Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1564/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Günel Lətif qızı Nəbiyevanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iş saatının bərpa olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-947/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onun iş saatının cavabdeh təşkilat tərəfindən 24 saatdan 6 saata endirilməsinin qanunsuz hesab edilməklə, əvvəlki iş saatının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-947/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-947/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin pedaqogika və metodikası” fakultəsinə daxil olduqdan sonra xx.xx.2006-cı il tarixdən Quba rayonu, Aşağı Tüləkəran kəndi tam orta məktəbində öz ixtisası üzrə “İbtidai sinif müəllimi” vəzifəsinə işə qəbul olunmuşdur. 12 ildir ki, həmin məktəbdə qüsursuz fəaliyyət göstərmişdir. Lakin iş saatı həftədə 24 saat olduğu halda 2018-ci il tarixində 6 saata endirilmişdir. Qanunvericiliyə əsasən iş şəraitinin qabaqcadan dəyişdirilməsi ilə bağlı ona rəsmi şəkildə əmr verilməli olduğu halda həmin əmr ona verilməmiş və iş saatının azaldılması ilə bağlı ona heç bir xəbərdarlıq olunmamışdır. Müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməyə belə göndərilmədən əsassız və qanunsuz olaraq həftəlik 24 saat dərs yükü cavabdeh təşkilat tərəfindən 6 saata endirilmişdir. Qeyd olunan faktların heç biri Nərimanov Rayon Məhkəməsində araşdırılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-8356/2019 saylı qətnaməsi ilə iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(005)-947/2019 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən X2 iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsinin qanunsuz hesab edilməsi və iş saatının əvvəlki səviyyədə bərpa edilməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-8356/19 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7727/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Yeni apelyasiya baxışı zamanı iddiaçı X4 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, 14 ildir ki, Quba rayonu Tüləkəran kəndində müəllim işləyir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləndən sonra onun həftəlik 24 saat iş saatı əsassız olaraq 6 saata endirilmişdir. İş şəraitinin dəyişdirilməsi barədə heç bir əmr verilməmiş, qabaqcadan heç bir xəbərdarlıq edilməmişdir. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. O, bundan sonrakı iş saatlarının bərpa olunmasını istəyir. O, ibtidai sinif müəllimi olmuşdur. Əvvəlki illərdə onda həftəlik iş vaxtı 24 saat olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsində Dövlət İmtahan Mərkəzinə sorğu verilmiş və sorğuya cavab olaraq bildirilmişdir ki, X4 2004/2005 və 2005/2006-cı tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə qəbulla bağlı İ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, lakin heç bir təhsil müəssisəsinə qəbul olmamışdır. Göründüyü kimi iddiaçının hər hansı təhsil müəssisəsinə qəbulu barədə əmr də saxtadı, ona məxsus diplom da. Ona görə tərəflərindən diplomun etibarsız sayılması barədə iddia qaldırılmış, hazırkı işlə bağlı birinci instansiya məhkəməsində icraat dayandırılmışdır. Əmək Məcəlləsində elə bir norma yoxdur ki, diplomun saxta olması ilə bağlı işdən azad edilsin. Müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmayanlara iş saatı 6 saatdan az müəyyən olunur. Tərbiyəçi müəllim müəllim hesab edilmir. Tərbiyəçi müəllim konkret fənn tədris etmir, məşğələlər keçir. İbtidai sinif müəllimlərində həftəlik iş vaxtı 18 saatdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə öz qərarında qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən İddiaçı iş saatının 2017-218 dərs ilində 24 saatdan 6 saata endirilməsinin qanunsuz hesab edilməsi və iş saatının əvvəlki səviyyədə bərpa edilməsi qət edilmişdir. Müəyyən edilir ki, İddiaçı iddia ərizəsində cavabdeh təşkilat tərəfindən onun dərs yükünün hansı dərs ilində 24 saatdan 6 saata endirilməsini qeyd etməmişdir. Nə birinci, nə də apelyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələ aydınlaşdırılmamış və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə 2017-2018-ci il dərs ili üçün iddiaçının dərs yükününün artırılmasını qət etmişdir. Halbuki iddiaçı xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda onun 2017-2018-ci il dərs ili üçün iş saatının artırılmasını tələb etməsi ağlabatan deyildir. İddiaçı kassasiya icraatında dərs yükünün 2017-2018-ci tədris ili üçün deyil, 2018-2019-cu tədris ili üçün artırılmasını xahiş etməsini təsdiq etmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin faktiki hallarının, təqdim olunmuş sübutların düzgün araşdırılmaması öz təsdiqini tapır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilən maddi hüquq normasının düzgün təfsir olunmaması barədə dəlili də yeni apelyasiya baxışı zamanı dəyərləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, iddiaçı X4 xx.xx.2006-cı il tarixdən Quba rayonu, Aşağı Tüləkəran kənd orta məktəbinə ibtidai sinif müəllimi vəzifəsinə qəbul edilmişdir. İddiaçı Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialını bitirmiş və ona Dövlət Attestasiya Komissiyasının xx.xx.2009-cu il tarixli qərarı ilə “İbtidai təhsilin pedaqogika və metodikası” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Quba rayon Təhsil Şöbəsinin Aşağı Tüləkəran kənd orta məktəbinin xx xxxxxxxx 2018-ci il tarixli 86 saylı arayışına əsasən, Təhsil Nazirliyi və rayon Təhsil Şöbəsi tərəfindən verilmiş təlimata və qaydalara əsasən 2017-2018 dərs ilində bu və ya digər səbəbdən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etməyən müəllimlərə 6 saat dərs verilmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən xx xxxxx 1986-cı il təvəllüdlü X4 2004/2005-ci və 2005/2006-cı tədris illərində ali təhsilin bakalavriat səviyyəsinə qəbulla bağlı İ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 2004-cü ildə RF altqrupunda 161.500 bal, RK altqrupunda 95.125 bal, 2005-ci ildə RF altqrupunda 199.500 bal, RK altqrupunda 161.500 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində Dövlət İmtahan mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Aşağı Tüləkəran kənd orta məktəbinin direktoru C.Mövlanov tərəfindən verilmiş xasiyyətnaməyə əsasən X4 iş yerində müsbət xarakterizə olunmuşdur. “Təhsil haqqında” Azərbaycan Respublikası qanununun 36-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Həmin qanunun 36-2.1-ci maddəsinə əsasən dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Həmin qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Həmin maddənin 4-cü bəndinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təhsil müəssisələrinin pedoqoji işçilərinin dərs yükü norması bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıldır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən bütün tipdən olan ümumtəhsil müəssisələrində müəllimlərin 1 stavka dərs yükü 18 saat müəyyən edilməklə həftəlik dərs yükünün 2 stavkaya qədər ola bilməsi də nəzərdə tutulmuşdur. Lakin iddiaçının iş saatının 24 saatdan 6 saata kimi azaldılması üçün əsas olan hər hansı normativ akt müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iş saatının 24 saatdan 6 saata kimi azaldılması əsassız olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müəllim vəzifəsində işləməsi üçün lazımi qaydada ixtisasa yiyələnmədiyi və ali təhsil haqqında müvafiq sənədi qanunun tələblərinə uyğun əldə etmədiyi üçün iddiaçının tələbinin təmin edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi əsassızdır. Qeyd olunan hallar mübahisəli olmaqla aidiyyəti dövlət orqanları tərəfindən iddiaçının ali təhsili barədə diplomu etibarsız hesab olunmamışdır. Digər tərəfdən həmin hallar həqiqətə uyğun olsa da, bu iddiaçının növbəti diaqnostik qiymətləndirilməsinə buraxılmaması və nəticə olaraq iş saatının azaldılması üçün deyil, onun ümumiyyətlə işdən azad olunması üçün əsas ola bilər. Lakin cavabdeh təşkilat iddiaçının işlədiyi vəzifəyə uyğun təhsil almadığını iddia etməklə, onu az saatda belə təhsilə buraxmışdır. Bundan başqa Ali Məhkəmənin öz qərarında qeyd etdiyi iddiaçının hansı təhsil illəri üçün iş saatının artırılması tələbinin dəqiqləşdirilməsinə münasibətdə kollegiya qeyd edir ki, apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı bundan sonrakı iş saatlarının bərpa olunmasını istədiyini bildirmişdir. Həmçinin iddia tələbində də iş saatının azaldılmasının qanunsuz hesab edilməsini xahiş etmiş və tələbdə hansısa illəri nəzərdə tutmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)-947/2019 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(005)- 947/2019 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən X2 iş saatının 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilsin və iş saatı əvvəlki səviyyədə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-1564/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1564/2020
19.02.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver