Məhkəmə qərarları › İş №2(103)-1569/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1569/2021

25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1569/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-599/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh iddia ərizəsi, iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45 000 manat pulun, 12 000 manat, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixə qədər (64 ay ərzində), illik 5 faiz olmaqla yəni hər gecikdirilmiş aya görə 187.50 manat (45 000 x 5% = 2250 / 12 ay = 187.5 manat x 64 ay = 12 000 manat) olmaqla əldən çıxmış fayda, 3000 manat mənəvi ziyan, 30 manat dövlət rüsumu, cəmi 60 030 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-599/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 45 000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Guya məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, o, pulun verilməsini qəbul etməsə də, iş materiallarında olan qəbzdəki imza ilə iddiaçıdan pulu götürməyi müəyyən olunmuşdur. İşin halları ilə bağlı qeyd edir ki, o, xx xxxxxxxx 2014-cü il tarixdə İddiaçı 45000 manat pul almamışdır. İddiaçı qızı X6 şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək onun və X2 əməllərində cinayət tərkibinin olduğunu bildirmişdir. Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və X7 Cinayətlərin İstintaq Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə oun və X2 əməllərində CM-nin 178-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və X7 Cinayətlərin İstintaq Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni şəkildə araşdırılsaydı məhkəmə həqiqətin ortaya çıxamasına nail ola bilərdi. Görünür məhkəmə qeyd olunan qərarı və şikayət ilə bağlı materialda olan izahatları ətraflı şəkildə araşdırmaq niyyətində olmamışdır. Belə ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və X7 Cinayətlərin İstintaq Şöbəsinin xx xxxx 2019-cu il tarixli qərarından da görünür ki, xx xxxxx 2014-cü il tarixdə İddiaçı istifadəsində olan +**********44 nömrəli mobil telefon nömrəi ilə Şəbinə Əmiraslanovanın istifadəsində olan mobil telefon nömrəsi ilə aşağıdakı mesajlar qeyd olunmuşdur. ’’Şayesta danışdım Esmirayla ətraflı, dedi ki, siz narahat olmayın, mən pulları qaytaracam, əsas məbləği 20-sinə qədər catdırmasamda, faizlərin hamısını catdıracam, amma böyük güman var ki, pullarda catacaq. Deyir ki, ikinizdəndə xahiş edirəm, mənə inamınızı itirməyin, mənimdə bir-iki ay çətinliyim var. O demək deyil ki, mən kiməsə ata bilərəm,mənə inamınızla kömək olun ”xx xxx 2014-cü il tarixdə “Sabina Esmiraynan danışdın? ” xx xxx 2014-cü il tarixdə qeyd olunan mesajlar “Şayesta dedi ki, sabah faizi göndərəcək, birisi gündə o biri pulu-Yaxşı ” xx xxx 2014-cü il tarixdə “Şaesta pul məndədir” Qərardanda göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında hər hansı bir borc müqaviləsi və ya cavabdehin iddiaçıdan borc almaq kimi hərəkətləri olmamışdır. Eyni zamanda material üzrə X3 şahid qismində dindirilməsi barədə xx xxxxxx 2016-ci il tarixli protokoldan da görünür ki, E. Vahabova pulun həqiqətən də iddiaçıdan onun götürdüyünü bildirmişdir. Həmçinin, material üzrə X5 şahid qismində dindirilməsi barədə xx xxxxxx 2016-ci il tarixli protokoldan da görünür ki, E.Vahabova faiz yolu ilə Şayestadan pul almışdır. Eyni zamanda Esmira Vahabovanın təqsirləndirilən şəxsin dindirilməsi barədə xx xxxxxx 2016-ci il tarixli protokolundan da görünür ki, sonuncu pulun onun tərəfindən götürdüyünü etiraf etmişdir. Mülki iş materiallarına əlavə edilmiş sadə qəbzdən görünür ki, guya o, İddiaçı 45000 manat borca pul almışdır. İddiaçı həmin sadə yazılı qəbzi Esmira Beykosovnadan da almışdır. Təbii ki, təzyiq göstərmək yolu ilə. Halbuki, İddiaçı şahid qismində dindirilməsi barədə xx xxx 2016-ci il tarixli protokoldan da göründüyü kimi, özü etiraf edir ki, 45000 manatı hər hansı bir əlyazma olmadan Səbinəyə vermişdir. Həm ona, həm də Esmiradan alınan əlyazmanın hardan ortaya çıxması isə çox maraqlıdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, Şayesta Esmiraya 40.000 manat verib, məbləğ 45.000 manat olmayıb. Esmira onun müdiri olub. Ona iltizamı təzyiq altında yazdırmışdılar. İddiaçının qohumu gəlib onu evində təhdid edirdi. Evində balaca uşaqları, yeniyetmə qızı vardı, uşaqlarına görə qorxurdu. İddiaçı bildi ki, Esmira bankrotdadır, ona görə də onun üstünə düşdülər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, apellyasiya şikayətində qeyd etdiklərini müdafiə edir və məhkəmədən təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyi halda, məhkəmə onun adından etiraf məzmunlu izahat yazıb. Cavabdeh ümumiyyətlə, heç Sabunçu Rayon Məhkəməsinin binasının harada yerləşdiyini bilmir. Esmira keçirilən istintaq hərəkətlərində də etiraf edib ki, pulu o, götürüb. Cavabdehə hədə-qorxu gəldikləri üçün cavabdeh həmin qəbzi imzalayıb. Məhkəmə iclasında İddiaçı bildirdi ki, qohum olduğu üçün o, pulu Səbinəyə vermişdir. Esmiraya pul verməmişdir. Esmiranı tanımır, heç üzünü də görməmişdir. Pul da 45.000 manat olub. 5 il istintaqda da iş getdi, onun dediklərinin heç biri öz təsdiqini tapmadı. Səbinəyə pullarını qaytarmağını tələb edəndə ona pulu Esmiraya verdiyini, ondan pulu alıb qaytarcağını dedi. Özü 2014-cü ilin avqust ayında gəlib iltizamı imzaladı və dedi ki, pulu sentyabr ayına kimi Esmiradan alıb ona qaytaracaq. Pulları 2014-cü ilin mart ayında evində 20.000 və 15.000 manat verdi, sonra da deyəsən aprel ayı olardı, Q.Qarayevdə qalan 10.000 manatı qızı Raidə cavabdehə verib. Pulu qızına “Lombard” açdırmaq üçün vermişdi. Esmira onsuz da çıxıb gedəcəkdi. Pulu borc verməmişdir, lombard açılması üçün vermişdir. İltizamı onun adına yazdığı üçün, vəkil məsləhət gördü ki, iddianı özü qaldırsın. Esmiranı tanımamış, pulu Səbinəyə vermişdir. Esmira Türkmənistan vətəndaşı olub. Orada da həbsdə olub, burda da. Səbinə deyirdi ki, pul onun müdiri Esmiraya lazım olub. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etmişdi. Qəbzin əslini cinayət işinə təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, xx xxxxxxxx 2014-cü il tarixədək qaytaracağına dair pulun alınmasının etirafı qəbzinə əsasən Nurməmmədova X1 Səbinə Gündüz qızına 45000 (qırx beş min) manat vermiş və sonuncu həmin məbləği almasını öz imzası ilə təsdiq etmişdir. Bakı şəhər BPİ-nin İstintaq və X7 Cinayətlərin istintaqı şöbəsinin müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh və X2 əməllərində CM-nin 178-ci maddəsinin tərkibi olmadığından barələrində cinayət işi üzrə icraata xitam verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini göstərsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır, iddianın təmin edilməyən hissəsinə isə toxunulmur. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, pulun alınmasının etirafı qəbzinə əsasən Nurməmmədova X1 Səbinə Gündüz qızına 45000 (qırx beş min) manat vermiş və sonuncu həmin məbləği almasını və xx xxxxxxxx 2014-cü il tarixədək qaytaracağını öz imzası ilə təsdiq etmişdir və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdeh Səbinə Əmraslanovanın İddiaçı hansısa məbləğdə pul almadığını, eləcə də pulun alınmasının etirafı qəbzini təzyiq və hədə-qorxu nəticəsində yazdığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək yaxud notariat orqanının iştirakı olmadan öz aralarında mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli əqdlər bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir, eləcədə hansısa şəxsə konkret məbləğdə borcu olması barədə yazılı qaydada üzərinə öhdəlik götürürlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə yaxud borclunun üzərinə götürdüyü yazılı öhdəliyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul almadığını yaxud hazırki işdə olduğu kimi borcun etirafı haqqında yazılı etiraf sənədinin təzyiq və hədə-qorxu nəticəsində yazdığını bəyan edir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə cavabdehin iddiaçıdan həqiqətən 45000 manatı aldığının etirafı və xx xxxxxxxx 2014-cü il tarixədək qaytaracağına dair qəbz mövcud olsa da, cavabdeh iddiaçıdan hansısa məbləğdə pul almadığını, pulu Esmira adlı şəxsin aldığını, həmin sənədi isə hədə-qorxu altında yazdığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, borcun etirafı barədə yazılı sənədi əslində aralarında yaranmış hansı münasibətlərin nəticəsi olaraq yazıldığını və imzaladığını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəməmişdir. Belə ki, cavabdeh 45000 manatı almasının etirafı barədə yazılı sənədi təzyiq və hədə-qorxu təsiri altında yazdığını qeyd etsə də, bu hədə-qorxunun, o cümlədən qanunsuz hərəkətlərin nədən ibarət olduğunu aydın şəkildə açıqlamır. Yəni, cavabdeh həqiqətən də iddiaçıdan hansısa məbləğdə pul almamışdırsa, onda niyə və nədən qorxaraq qeyd olunan sənədi imzalamışdır? Hazırda 68 yaşlı iddiaçının hansı hədələri (əslində hansısa ifadələr məsələn pulu qaytarmasan səni tutduracam, cinayət məsuliyyətinə cəlb etdirəcəm. və.s kimi ifadələr həqiqi olsa belə bunlar real hədə kimi qiymətləndirilə bilməz və heç bir halda iradəni zədələyən faktlar kimi qəbul oluna bilməz ) cavabdehi qoxuda bilərdi? Ona görə də iddiaçının bu cür sözlərinin hədə, təhdid, təzyiq olması və qorxu yaratması ağlabatan olmamaqla yanaşı, cavabdehin iradəsini zədələməsi də qətiyyən inandırıcı deyildir. Bununla yanaşı, həm qeyd olunan halları, yazılı etiraf sənədini təzyiq və hədə-qorxu altında yazdığını sübut etmək yükü, vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-599/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar