Məhkəmə qərarları › İş №2(103)-2793/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2793/2025

03.06.2025 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2793/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMCyə və Cavabdeh3 qarşı mülki iş üzrə (açar sözlər: sığorta ödənişi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi X1, Cavabdeh2 MMC-nin direktoru X14 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMCyə və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Hyundai Accent» minikmarkalı, **- FH-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X10 özünə məxsus olan ** FH *** dövlət qeydiyyat nişanlı, «Hyundai Accent» markalı avtonəqliyyat vasitəsinin 5 il müddətinə, xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-nin istifadəsinə vermişdir. Satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 1965 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, 2013-cü il buraxılışlı Z94CT41DBDR217257 şassi nömrəli «Hyundai Accent» minik markalı nəqliyyat vasitəsi 26.569,97 manata satıcı tərəfindən alıcıya satılmışdır. Satıcı Cavabdeh1 MMC ilə alıcı X8 arasında tərtib olunan təhvil-təslim aktının surətindən müəyyən olunur ki, 2013-cü il buraxılışlı Z94CT41DBDR217257 şassi nömrəli «Hyundai Accent» minik markalı ** FH *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən alıcıya təhvil verilmişdir. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə X9 arasında xx.xx.2018-ci il tarixdə sığorta müqaviləsi bağlanmış və «Hyundai Accent» minik markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 (bir) il müddətinə sığortalanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən «Hyundai Accent» minikmarkalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətindədir, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən Elxan Qubadov özünə məxsus olan avtomobili xx.xx.2023-cü il tarixədək Cavabdeh1 MMC-yə etibar etmişdir. Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, «Hyundai Accent» markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixədək Cavabdeh3 idarə edilməsi üçün vermişdir. Sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh3 Şirvan oğlu sığortalanmış «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən X4 məxsus «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuşdur və nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X4 məxsus «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusa dəymiş ziyanın məbləği 1110 manat təşkil edir, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş sığorta ödənişinin məbləği isə 5000 manat təşkil etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə aktından görünür ki, «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlıavtomobilə ümumilikdə 1110 manat məbləğində ziyan dəymişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş № İXP ******* saylı xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2019-cu il tarixli, 64799 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Xasay Kərimovun hesabına 1110 manat pul köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 MMCyə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2018-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtombusla toqquşaraq onu zədələmişdir. Qərara əsasən Cavabdeh3 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etmiş, belə ki, «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olsa da, Cavabdeh3 etibarnaməni Cavabdeh2» MMC vermiş, lakin hansı qanuni əsaslara sonuncunun bu etibarnaməni verilməsi məlum deyildir. Zərərçəkənin əmlakının zədələnməsilə əlaqədar ona 1100 manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən ona qarşı subroqasiya hüquqları yaranmışdır. «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olduğundan, qanuni əsaslar olmadan etibarnamə verməsinə görə avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verməsinə görə Cavabdeh2 MMC öz növbəsində isə avtomobili isə sürücülük hüququ olmadan Cavabdeh3 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 1110 (bir min yüz on) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə oğlu iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 MMC-nin nümayəndələri və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 (bir min yüz on) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi, iddia tələbinin Cavabdeh3 münasibətdə təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, X6 mülkiyyətində olan, Cavabdeh1 MMC-nin etibarnamə əsasında istifadəsində olan və Cavabdeh3 Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi və İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Hyundai Accent” markalı, ** FH *** dövlət qeydiyyat nişanlıavtomobili xx.xx.2018-ci il tarixdə idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, X4 məxsus olan “Hyundai County” markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən Xasay Kərimova dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 1110 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi vaxtı Cavabdeh3 yüksək təhlükə mənbəyi olan “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlıavtomobili qanuni əsasla, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə əsasında idarə etmişdir. Lakin, iş materiallarından göründüyü kimi, Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-yə “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə verilməmişdir. Cavabdeh2 MMC-nin də Cavabdeh3 “Hyundai Accent” markalı, 99FH877 dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermək səlahiyyəti olmamışdır. Cavabdeh3 nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etdiyindən iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 (bir min yüz on) manat məbləğində sığorta ödənişinin, məhkəməyə müraciət edilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 146, 185.5, 217.3, 217.4-cü maddələrinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin əsassız olduğuna görə ləğv edilməsini və işlə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2018-ci il tarixdə Bakı şəhərinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi «Hyundai County» markalı, ** JN *** dövlət qeydiyyat nişanlı avtobusla toqquşaraq onu zədələmişdir. Qərara əsasən Cavabdeh3 təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etmiş, belə ki, «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olsa da, Cavabdeh3 etibarnaməni "xxxx" MMC vermiş, lakin hansı qanuni əsaslara sonuncunun bu etibarnaməni verilməsi məlum deyildir. Zərərçəkənin əmlakının zədələnməsi ilə əlaqədar ona 1100 manat sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişi alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göründüyü kimi, Cavabdeh3 avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən ona qarşı subroqasiya hüquqları yaranmışdır. «Hyundai Accent» markalı, ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki sahibi Cavabdeh1 MMC olduğundan, qanuni əsaslar olmadan etibarnamə verməsinə görə avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verməsinə görə "xxxx" MMC öz növbəsində isə avtomobili isə sürücülük hüququ olmadan Cavabdeh3 idarə etdiyindən, zərərin əvəzi onlardan tutulmalıdır. Göstərilənlərə əsasən Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 1110 (bir min yüz on) manat məbləğində verilmiş sığorta ödənişinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)- 2915/2020 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-dən müştərək qaydada subroqasiya hüququ əsasında 1110 (bir min yüz on) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1140 (bir min yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi və iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməmişdir. Qətnamədən o icra şöbəsinə çağrıldıqda məlumatlı olub. xx.xx.2024-cü il tarixdə qətnaməni məhkəmədən əldə etmişdir. O, Cavabdeh2 MMC-nin direktorudur və qətnamədən narazıdır. Ona görə ki, hakim işi araşdırmadan qətnamə çıxarmışdır. Onun həmin qətnamədən hazırda Nizami rayon icra şöbəsinə çağrıldıqda məlumatı olmuşdur. Belə ki, o, "xxxx" MMC-nin direktoru olub. Lakin həmin şirkəti artıq uzun müddətdir ki, bağlayıb, işlətmir. O, məhkəməyə çağrılmamlış və məhkəmə iclaslarından xəbəri olmamışdır. Məhkəmənin çıxardığı qərardan da məlumatı olmamışdır. Əgər məhkəməyə çağrılsaydı o, bu barədə hakimə məlumat verərdi. Ona görə ki, onun şirkəti 2018-ci il tarixdən işlətmir. Qətnamədə hakim göstərmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli etibarnamənin «Hyundai Accent» markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixədək Cavabdeh3 idarə edilməsi üçün vermişdir. Bildirir ki, bu etibarnamə saxtadır, o "xxxx" MMC-nin direktoru olan vaxtlar belə bir etibarnamə verməyib. Ona görə ki, o həmin avtomobili görməyib, tanımır, sahibi kimdir bilmir. Belə olan halda o necə etibarnamə verə bilər. Həmçinin həmin avtomobillə bağlı, sığortadan ona heç bir ödəniş olmamışdır, o, sığorta şirkətini də tanımr. Sığorta Şirkətinin müqaviləni avtomobilə mülkiyyət hüququ olmayan şəxs ilə bağlamışdır və bu da qanunsuzdur. Həmçinin avtomobillə qəza törədildikdən sonra bu hadisə barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin sığorta pulu ödənildikdə də ona məlumat verilməmiş və ödənişin birbaşa kimə ödənilməsini bildirməmişlər. Əgər etibarnaməni onun şirkəti adından verilibsə və mülkiyyətçisi o sayılırsa onun bu hadisədən məlumatı olmalı idi. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə əsassız nəticəyə gəlmişdir. Çünki onun məhkəmə iclasında iştirakını təmin etməmiş və onunla bağlı olan halları araşdırmamış, ona görə də düzgün qiymət verməmişdir. Məhkəmə işlə bağlı onun hüquqlarını müdafiə etmək üçün onun iştirakını təmin etməmiş və məhkəmə iclasları barədə ona məlumat bildirməmişdir. Bunun özü onun hüququnun pozulmasını sübut edir. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar araşdırılmadan iddiaçının iddiası təmin olunmuşdur. İş materiallarda olsa da məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Həmin sübutlar apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin direktoru X14 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, əlavə olaraq izahatında mülki işdə olan etibarnamədəki imzanın ona məxsus olmadığını, həmin etibarnamədə Cavabdeh2 MMC-yə məxsus möhürün olmadığını, Cavabdeh3 Cavabdeh2 MMC tərəfindən etibarnamə verilmədiyini bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin həllini məhkəmənin səlahiyyətinə verib, izahatında «Hyundai Accent» markalı ** FH *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 MMC tərəfindən Cavabdeh2 MMC-nin istifadəsinə verilmədiyini, həmin nəqliyyat vasitəsinin satılmasını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı Sığorta Şirkəti ASC-yə və Cavabdeh3 rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan və Cavabdeh2 MMC qətnamənin ləğv edilməsini xahiş etsə də, faktiki olaraq qətnaməni özünə aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı Cavabdeh2 MMC-in faktiki mübahisələndirdiyi hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavadeh Cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi bu hissədə rədd edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-1552/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin Cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməsinə yönələn hissədə yoxlanılmış, Cavabdeh1 MMC-nin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsi qismən ləğv edilərək, iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Hazırkı mülki iş üzrə Cavabdeh2 MMC-nin apellyasiya şikayətinin dəlillərinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi Cavabdeh2 MMC-yə qarşı iddia tələbini təmin edərkən, öz mövqeyini iddiaçı tərəfindən təqdim edilmiş Cavabdeh2 MMC tərəfindən verilməsi ehtimal olunan, xx.xx.2018-ci il tarixli etibarnamənin surətinə istinad etməklə, Cavabdeh2 MMC-nin zərərin əvəzini ödəmək vəzifəsinini yaranması ilə əsaslandırmışdır. Kollegiya qeyd edir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (MM –in 1108.1.-ci mad.) Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Birinci instansiya məhkəməsi yazılı sübut növü olaraq Cavabdeh2 MMC tərəfindən verilməsi ehtimal edilən etibarnaməyə istinad edərkən həmin sübutun iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş yazılı sübut olmadığına əhəmiyyət verməmiş nəticədə Cavabdeh2 MMC-yə münasibətdə iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (MPM-in 89.1.) Zərərin əvəzini ödəmək vəzifəsi isə yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalıdır. (MM –in 1108.1.-ci mad.) Birinci instansiya məhkəməsi isə yüksək təhlükə mənbəyinin Cavabdeh2 MMC-nin sahiblik və istifadəsində olub-olmamasını araşdırmamış, MMC-in adından verilməsi ehtimal edilən, MMC-in möhrü ilə təsdiq edilməyən, notarial qaydada təsdiq edilməmiş etibarnamənin surətinə əsaslanaraq bu cavabdehə qarşı iddia tələbini təmin etmişdir. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması zamanı isə müəyyən edilmişdir ki, «Hyundai Accent» markalı ** FH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Cavabdeh2 MMC-yə nəqliyyat vasitəsinin mülkiyyətçisi tərəfindən hər hansı bir etibarnamə verilməmiş, Cavabdeh2 MMC-də öz növbəsində bu nəqliyyat vasitəsinə dair Cavabdeh3 etibarnamə verməmiş, Cavabdeh2 MMC tərəfindən veriləsi ehtimal olunan xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən isə etibarnamədə möhürun olmadığı, Cavabdeh2 MMC-in direktoru X14 tərəfindən imzalanmadığı aydın görünür. İstinad olunanlara əsasən, kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsi qismən - iddia tələbinin Cavabdeh2 MMC-yə dair təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh2 MMC-yə dair hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2915/2020 nömrəli qətnaməsi qismən - iddia tələbinin Cavabdeh2 MMC-yə qarşı təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi Cavabdeh2 MMC-yə qarşı hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar