Məhkəmə qərarları › İş №2(103)-1572/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1572/2023

24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1572/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X1, MMC-nin digər nümayəndəsi Nümayəndə, cavabdeh Kononova (Sədrəddinova) Anastasiya Aleksandrovnanın iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Kononova (Sədrəddinova) Anastasiya Aleksandrovnaya qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddaçının çəkildiyi reklam videoçarxlarına görə 1.400 manat, iddiaçının icazəsi olmadan onun surətinin bilbordlarda və jurnallarda əks etdirilməsinə görə 2.000 manat, cəmi 3.400 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 1.400 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 34 manat cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Şikayət və izahatlar: Qətnamədən yalnız cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilən hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) X2 və MMC-nin digər nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Kononova (Sədrəddinova) Anastasiya Aleksandrovna iddiaçının qarşısında pul öhdəliyinin olmadığını bildirdi. Mübahisənn düzgün həlli üçün əvvəldə mübahisə tərəflərinin mübahisəyə dair mövqeyi müəyyənləşdirilməlidir. İddiaçının mövqeyi: İddia onunla əsaslandırılıb ki, 2020-ci ilin yay aylarında Anastasiya Aleksandrovna iddiaçıya "xxxx" MMC-nin reklam çarxında model olaraq muzd müqabilində çəkilməyi təklif etmişdir. Təklifdə bildirilmişdir ki, iddiaçının foto və video şəkilləri yalnız sosial şəbəkələrdə nümayiş etdiriləcək. İddiaçı təklifə 2.000 manat müqabilində razılıq vermişdir. Həmin çəkilişlər "xxxx" MMC tərəfindən aparıldığına görə Anastasiya həmin şirkətin rəhbəri Fərid İsmayılovla iddaçını tanış etmiş və ünvan 1 ünvanında yerləşən mənzildə çəkilişlər başlamışdır. Çəkiliş zamanı iddiaçı kamera qarşısında poz verdiyi anda Anastasiya tələsik şəkildə iddiaçıya yaxınlaşmış və “bu sənədə imza çək” deyərək hansısa kağız üzərində tərtib edilmiş mətnə imza etdirmişdir. Çəkiliş bitdikdən sonra iddiaçı, Anastasiyadan imzaladığı həmin sənədi tələb etsə də, Anastasiya müxtəlif bəhanələrlə sənədi iddiaçıya göstərməkdən yayınmışdır. İddiaçının çəkildiyi reklam bir müddət sonra yalnız sosial şəbəkələrdə deyil, həm də icazəsi olmadan müxtəlif yerlərdə quraşdırılmış reklam bilbordlarında və jurnallarda da nümayiş etdirilmişdir. Anastasiya ilə iddiaçının razılaşmasında yalnız sosial şəbəkələrdə surətinin əks etdirilməsinə görə iddiaçıya 2.000 manat muzd veriləcəyi vəd edilmişdir. Buna baxmayaraq tək sosial şəbəkələrdə göstərilən reklama görə vəd edilən məbləğdən Anastasiya iddiaçıya cəmi 600 manat pul vermişdir. İddiaçı pulun qalan hissəsini - 1.400 manatı, eləcə də icazəsi olmadan bilbord və jurnallarda nümayiş etdirilən reklama görə ödənişi tələb etsə də, heç bir nəticə olmamışdır. Vəziyyəti belə gördükdə iddiaçı, "xxxx" MMC-nin rəhbəri Fərid İsmayılovla telefon əlaqəsi saxlayaraq məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Söhbət əsnasında iddiaçıya məlum olmuşdur ki, Fərid Anastasiyaya ona çatacaq 2.000 manatı tam ödəmiş və eləcə də Fərid bildirmişdir ki, bilbordlarda və jurnallarda surətinin əks olunmasına guya Anastasiyaya müqavilə əsasında razılıq vermişdir. Reklam şirkətləri yeni simalar axtarır və bir dəfə bu növ reklamda çəkilən şəxsə daha müraciət edilmir, belə lövhələr üçün çəkilişə yüksək qonorar ödənildiyi üçün gələcəkdə o, bu fürsətdən məhrum olunur. İddiaçı, "xxxx" MMC-yə vəkil sorğusu ilə müraciət edilərək "xxxx" MMC-nin reklam çarxında çəkilişlərin aparılması üçün razılığını təsdiq edən sənədlərin surətinin ona göndərilməsi xahiş edilmişdir. Cavab olaraq adı müqavilə olsa da, forması və məzmununa görə müqaviləyə uyğun olmayan saxta bir sənəd göndərilmişdir. Hadisə ilə bağlı Nəsimi RPİ-nə şikayət ərizəsi ilə müraciət etmiş və polis tərəfindən aparılan araşdırma nəticəsində "xxxx" MMCnin rəhbəri Fərid İsmayılovun görülən işlərə görə ona çatası 3.950 manat pulu Anastasiyaya verdiyi məlum olmuşdur. İddiaçı hesab edir ki, Anastasiya və "xxxx" MMC onun etibarından sui-istifadə edərək qanunsuz qazanc əldə etmək üçün onu aldatmış, surətindən istifadə edərək görülən işlərin qarşılığında ona vəd etdikləri məbləği və eləcə də, əlavə olaraq bilbordlarda və jurnallarda icazəsi olmadan çəkildiyi foto və videoların qonorarını ödəmədiklərinə görə məsuliyyətə cəlb edilməlidirlər. Cavabdeh "xxxx" MMC-nin mövqeyi: Cavabdeh "xxxx" MMC iddiaya etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, MMC reklam işləri ilə məşğul olur. Bunun üçün MMC mütəmadi olaraq model agentləri ilə əlaqədə olur. Anastasiya Aleksandrovnanı MMC-nin rəhbəri agent olaraq tanımış və "xxxx" şirkətinin sifarişi ilə hazırlanacaq reklam çarxı üçün model tapmasını xahiş etmişdir. Lakin Anastasiya ilə MMC-nin arasında hər hansı formada müqavilə bağlanmamışdır. Anastasiyanın işi yalnız modelləri tapıb onlarla danışıqlar aparılması olmuşdur. MMC-nin rəhbəri iddiaçını Anastasiya vasitəsilə tanımış, iddiaçı ilə MMC-nin arasında danışıqlar aparılmamışdır, çünki bu işi Anastasiya görürdü. İddiaçı ilə Anastasiyanın arasında razılaşmanın olub-olmamasından MMC-nin məlumatı olmamışdır. Çəkilişdən sonra MMCnin rəhbəri videoçarxda çəkilən iki modelə, yəni Vüqar və Nigara qonarar kimi ödənilməsi üçün Anastasiyaya 3.950 manat pul vermişdir. İddiaçının bilbordlarla bağlı tələbi əsassızdır. İddiaçı xx.xx.2020-ci il tarixli “Hüquqların verilməsi haqqında müqavilə”ni könüllü şəkildə imzalamışdır, bu, Anastasiya Aleksandrovna və kostyum meneceri Səbinə Məhərrəmlinin iştirakı ilə olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı, MMC-yə onun pozlarının, hərəkət və görünüşlərinin yazılmasına, çəkilməsinə və eləcə də şəkillərinin, siluetinin, fiziki cəhətdən ona oxşayan materialların “X4” reklam çarxında istifadəsinə icazə vermişdir. İddiaçı həmçinin yuxarıda təsvir olunan materialların istənilən mövcud olan və gələcəkdə icad olunacaq qurğular vasitəsilə limitsiz reklam, promouşen, sərgiləndirmə məqsədilə istifadə hüququnu "xxxx" MMC-yə və "xxxx" MMC-yə vermişdir. Müqavilədən göründüyü kimi iddiaçı onun təmsil olunduğu reklam çarxının və fotoşəkillərinin limitsiz şəkildə istifadə hüququnu şirkətə vermişdir. MMC-nin iddiaçının qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh Anastasiya Aleksandrovnanın mövqeyi: Cavabdeh Anastasiya Aleksandrovna iddiaya etiraz edib. Etiraz onunla əsaslandırılıb ki, Anastasiya reklam agentliyi ilə məşğul olmaqla, proyektlər əsasında reklam şirkətlərindən sifariş götürür. MMC-nin sifarişi əsasında reklam çarxı üçün öz modellərini təklif etmiş, kişi modelləri arasında onun modeli olan Vüqarı MMC bəyənsə də, qadin modelləri bəyənməmişdir. Bunun üçün Anastasiya kənardan model axtarmış və ümumi tanışlarının məsləhəti ilə Nigarı model olaraq təklif etmiş və MMC onu bəyənmişdir. Lakin Anastasiya yalnız öz modeli Vüqarı təmsil etmiş, Nigar ilə MMC arasında aparılan danışıqlarda marağı olmadığından iştirak etməmiş, MMC iddiaçıya görə ona pul verməmişdir. Anastasiyanın MMC ilə heç bir müqaviləsi olmamış, çünki Anastasiya MMCyə yalnız modelləri tapmaqda vasitəçilik etmiş, çəkilişlərdə isə agenti olduğu Vüqara görə iştirak etmişdir, çünki Vüqar ilə müqaviləsi mövcuddur. MMC tərəfindən Anastasiyaya 3.950 manat ödəniş edilməmişdir. Şahid ifadəsi: Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Səbinə Məmmədli bildirmişdir ki, həmin çəkilişə onu Anastasiya kostyum meneceri olaraq dəvət etmişdir. Çəkilişlər zamanı fasilə ərəfəsində MMC-nin əməkdaşının iştirakı ilə Anastasiyanın iddiaçıya təqdim etdiyi müqaviləni iddiaçının imzalamasını görmüşdür. Həmin vaxt Nigarla Anastasiya arasında gedən danışıqlar zamanı Anastasiya Nigara demişdir ki, 600 manatı həmin gün, qalan 1.400 manatı isə çəkilişlərdən sonra ona verəcəkdir. Qətnamənin yoxlanılması: Qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilənlərlə əsaslanıdırır. İşin mübahisəsiz halıdır ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin çəkdiyi reklam videoçarxında model qismində iştirak etmişdir. Belə ki, işin bu halını işdə iştirak edən bütün şəxslər təsdiq edir. O cümlədən məhkəməyə xx.xx.2020-ci il tarixli “Hüquqların verilməsi müqaviləsi” adlandırılan sənəd təqdim edilmişdir. Həmin sənədi iddiaçı imzalayıb və sənədin mətnində iddiaçının adından qeyd olunub: “Bununla mən, "xxxx" MMC şirkətinə oyun pozalarımı, hərəkət və görünüşlərimin yazılmasına, çəkilməsinə və eləcə də, şəkillərimin, siluetimin, fiziki cəhətdən mənə oxşayan materialların “X4” reklam çarxında istifadəsinə icazə verirəm. Mən yuxarıda təsvir olunmuş materialların istənilən mövcud olan və gələcəkdə icad olunacaq qurğular vasitəsi ilə limitsiz reklam, promouşen, sərgiləndirmə məqsədilə istifadə hüququnu "xxxx" MMC və "xxxx" MMC şirkətlərinə verirəm”. Yuxarıda göstərilən sənəd “müqavilə” adlandırılsa da o, yazılı müqavilə sayılmır, çünki onu yalnız bir şəxs (iddiaçı) imzalayıb. Buna baxmayaraq, belə müqavilə üçün yazılı forma qanunda məcburi forma kimi müəyyən edilməyib. Odur ki, həmin müqavilə şifahi formada da bağlana bilər. Müəyyən olunur ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin arasında xx.xx.2020-ci il tarixdə şifahi formada müqavilə bağlanmışdır. Bu tərəflərin izahatı, o cümlədən “Hüquqların verilməsi müqaviləsi” adlandırılan sənəd ilə təsdiq olunur. Anastasiya Aleksandrovna iddiaçı ilə bağlanmış müqavilənin tərəfi hesab oluna bilməz, çünki iddiaçının model qismində iştirak etdiyi reklam vodeoçarxını MMC çəkib. Yəni iddiaçı, Anastasiya Aleksandrovna üçün hər hansı hərəkət etməyib, iddiaçının etdiyi hərəkət (reklam videoçarxıda model qismində iştirak) MMC-nin üçün edilib. Həmin müqavilə əvəzli olub. Belə ki, Mülki Məcəllənin 397.3-cü maddəsinə görə, bu Məcəllədən, müqavilənin məzmunundan və ya mahiyyətindən ayrı hal irəli gəlmirsə, müqavilənin əvəzli olduğu ehtimal edilir. O cümlədən tərəflərin heç biri müqavilənin əvəzsiz olduğunu bildirməyib. Müqaviləyə görə iddiaçıya ödənilməli olan əvəzin miqdarı 2.000 manat müəyyən edilib. Bunu iddiaçı və şahid bildirib. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 2 modelə görə cəmi 3.950 manat ödədiyini bildirir. Bu isə məntiqlə onu təsdiq edir ki, hər modelə görə təxminən 2.000 manat ödənilməli idi. İddiaçıya 600 manat ödənilib. Bunu iddiaçı özü etiraf edir. Qalan 1.400 manatın iddiaçıya ödənildiyini cavabdeh "xxxx" MMC sübut etməlidir. MMC pulu Anastasiya Aleksandrovnaya verdiyini bildirsə də, Anastasiya Aleksandrovna ona pul verilmədiyini bildirir. MMC isə həmin şəxsə pul ödənişi barədə sübut təqdim edə bilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 389 və 425-ci maddələrinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 1.400 manat pulun cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar