Məhkəmə qərarları › İş №2(103)-1568/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1568/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1568/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" MMC və Tahirova (Nəzərova) Gülşən Əbülfət qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6763/2021 saylı, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmənatələrin Sığortalnması Fondu cavabdehlər "xxxx" MMC və Tahirova (Nəzərova) Gülşən Əbülfət qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sumqayıt filialı ilə ilə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızı arasında 02 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında KR 14/027 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən, 240 “B" nömrəli evin 5-ci mərtəbəsi, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 60 ay müddətinə, 32.683 manat məbləğində kredit verilmişdir. Bundan sonra, 02 aprel 2014-cü il tarixli, KR 14/027 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzili 02.04 nömrəli ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" MMC ilə (bundan sonra mətndə Cəmiyyət) "xxxx" ASC arasında bağlanmış 18.03.2014-cü il tarixli müqaviləyə əsasən Cəmiyyət Tahirli (Nəzərova) Gülşən Əbülfət qızının Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin, borclu şəxs hazırkı iş üzrə cavabdeh Tahirli (Nəzərova) Gülşən Əbülfət qızı öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 10.09.2021-ci il tarixə Tahirli (Nəzərova) Gülşən Əbülfət qızının kredit üzrə cəmi borcu 19,057.49 manat təşkil edir. Bundan 12,700.09 manat əsas, 32,04 manat faiz, 4,783.60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1,541.76 manat faiz borcu təşkil edir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh Cəmiyyət ilə Bank arasında bağlanmış 18.03.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndinə əsasən, Bu müqavilənin 2.1 -ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildirişi aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Göstərilənlərə əsasən məhkəmədən LPO “TexnikaBank" ASC ilə Cavabdeh2 arasında bağlanmış 02.04.2014-cü il tarixli, 14/027 nömrəli kredit müqaviləsinə əsasən cəmi 19057.49 - bundan 12700.09 manat əsas, 32.04 manat faiz, 4783.60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1541.76 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən tutulması; tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 “B” nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan, 30 nömrəli mənzilə yönəldilməsi, satışdan ətdə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Tahirli (Nəzərova) Gülşən Əbülfət qızından və “AAAF-İnşaat" MMC-dən tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından əsas borc üzrə 12700 manat 09 qəpik; faiz borcu üzrə 32 manat 04 qəpik; cərimə borcu üzrə 1200 manat olmaqla, cəmi 13932 manat 13 qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 26.90%, yəni 8 manat 07 qəpiyi iddiaçıya aid edilsin, qalan 73.10%, yəni 21 manat 93 qəpiyi isə cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızından iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, "xxxx" MMC ilə "xxxx" arasında bağlanmış 18.03.2014-cu il tarixində bağlanmış müqavilənin zaminlik deyil, öhdəliklərin icrası ilə bağlı əsas müqavilə olduğunu və Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, beh, qarantiya ilə və bu Məcəllədə və ya müqaviləcə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Məhkəmə sözügedən muqaviləyə düzgün qiymət verməmişdir. Həmçinin, qeyd olunmuşdur ki, ipoteka qeydiyyata alınmadıqda iddia ərizəsi həmin hissədə rədd edilməli deyil, baxılmamış saxlanılmalı idi. Tərəflər arasında ipoteka muqaviləsi bağlanmış lakin qeydiyyata alınmamışdır. Bu halda həmin müqavilə qeydiyyata alındıqdan sonra iddiaçı müvafiq qaydalara əməl etdikdən sonra tutmanın yönəldilməsi üçün müraciət edə bilər. Məhkəmənin Bankin bu hüququnu məhdudlaşdırılması qanunsuz və əsassızdır. Borcveren "xxxx" və borcalan Cavabdeh2 arasında bağlanmış 02.04.2014-cü il tarixli 14/027 saylı Kredit Müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Təminat üsulu ilə bağlı münasibətlər AR qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aidiyyatı subyektlər tərəfindən bağlanan və rəsmiləşdirilən müvafiq muqavilə ilə tənzimlənir. Həmçinin bu Muqavilənin 17.2- 01maddəsinin ç) bəndində qeyd edilmişdir ki, Borcalan öz üzərinə götürduyu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyi halda bu Müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş kreditin təminatı üsulu ilə bağlı müqaviləsinə uyğun olaraq Borcverənin talablari tam şəkildə təmin edildikdə bu müqavilə xitam olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzil "xxxx" MMC ilə Tahirova (Nəzərova) Gülşən Əbülfət qızı arasında bağlanmış 05 aprel 2014-cü il tarixli İH/B-A- (b)/014 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən sonuncuya məxsusdur. Mənzillə bağlı iddiaçı ilə cavabdeh Tahirova (Nəzərova) Gülşən Əbülfət qızı arasında bağlanmış 02 aprel 2014-cü il tarixi ipoteka müqaviləsi notariat qaydada təsdiq olunsa da, lakin mənzil reyestr xidmətində qeydə alınmamışdır. Eləcə də tərəflər arasında bağlanmış 02 aprel 2014-cü il tarixli, İP 14/016 nömrəli ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmamışdır. İpoteka qoyana ipotekaya tutmanın yönəldilməsi barədə dövlət qeydiyyat orqanında qeydə alınmış bildiriş verilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana ... verilməsini təsdiq etmək yolu ilə göndərməklə iopeka premetinə tutmanı yönəltməni başlıya bilər. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Qeyd edilən normaların tələbinə görə tərəflər arasında ipoteka müqaviləsi bağlansa da, lakin həmin müqavilə dövlət qeydiyyatına alınmadığına görə qüvvəyə minməmişdir və iddiaçıda ipoteka hüququ yaranmamışdır. Ona görə də hazırki vəziyyətdə iddiaçı tərəf tutmanın ipoteka predmetinə yönəltməsi barədə tələb irəli sürməkdə haqlı deyildir. İddiaçı tərəf qanunla müəyyən edilmiş yuxarıda qeyd edilen qaydalara əməl etdikdən sonra həmin tələblə məhkəməyə müraciət edə bilər. Məhkəmə kolegiyasının fikrincə “İpoteka haqqında” Qanunun müəyyən etdiyi və yuxarıda qeyd edilən tələblərini yerinə yetirmək üçün imkanlar itirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin tutmanin Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 B nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.metr olan 30 nömrəli mənzilinə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Tahirli (Nəzərova) Gülşən Əbülfət qızından və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsinin təmin edilməməsi ilə bağlı hissəsi ləğv edilməli və tələb həmin hissədə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin tutmanin Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanda salınmış, “AAAF-Park 3” yaşayış massivi, 240 B nömrəli evin 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.metr olan 30 nömrəli mənzilinə yönəldilməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Tahirli (Nəzərova) Gülşən Əbülfət qızından və "xxxx" MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan LPO "xxxx" ASC-yə təhvil verilməsinin təmin edilməməsi ilə bağlı hissəsi ləğv edilsin və iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar