Məhkəmə qərarları › İş №2(103)-1581/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1581/2024

11.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1581/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndələri X1 və X4 iştirakları ilə, İddiaçı ƏƏSMN yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi maraqlı şəxs qismində cəlb olunmaqla Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3582/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” X3 X20 İdarəsinin Ağdaş rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur.

2. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər.

3. Qeyd olunan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmaya əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində “Azəriqaz” İB-nin X21 İstismarı İdarəsi üzrə Ağdaş rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsindən az avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təyin edilmişdir.

4. “Azəriqaz” X3 X22 İdarəsi tərəfindən Cavabdehnə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişə əsasən "xxxx" MMC tərəfindən qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə peşəsi üzrə iə qəbul edilmiş və X10 Qaz İstismarı İdarəsinəin Ağdaş rayonu üzrə xidmət sahəsinə təhkim olunmuş X9, İddiaçı, X18 və X12 əmək intizamına riayət etməyərək daxili intizam qaydalarını pozmuşlar. Belə ki, yoxlama zamanı məlum olmuşdur ki, X5 və İddiaçı yaşadıqları mənzildə quraşdırılmış qaz sayğaclarına müdaxilə edilmiş, X13 yaşadığı mənzili təbii qazla təmin edən qaz xəttində dəlik, X7 yaşadığı mənzildə qaz sayğacından kənar qaz xətti aşkar edilmiş və müvafiq aktlar tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Azəriqaz” İstehsalat Birliyi ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişin 4.4- cü bəndinə əsasən X9, İddiaçı, X18 və X7 əmək müqavilələrinə xitam verilməsi xahiş edilir.

5. Cavabdeh MMC-nin 3-17- 7/3-2-3262/2023 saylı xx.xx.2023-cü il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 3-17-7/3-2-3262 saylı əmrinin ləğv edilməsi, “təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə yenidən bərpa və “Azəriqaz” X3 X22 İdarəsinin Ağdaş Xidmət Sahəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq, həmçinin mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əvvəllər “Azəriqaz” X3 X22 İdarəsi ilə bağladığı xidməti müqavilə əsasında həmin Ağdaş Xidmət Sahəsində nəzarəti peşəsini icra etmişdir. Daha sonra isə Cavabdeh MMC ilə aralarında xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılaraq işə qəbul olunmuşdur və “Azəriqaz” İB-nin X21 İdarəsinin Ağdaş Xidmət Sahəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yarımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. Əmək fəaliyyəti dövründə işlədiyi müəssisədə heç bir halda nizam-intizam qaydalarını pozmamış və bununla bağlı hər hansı irad, xəbərdarlıq, töhmət almamışdır. Zaqatala RQİİ-nin mütəxəssisləri Ağdaş rayon sakini X2 yaşadığı evin qazlaşması üçün küçə xəttində quraşdırılmış sayğaca müdaxilə edilməsi halı aşkar etmiş, sayğac açılıb dövlət laboratoriyasına göndərilmiş və yoxlama nəticəsində sayğacın yararsız olduğu müəyyən edilmişdir. Bununla bağlı Zaqatala RQİİ-nin mütəxəssisləri xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında abonentin koduna 1.555,20 manat cərimə yazmışdılar. Aşkar edilən bu halı isteklakçının onun bacısı olması səbəbindən Zaqatala RQİİ onu müdaxilə edən şəxs kimi qiymətləndirmiş və əmək münasibətləri üzrə nizam intizam qaydalarını pozmağımı iddia etmişdir. “Azəriqaz” X3 X22 İdarəsi xx.xx.2023-cü il tarixil məktubla Cavabdeh MMC-yə müraciət edərək bir qrup işçinin, o cümlədən onun əmək intizamına riayət etməyərək daxili intizam qaydalarını pozduğunu bildirmişdir. Belə ki, yoxlama zamanı onun yaşadığı mənzildə quraşdırılmış qaz sayğacına müdaxilə edilmişdir. Bu səbəbdən “Azəriqaz” İB ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişin 4.4-cü bəndinə əsasən əmək müqaviləmə xitam verilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən işdən azad edilmişdir. Bildirir ki, işdən azad edilməsinə əsas gətirilən səbəb müqavilənin müddətinin bitməsi olmamışdır. İşin faktiki halı ondan ibarətdir ki, buna səbəb Zaqatala RQİİ-nin Cavabdeh MMC-yə ünvanladığı məktub olmuşdur. Qeyd edilən məktubda sayğaca müdaxilə edilməsi halının nəzərdə tutulduğu qaz hesabı X2 adınadır və onun həmin evdə yaşayıb-yaşamaması heç bir halda sübut olunmur. Digər tərəfdən Zaqatala RQİİ-nin məktubunda göstərildiyi kimi nizam intizam qaydalarını pozmağı üçün Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin və “Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanmış Sazişdə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməməsi lazımdır. Lakin işin faktiki halından da göründüyü kimi, Zaqatala RQİİnin məktubunda göstərdiyi nöqsan onun əmək münasibətindən irəli gələn öhdəliklərin pozulmasından deyil, “Zaqatala RQİİ-nin onunla əlaqəsi olmayan üçüncü şəxslə arasında olan alqı-satqı müqaviləsi üzrə öhdəliklərindən doğan pozuntudur. Belə bir vəziyyətdə onun nizam intizam qaydalarını pozması kimi tərəfin qiymətləndirmə aparması tamamilə absurddur. Zaqatala RQİİ ilə istehlakçı X6 arasında yaranmış sayğaca müdaxilə edilməsinə dair mübahisə mülki inzibati xəta xarakterlidir və heç bir halda Zaqatala RBİİ ilə istehlakçı T.D.Mikayılova arasında olan bu mübahisə onunla işəgötürən arasında olan əmək münasibətlərinin təsir dairəsinə düşə bilməz. Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2-ci bəndinə əsasən müqavilə 1 ay müddətinə bağlanılmış, müddət başa çatdıqdan sonra bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixədək uzadıla bilər. Göründüyü kimi, müqavilə müddəti ilə bağlı münasibətlər artıq tənzimləndiyindən, başqa sözlə, artıq həmin müqavilənin bağlanılmasından üç il keçmiş və eyni şərtlərlə avtomatik olaraq davam etmişdir. Yəni müqavilə xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək qüvvədə olmuş və ləğv edilmədiyindən xx.xx.2021-ci il tarixədək uzanmışdır. Bu tendensiya növbəti illərdə də eyni şərtlərlə davam etdiyindən həmin müqavilə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək qüvvədə olmuş və edilmədiyindən xx.xx.2023-cü il tarixədək uzanmışdır. Ona görə Cavabdeh MMC-nin AR ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verməsi tamamilə əsassız olmuşdur.

8. Cavabdeh MMC iddia ərizəsinə qarşı etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq “Azəriqaz” İBnin Zaqatala RQİİ-nə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1ci maddəsinə əsasən müqavilə 1 ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.2.-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli, 84 nömrəli Qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı özü də əvvəlcədən onunla müddətli əmək müqaviləsinin bağlanılmasına razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız onunla bağlanılmış əmək müqaviləsi ləğv edildikdən sonra müqavilə üzrə maddi hüquq normalarının pozulmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 Xidməti üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3582/2023 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia təmin edilmiş, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-7/3-2-3262/2023 saylı əmrin İddiaçı münasibətdə ləğv edilməsi, İddiaçı Cavabdeh MMC ilə “Azəriqaz” İB arasında bağlanmış xx.xx.2020-ci il tarixli Sazişə əsasən “Azəriqaz” İB-nin X21 İstismar İdarəsinin Ağdaş xidmət sahəsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər yanında yardımçı fəhlə vəzifəsinə bərpa edilməsi, qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2023-cü il tarixinədək uzadıldığı halda, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 1.1-ci bəndinə 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. Tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixdən sonra davam etdirilmiş və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi müqavilənin 2.2-ci bəndinə əsasən avtomatik olaraq xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Belə olan halda, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qanunsuzdur.

12. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh MMC əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsaslanmaqla xitam versə də, işin faktiki hallarından, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubların məzmunundan da görünür ki, cavabdehin əmək müqaviləsinə xitam verməsinə səbəb İcraçı qurumun xx.xx.2023-cü il tarixdə Mərkəzə ünvanladığı məktub olmuşdur. Belə ki, “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2- 2-7/2-277/2023 nömrəli müşayiət məktubu “DOST İş Mərkəzinə” daxil olduğundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir.

13. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 2.3, 12.1, 68.1, 73.1, 300.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında xx.xx.2021-ci il tarixində tərəflərin qarşılıqlı razılığı əsasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanılmışdır. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən 2.1-ci bəndində müəyyən edilmiş müddəti başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər. İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılmış və iddiaçının işlədiyi illər ərzində əmək müqaviləsinə xitam verilmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq 1 ay – 1 ay uzadılmışdır. Məhkəmə tərəfindən iddia təmin edildiyi halda məhkəmə işəgötürənin üzərinə öhdəlik qoyur ki, işçi ilə yenidən müqavilə bağlasın. Halbuki, müqavilə azadlığı hüququ və tərəflərin bərabərliyi prinsipi bazar iqtisadiyyatının ən ümdə prinsiplərindən biridir. İş materiallarından da göründüyü kimi, qanunvericiliyin tələblərinə riayət edilərək müddət axımı gözlənilmiş və müqavilənin müddətinin bitməsindən sonra heç bir qanun pozuntusuna yol verilmədən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə isə öz qətnaməsində tərəflər arasında bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qənaətinə gəlsə də, bunu qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. Müqavilənin 2.2-ci bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun eyni şərtlərlə uzadılması nəzərdə tutulmuşdur. Həmin şərtlərin nədən ibarət olması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, “Azəriqaz” İstehsalat Birliyi və Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”in şərtləri məhkəmə tərəfindən araşdırılıb tərəflər arasındakı münasibətlərə hüquqi aydınlıq gətirilməmişdir. Məhkəmə tərəfindən əmək müqaviləsinin ləğv edilmədiyi təqdirdə 1 ay uzadılması əvəzinə ilin sonunadək, yəni xx.xx.2023-cü il tarixinə qədər uzadılması sübut edilməmiş və bu hal öz təsdiqini tapmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1 il müddətinə uzadılması nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2021ci il tarixində əmək müqaviləsində “müqaviləsinin ləğv edilmədiyi təqdirdə eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək hər dəfə 1 ay uzadılması nəzərdə tutulmuş, lakin müqavilənin 1 il müddətinə uzadılması nəzərdə tutulmamış və bu barədə tərəflər arasında heç bir müqavilə bağlanmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, apellyasiya şikayəti yalnız formal mülahizələrə əsaslandığından, həmçinin şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, iddiaçının əmək müqaviləsinin 2.2-ci bəndinə əsasən əmək müqaviləsinin müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2023-cü il tarixinədək uzadıldığı halda, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Tərəflər arasında əmək münasibətləri xx.xx.2023-cü il tarixdən sonra davam etdirilmiş və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyi üçün həmin əmək müqaviləsi müqavilənin 2.2-ci bəndinə əsasən avtomatik olaraq xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Belə olan halda, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə vaxtından əvvəl xitam verilməsi qanunsuzdur. Həmçinin, Cavabdeh MMC əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsaslanmaqla xitam versə də, işin faktiki hallarından, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubların məzmunundan da görünür ki, cavabdehinin əmək müqaviləsinə xitam verməsinə səbəb İcraçı qurumun xx.xx.2023-cü il tarixdə Mərkəzə ünvanladığı məktub olmuşdur. Belə ki, “Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli 14-2-2-7/2-277/2023 nömrəli müşayiət məktubu “DOST İş Mərkəz”inə daxil olduğundan bir gün sonra, yəni xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının işdən azad edilməsi qanunsuz olduğundan onun işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndələri apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi.

20. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X14 Xidmətinə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47.“e”. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

22. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli Qərarı: 2.6. İctimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. 2.7. İctimai işlərdə iştirak etmək istəyən işsiz şəxslərlə işəgötürənlər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılır. İşsizlikdən sığorta ödənişi almayan işsiz şəxslər belə müqavilələrin bağlanmasında üstün hüquqa malikdirlər. Əmək qanunvericiliyi, işsizlikdən sığorta və sosial sığorta haqqında qanunvericilikictimai işlərdə məşğul olan vətəndaşlara da şamil edilir. 2.8. Müqaviləyə əsasən ictimai işlərin yerinə yetirilməsi müddəti qurtardıqda və bu müddət ərzində işsiz şəxs daimi iş yeri ilə təmin olunmadıqda mərkəzlər işsiz şəxsi yenidən ictimai işlərə göndərə bilər və yaxud ona yeni peşə və ixtisasa yiyələnmək təklif edə bilər.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı işdə iddia təmin olundugundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin və ona verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

28. İşdən aydın olur ki, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün işə qəbul olunmuşdur. Əmək müqaviləsinin 2.1-ci bəndinə əsasən əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər.

29. Göründüyü kimi, müqavilə 1 ay müddətinə bağlanmış, həmin müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə qalma müddəti avtomatik olaraq eyni şərtlərlə xx.xx.2021-ci il tarixinədək uzadıla bilər.

30. Məhkəmə kollegiyası hesab edir ki, müqavilənin 2.2-ci bəndində “müqavilənin qüvvədə qalma müddəti eyni şərtlərlə uzadıla bilər” ifadəsi onu nəzərdə tutur ki, müqavilə hər dəfə 1 ay müddətinə uzadıla bilər, çünki qeyd olunan “şərt” müqavilənin 2.1-ci bəndinə nəzərdə tutulmuş 1 aylıq müddətidir. O da qeyd edilməlidir ki, müqavilənin xx.xx.2021-ci il tarixinədək uzadılması imperativ qaydada müqavilənin 2.2-ci bəndində əks olunmamışdır, yəni cavabdeh 1 ay müddət keçdikdən sonra mütləq şəkildə ilin sonunadək əmək müqaviləsinin müddətinin uzadılması barədə öhdəlik götürməmişdir.

31. Belə olan halda, müqavilə müddəti başa çatdıqdan sonra 1 həftə ərzində tərəflərdən heç birinin müqaviləyə xitam verilməsini tələb etməməsi müqavilə müddətinin hər dəfə 1 ay müddətinə uzadılmasına gətirib çıxarmış və əmək müqaviləsinə xx.xx.2023cü il tarixdə cavabdeh tərəfindən qeyd olunan 1 həftə ərzində xitam verilmişdir.

32. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və məşğulluq mərkəzinin birgə razılığı ilə bu müddət artırıla bilər. Haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

33. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən və işçi tərəfindən üzərinə düşən əmək funksiyalarının lazımi qaydada yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq müqavilənin müddəti qurtardığına görə ona xitam verilərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmiş, hər hansı qanun pozuntusuna yol verilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətlə bağlı şərtlərini təfsir edərkən səhv nəticəyə gəlmiş, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən qanunvericiliyinin tələblərini nəzərə almamışdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405.1 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3582/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar