Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-60/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlundan və X5 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-1239/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş Pİ 0014/20 saylı Sığorta Aktında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69, 43 saylı mənzilə üst mərtəbədəki mənzildən su axması nəticəsində ziyan dəymişdir. Müstəqil ekspert X8 xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən dəymiş zərərin məbləğin 6000 AZN müəyyən edilmişdir.
2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, Pİ 0014/20 saylı akta əsasən sığorta ödənişi edilmişdir.
3. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, № **********13 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirirlər ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ünvanında yeləşən 43 nömrəli mənzil X1 adına və eyni ünvan göstəricilərinə malik digər mənzil X7 adına qeydiyyata alınmışdır. Həmçinin bildirilər ki, ünvan 2 ünvanında yeləşən 48 nömrəli mənzil sorğuda cavabdeh şəxs qismində çıxış edən Cavabdeh adına və eyni ünvan göstəricilərinə malik daha 2 (iki) ədəd mənzil isə X3, digəri isə X6 adına qeydiyyata alınmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1642 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov 69 ünvanında yerləşən 44 saylı mənzilin şaxtasının su və kanalizasiya borularında, boru birləşmələrində, həmçinin sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su sızıntısı, borularda və boru birləşmələrində çatlar, tıxaclanmalar, boşluqlar və s.) aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə sığortalı şəxs olan D.A.Smirnov baxışda iştirak etmədiyindən və Bakı şəhəri, Sabunçu rayinu, Bakıxanov qəsəbəsi, N.İsmayılov 69 ünvanında yerləşən 43 saylı mənzil təqdim edilmədiyindən həmin mənzilə su sızması nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazırliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6776 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov ünvanında yerləşən 69 saylı evin 43 saylı mənzili üzrə su sızma hadisəsindən sonrakı vəziyyət saxlanılmadığından, həmin mənzilin tikililərin konstruktiv elementləri üzrə təmir-bərpa işləri aparıldığından və tikililərin hansı hissələrinin suaxmaya qaldığını müəyyən etmək mümkün olmadığından, həmin tikililərin konstruktiv elemetlərinə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan video görüntülərlə və fotoşəkillərlə tikililərin texniki parametrlərini, ölçülərini, sahələrini, eləcə də qüsurların həcmini dəqiqliklə müəyyən etmək mümkün olmadığından 43 saylı mənzilə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat məbləğində sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 80 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC MPP05399 nömrəli sığorta şəhadətnaməsi əsasında əmlak sığorta növü üzrə sığortalanmış X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 43 saylı mənzilə xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus üst mərtəbədəki mənzildən su axıdılması nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar iddiaçı tərəfindən həmin mənzilin sahibinə 6000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin hadisə ilə əlaqədar X2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 43 saylı mənzilə üst mərtəbə yerləşən cavabdehə məxsus 48 saylı mənzildən su axıdılması nəticəsində ziyan dəymişdir. Bu fakt "xxxx" MTK-nın sözügedən hadisə ilə əlaqədar cəmiyyətə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, A-018 saylı məktubunda da öz əksini tapmışdır.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 1239/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın əsası kimi təqdim etdiklər sığorta hadisəsinin araşdırılması zamanı zərərvuranın kimliyinin təsdiq olunması məqsədi ilə xx.xx.2020-ci il tarixli, №0656-1/20 saylı sorğularına cavab olaraq təqdim edilmiş "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli, A-018 saylı məktubunda zərərin dəyməsi faktı və zərərvuranın kimliyi barədə məlumatlar öz əksini tapmışdır. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin dispozisiyasında da qeyd edildiyi kimi zərərvuran şəxs vurulmuş zərəri tam həcmdə ödəməlidir. Məhkəmə göstərilən zərərin sübut edilməməsi faktına istinad edərkən sübut qismində təqdim edilən "xxxx" MTKnınxx.xx.2020-ci il tarixli, A-018 saylı məktubunun ksero-surətinin təqdim edildiyini və məktubu imza edənin səlahiyyətini, habelə şəxsiyyətini müəyyən etməyin mümkün olmadığına istinad etmişdir. Lakin “elektron məhkəmə” sistemi vasitəsilə qeyd edilən sənədin əsli məhkəməyə təqdim edildiyi halda həmin sənədin ksero-surətinin təqdim edilməsinin göstərilməsi heç bir məntiqə əsaslanmır. Həmçinin məktubu imza edənin səlahiyyətinin və şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmamaması ilə bağlı məhkəmənin qeydi ilə bağlı bildirilir ki, həmin sənəd şəxsin özəl yazısı ilə yazılmış və "xxxx" MTK-nın möhürü ilə təsdiq olunmuşdur. Cavabdeh məhkəmə baxışı gedişində sənədin mötəbərliyini şübhə altına alaraq sənədi mübahisələndirsə də, məhkəmə tərəfindən MTK-nın səlahiyyətli nümayəndəsinin işdə iştirakını təmin etmək mümkün olmamışdır. Belə olan halda cavabdeh öz etirazının əsası kimi sənədin mötəbərliyini şübhə altına alacaq halı sübut edə bilməmişdir. Məhkəmə isə həmin şəxsin səlahiyyətli olub-olmaması ilə bağlı məsələ öz həllini tapmadan qətnamənin çıxarılmasını qət etmişdir. Qeyd edilənlərdən də aydın olduğu kimi məhkəmə zərərin vurulması ilə bağlı məsələyə düzgün yanaşmamış və bu hal göstərilənmaddi normanın pozulmasına gətirib çıxarmışdır. Məhkəmə həmçinin sığortalı ilə aralarında bağlanmış sığorta şəhadətnaməsinin təqdim edilmədiyini bildirmişdir. Mübahisənin əsas predmetini təşkil edən halların vurulmuş zərərlə və zərərin miqdarı ilə bağlı olması səbəbindən sığortalı ilə aralarında bağlanmış sığorta şəhadətnaməsi mübahisəni həll edəcək əsas sübut kimi qiymətləndirilə bilməz.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, o, iddia ərizəsində tələb olunan heç bir məbləği qəbul etmir. Onun mənzili 10-cu mərtəbədə yerləşir, yuxarı mərtəbədəki mənzildə bir türk vətəndaşı yaşayır. Onun mənzilindən aşağıdakı məzilə su axıdılmayıbdır, kimin mənzilindən suyun axıdılmasının müəyyən olunmasını xahiş edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2 delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
20. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək bildirir ki, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 48 saylı mənzildən "xxxx" ASC-də sığortalanmış X4 məxsus həmin ünvanda yerləşən 43 saylı mənzilə su axıdılması hadisəsinin baş verməsi nəticəsində sonuncu mənzilə maddi ziyan vurulmuş, maddi ziyanın baş verməsinin sübutu qismində isə yalnız Naxçıvan Muxtar Respublikası Sədərək rayonu, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli məktubunun surəti, iddiaçı ilə sığortalı Dmitriy Smirnov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli sığorta aktı təqdim edilmişdir. İddiaçı tərəfindən iddia olunur ki, sözügedən mənzilə vurulmuş ziyanın məbləği 6000 manatdır. Bunun sübutu kimi isə xx.xx.2020-ci il tarixdə müstəqil ekspert kimi qeyd edilən R.A.Əlişov tərəfindən tərtib edilmiş mütəxəssis rəyini məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən sığortalıya iddia olunan 6000 manat məbləğində pul köçürüldüyünü təsdiq edən xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı təqdim edilmişdir.
26. İddiaçı tərəfindən göstərilən sənədlər məhkəməyə təqdim edilsə də, birinci instansiya məhkəməsi həmin sənədləri hazırkı iddia tələbinin təsdiqi və təmini üçün kifayətedici hesab etməmişdir.
27. Belə ki, iddia ərizəsində qeyd edilən sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənəd kimi, yalnız Naxçıvan MR Sədərək rayonu, "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli məktubunun kserosurəti təqdim edilmiş, həmin məktubu imza edənin səlahiyyətini, habelə şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır, ona görə də, birinci instansiya məhkəməsi həmin sübutu mötəbər və əsaslı hesab etməmişdir.
28. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 69 ünvanında yerləşən 43 saylı mənzilə 6000 manat ziyan vurulmasına dair iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən həmin mənzilə məhz sözügedən ünvanda yerləşən Cavabdeh məxsus 48 saylı mənzildən su axıldığını, yaxud cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddia olunan deliktin baş verdiyini müəyyən etmək mümkün olmamışdır.
29. Bundan əlavə apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/6776 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov ünvanında yerləşən 69 saylı evin 43 saylı mənzili üzrə su sızma hadisəsindən sonrakı vəziyyət saxlanılmadığından, həmin mənzilin tikililərin konstruktiv elementləri üzrə təmir-bərpa işləri aparıldığından və tikililərin hansı hissələrinin suaxmaya qaldığını müəyyən etmək mümkün olmadığından, həmin tikililərin konstruktiv elemetlərinə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan video görüntülərlə və fotoşəkillərlə tikililərin texniki parametrlərini, ölçülərini, sahələrini, eləcə də qüsurların həcmini dəqiqliklə müəyyən etmək mümkün olmadığından 43 saylı mənzilə hansı həcmdə ziyan dəyməsini və su sızmasının səbəbini müəyyən etmək mümkün olmamışdır.
30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
31. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)-1239/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 1239/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 250 (iki yüz əlli) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.