022 saylı, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5409/2022 saylı 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçının nümayəndəsi və vəkili Vəkil2 prosessual müddətin bərpa edilməsi barədə ərizə və ərizəyə əlavə olaraq apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 22 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 08 iyul 2022-ci il tarixli qərardadından görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən əvvəlki verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilmədiyindən geri qaytarılsa da, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 təkrarən apellyasiya şikayəti verərkən həmin halı nəzərə almamış və vermiş olduğu apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formaya uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan müddətin bərpası barədə ərizəni təmin edərək apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5 -ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə və “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.1-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Kollegiya qeyd edir ki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Kollegiya qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyrimümkün hesab edilməli, apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-614/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar