Məhkəmə qərarları › İş №2(103)-1588/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1588/2025

04.02.2025 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1588/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı işi üzrə 28 yanvar 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Cavabdehlər Cavabdeh1 qətnamədən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, xx.xx.2020-ci il tarixdə ilk dəfə icraya yönəlmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, xx.xx.2020-ci il tarixdə isə İcra haqqında Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı Sığorta Şirkəti ASC-nin ərizəsi əsasında təkrar icraya yönəldilmişdir (iş səh.51-74). Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsini qəbzə imza etməklə xx.xx.2024-cü il tarixində əldə etmiş və qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6951/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-927/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir (iş səh.119-127). Cavabdeh1(etibarnamə üzrə nümayəndəsi Cavabdeh2) ərizə ilə məhkəməyə müraciət etmiş və qəbzə imza etməklə xx.xx.2024-cü il tarixində qətnaməni əldə etmiş və xx.xx.2024cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 927/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin xx.xx.2020 - xx.xx.2024-cü il tarixlərdə ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etməmişdir. Belə ki, Cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı işi üzrə 28 yanvar 2020-ci il tarixli qətnaməsindən birgə ünvanda qeydiyyatda olan onun əri – digər cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində şikayət verilmiş, apellyasiya icraatında baxılmış və qanuni qüvvəsini almışdır. Prosessual qanunvericilik qanuni qüvvəsini almamış məhkəmə aktlarından şikayət verilməsini nəzərdə tutur və təkrar apellyasiya icraatın mükünlüyünü nəzərdə tutmur. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-ci maddəsinə əsasən: Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən: 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı məsələlərə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin məzmunu yoxlanılaraq müddətin hesablanması həyata keçirilməli və onun vaxtında verilməsinə və ya qaytarılmasına münasibət bildirilməlidir ki, bu səlahiyyət də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133, 361-364-cü maddələrinin tələblərinə müvafiq birinci instansiya məhkəməsinə aiddir. Belə ki, Mülki Prosessual Məcəlləninin tələblərinə əsasən: 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən: Apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 2. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. 3. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. Qərardadda qeyd edilmişdir ki: məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir. Konstitusiya Məhkəməsinin Plenumu istinad edilən qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur; Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya,apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər.Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə (iddia tələbinə) yenidən apellyasiya icraatı qaydasında baxılması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır, habelə apellyasiya icraatı üzrə nəticə üzərindən yeni araşdırmanın aparılması (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Qeyd edilənlərə əsasən prosessual müddətlərin ötürülməsi və ümumiyyətlə təkrar apellyasiya icraatın mümkünlüyü müzakirə edilməlidir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan)sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin suiistifadəyə məruz qalaraq, hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128-133, 357, 360-366, 402-408-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-927/2020 saylı işi üzrə 28 yanvar 2020ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar