Məhkəmə qərarları › İş №2(103)-1575/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1575/2025

31.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1575/2025 31.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Məhəmməd Rüstəmlidən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-7281/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı cavabdehin baldızıdır. İddiaçının qardaşı, cavabdehin isə əri X4 xx.xx.2018ci ildə vəfat edib. Cavabdehin yetkinlik yaşına çatmayan iki övladı var: xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3. 2.Mübahisə ünvan 1 ünvanında yerləşən 0,0369 ha torpaq sahəsi ilə bağlıdır. Torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2022-ci ildə **********73 reyestr nömrəsi ilə qeydə alınıb, o cümlədən iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” adlandırılan sənəd verilib. 3.Torpaq sahəsində qeydiyyatsız tikili yerləşir. Cavabdeh həmin tikildən yaşayış evi kimi istifadə edir. İddiaçı iddia edir ki, cavabdehin yaşadığı qeydiyyatsız tikili ona məxsus torpaq sahəsində yerləşir. Cavabdeh isə buna etiraz edir, yaşadığı tikilinin iddiaçının torpaq sahəsində yerləşmədiyini, 2010-cu ildə toydan sonra həmin tikiliyə gəlin gəldiyini bildirir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, cavabdeh və onun övladları həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar. 5.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Qətnamə onunla əsaslandırılıb ki, iddiaçı cavabdehin yaşadığı tikilinin özünün mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması barədə sübut təqdim etməyib. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Apellyasiya icraatı zamanı məhkəmənin qərardadına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə görə, torpaq sahəsi faktiki olaraq hasardaxili 369 kv.m təşkil edir. Torpaq sahəsində yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsi **********73 reyestr nömrəsi ilə iddiaçının xüsusi mülkiyyətində olsa da, faktiki olaraq istifadəçisi cavabdehdir. Qeydiyyatsız tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşir. Qeydiyyatdan keçməyən yaşayış evinin tikintialtı sahəsi 125 kv.m təşkil edir. 9.Göründüyü kimi, cavabdehin yaşadığı qeydiyyatsız tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir. Bununla da cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qanunsuz sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, iddiaçı cavabdehin övladıları ilə birlikdə həmin torpaq sahəsindən və torpaq sahəsində yerləşən qeydiyyatsız tikildən çıxarılmasını tələb etməyə haqlıdır. 10.Cavabdeh qeydiyyatsız tikilidə yaşamaqla torpaq sahəsinə qanunsuz sahiblik edir. Odur ki, cavabdehin tikilidən çıxarılması qət olunmadan iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüququnun müdafiəsi mümkün deyil. Lakin bu qətnamə həmin tikiliyə iddiaçının hüququnun tanınması ilə nəticələnmir. Əgər cavabdeh tikilinin inşasına və təmirinə xərc çəkibsə, müvafiq əvəz ödənilməsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. 10.Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-7281/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Cavabdeh, onun yetkinlik yaşına çatmayan övladları X1 və X3 İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanındakı 0,0369 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən qeydiyyatsız tikilidən əşyaları ilə birlikdə çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar