Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1567/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X3 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X3 qarşı yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2(003)-3320/2024 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A (yeni qaydalarla: AZ1150, ünvan 2 fərdi yaşayış evi 04 iyul 2024-cü il tarixdə İddiaçı qeydiyyata alınmışdır.
2. X6, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X5 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, giriş 84 ünvanında qeydiyyatdadırlar.
3. Cavabdeh1 və Cavabdeh2 Xəzər rayon İcra Hakimiyyəti başçısının Şüvəlan ərazi dairə üzrə nümayəndəsinə ünvanıladıqları ərizələrindən görünür ki, onlar mübahisəli mənzilə gedib gəlirlər, arada qalırlar, şərait olmadıqları üçün tam olaraq yaşamırlar.
4. Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatdan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa – Xuna bağ sahəsi, 116 saylı BTK-nın 216 saylı, 0,04 ha ölçüdə bağ sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı X2 Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A (yeni qaydalarla: AZ1150, ünvan 2 fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmışdır və qeyd olunmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 onun övlallarıdır və onun birinci nikahından dünyaya gəlmişlər. Cavabdehlər uzun müddətdir ki, qeydiyyatda olduqları evdə faktiki olaraq yaşamırlar, özlərinə məxsus fərdi yaşayış evlərində yaşayırlar. Lakin uzun müddət keçməsinə baxmayaraq, yuxarıda adları çəkilən şəxslər hələ də qeydiyyatdan çıxmamışlar. Belə olan halda onun mülkiyyət hüquqları məhdudlaşır.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2(003)- 3320/2024 nömrəli ilə iddia təmin olunaraq Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşağı 09 yanvar 2008-ci il təvəllüdlü X2 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab olunması qət edilmişdir.
8. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili 04 iyul 2024-cü il tarixdən iddiaçının mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibət daha əvvəl yaransa da, mənzil iddiaçının mülkiyyətində olmamış, həmin mənzil onun adına xüsusi mülkiyyət hüququ əsasında 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınmışdır. mübahisəli mənzil xx.xx.2024-cü il tarixədək iddiaçın sahibliyində və istifadəsində olduğundan və xx.xx.2024-cü il tarixdən onun həmin mənzilə mülkiyyət hüquq yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır. İş materialları və cavabdehlərin ərizələri ilə təsdiq olunur ki, cavabdehlər uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Bununla yanaşı məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmasını təsdiq edən hər hansı bir hüquqi əsas müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatı formal xarakter daşıyır. Yaranmış vəziyyətdə cavabdehlərin mənzildə yaşamadığına baxmayaraq, onların mənzilə formal qeydiyyatının və istifadə hüquqlarının saxlanılması iddiaçının mənzil üzərində qanuni sahiblikdən irəli gələn hüquqlarının həyata keçirməsini əsassız məhdudlaşdırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olması onun hüquqlarını məhdudlaşdırdığından, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüquqları itirilməlidir.
9. Məhkəmə öz mövqeyini Mənzil Məcəlləsinin 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, o, və iş üzrə digər cavabdeh olan qardaşı iddiaçının doğma uşaqlarıdırlar və mübahisəli mənzildən başqa digər yaşayış yerləri yoxdur. Anaları yol nəqliyyat hadisəsi zamanı öldüyündən atası başqa qadınla evləndiyi üçün onları evə buraxmır və buna görə də kirayədə qalmaq məcburiyyətindədirlər. Birinci insatnsiya isə bu faktı bilə-bilə formal araşdırma aparıb qeyriobyektiv, əsassız və qanunsuz nəticəyə gəlmişdir. Halbuki iddiaçı qanunvericiliklə müəyyən edilmiş kompensasiya ödəməklə yaşayış sahəsinə istifadə hüququna xitam verə bilərdi. Birinci instansiya məhkəməsi onların yeni yaşayış yerinin olub-olmamasını və istifadə hüququnun itirilməsi tələb olunan yaşayış sahəsinə ehtiyacının olub-olmamasını araşdırmadan qərəzli olaraq səhv nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışır ki, birinci instansiya məhkəməsində vəkil sorğusu əsasında iş materiallarına əlavə edilmiş cavabdehlərin ərizələrindən görünür ki, cavabdehlər uzun müddətdir ki, həmin ünvanda yaşamırlar. Bundan başqa cavabdehlər məhkəmə iclasında iştirak etmələri üçün həmçinin sübutlarının təqdim edilməsi üçün şərait yaradılmasına baxmayaraq onlar, ərizə və vəsatətlə məhkəməyə müraciət etsələr də iş üçün əhəmiyyət daşıya biləcək sübutları təqdim etməmişlər. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2025-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 verilən suallara cavabında bildirmişdir ki, o, ərə getdikdən sonra ata evini tərk etmiş, hazırda onun mülkiyyətində Xəzər rayonu, Xaşa-Xuna bağ massivində torpaq sahəsi vardır (həmin hal məhkəmənin elektron informasiya sistemindən əldə edilən məlumatda da öz əksini tapmışdır) və həmin torpaq sahəsi üzərindəki fərdi yaşayış evində oğlu ilə birlikdə yaşayır. Məhkəmə iclasında Cavabdeh1 fərdi yaşayış evində kirayədə yaşadığını bildirsə də buna dair sənədlərinin olmadığını qeyd etdi. Hesab edir ki, cavabdehin yaşadığı evin mülkiyyətdə olmamasınına istinad edərək yaşayış yerinin olmamasını bildirməsi hüquqi baxımdan düzgün deyildir. Belə ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir. Bundan əlavə, həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bundan başqa cavabdehin də apellyasiya şikayətində istinad etdiyi Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkün olduğu göstərilmiş, belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Hesab edir ki, məhkəmə tərəfindən işin faktiki halları aydınlaşdırılmış, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmış, yaşayış sahəsinə ehtiyacın aradan qalxmağı, iş materiallarında olan sübutlarla onun izahatları ilə müəyyən olunmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdeh1 apellyasiya şikayətini müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq üçün ataları tərəfindən imkan yaradılmayıb, əksinə maneçilik törədilib. O, 2007-ci ildə ailə qurmuş, təxminən 7 il Mərdəkan qəsəbəsində yerləşən evdə kirayədə qalmışdır. Təxminən 2015-ci ildə həyat yoldaşı ilə ailə münasibətləri pozumuş, bundan sonra qızı ilə birlikdə başqa evə köçüb, orada kirayədə qalmışdır. Anaları 2021-ci ilin noyabr ayında vəfat etmişdir. Anası sağ olan zaman qardaşı həmin evdə onlarla birlikdə qalıb, sadəcə orada şərait olmadığına görə o, övladı ilə birlikdə ayrı evdə yaşamışdır. Anaları vəfat etdikdən sonra o, tək qalmasın deyə qardaşı ona dəstək olmaq üçün onunla birlikdə yaşamağa başladı. O, hal-hazırda övladı ilə birlikdə Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları massivində yerləşən evdə kirayədə yaşayır. Evin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində olsa da, üzərində yerləşən ev ona məxsus deyildir və o, evə görə kirayə haqqı ödəyir, lakin torpaq sahəsi onun adına oluğundan evin bütün kommunal xidmətləri də öz adınadır.
14. Cavabdeh2 apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
15. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
17. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür). Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
18. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdəyaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı. MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarı. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv olunaraq iddia tələbinin rədd edilməsi tələb olunsa da, şikayət yalnız Cavabdeh1 tərəfindən verilmişdir, yəni, qətnamə digər Cavabdeh2 tərəfindən mübahisələndirilməmişdir,. Buna göər də məhkəmə aktı şikayətin dəlilləri üzrə yalnız iddianın Cavabdeh1 qarşı təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir və bu, qətnamənin yoxlanılan hissədə ləğv olunması üçün əsasdır.
25. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzilə 04 iyul 2024-cü il tarixdən mülkiyyət hüququ yarandığından mübahisənin həlli zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmalıdır.
26. Məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. İşin halları ilə təsdiq olunur ki, cavabdeh (apellyator) Cavabdeh1 05 avqust 1981-ci il tarixdə anadan olmuşdur, həmin vaxtdan 2007-ci il tarixə kimi mübahisə predmeti olan evdə yaşamışdır, onun yetkinlik yaşına çatmayan övladı X5 09 yanvar 2008ci ildə anadan olmuşdur və həmin vaxtdan da bu evdə qeydiyyatdadırlar. Göründüyü kimi istər istifadə hüququnun yaranması, istərsə də itirilməsi ilə bağlı münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşmür.
28. Cavabdeh1 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən “icarədar ilə birlikdə yaşayan ailə üzvü” kimi mənzildən istifadə hüququ əldə etmişdir.
29. İddiaçının mövqeyinə görə Cavabdeh1 ailə qurduqdan sonra mübahisəli mənzili tərk edərək ayrıca fərdi yaşayış evlərində yaşamışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacı qalmamışdır. Cavabdeh1 isə iddia edir ki, mübahisə predmeti olan fərdi yaşayış evində yaşamaq üçün ataları tərəfindən imkan yaradılmayıb, əksinə maneçilik törədilib.
30. Cavabdehin evdən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxması və hazırda həmin evə ehtiyacının olmaması məhkəmə iclasında verdiyi izahat və işin halları ilə tamamilə təsdiqini tapır.
31. Cavabdeh1 etirazını atası tərəfindən evə buraxılmaması və bu səbəbdən kirayədə yaşaması ilə əsaslandırmış, məhkəmə iclasında da bu xüsusatları təkrar etmişdir. O, izahatında hal-hazırda övladı ilə birlikdə Qala qəsəbəsində yerləşən Xaşaxuna bağları massivində yerləşən evdə kirayədə yaşamasını, evin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 0,04 ha olduğunu bildirmiş, sonra məhkəmə kollegiyası tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən Bakı şəhəri Xəzər rayonu, Xaşa – Xuna bağ sahəsi, 116 saylı BTK-nın 216 saylı, 0,04 ha ölçüdə bağ sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydə alındığı nəzərinə çatdırıldıqdan sonra o, həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu, lakin üzərində inşa edilmiş evin başqa şəxs tərəfindən inşa olunaraq ona kirayə verildiyi, kommunal xidmətlərin öz adına rəsmiləşdirildiyi və kirayə haqqı ödəməsi ilə qeyri – müəyyən izahat vermişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hər hansı bir fiziki şəxsin öz mülkiyyətində olan torpaq sahəsinin üzərində digər şəxs tərəfindən evin inşa olunaraq özünə kirayə verilməsi, həmçinin, kommunal xidmətlərin öz adına olması məntiqə ziddir və inandırıcı deyildir. Qeyd olunan hallarla təsdiq edilir ki, Cavabdeh1 2007-ci ildə ailə qurduqdan daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə köçmüşdür. Beləliklə, Cavabdeh1 mübahisəli mənzilə yaşayış yeri kimi ehtiyacının qaldığını göstərən hər hansı hal məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir.
32. Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Azərbaycan Respublikası Mənzil Məcəlləsi əsasında əldə etdiyindən, onen istifadə hüquqe da həmin Məcəlləyə uyğun olaraq itirilmiş hesab edilməlidir. Həmin Məcəllənin müvafiq normalarından eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir. Məhkəmə artıq yuxarıda Cavabdeh1 mübahisəli mənzili başqa yaşayış yerində (ailə qurduqdan sonra ailələri ilə birlikdə ayrı-ayrı fərdi yaşayış evlərində) yaşamaq üçün tərk etdiyi, uzun müddətdir orada daimi yaşadığı, mübahisəli mənzillə yaşayış yeri kimi heç bir bağlılığının qalmadığı nəticəsinə gəlmişdir.
33. Apellyasiya şikayətinin istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsinin həmin hüququn əldə edilməsini zəruri edən əsasın (yaşayış sahəsinə ehtiyacın) aradan qalxmasının mümkünlüyü təsbit olunmuşdur.
34. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
35. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mənzili tərk etməsindən artıq uzun müddət keçmişdir. Bu illər ərzində cavabdehin mənzilə köçürülməsi üçün hər hansı aktiv hərəkəti, müraciəti və s. işin halları ilə müəyyən olunmur.
36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, bu hal qətnamənin yoxlanılan hissəsində ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı və eyni hissədə iddia təmin olunmalıdır.
37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2(003)- 3320/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, e-2(003)- 3320/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh1 və yetkinlik yaşına çatmayan uşağı 09 yanvar 2008-ci il təvəllüdlü X2 İddiaçı məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab olunması hissəsində ləğv edilərək həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilsin. Cavabdeh1 yetkinlik yaşına çatmayan uşağı 09 yanvar 2008-ci il təvəllüdlü X5 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Şüvəlan qəsəbəsi, 08 mart küçəsi, ev 22A (yeni qaydalarla: AZ1150, ünvan 2 ünvanında yerləşən evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.