Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1567/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Birliyin nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Biliyin adından çıxış edən və buna səlahiyyəti olan nümayəndə (vəkil) iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 5.509,05 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,35 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 160 saylı ev Birlik tərəfindən təbii qaz ilə təchiz olunur. Bununla bağlı olaraq Birlik ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğısatqısı barədə müqavilə” müqavilə bağlanmış və həmin ünvanda qaz sayğacı quraşdırılmış, ünvana **********00000 abonent nömrəsi verilmişdir. Bunlara baxmayaraq, cavabdeh, qeyd edilən müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini ödəmir, baxmayaraq ki Birlik, borcun ödənilməsi barədə cavabdehə dəfələrlə yazılı xəbərdarlı göndərmişdir. Təbii qazdan istifadəyə görə cavabdehə hesablanmış borcun məbləği 5.509,05 manat təşkil edir. Cavabdeh iddiaçı Birliyə olan borcunu ödəmədiyindən Birlik hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 79,35 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Eyni zamanda, Birlik, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün vəkillə müqavilə bağlayaraq hüquqi yardım almaq və bunun üçün 400 manat ödəmişdir. Göstərilənlərə əsasən Birlik hesab edir ki, yuxarıda qeyd edilən məbləğlər cavabdehdən tutularaq ona ödənilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 2.242,1 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçı Birliyin özünə aid edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış borc iddiaçı Birlik tərəfindən 2010-cu ilin iyul ayından 2021-ci ilin noyabr ayınadək olan müddət üçün hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələblərinin mənasına görə, 5 il keçdikdən sonra vaxtaşırı ödənişlər haqqında tələblər qüvvəsini itirir. Birliyin iddiası məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Belə olan halda cavabdehdən iddiaçı Birliyin xeyrinə yalnız 2017-ci ilin may ayından sonra yaranmış borc tutula bilər. 2017-ci ilin may ayından əvvəlki müddət üçün yaranmış borc isə qeyd edilən maddi normanın tələbinə görə tutula bilməz. 2017-ci ilin may ayından sonra hesablanmış borc 2.242,10 manat məbləğindədir. Belə olan halda məhz həmin məbləğ cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə cavabdeh Zəngilan rayonundan məcburi köçkündür. “Dövlət rüsumu haqqından” Azərbaycan Respublikası Qanunun tələblərinə görə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Buna görə də, iddiaçı Birliyin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi cavabdehdən tutula bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı Birlik hazırki iddianın məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə 400 manat məbləğində pul ödədiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin öhdəliyi məhz cavabdeh ilə iddiaçı Birlik arasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə” bağlandığı xx.xx.2018-ci il tarixdən yaranmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçı Birliyin xeyrinə borc 2017-ci ilin aprel ayından başlayaraq tutulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh, Zəngilan rayonundan məcburi köçkündür. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Onun gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
8. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı Birlik, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir. O, Rayon Məhkəməsinin iddianın bir qisminin təmin edilməsi barədə nəticəni mübahisələndirmişdir.
10. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat
12. İddiaçı Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, AXK- 00362xx/xx-2018 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilədən” görünür ki, həmin müqaviləyə əsasən Birlik üzərinə öhdəlik götürmüşdür ki, cavabdehin yaşadığı və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 160 saylı evi təbii qaz ilə təchiz edəcək və bununla bağlı olaraq həmin ünvanda qaz sayğacı quraşdıracaq. Cavabdeh isə üzərinə öhdəlik götürmüşdür ki, istifadə edəcəyi qazın dəyərini, qaz sayğacının göstəricilərinə əsasən Birliyi ödəyəcək.
13. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, cavabdehin yaşadığı həmin ünvanda müqavilənin şərtlərinə uyğun olaraq qaz sayğacı (№ 0658512) quraşdırılmış və ünvana **********00000 abonent kodu verilmişdir.
14. Qeyd edilən abonent kodu üzrə iddiaçı Birlik tərəfindən cavabdehin adına xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və Rayon Məhkəməsinə təqdim etdiyi “Abonentin saldosundan” görünür ki, cavabdehin təbii qazdan istifadəsi nəticəsində yaranmış 5.509,05 manat məbləğində borc iddiaçı Birlik tərəfindən 2010-cu ilin iyul ayından 2021-ci ilin noyabr ayınadək olan müddət üçün hesablanmışdır. Həmin müddət ərzində cavabdeh tərəfindən iddiaçı Birliyə ödəniş olmamışdır.
15. Həmin “Saldodan” həmçinin görünür ki, apellyasiya baxışının predmetini təşkil edən 2.242,10 manat məbləğində olan borc 2017-ci ilin may ayından 2021-ci ilin noyabr ayınadək olan müddət üçün hesablanmışdır. Həmin müddət ərzində cavabdeh tərəfindən iddiaçı Birliyə ödəniş olmamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. İddiaçı Birliyin mövqeyi ondan ibarətdir ki, 2017-ci ilin may ayından 2021-ci ilin noyabr ayınadək olan müddət üçün hesablanmış 2.242,10 manat məbləğində olan borc cavabdeh tərəfindən ona ödənilməlidir.
17. Apellyasiya şikayətinin məzmundan aydın olur ki, iş üzrə cavabdehin iddiaya qarşı etirazı ondan ibarətdir ki, onunla iddiaçı Birlik arasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə” bağlandığı xx.xx.2018-ci il tarixədək onun iddiaçı Birlik qarşısında öhdəliyi mövcud olmamış, buna görə də həmin müddətə qədər ona borc hesablana bilməz, hesablanıbsa da, ödənilməsi tələb oluna bilməz.
18. Göstərilənləri və apellyasiya şikayətinin qeyd edilən dəlilini nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 №-li qərarının 1.3-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
19. “Qazdan istifadə qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır (bənd 1.3.).
20. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqaviləsinin” şərtlərinə görə, əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir (bənd 2.3.4.). İstehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür (bənd 2.3.1.). İstehlakçı bu müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür (bənd 2.3.2.). Bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir (bənd 3.1.).
21. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi fərdi istehlakçı olan cavabdeh iddiaçı Birlik tərəfindən verilən təbii qazdan istifadənin əvəzini ödəmək vəzifəsini daşıyır. Tərəflər arasında müqavilə xx.xx.2018-ci il tarixdə bağlansa da, həmin tarixə qədər olan müddətdə cavabdehin qazdan istifadə etməsi mübahisəsizdir. Odur ki, cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməlidir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin birinci bəndinə görə, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
22. Göstərilənlərə əsasən müəyyən edilir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır.
23. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, onunla iddiaçı Birlik arasında “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə müqavilə” bağlandığı xx.xx.2018-ci il tarixdən sonrakı müddət üçün hesablanmış borc onun tərəfindən ödənilməməli, o, məcburi köçkün olduğu üçün həmin borcu dövlət ödəməlidir.
24. Bu dəlili nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına görə, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə xx.xx.2017-ci il tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60 manat məbləğində vahid aylıq müavinət müəyyən edilir. Həmin müavinət məcburi köçkün və onlara bərabər tutulan şəxslərə verilir.
25. Göründüyü kimi müavinət, kommunal və digər xidmətləri göstərən qurumlara deyil, məcburi köçkün və onlara bərabər tutulan şəxslərin özlərinə verilir.
26. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızdır. h) apellyasiya baxışının nəticəsi
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 sentyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.