Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1586/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb edilməklə) əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 30.11. 2022-ci il tarixli, e-2(005)-3758/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında xx.xx.2018-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilmişdir.
3. xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə 3 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.
4. Bu səbəbdən X4 Xidməti tərəfindən Cavabdeh baş redaktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN0020524 nömrəli inzibati cərimənin şərti olaraq tədbiq edilməsi haqqında qərar qəbul olunmuş, həmçinin, baş redaktora əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək iddiaçının işinə geri qaytarılmasının təmin etməsi üçün xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır.
5. Cavabdeh baş redaktorunun xx.xx.2022-ci il tarixli, 42 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixli əmr ləğv olunaraq xx.xx.2022-ci il tarixindən iddiaçı müxbir vəzifəsinə bərpa edilmişdir.
6. xx.xx.2022-ci il tarixində Cavabdeh əməkdalşarı tərəfindən akt tərtib olunaraq iddiaçının iki gündür öz vəzifəsinin icrasından yayındığı, dəfələrlə olunan xəbərdarlıqlara baxmayaraq işləmədiyi halda qəzetin rəhbərliyindən işləmədiyi halda xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan əmək haqqının öz şəxsi bank hesabına köçürülməsini tələb etdiyi, əks halda işə gəlməyəcəyinin bildirildiyi göstərilmişdir.
7. Cavabdeh baş redaktorunun xx.xx.2022-ci il tarixli, 43 nömrəli əmri ilə iddiaçının 19, 20, xx.xx.2022-ci il tarixlərində işə gəlməməsi əsas səbəb götürülərək iddiaçıya töhmət elan edilmişdir.
8. Cavabdeh baş redaktorunun xx.xx.2022-ci il tarixli, 44 nömrəli əmri ilə barəsində intizam tənbehi görülməsinə baxmayaraq əmək intizamını və eyni zamanda istehsalat intizamını kobud şəkildə pozduğuna görə iddiaçıya sonuncu xəbərdarlıqla töhmət elan edilmişdir.
9. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh əməkdalşarı tərəfindən aktlar tərtib edilərək iddiaçının heç bir səbəb göstərmədən bütün gün ərzində işdə olmadığı göstərilmişdir.
10. İddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək müvəqqəti əmək qabiliyyəti olmamışdır.
11. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi qərara əsasən, Cavabdeh baş direktoru X7 Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin, 59-cu maddəsinin və 84-cü maddəsinin 1-ci hissəsinin 5-ci bəndinin tələblərini pozduğu və onu qanunsuz şəkildə işdən uzaqlaşdırdığı sübut olunduğu üçün xx.xx.2021-ci il tarinədək “müddətsiz” olan əmək müqaviləsinin tam şəkildə bərpa olunması, həmin müqavilədə əvvəlki kimi 900 manat əmək haqqı məbləğinin öz əksini tapması; icra prosesi davam etdiyi halda Cavabdeh rəhbərliyinin bir gün əvvəl işə bərpa etməsinə baxmayaraq, bir gün sonra əmək hüquqlarına və gələcək fəaliyyətinə mane yaratmaq məqsədilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq, qəsdən imzaladığı və “sosial.gov.az” portalında öz əksini tapan xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi; xx.xx.2022-ci il tarixli 03 nömrəli əmrlə qanunsuz işdən azad olunduğu tarixdən xx.xx.2022-ci ilə qədər (5 ay) məcburi iş buraxmaya görə əmək haqqının (təkcə yanvar-may ayları üçün əmək haqqının məbləği 4.050 manat təşkil edirdi, onun 2.711,48 manatı köçürülüb, 1339 manat qalıb) və əmək müqaviləsinə yenidən xitam verildiyi xx.xx.2022-ci il tarixdən (iyun-iyul aylarınını maaşları ilə birlikdə (1339+810+810) 2.959 manat təşkil edir) məhkəmənin qərarı qəbul edilən günə qədər məcburi işburaxma müddəti üçün olan əmək haqqının bank hesabına tam şəkildə köçürülməsinin təmin olunması; işsiz qaldığı son 8 ay ərzində ailə-məişət sıxıntıları keçirdiyini, aylardır ailənin yeganə gəlirdən məhrum olunduğunu (son 8 ayda təqribən 9.000 manat borcu yığılıb), heç bir maddi gəlir əldə etmədiyi vəziyyətdə ailə üzvləri qarşısında keçirdiyi stres və s., həmçinin əmək hüquqlarına və gələcək fəaliyyətinə, peşəkar nüfuzuna vurulan zərərə görə Cavabdeh redaksiya tərəfindən 10.000 manat məbləğində təzminatın, son 7 ay ərzində müxtəlif dövlət və ictimai-siyasi qurumlara ünvanlandığı məktubların, poçt-daşıma xərcləri, ilkin mediasiya və məhkəmə rüsumları da daxil olmaqla, ümumilikdə 300 manatın Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1994-cü ildən Azərbaycan mətbuatında fəaliyyət göstərir. Son 28 il ərzində ölkədə nəşr olunan qəzetlərdə və digər media orqanlarında müxbir, məsul katibin müavini, məsul katib, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış, jurnalist-tədqiqatçı kimi çoxsaylı layihələrin və yazı müsabiqələrinin iştirakçısı olmuş, yüksək nailiyyətlər əldə etmişdir. Bütün bu fəaliyyəti yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüşdür. 2018-ci ilin iyun ayından müddətsiz əmək müqaviləsi ilə Cavabdehndə ştatlı müxbir kimi fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası, eləcə də, Vətən Müharibəsi dövründə dövlət siyasətini təbliğ etmişdir. Lakin xx.xx.2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı ilə X3 Cavabdehndə baş direktor təyin edildikdən sonra yeni rəhbərlik tərəfindən onun peşəkar fəaliyyətinə maneələr yaradılmışdır. Belə ki, oktyabrın 2-də baş redaktor Alqış Musayev heç bir səbəb göstərmədən ona iş axtarmağı məsləhət görmüş, oktyabrın 12-də isə yenidən yanına çağıraraq, kobud şəkildə dərhal işdən çıxmaq üçün ərizə yazmağı tələb edərək, hətta hədə-qorxu göstərmişdir. Bundan sonra isə ona qarşı heç bir etik qaydalara sığmayan, hörmətsiz davranışlara yol verilmiş, habelə qanunsuz olaraq, yəni rəsmi razılığı olmadan xx.xx.2018-ci il tarixində bağlanan və “müddətsiz” olan əmək müqaviləsi “müddətli” kimi dəyişdirilmişdir. Beləliklə, əmək müqaviləsi “müddətli” olaraq dəyişdirildiyi üçün xx.xx.2022ci il tarixində işə gələndə ona “artıq redaksiyada işləməməsi” çatdırılmışdır. Bütün bu “işdənçıxarma” əməliyyatı zamanı əmək qanunvericiliyi pozmaqla yanaşı, müddətsiz əmək müqaviləsinə xitam verilərkən, onun redaksiyada sosial təminatı ən aşağı və öhdəsində iki 16 yaşınadək uşağı olan, maaşdan savayı kənar bir gəliri olmaması və 50 yaşını adlayan peşəkar jurnalist olması nəzərə alınmamışdır. Bütün bunlara cavab olaraq xx.xx.2022-ci il tarixdə əmək hüquqlarının pozulması ilə bağlı X4 Xidmətinə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin müraciət əsasında Xidmətin Bakı şəhər İdarəsi tərəfindən 3 aya yaxın araşdırma aparılmışdır. Nəticədə Cavabdeh rəhbərliyinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü hissəsinin, 59-cu maddəsinin və 84-cü maddəsinin 1ci hissəsinin 5-ci bəndinin tələblərini pozduğu və onu qanunsuz şəkildə işdən uzaqlaşdırdığı sübut edilmişdir. X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Cavabdeh baş redaktoru Alqış Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində MN0020524 nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Habelə, müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edilərək işinə geri qaytarılmağını təmin etməsi üçün X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən A.Musayevə **********24 nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Lakin bütün bu tədbirlərə baxmayaraq, ondan xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinin “sosial.gov.az” portalında bərpası barədə məlumat aldıqdan sonra bir daha “sosial.gov.az” portalına daxil olmuş və əmək haqqı birdən-birə 3 dəfə azaldılaraq 300 manat olmuşdur. X4 Xidmətinin Bakı şəhər İdarəsinin ona ünvanlanan məktubunda qeyd olunduğunun əksinə olaraq, müqavilənin bərpası xx.xx.2021-ci il tarinədək müddətsiz olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsi ilə deyil, hansısa yeni və onun xəbəri olmayan müqavilə ilə həyata keçirilmişdir. Halbuki, müddətsiz müqavilə bərpa edilibsə, dəyişdirilmiş müqavilədə işçinin işə başlama tarixi də, müqavilənin bağlanma tarixi də xx.xx.2018-ci il kimi göstərilməli idi. Bu səbəblə yenidən ona müddətli əmək müqaviləsi bağlamağ təklif olunmuş və yeni əmək haqqısının 274 manat təşkil edəcəyi barədə məlumatlandırılmışdır. xx.xx.2022-ci il tarixində səhhəti daha da pisləsdiyi üçün yaşadığı ərazidə həkimə çağırış etmiş və xx.xx.2022-ci il tarixində əmək qabiliyyətinin olmaması vərəqəsi açılmışdır. Bu barədə çalışdığı orqana məlumat vermişdir. Həmin gün xx.xx.2022-ci il tarixdə saat 16:50-də əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Xitam səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilmişdir. Halbuki, xx.xx.2022-ci il tarixdə xəstəliylə əlaqədar onun adına açılan vərəqədən də göründüyü kimi həmin gün bütün iş müddəti üçün işdə olmaya bilər. Bütün bunlar Əmək Məcəlləsinin müvafiq maddələrinə ziddir.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3758/2022 saylı qətnaməsi ilə (hakim A.Novruzova) iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmə barədə əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh müxbiri vəzifəsinə bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üçün əmək haqqının ödənilməyən hissəsi, xx.xx.2022-ci il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
16. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı fəaliyyətində işəgötürənin güman etdiyi pozuntular (işə gəlməmə, əmək funksiyasını yerinə yetirməməsi) aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə, yəni əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə xitam verilməsi qanunsuzdur, əmək qanunvericiliyinin tələblərinə ziddir. Bu səbəbdən Cavabdeh xx.xx.2022-ci il tarixli əmri İddiaçı münasibətdə ləğv edilməli və İddiaçı Cavabdeh müxbiri vəzifəsinə bərpa edilməlidir.
17. Məhkəmə iddia tələbinin “ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi” hissəsi ilə bağlı hesab etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. Həmçinin, İddiaçı qanunsuz olaraq işdən azad edilməsi sübuta yetirildiyindən ona məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir. (xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı). Digər tərəfdən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər olan dövr üçün əmək haqqının ödənilməyən hissəsi iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən iddiaçının tələbinin bu hissəsi mübahisələndirilməmiş, həmin dövr üzrə əmək haqqının iddiaçıya tam olaraq ödənilməsinə dair sübut təqdim olunmamışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42.1, 43.1, 45.4, 47, 56.2, 70 “ç”, 72, 79.1, 287, 288, 292, 300-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli əmr ilə işə bərpa edilmiş, lakin məhkəmə bu məsələyə bilərəkdən qiymət verməmişdir. İddiaçı işə çıxmalı olduğunu bilib işə gəlməkdən imtina etmişdir. Məhkəmənin qənaətinə görə, bülletenin olması iddiaçının istədiyi zaman işə gələməməsi üçün əsas kimi göstərilir. Bundan əlavə, məhkəmədə şahid qismində dindirilmiş şəxslər də iddiaçını uzun zamandır iş yerində olmadığını bildirmişlər. Məhkəmə isə bunlara əhəmiyyət verməmişdir. Göründüyü kimi, işin mübahisələndirilməyən hallarına aid olan, tərtib olunması iddiaçının dəfələrlə açıq-aşkar yol vermiş olduğu nöqsanlarla müşayiət olunan sənədlərdəki məlumatların düzgün daxil edilməli olması onun əmək funksiyasına və əmək müqaviləsi üzrə öhdəliklərinə aid olmaqla, barəsində tətbiq edilmiş tənbehin – Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tamamilə əsaslı və qanuni olduğuna dəlalət edir. Məhkəmənin iddianı təmin etmək üçün göstərdiyi ikinci “dəlili” də tamamilə əsassız olmaqla iş materialları ilə tam təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı “işə gəlmə və getmə” qeydiyyat kitabı təqdim edilmiş İddiaçı Cavabdeh inzibati binasında olmaması sübuta yetirilmişdir. Məhkəmə çəkişmə prisnispini bir kənara qoyaraq sankı iddiaçının hüquqlarını qorumağa çalışmışdır. Bundan əlavə, iddiaçı xx.xx.2022-ci il tarixli əmr ilə işə bərpa olunmuşdur, lakin ƏƏSMNnin DƏM-nin elekton informasiya sisteminə əmrin daxil edilməsi cavabdehin ixtiyarı olmadan gecikdirilmişdir (sistemdə işə bərpanı DƏM-nin icazəsi ilə həyata keçirilir. Yəni düzəliş və işə bərpa əmrləri icazədən sonra həyata keçirilir). Məhkəmənin bu məsələdə də açıq-aşkar qərəzli mövqe tutması mübahisənin düzgün olmayan tərzdə həll edilməsi, əsassız iddia tələbinin təmin olunması ilə nəticələnmişdir. Bundan əlavə, qətnaməni qəbul edən hakim, müşavirə otağından qayıtıqdan sonra iddianın tam təmin olunması barədə çıxarışdan oxusa da, lakin qətnamə iddianın qismən qəbul olunması ilə yazılmışdır. Buradan da görsənir ki, hakim işdən məlumatlı deyil və iddianı araşdırmadan qətnamə qəbul etmişdir. Məhkəmə hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas verən bütün zəruri sübutların cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, onları düzgün qiymətləndirməmiş, mübahisəni yalnız iddiaçının qərəzli mülahizələri əsasında həll etmişdir. Məhkəmə, işin faktiki hallarına aid olan məsələləri - iddiaçının dəfələrlə işə gəlməməsi kimi halların sübutuna dair halları aydınlaşdırılmamış, onlara düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı apellyasiya şikayətinə dair etiraz ərizəsi göndərərək göstərmişdir ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini dərhal yerinə yetirmək əvəzinə, xx.xx.2022-ci il tarixdə günün ikinci yarısında Cavabdeh əməkdaşı Yeganə Əmirova ona zəng edərək baş redaktor adından “işə bərpa edilməyinə o şərtlə razılıq veririk ki, yalnız 3-4 aylıq əmək haqqı ödəyəcəyik” şəklində absurd təklif çatdırmışdır. Cavabdehin apellyasiya şikayəti çoxsaylı üslub, qrammatik, texniki səhvlərlə, anlaşılmaz cümlələrlə və təkrarçılıqla tərtib olunmuş, şikayətdə bəhs edilən sənədlər və məhkəmə prosesi barədə yanlışlıqlara yol verilmişdir. Bütün bunlar şikayətin tələskənliklə, hansısa başqa bir iş üzrə şikayətdən köçürüldüyü və müvafiq qaydalara zidd olaraq tərtib edildiyindən xəbər verir. Şikayətdə qeyd edilir ki, güya işə bərpa olunmağı barədə əmrin surəti poçt vasitəsilə ona təqdim edilib. Bu tamamilə yalandır. Belə ki, ona xx.xx.2022-ci il tarixdə göndərilən hər hansı əmrin surəti deyil, heç bir hüquqi qüvvəsi olmayan məktubdur. Hətta xx.xx.2022-ci il tarixdə redaksiyaya gedəndə, təkidlə tələb etməyinə baxmayaraq, ona əmrin surəti təqdim edilməmişdir. Məhkəməyə təqdim olunan və sonradan tərtib edilmiş “işə davamiyyət kitabı”, ona töhmət elan olunduğu barədə saxta aktlara gəlincə, onların heç biri ona nə elan edilmiş, nə də təqdim edilmişdir. Aktların saxtalığını isə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktların eyni nömrə daşıması sübut edir. O, rəsmi olaraq, yəni elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik barədə bildirişə əsasən xx.xx.2022-ci il tarixində işə bərpa olunmuşdur. Bir gün sonra, xx.xx.2022-ci il tarixində isə əmək müqaviləsinə xitam verilmişdir. 30 illik stajı dövründə heç vaxt intizam tənbehi və töhmət verilməyən, hətta izahat belə yazdırılmayan elmi dərəcəli peşəkar jurnalist 1 sutka ərzində hansı ciddi qanun pozuntusu törədib ki, ona dəfələrlə töhmət verilsin və 70-ci maddənin “ç” bəndi ilə işdən azadetməni əsaslandırmaq mümkün olsun. Hakim prosesdə ona yox, cavabdeh tərəfə kifayət qədər güzəştə getmiş, cavabdehin nümayəndəsi və vəkili iclasa hazırlıqsız, sübutsuz, şahidsiz gəldiyi üçün baxış iclasının dəfələrlə təxirə salınmasına nail olmuşdur. İşin 2 ay davam etməsinə və 5 iclas keçirilməsinə baxmayaraq, “hakimin işdən məlumatsız olması” barədə iddia ilə çıxış etmək heç bir məntiqə sığmır. Beləliklə, iddia qismən təmin edilsə də, hakim işə tam obyektiv baxaraq düzgün yanaşma sərgiləmiş və ədalətli qərar çıxarmışdır. Hakim “iddia tam təmin edilsin” şəklində ifadə işlətməmiş, təxminən qərarın sonunda işlətdiyi ifadə “iddia təmin edilsin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilsin, işə bərpa edilsin və işburaxma müddəti üçün hesablanmış əmək haqqı ödənilsin” olmuşdur. İddianın qismən təmin edilməsinə görə onun apellyasiya şikayəti vermədiyi halda, şikayət edən cavabdeh tərəfin iddanın qismən təmin edilməsinə irad bildirməsi başadüşülən olmaması, bu və anlaşılmaz şəkildə tərtib etdiyi şikayət ərizəsində ortaya qoyduğu digər iddialar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün heç bir əsas ola bilməz.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək etirazda göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsi iddiaçının qanunsuz olaraq işdən azad olunduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
25. Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;
26. Maddə 12.1.”b”. Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir;
27. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;
29. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;
30. Maddə 70.”ç”. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər;
31. Maddə 72.“a”. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir;
32. Maddə 79.1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır;
33. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Hazırkı işdə iddia qismən təmin olunduğundan, cavabdeh şikayətində qətnamənin iddianın təmin olunan hissəsini apellyasiya qaydasında mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsi cavabdeh tərəfindən qanunazidd olaraq birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən əmək müqaviləsinə müddətinin qurtarması əsası ilə xitam verilmiş, daha sonra cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə öz xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək xx.xx.2022-ci il tarixindən iddiaçını müxbir vəzifəsinə bərpa etmiş, lakin xx.xx.2022-ci il tarixində əmək qabiliyyətini müvəqqəti itirən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının fəaliyyətində işəgötürənin güman etdiyi pozuntular (işə gəlməmə, əmək funksiyasını yerinə yetirməməsi) aşkar edilsə də, onunla bağlanmış əmək müqaviləsinə onun bülletendə olduğu dövrdə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd olmuşdur.
45. Belə ki, yuxarıda istinad olunan əmək qanunvericiliyin imperativ tələblərinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Belə olan halda əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır.
46. Bundan başqa birinci instansiya məhkəmsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün əmək haqqının ödənilməyən hissəsi iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən iddia tələbinin bu hissəsi mübahisələndirilməmiş, həmin dövr üzrə əmək haqqının iddiaçıya tam olaraq ödənilməsinə dair sübut təqdim edilməmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində də iddianın bu hissəsinə dair münasibət bildirməmiş, yalnız iddiaçının xx.xx.2022-ci il tarixindən işə çıxmalı olduğunu bilib işə gəlmədiyini, bu halın sübutlarla təsdiq olunduğunu, lakin birinci instansiya məhkəməsi tərəfindən buna əhəmiyyət verilmədiyi, yekunda əsasız iddia tələbinin təmin olunduğunu vurğulanmışdır.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3758/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov