Məhkəmə qərarları › İş №2(103)-1564/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1564/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1564/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, yaşayış sahəsindən çıxarılma) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4352/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında xx.xx.1997-ci il tarixdə nikah bağlanmış, həmin nikahdan xx.xx.2000-ci il tarixdə X5 və xx.xx.2003-cü il tarixdə X6 doğulmuşdur. Tərəflər birgə nikahda olduqları dövrə, yəni xx.xx.2010-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin ev hazırda da iddiaçının mülkiyyətindədir. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-635/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar cavabdehin yanında saxlanılmışdır. Uşaqlar artıq yetkinlik yaşına çatmışdır. Cavabdeh bugünədək həmin evdə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, cavabdehin həmin evdən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən 40A nömrəli fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin ev üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır, ev əldə edildiyi xx.xx.2010-cu il tarixdən sonra həmin evə daimi əsaslarla qeydiyyata alınmışdır. Nikahları xx.xx.2014-cü ildə pozulmuşdur. Lakin bundan sonra evi tərk etmək, onu boşaltmaq və qeydiyyatdan çıxmaq barədə dəfələrlə cavabdehə xəbərdarlıq etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin bu davranışı onun həmin ev üzərində olan hüquqlarını pozur.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 4352/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. (hakim X7)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, hazırkı tələbə qiymət verilməsi üçün ilk növbədə cavabdehin iddiaçının adına qeydiyyata alınmış evə istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə münasibət bildirilməlidir. Tərəflərin izahatından və iş materiallarından aydın olur ki, mübahisə obyekti olan fərdi yaşayış evi tərəflərin nikahı dövründə tikilmiş və nikah dövründə də, iddiaçının adına mülkiyyət hüququ qeydiyyata alınmışdır. Ər-arvad birgə təsərrüfat apardıqları üçün onların hər birinin qazandıqları əmlakın onların ümumi birgə əmlakı olması prezumpsiyası mövcuddur. Həmin prezumpsiyanı aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Deməli, hazırkı işdə müəyyən edilir ki, cavabdehin mübahisə obyekti olan yaşayış evinə istifadə hüququ, onun həmin evə ailə münasibətlərinə söykənən paylı mülkiyyət hüququndan yarana bilər. Belə olduğu halda isə, nikahın pozulması ilə istifadə hüququ itirilə bilməz. Ona görə ki, həmin hüquq mülkiyyət hüququndan yaranır. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir, həmin fərdi yaşayış evinin hüquqi rejimi müəyyən edilmədən, yəni həmin evin birgə nikah dövründə əldə edilmiş ev olubolmaması müəyyən edilmədən, cavabdehin qeyd olunan fərdi yaşayış evinə münasibətdə istifadə hüququnun itirilmiş hesab edilməsi və cavabdehin həmin fərdi yaşayış evindən çıxarılması tələbi qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 225-ci, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və “Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-ci il tarixli və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı həmin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, onunla cavabdehl arasında xx.xx.1997-ci il tarixdə nikah bağlamış, həmin nikah məhkəmə qaydasında pozulmuşdur. DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə qanunla müəyyən olunan 3 il müddət ərzində qeyd olunan fərdi yaşayış evi ilə bağlı ər-arvadın ümumi əmlakının bölünməsi barədə hər hansı tələb irəli sürməmişdir. O isə nikah pozulduqdan təxminən 9 il sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində isə cavabdeh tərəfindən ona qarşı əmlak bölgüsü ilə ilə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Qanunvericiliyinin tələbinə əsasən fərdi yaşayış evinin mülkiyyətçisi kimi onunla keçmiş ailə üzvü, yəni cavabdeh arasında başqa razılaşma olmadığından, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyindən, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Hazırki iş üzrə də onunla keçmiş ailə üzvü olan cavabdeh arasında başqa razılaşma yoxdur. Məhkəmə iddia tələbində qeyd olunanlara qarşı hər hansı bir tələb olmadığı halda onun mülkiyyət hüquqularının pozulduğunu araşdırmamışdır. Məhkəmə onun mülkiyyət hüquqularını müdafiə etməmişdir. Cavabdeh iddia tələbində qeyd olunanlara qarşı etirazını məhkəmədə sübut etməmişdir. Onunla cavabdeh arasında olan nikah 2014-cü ildə pozulduğundan, fərdi yaşayış evi ilə bağlı cavabdeh tərəfindən hər hansı tələb irəli sürülmədiyindən cavabdehin tələb etmək hüququ ilə bağlı iddia müddəti ötürülmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Odur ki, onun hazırkı iddia tələbi qanuni və əsaslı olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdirlər.

11. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, mübahisəli fərdi yaşayış evi tərəflərin nikahda olduqları müddətdə inşa edilmiş və sonradan həmin evə dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bununla belə, həmin əmlak tərəflərin birgə gəlirləri hesabına əmələ gəlmişdir. Bu baxımdan onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçının özü də hər hansı başqa mövqedən çıxış etmir. Əksinə onun mövqeyi bu halı təsdiq edir.

21. Həmin əmlaka dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan (xx.xx.2010-cu il) təxminən 4 il sonra, yəni xx.xx.2014cü il tarixdə onların arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Buna baxmayaraq, ötən dövr ərzində tərəflər biri-digərinə qarşı həmin əmlakın bölünməsi tələbini irəli sürməmişlər. Bu baxımdan cavabdehin bu əmlaka olan mülkiyyət hüququ bügünədək aradan qalxmamışdır/ Bu əmlak hazırda onların ümumi birgə mülkiyyətini təşkil edir. Aralarında bağlanmış nikah 2014-cü il tarixdə pozulmasına baxmayaraq, ötən 9 il ərzində cavabdehin bu əmlakın bölünməsi tələbini irəli sürməməsi halı onun bu əmlaka olan hüquqlarına, xüsusilə də mülkiyyət hüququna xitam vermiş olmur.

22. İddiaçı özü də ötən dövr ərzində belə bir tələb irəli sürməmiş, nikah pozulduqdan sonra da cavabdeh həmin evdə yaşamağa davam etmiş və hazırda da yaşayır. Ötən dövr ərzində cavabdehin bu əmlaka olan hüququ hər hansı formada iddiaçı tərəfindən pozulmamışdır. Bu baxımdan hazırki tələb ümumiyyətlə iddiaçının cavabdehə qarşı əvvəlki rəftarına zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməli və hüquqdan suiistifadə hesab edilməlidir.

23. Bununla belə, hüquqi nəticə etibarı ilə cavabdeh mübahisəli evdən mülkiyyət hüququ ilə istifadə edir və ona sahiblik edir. Mülkiyyət hüququn mövcudluğu isə onun elementi olan istifadə hüququnun itirilməsini, o cümlədən bu məsələnin Mənzil Məcəlləsinin 30-cü maddəsi tətbiq edilməklə həll edilməsini hüquqi baxımdan birmənalı şəkildə istisna edir. Qeyd edilənlər öz növbəsində iddianın “istifadə hüququnun itirilməsi” hissəsində rədd edilməsini şətrləndirir.

24. Məhkəmə kollegiyası qanunvericiliyin bu sahəni tənzimləyən müddəalarını nəzərə alıb, habelə Konstitusiya Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi rəhbər tutub, bu əmlaka mülkiyyət hüququnun əldə edilməsi üçün cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi dəlili ilə bağlı vurğulayır ki, artıq qeyd edildiyi kimi tərəflər arasında bağlanmış nikahın pozulmasından 3 ildən artıq müddətin keçməsi faktı cavabdehin bu əmlaka yaranmış mülkiyyət hüququnun xitamına səbəb olmur. Belə ki, bu hüququn mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Məhz bu səbəbdən iddia müddəti keçmiş olsa da, bu qəbildən olan işlər üzrə iddialar məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız cavabdeh tərəfin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfin tətbiq edilməsi barədə ərizə verdiyi iddianın müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla belə, mövcud vəziyyətdə iddia müddətinin keçməsi özü-özlüyündə hüququn xitamına səbəb olmur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Lakin hazırki tələb birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin bölünməsi ilə deyil, cavabdehin həmin əmlakdan olan istifadə hüququnun itirilməsi ilə bağlıdır. Həmçinin, bu məsələni iddiaçı qaldırır, halbuki, iddia müddətinin tətbiq edilməsi məhz cavabdehə aid müdafiə vasitəsidir. Bu baxımdan qeyd edilən məsələ hazırki mübahisənin həllində hər hansı hüquqi əhəmiyyətə və ya təsirə malik deyil. Bu da iddiaçının bu mövqeyinin əsassız olduğunu təsdiq edir.

25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4352/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar