Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1570/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh və və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “payların naturada bölgüsü” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, ünvan 2 bağ evinin və torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, bölünmüş paydan istifadə qaydasının müəyyən edilməsi və hüquqlarının dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mübahisə predmeti olan ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi qət edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçılar həmin qətnaməni mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, rayon məhkəməsi qətnamə qəbul etərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur, belə ki, məhkəmə ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölərkən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü seximinə əsaslanmışdır ki, həmin sxemə əsasən iddiaçılara çatacaq torpaq sahəsində bağ evi də yerləşir ki, bu, vərəsəlik şəhadətnaməsi əsasında müəyyən edilmiş paylara uyğun deyil. Bu səbəbdən, iddia tələbinin təmin ediməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili M.Süleymanov apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, sözügedən torpah sahəsinin iddiaçıların paylarına düşən hissəsində tikili mövcuddur ki, bu da bölgünün ədalətsizliyinə dəlalət edir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda digər iki iddiaçının nümayəndəsi İddiaçı1 apelyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, onlarına payın düşən torpaq sahəsində, həqiqətən də, tikili mövcuddur və onlar həmin tikilinin müqabilində qarşı tərəfə kompensasiya ödəməyə hazır idilər, lakin aralarnda razılıq əldə edilə bilməmişlər. Bu səbəbədən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 bağ evi və 0.1783 ha torpaq sahəsi 11.06.2018-ci il tarixdə İddiaçı1 1/6 hissədə, İddiaçı3 1/6 hissədə və İddiaçı2 adına 1/6 hissədə qeydiyyata alınmış, X3 adına isə 3/6 hissədə açıq qalmışdır. Mülki işdə olan 06 may 2015-ci il il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X5 ötən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakları X1 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı1 ünvanladığı 10.01.2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminə əsasən vərəsənin payının tanıdılmasına köməklik göstərilməsi barədə 25 dekabr 2018-ci il tarixli müraciətə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, təqdim edilmiş bağ sahəsinin bölgü sxemi hissələr üzrə verilən payları müəyyən etmək üçün tərtib edilmiş və həmin bölgü sxemi hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir. Lakin miras qalmış əmlakın 3/6 hissəsinin vərəsəsi vətəndaş Cavabdeh vərəsəlik şəhadətnaməsini qəbul etmir və payların ayrılmasına maneəçilik törədir. Əlavə olaraq bildirilir ki, adıçəkilən daşınmaz əmlakın girişi bir olduğundan və vahid konstruktiv yükgötürən divarlara malik olduğundan iddia edilən hissəyə dair hüququların dövlət qeydiyyatına alınması mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarını təqdim etməklə Xidmətin 1 saylı Bakı ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxıla bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 31.08.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, 14.08.2018-ci il tarixli müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsinin bölünməsinə dair tərtib olunmuş bölgü sxemi təqdim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07.01.2020-ci il tarixli, 25725 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsi üç tərəfdən qonşu və bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, həmin torpaq sahəsinin iddiaçının və cavabdehin payına uyğun iki hissəyə bölünməsi mümkündür. Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissədə - birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunan hissəsində, yəni mübahisə predmeti olan ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 04 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilini Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsinin pay bölgüsü nəticəsində iddiaçılara düşən hissəsində bağ evinin olması, bununla da bölgüdə mütənasiblik prinsipinin pozulması təşkil edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf bu halı təsdiq edirək cavabdehə kompensasiya ödəməyə hazır olduqlarını, lakin tərəflər arasında hər hansı razılığa gələ bilmədiklərini bildirmişdir. Kollegiya göstərir ki, hazırkı halda Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ sahəsinin tərəflər arasında real şəkildə paylara mütənasib bölünməsi mümkün olmadığından, iddiaçı tərəfin cavabdehə kompensasiya ödəməyə hazır olmağına baxmayaraq, onlar arasında bununla bağlı hər hansı razılıq əldə edilə bilmədiyindən, nəticədə payçılar arasında paylara mütənasib bölgü həyata keçirilə bilmədiyindən, cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbləri həmin hissədə təmin edilməməlidir. Kollegiya bununla yanaşı tərəfərə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğu izah edməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 220ci maddəsinin təbiq və təfsirində səhvə yolvermişdir. Bu səbəbdən qətnamə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iş üzrə düzgün olmayan nəticəyə gəlindiyindən şikayət qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən hissəsində, yəni mübahisə predmeti olan ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, 17 fevral 2020-ci il tarixli tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində - ünvan 1 ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsi iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 verilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissədə təmin edilməsin. Tərəflərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1570/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1570/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver