Məhkəmə qərarları › İş №2(103)-1581/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-234/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lizinq Şirkəti QSC (bundan sonra- "xxxx" MMC) Cavabdeh qarşı daxili lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 102.2010-cu il tarixli NVD№906/7xx-xx/2010 saylı X4 müqaviləsi və xx.xx.2010-cu il tarixli öhdəliyin köçürülməsi haqqında №906/741 saylı müqavilə üzrə cavabdehdən əsas məbləğ üzrə 3544,52 ABŞ dolları, faiz borcu üzrə 5946 ABŞ dolları və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı Lizinq Şirkəti QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 906/7xx-xx/2010 saylı X4 müqaviləsinə xx.xx.2010-cu il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən -"xxxx" MMC təsviri bu müqavilədə göstərilən 2004-cü il buraxılışlı **-AU-*** dövlət qeydiyyat nişanlı “Volkswagen Touareg” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək onu cavabdehin müvəqqəti istifadəsinə vermişdir. xx.xx.2010-cu il tarixli 906/7xx-xx/2010 saylı X4 Müqaviləsinə xx.xx.2010-cu il tarixli öhdəliyin ötürülməsi haqqında əlavə razılaşmaya əsasən Cavabdeh 44588,65 USD məbləğində borcu (Lizinq ödənişləri cədvəli, Əlavə №1) illik 24% olmaqla 48 ay müddətində -"xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (Lizinq ödənişləri cədvəli) göstərilmiş 24% olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini varaq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmiş və bununlada öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan sonra cavabdeh tərəfindən 04.2011-ci il tarixdə lizinq obyekti "xxxx" MMC-yə təhvil verilmişdir. Nəticədə - cavabdehin X4 Müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə xx.xx.2011-ci il tarixə 3544,52 USD əsas məbləğdən gecikmə, 5946 USD faiz borcu yaranmışdır. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-234/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2010-cu il tarixli 906/7xx-xx/2010 saylı X4 müqaviləsi və xx.xx.2010-cu il tarixli öhdəliyin köçürülməsi haqqında müqavilə üzrə əsas məbləğə görə 3544,52 ABŞ dolları, faiz borcu üzrə 5945,15 ABŞ dolları, cəmi 9489,67 (doqquz min dörd yüz səksən doqquz dollar altmış yeddi sent) ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat alınaraq "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu (ünvan 1 ünvanda yaşamasına baxmayaraq, ona nə Lizinq şirkəti tərəfindən, nə də ki, məhkəmə tərəfindən heç bir məktub, sənəd və ya bildiriş gəlməmişdir. Belə ki, qətnamədə qeyd olunur ki, cavaddeh məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Halbuki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmamış, məhkəmə iclasında iştirakı təmin edilməmiş, işə onun iştirakı olmadan baxılaraq, iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında qətnamə qəbul edilmişdir. İddiaçının təqdim etdiyi sübutlar həqiqəti əks etdirmir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Məhkəmə iclasında Cavabdeh iştirakı təmin edilməmişdir. Qeyd edildiyi kimi, lizinq alan Cavabdeh tərəfindən lizinq obyekti onun istifadəsində olduğu dövrlər üçün lizinq ödənişləri tam ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, ekspert rəyi olsa da, təmsil etdiyi Cavabdeh müqavilədən xəbəri olmamış, müqaviləni imzalamamışdır. Bundan əlavə iddia müddəti də ötürülmüşdür. Bu barədə onlar tərəfindən təqdim olunmuş iddia müddəti ilə bağlı ərizəyə münasibət bildirilməsini xahiş etdi. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən xəbərdar olunmamış, məhkəmədə iştirak etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, nümayəndə telefon vasitəsi ilə əlaqə saxlayaraq, onların iştirakları olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixdə Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC-nin hazırkı adı "xxxx" MMC-yə dəyişdirilmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə lizinq alan X1 arasında bağlanmış NDV 906/7xx-xx/2010 saylı X4i/müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən lizinq verən 1 ədəd “Volkswagen Touareg” markalı, 2004-cü il buraxılışlı avtomobili öz mülkiyyətinə əldə edərək, onu lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilməsi, lizinq alan isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq "xxxx" MMC-yə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1-ci bəndinə əsasən şərti pul vahidi-Azərbaycan Respublikası manatı ilə ifadə olunan, Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə 1 ABŞ dolları təşkil edir. Həmin müqavilənin 4.2-ci bəndinə görə lizinq obyektinin qiyməti 76000 ş.p.v-dir. İş materiallarında olan lizinq verən "xxxx" MMC ilə lizinq alan və ya öhdəlik ötürən X1 və öhdəlik götürən Cavabdeh arasında bağlanmış xx.xx.2010-ci il tarixli, 906/741 saylı öhdəliyin köçürülməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə xx.xx.2010-cu il tarixli, NVD 906/7xx-xx/2010 saylı X4i müqaviləsi üzrə lizinq alanın öz hüquqlarını, öhdəliklərini və borcunu öhdəlik götürənə köçürülməsi barədə bağlanmışdır. İş materiallarında olan AB seriyalı, № 440109 saylı qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Volkswagen Touareg” markalı, buraxılış ili 2004-cü il olan avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh X4 müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 41044.13 ABŞ dolları əsas məbləğ, 3544,52 ABŞ dolları əsas məbləğdən gecikmə, 5946 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli 15335 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarına və iddiaçı tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli məktuba əsasən xx.xx.2010-cu il tarixli, NVDN 906/7xx-xx/2010 saylı X4 Müqaviləsinə xx.xx.2010-cu il tarixli öhdəliyin köçürülməsi haqqında 906/741 saylı əlavə razılaşmaya əsasən Cavabdeh "xxxx" MMC-yə olan ümumilikdə borcu 50533.80 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. O, cümlədən əsas borc üzrə 41044.13 ABŞ dolları, vaxtı keçmiş əsas borc üzrə 3544.52 ABŞ dolları, lizinq mükafatı üzrə 5945.15 ABŞ dolları müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1383 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hazırki tədqiqatla xx.xx.2010-cu il tarixli, NVD 906/7xx-xx/2010 saylı X4/ müqaviləsinə əsasən lizinq obyektinin qiyməti “76000 şərti maliyyə vahidi” həmin vaktı ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla, Azərbaycan manatı ilə ifadə edildiyi halda, lizinq obyektinin qiyməti və 21 aprel 2011-ci il tarixə ödənilməmiş əsas borcu 94609,73 manat, faiz borcu 12614,63 manat müəyyən edilir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 4/703 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 19-cu vərəqəsində olan Öhdəliyin köçürülməsi haqqında 01 oktyabr 2010-cu il tarixli 906/741 saylı müqavilənin arxa tərəfində “Öhdəlik götürən” qrafikasındakı “Tahirov” soyadı və qarşısındakı imza, mülki işin 18-ci vərə Qəsində olan Lizinq ödənişləri cədvəlində “Lizinq alan” hissədəki imza – Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarından "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2011-ci il tarixə əsas məbləğə gecikmə 2862,23 manat, lizinq mükafatı 4830 manat təşkil edir. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh müqaviləni imzalamadığını qeyd etsə də, onun bu dəlili ekspert rəyi ilə təkzib olunur. Beləliklə, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 748-1.5, 748-1.12, 748- 1.12.1, 748-10.1, 385.1, 442-ci maddələrinə əsasən hesab edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını gecikdirmişdir. İddiaçının maliyyə arayışı nəzərə alınmaqla, cavabdehin iddiaçıya əsas məbləğə gecikmə 2862,23 manat, lizinq mükafatı 4830 manat təşkil edir. Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin Cavabdeh iddia müddətinin tətbiqini xahiş etmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclası ilə bağlı məlumatlandırılmadığından, onun iddiaya dair öz etirazını bildirmək üçün şərait yaradılmadığından, bununla da, prosessual pozuntuya yol verildiyindən, hazırkı halda iddia müddəti ilə bağlı onun dəlilinə qiymət verilməlidir. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, müqavilə üzrə öhdəliyin icrası müddəti xx.xx.2014-cü ildə başa çatmışdır. Həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2011-ci ildə olmuş, bundan sonra heç bir ödəniş olmamışdır. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2017-cü ilə kimi məhkəməyə müraciət etməli olduğu halda, xx.xx.2017-ci ildə məhkəməyə müraciət etmiş, iddia müddətini keçirmişdir. Kollegiya hesab edir ki, iddia müddəti keçirildiyindən, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, iddia rədd olunduğundan məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 355 (145+100+110) manat iddiaçıdan alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)- 234/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 355 (145+100+110) (üç yüz əlli beş) manat iddiaçı "xxxx" MMC-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar