Məhkəmə qərarları › İş №2(103)-1581/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2023

06.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: “əmək haqqının 1.750 manat məbləğində müəyyən edilməsi, əmək haqqının və gecikdirilmiş vaxt üçün ödəncin tutulması”) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi üzrə əmək haqqının 1.750 manat məbləğində müəyyən edilməsi, əmək haqqının və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3621/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 3850/2018 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb Cavabdeh MMC-dən tutulması, İddiaçı vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində pulun Cavabdeh MMC-dən onun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Cavabdeh MMC tərəfindən 01 noyabr 2017-ci il tarixdə tələb olunan yerə təqdim etmək üçün verilmiş “İş yerindən arayış”a əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən etibarən Cavabdeh MMC-də işləyir və hal-hazırkı tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır.

4. Sosial arayışa əsasən İddiaçı Cavabdeh MMC-də işlədiyi qeydiyyatçı-menecer vəzifəsi üzrə əmək haqqı 400 manat olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh “Mikrolink Azərbaycan“ MMC arasında bağlanılmış 04 yanvar 2015-ci il tarixli əmək müqaviləsi üzrə orta aylıq əmək haqqının məbləğinin 1.750 manat müəyyən edilməsi, ödənilməmiş qalıq əmək haqqının və 27.335 manat məbləğində ödəncin, həmçinin 50 manat məbləğində mediasiya xərcinin cavabdeh “Mikrolink Azərbaycan“ MMC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən Cavabdeh MMC-də rəsmi qaydada əmək müqaviləsi bağlamaqla işləmişdir. Onun əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayında artırılaraq 1.750 manat olmuşdur. Lakin, əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən onunla rəhbərlik arasında mübahisə yaranmışdır. O, dəfələrlə onlardan əmək haqqının rəsmi olaraq göstərilməsini tələb etsə də, rəhbərlik bundan boyun qaçırmışdır. xx.xx.2018-ci il tarixdə o, doğuşa görə analıq məzuniyyətinə çıxmışdır. Cavabdeh tərəfindən ona müraciət edilərək, öz ərizəsi ilə işdən çıxması tələb olunmuş, əks təqdirdə işdən çıxarılacağı ilə hədələnmişdir. Onun hamilə vəziyyətdə olmağı nəzər alınmadan bu təzyiqlər davam etmiş, 09 may 2018-ci il tarixdə ona zəng edilərək, kobud ifadələrlə bir daha ərizə yazaraq işdən çıxması tələb olunmuşdur. Bunun nəticəsində keçirdiyi əsəb gərginliyi və mənəvi sarsıntı pisləşməsinə səbəb olmuş, ailə üzvləri təcili tibbi yardıma müraciət etmişdir. Ona təzyiq göstərilməsi ilə bağlı X7 Xidmətinə də müraciət etmişdir. Onlar da şikayətinin araşdırılacağını bildirmişlər. Təsadüfən xx.xx.2018-ci il tarixdə elektron hökumət portalında əmək müqaviləsini yoxlayarkən onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2018-ci il tarixli, 011 saylı əmrlə xitam verildiyini, əmrin sistemə xx.xx.2018-ci il tarixdə daxil edildiyini öyrənmişdir. Dərhal bu barədə X7 Xidmətinə məlumat vermişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisənin ləğv edilməsi göstərilmişdir. O, Azərbaycan Respublikası Vergilər Nazirliyinin çağrı mərkəzinə zəng edərək, Cavabdeh MMC-nin ləğv olunub-olunmamasını maraqlandıqda, cəmiyyətin ləğv olunmadığı haqqında məlumat verilmişdir. Göründüyü kimi, cavabadeh işəgötürən onunla bağlanmış əmək müqaviləsinə analıq məzuniyyətində olduğu halda, ərizəsi olmadan, yalançı əsas uydurmaqla xitam vermişdir. Halbuki, hamilə vəziyyətdə olan qadınla bağlanmış əmək müqaviləsinə özünün razılığı olmadan xitam verilməsi qadağandır. O, Cavabdeh MMC-yə qarşı “işə bərpa və mənəvi ziyanın ödənilməsi” tələbinə dair məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)-3850/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi və onun işə bərpa olunması, habelə məcburi iş buraxmaya görə orta aylıq əmək haqqının hesablanıb Cavabdeh MMC-dən tutulması, vurulmuş mənəvi zərərə görə 1.000 manat məbləğində pulun “Mikrolink Azərbaycan’MMC-dən onun xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bundan əlavə, həmin qətnaməyə izah verilməsi barədə ərizə ilə də məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3850/2018 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, qətnamənin nəticə hissəsində “iddiaçıya məcburi işburaxmaya görə orta aylıq əmək haqqının hesablanıb ödənilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulsun.” cümləsinin iddiaçıya bir aylıq orta əmək haqqının deyil, bütün məcburi işburaxma müddətini əhatə edən, iddiaçının işdən çıxarılması tarixdən başlayan və qətnamənin icra edilməsi tarixi ilə bitən dövr üçün orta əmək haqqının hesablanıb verilməsi kimi başa düşülməsi qərara alınmışdır. Cavabdeh MMC-nin 01 noyabr 2017-ci il tarixli iş yerindən arayışına əsasən ona xx.xx.2015-ci ildən etibarən Cavabdeh MMC-də işləyir və hal-hazırki tarixə kimi şirkətin ölkə üzrə meneceri vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır. Bundan əlavə, cavabdehə məxsus rəsmi email ünvan üzərindən onunla olan yazışmalardan görünür ki, onun rəsmi əmək haqqı 1.750 manatdır. Göründüyü kimi, onun əmək haqqı sonuncu dəfə 2017-ci ilin mart ayından artırılaraq 1.750 manat olmuşdur. Hazırda həmin məbləği təsdiq edən kifayət qədər mötəbər sübutların olmasına baxmayaraq cavabdeh həmin məbləği qəbul etmir. Bundan əlavə, cavabdeh tərəfindən əmək haqqının verilməsi gecikdirildiyindən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Belə ki, onun əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verildiyi nəzərə alınsa, məhkəmədə iddia qaldırılan günədək, yəni xx.xx.2022-ci il tarixədək 1.562 gün hesablandığından (1.750 x 1% x 1562 gün = 27.335) 27.335 manat məbləğində cavabdeh tərəfindən ina ödənc verilməlidir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3621/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə icraata "xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalıq əmək haqqının tutulması” hissəsində xitam verilmişdir (həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8203/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir).

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3621/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsi üzrə əmək haqqının 1750 manat məbləğində müəyyən edilməsi, əmək haqqının və gecikdirilmiş vaxt üçün ödəncin tutulması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X5)

9. Məhkəmə mübahisəyə hüquqi qiymət verərkən belə qənaətə gəlmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən qanunvericiliyinin tələblərinə riayət edilmişdir. İddiaçı və cavabdeh arasında müqavilə azadlığı prinsipinə riayət edilməklə əmək müqaviləsi bağlanmış, müqavilə bağlanarkən iddiaçı müqavilənin şərtləri ilə razı olmuş və müqavilənin hər hansı bir bəndinə və ya hissəsinə etirazını bildirməmişdir. Həmçinin, qeyd edilmişdir ki, əgər əmək haqqı borcunun yarandığı tərəflər arasında mübahisəyə səbəb olursa onda iddia üzrə tələb edilən ödənc də tutula bilməz. Belə ki, işəgötürənin ümumiyyətlə əmək haqqı borcunun olması barədə iddia tələbinin irəli sürülməsi faktı özüözlüyündən işəgötürənin təqsiri üzündən gecikdirilmə kimi qəbul oluna bilməz. Belə borcun olub-olmadığı yalnız mübahisənin səlahiyyətli orqan və ya məhkəmə tərəfindən həlli nəticəsində müəyyən edilir. Baxılan iş üzrə fərdi əmək mübahisəsinin predmetini məhz cavabdehin iddiaçıya əmək haqqı borcunun mövcud olub-olmadığı təşkil etmişdir ki, həmin tələbə münasibətdə məhkəmənin müvafiq qərardadı ilə bir hissədə icraata xitam verilmiş, digər hissədə isə ümumiyyətlə əmək haqqının 1.750 manat müəyyən edilməsi tələbi təmin edilməmişdir. Bu baxımdan hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödənc verilməsinə də hüquqi əsas yoxdur. Bununla belə məhkəmə göstərilənləri nəzərə alıb, iddia tələblərini rədd etmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 42.1-ci, 43-cü, 46.5-ci, 172.5-ci, 292-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 324.5-ci, 339.4-cü, 390-cı, 399.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 78.1-ci, 80-ci, 81-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2017-ci il tarixli iş yerindən arayışa əsasən o, xx.xx.2015-ci il tarixdən etibarən "xxxx" Azərbaycan MMC-də işləyir və hazırki tarixədək şirkətin ölkə üzrə menecer vəzifəsini tutur. Onun aylıq əmək haqqı 1.750 manatdır. Cavabdeh tərəfindən hazırlanmış və möhürlənmiş tərcümə və təsdiq edilmiş arayış məhz cavabdeh tərəfindən onun iradə ifadəsinə uyğun olaraq, heç bir qanunvericiliyə zidd olmadan tərtib edilmişdir. Belə olan halda, məhkəmənin əsassız olaraq, müqavilə azadlığı prinsipinə istinad etməsi tamamilə absurddur. Məhkəmə həmin sübutu mötəbər sübut kimi qəbul etməli idi. Bundan əlavə cavabdehə məxsus rəsmi email ünvan üzərindən onunla olan yazışmalara əsasən onun rəsmi əmək haqqı 1.750 manatdır. Bununla belə, birinci instansiya məhkəməsi təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməməklə əsassız olaraq iddianı rədd etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin mövqeyi digər tələblər üzrə də yanlış olmuşdur. Belə ki, cavabdeh bundan əvvəlki məhkəmə qətnaməsinin icrasından yayınır, əmək haqqının verilməsini gecikdirir. Belə olan halda, işəgötürənin təqsiri üzündən əmək haqqının gecikdirilməsi işin mübahisəsiz halıdır. İşə baxan məhkəmə işə bu tələbə səthi yanaşmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsini səhv tövsif edərək onun hüquqlarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, eyni zamanda İddiaçı əmək müqaviləsində əmək haqqı qismində 400 manat məbləğinin göstərildiyini, hər ay onun əmək haqqı kartına əmək haqqı qismində 400 manat məbləğində pulun köçürüldüyünü, lakin reallıqda əmək haqqının 1.750 manat olduğunu və əmək haqqı qismində hər ay ona məhz 1.750 manat məbləğində pulun ödənildiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətin təmin olunması xahiş edilmişdir.

15. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin: 3-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz: 4-cü hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 6-cı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 9-cu maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarına aid edilmişdir; 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 43-cü maddəsinin “ə” bəndinə əsasən işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması barədə məlumatlar əmək müqaviləsində mütləq göstərilməlidir; 46-cı maddəsinin 5-ci bəndinə əsasən bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur; 85-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır; 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

23. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərinə istinadən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

25. Bu baxımdan iddiaçı Cavabdeh MMC-də işlədiyi menecer vəzifəsi üzrə 1.750 manat məbləğində əmək haqqı aldığını sübut etməli idi. Lakin nəticə etibarı ilə sübut edə biməmişdir. Əksinə iş materiallarında olan sosial arayışa əsasən onun Cavabdeh MMC-də işlədiyi qeydiyyatçı-menecer vəzifəsi üzrə əmək haqqının 400 manat olduğu göstərilmişdir. İddiaçı özü də əmək müqaviləsində əmək haqqı qismində 400 manat məbləğinin göstərildiyini, hər ay onun əmək haqqı kartına əmək haqqı qismində 400 manat məbləğində pulun köçürüldüyünü bildirir. İddiaçının istinad etdiyi Cavabdeh MMC tərəfindən 01 noyabr 2017-ci il tarixdə tələb olunan yerə təqdim etmək üçün verilmiş “İş yerindən arayış”da onun xx.xx.2015-ci il tarixdən etibarən hal-hazırkı tarixə kimi aylıq əmək haqqının 1.750 manat göstərilməsi isə iddiçının məhz bu məbləğdə əmək haqqı alması qənaətinə gəlməyə əsas vermir. Hər bir halda, bu arayışın təqdim ediləcək yer və əldə ediləcək nəticə baxımından (iddiaçı arayışın verilməsi səbəblərini açıqlamır. Halbuki, arayışın alınmasının konkret məqsədi olmuşdur) cavabdehin belə bir qanunsuz hərəkət etməsi istisna deyil. İddiaçının istinad etdiyi sms yazışmalarda da iki yerdə iddiaçı 1.350 manat əmək haqqı aldığını (i.m. səhifə 30 və 34), bir yerdə də əmək haqqının 1.750 manat (i.m. səhifə 33) olduğunu göstərir. Lakin cavabdeh tərəfin bu məbləğlərlə bağlı hər hansı etirafı və ya təsdiqi yoxdur. İddiaçı onun əmək haqqının sonuncu dəfə 2017-ci ilin mart ayında artırılaraq 1.750 manat olduğunu, lakin əmək haqqının artması ilə əlaqədar əmək müqaviləsinə dəyişiklik edilmədiyindən onunla rəhbərlik arasında mübahisənin yarandığını bildirsə də, bu tarixdən sonrakı dövrə təsadüf edən həmin yazışmadan (2018ci ilin may ayı istisna olmaqla) tərəflərin nəinki əmək haqqı, ümumiyyətlə mübahisəli münasibətlərdə olduğu müəyyən edilmir.

26. Məhkəmə kollegiyası qüvvədə olan əmək qanunvericiliyinə istinadən qeyd etməyi zəruri hesab edir ki, əmək haqqı barədə məlumatlar əmək müqaviləsində mütləq göstərilməli olan məlumatlara aid edilmişdir. Buna uyğun olaraq, bu barədə məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemində də əks etdirilir. Əmək haqqının məbləğinin dəyişdirilməsi, o cümlədən onun artırılması əmək müqaviləsinə dəyişikliyin edilməsini şərtləndirir. Bu baxımdan əmək haqqı barədə məhz əmək müqaviləsində və buna uyğun olaraq mərkəzləşdirilmiş elektron informasiya sistemində əks olunmuş məlumat rəsmi hesab edilir. Bütün hesablamalar və tutmalar da məhz bu məbləğ əsas götürülməklə aparılır. İddiaçıya münasibətdə isə həm onun əmək müqaviləsində, həm də mərkəzləşdirilmiş elektron informasiya sistemində onun əmək haqqının məhz 400 manat olduğu göstərilmişdir. Bu da öz növbəsində iddiaçının əmək haqqının 1.750 manat olmasını istisna edir. İddiaçıya bu məbləğdən artıq hər hansı məbləğ ödənilirdi sə, həmin məbləğ onun əmək haqqı kimi qiymətləndirilə bilməz. Hər bir halda, iddiaçı Cavabdeh MMC-də işlədiyi dövrdə əmək qanunvericiliyi ilə ona verilmiş hüquqlardan istifadə edib, bu məsələ ilə bağlı əmək müqaviləsinə müvafiq dəyişikliyin edilməsi ilə bağlı tədbirlər görə bilərdi.

27. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ididaçının 1.750 manat məbləğində əmək haqqı alması barədə dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi haqlı olaraq bu tələbin rədd edilməsi qənaətinə gəlmişdir.

28. Məhkəmə kollegiyası iddia üzrə bu tələbin əsas tələb olduğunu, “ödənilməmiş qalıq əmək haqqının ödənilməsi” tələbinin bu tələbə münasibətdə törəmə tələb olduğunu və onun təmin edilib-edilməməsinin bilavasitə əsas tələb olan “əmək haqqı məbləğinin 1.750 manat müəyyən edilməsi” hissəsinin təmin edilib-edilməməsindən asılı olduğunu və nəticə etibarı ilə bu tələbin təmin edilmədiyini nəzərə alıb, hesab edir ki, iddia tələbi “ödənilməmiş qalıq əmək haqqının ödənilməsi” hissəsində də əsassızdır və bu səbəbdən təmin edilə bilməz.

29. Məhkəmə kollegiyası iddia tələbinin “gecikdirilmiş vaxt üçün ödəncin tutulması” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 3850/2018 nömrəli qətnaməsinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli, 011 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilsə də, həmin qətnamə əsasında verilmiş icra sənədi bügünədək icra edilməmiş, iddiaçı Cavabdeh MMC-də tutduğu vəzifəyə bərpa edilməmişdir. Onun Cavabdeh MMC-də işləməsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində hər hansı məlumat yoxdur. Bu da öz növbəsində iddia tələbinin bu hissədə təmin edilməsini qeyri mümkün edir. Belə ki, qeyd edilən tələb yalnız iddiaçı tutduğu vəzifəyə bərpa edildikdən sonra irəli sürülə bilər.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3621/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar