Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1590/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 243/2023 saylı 29 mart 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia verərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı paylı mülkiyyətdə olan mənzilə məcburi köçürülməsini, mənzilin ümumi sahəsi və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, kompensasiya ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 150,7 m2 ümumi sahəsi olan mənzildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********24-05301-093195 reyestr nömrəli çıxarışa əsasən mənzildə 1/3 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh qanunsuz hərəkətləri səbəbindən sözügedən mənzildən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Cavabdeh mənzilinin açarlarını dəyişmiş, eyni zamanda iddiaçının mənzilə daxil olmasına müxtəlif maneələr törədir. Bu səbəbdən iddiaçının öz mülkiyyətindən istifadə etməsini, sahiblik etməsini və mülkiyyət hüquqlarının həyata keçirilməsini mümkünsüz etməklə, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Cavabdeh iddiaçının 1\3 hissədə mülkiyyətçi olduğu mənzilə köçürülməsinin qarşısını alır. Cavabdehin özü və vəkili həm şifahi, həm də yazılı iddiaçının sözügedən mənzilə köçürülməsinə qəti şəkildə etiraz etmişlər. Bu səbəbdən iddiaçı sözügedən mənzildən istifadə edə bilmədiyi üçün iddianı dəyişərək paylı mülkiyyətində olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul olunmasını tələb etmək niyyətindədir. Cavabdehə hazırkı mülki iş üzrə rəsmi yaşayış yerlərinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə təklif məktubu göndərilmişdir. Təklif cavabdeh tərəfindən qəbul edilmişdir. Bakı Şəhər İcra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2023-cü il tarixli 2(103)-3922/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı mənzili açıq hərracdan satılması, əldə olunan vəsait İddiaçı və Cavabdeh arasında paylarına mütənasib surətdə, yəni 1/3 və 2/3 hissələrdə bölüşdürülərək onlara ödənilməsini qət etmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(103)-3922/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3631/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(103)-3922/2023 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçi ilk olaraq mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi barədə iddia versə də, sonradan iddia tələbini dəyişib paylı mülkiyyətdən payın ayrılması tələbini irəli sürmüşdür. Apellyasiya məhkəməsi isə işin bu halına diqqət yetirməmiş, iddiaçı tərəfindən dəyişdirilmiş tələbin yeni tələb olub-olmamasına Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmiş, həmin tələb üzrə ilkin mediasiya mərhələsi şərtinə əməl edilməməsinə diqqət yetirməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, payının ayrılması tələbinə baxarkən apellyasiya məhkəməsi payın naturada ayrılmasının mümkün olmadığına, iddiaçının öz payına müvafiq pul kompensasiyasının (dəyərinin) ödənilməsi təklifinə cavabdehin qəti etiraz etməsinə istinad edərək, mənzilin açıq hərracda satılması və pulunun paylara uyğun bölünməsi tələbini əsaslı hesab etmişdir. Lakin apelyasiya məhkəməsində keçirilmiş bir məhkəmə iclasının protokolundan görünür ki, məhkəmə ümumiyyətlə cavabdehin iddiaçının payına uyğun kompensasiya məbləğini ödəmək niyyətinin olub-olmaması, iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləğinin real və ağlabatan məbləğ təşkil edib-etməməsi ilə bağlı heç bir araşdırma aparmamışdır. Buna baxmayaraq, məhkəmə qətnaməsində cavabdehin ümumiyyətlə kompensasiya olaraq iddiaçıya hər hansı bir məbləğ ödəməyəcəyini bildirdiyini göstərmişdir. Halbuki bununla bağlı məhkəmə iclas protokolunda heç bir şey qeyd edilməmişdir. Hazırki iş üzrə iddiaçı mənzilin bazar dəyərinin 240.000 manat olduğunu və buna görə də, ona 80000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Apellyasiya məhkəməsi tələb edilən kompensasiya məbləği ilə bağlı əks tərəfin münasibətini öyrənməmiş, həmin məbləğin həqiqliyini müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının valideynlərinə məxsus əmlakları sadalamışdır, halbuki valideynlərin əmlakının iddiaçıya hər hansı bir aidiyyatı yoxdur. Eyni zamanda məhkəmə İddiaçı məxsus Zərdab rayonunun Dəliquşçu kəndində yerləşən icarədə və ya mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahələrinin olmasını vurğulayır, halbuki Zərdab rayonu Dəliquşçu kəndində paylı mülkiyyətində (1/2 hissə) 3,67 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022- ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zərdab rayonu Dəliquşçu kəndində xx.xx.2000-ci il tarixli, JN-132 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı ümumi birgə mülkiyyətində 2,68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Zərdab rayonu Dǝliquşçu kəndində xx.xx.2002-ci il tarixli, JN-132A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamǝyə əsasən İddiaçı ümumi birgə mülkiyyətində 0,20 ha həyətyanı torpaq sahələrinə dair sənədlərə nəzər salsaq müəyyən edilir ki, Cavabdeh sözügedən torpaq sahələrində ya paylı, ya da ki birgə mülkiyyətçidir, lakin bu hal məhkəmə tərəfindən nəzərə alınmamış, bu hala məhkəmə tərəfindən hər hansı münasibət bildirilməmişdir. Cavabdeh da İddiaçı kimi sözügedən torpaqlarda mülkiyyətçidir, lakin bu barədə məhkəmə öz qətnaməsində susmuşdur. Bundan başqa, qüvvədə olan qanunvericilik valideynin üzərinə övladlarının yaşamaları üçün yaşayış sahəsi ilə təmin etmək vəzifəsi qoymamışdır. Və bu cür vəzifənin iddiaçının üzərinə qoyulması nəinki milli qanunvericilikdə, hətda qanunvericiliyimizdə öz əksini tapmış hüquq prinsiplərində belə nəzərdə tutulmamışdır. İddiaçı 4 övladı üçün alimenti ödəyir, bu da bizə deməyə əsas verir ki, o, öz valideynlik borcunu yerinə yetirir, baxmayaraq ki, təyin olunmuş alimentin miqdarı onun aldığı əmək haqqından 2 dəfə artıqdır. O ki qaldı mənzilin hərrac vasitəsi ilə satılmasına nail olmaq məqsədinə, burada birinci instansiya məhkəməsi sadəcə cavabdehin etirazlarını təkrarlamış, çıxılmaz vəziyyətin nədə ifadə olunmasına aydınlıq gətirməmişdir. Məhkəmənin gəldiyi nəticə ilə qəti şəkildə razılaşmayaraq bildirmişdir ki, məhkəmə faktiki olaraq İddiaçı öz mülkiyyət hüququndan mərhum etmişdir. Belə çıxır ki, İddiaçı öz mülkiyyətinə köçə bilməz, istifadə və sahiblik edə bilməz .Bu azmış kimi, mülkiyyətçi öz mülkiyyətdə olan əmlakına sərəncam vermək hüququndan da mərhum olunmalıdır. İşin hallarından da müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar sirasında mübahisəli mənzildən başqa yaşayış sahəsi yoxdur. Mübahisəli mənzilin orta bazar qiyməti iddiaçının bildirdiyinə görə 240.000 manat təşkil edir, bu məbləğdən İddiaçı öz payına uyğun 80.000 manat mülkiyyət hüququnun itirilməsi üçün kompensasiya şəklində ona ödənilməsini cavabdehə təklif etmiş, lakin cavabdeh 1 manat da ödəməyəcəyini bildirmiş, sual veriləndə ki, bəs İddiaçı harada yaşasın?, atasıgil varlıdır, gedib onların yanında yaşasın deyərək məhkəməyə cavab vermişdir. Əfsuslar olsun ki, məhkəmə heç bir qanuni əsası olmayaraq cavabdehlə razılaşmış, cavabdehin hüquqazidd, absurd cavablarını qətnaməsinin əsaslandırılmasına daxil etmişdir. İddiaçının paylı mülkiyyətdə 1/3 hissədə mülkiyyət hüququ dövlət tərəfindən tanınmasına baxmayaraq, o, özünə məxsus hissəsindən istifadə edə bilmir, sahiblik edə bilmir, sərəncam verilməsi hissəsində isə birinci instansiya məhkəməsi onu bu hüquqdan məhrum etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alıb və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələbinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki prosessual qanunvericiliyin qeyd olunan müddəası tələb edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə iddia verildikdə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sübutlar da təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1 və 150.1.7-ci maddələrinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməli və həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmalıdır. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəf məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət edərkən xx.xx.2022-ci il tarixli, MŞB/-02548 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışı iddia ərizəsinə əlavə etmiş, qeyd olunan arayış tərəflər arasında olan “mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” mübahisəsi barədə olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Rəşid İsmayılov küçəsi 11D saylı evin 8 saylı ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, kompensasiya ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, verilmiş ərizə ilə iddia tələbi dəyişdirilmiş, yeni tələblə əvəz olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçının mahiyyətcə yeni olan dəyişdirilmiş tələbinə dair məsələnin məhkəmədənkənar həlli qaydasına əməl olunmamışdır. Belə ki, ümumi paylı mülkiyyətdə olan mənzilinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, kompensasiya ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışına və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair mübahisənin mediasiya yolu ilə həllinə dair iddiaçı tərəf qanunvericiliklə müəyyən edilmiş qaydalara əməl etməmiş, ancaq xx.xx.2022-ci il tarixdə cavabdehə yazılı qaydada təklif ünvanlamışdır. Tərəfin yazılı təklif göndərməsi mediasiya prosesinin tətbiqini əvəz etmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanununun 21.9-cu maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. 31 mart 2011-ci il tarixli “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarının 13-1-ci bəndində qeyd edilir ki, məhkəmələr izah edilsin ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində nəzərdə tutulan əsaslarla ərizə o zaman baxılmamış saxlana bilər ki, həmin Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf, həmin Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, həmin Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokolu, 21.8-ci maddəsində nəzərdə tutulmuş arayışı əlavə etməsin, o cümlədən mediasiyaya dair qeyd-şərt olduğu halda həmin Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlanmış mediasiya prosesinə həmin Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilməsin. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələbi baxımından mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsinə dair məhkəməyə müraciət olunması qaydası pozulmuş, məhkəmələr tərəfindən isə yuxarıda qeyd edilən nöqsan nəzərə alınmadan işə mahiyyəti üzrə baxmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 243/2023 saylı 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Azərbaycan Respublikası MPM-in 402.2ci maddəsinin tələblərinə uyğun olaraq qərardaddan kassasiya şikayəti verilə bilməz. Belə ki, həmin maddənin tələbinə görə yalnız apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə və iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 243/2023 saylı 29 mart 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “payın naturada bölünməsi, kompensasiya ödənilməklə payın əldə edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına uyğun bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1590/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1590/2024
21.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver