Məhkəmə qərarları › İş №2(103)-1592/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1592/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1592/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)1954/2022 nömrəli iş üzrə 2022-ci il 10 oktyabr tarixli qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" KB ASC ilə İddiaçı1 arasında 2016-cı il 2 fevral tarixli, 427 nömrəli və İddiaçı2 arasında 2016-cı il 24 fevral tarixli, 429 nömrəli Əmanət Müqavilələri bağlanmışdır.

2. Hər iki müqavilənin 1.1-ci bəndinə görə bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilələrin 1.2-ci bəndləri ilə İddiaçı1 tərəfindən əmanətin 12 ay müddətinə, illik 8 faizlə, İddiaçı2 tərəfindən isə eyni müddətə, lakin illik 11 faizlə qoyulması şərtləndirilmişdir.

4. Hər iki müqavilənin;

5. 1.4-cü bəndinə görə, əmanət məbləği Müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş müddətdən tez götürüldükdə illik 3 faiz hesablanır;

6. 2.9-cu bəndinə görə, əgər “Əmanətçi” əmanətin qüvvədə olma müddəti bitdikdən sonra öz əmanətini tələb etməmişdirsə, onda bu müqavilə olduğu şərtlərlə eyni müddətə uzadılmış hesab edilir;

7. 5.2-ci bəndinə görə “Bank” tərəfindən “Əmanətçi”-dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır.

8. 5.3-cü bəndində “Bank”ın məcburi ləğvi və ya müflis elan olunması sığorta hadisəsi kimi nəzərdə tutulmuşdur.

9. 5.7-ci bəndinə görə fond sığorta hadisəsi baş verdikdə, əmanətçiyə əmanət məbləğinin 100 faizi, lakin, 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir.

10. İddiaçılar öz adlarına açılmış bank hesablarına hər biri 200.000 ABŞ dolları olmaqla pul vəsaitini əmanət qismində mədaxil edilmiş, Bank tərəfindən bu barədə müvafiq əmanət kitabçaları tərtib edilərək onlara verilmişdir.

11. Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli iddiaçılara ünvanladığı məktubunda, ləğv prosesində olan "xxxx" KB ASC-də İddiaçı1 və İddiaçı2 məxsus hər hansı kreditor tələbin aşkar edilmədiyini bildirmişdir.

12. "xxxx" ASC tərəfindən 2016-cı il 14 iyul tarixdə İddiaçı2 adına tərtib edilən və SN: 95716/2132721 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 200000 ABŞ dolları əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir.

13. "xxxx" ASC tərəfindən eyni tarixdə İddiaçı1 adına da order tərib edilmiş və SN 95717/2132724 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 200000 ABŞ dolları əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir.

14. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tarixində İddiaçı2 adına tərtib edilən və SN 95878/2144815 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir.

15. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tarixində İddiaçı1 adına tərtib edilən və SN 95874/2144813 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir.

16. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli 2-1(81)- 361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il 25 iyul tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə 2016-cı il 31 avqust tarixində dərc edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçılar məhkəməyə müraciət edərək, İddiaçı2 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları əmanət məbləğinin sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 2016-cı il 2 mart tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçılarla cavabdeh bank arasındakı müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 2.9-cu bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. Ləğv prosesində olan "xxxx" Bankın lisenziyası ləğv edilmiş və ləğv qərarına əsasən "xxxx" Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir.

19. Cavabdehin nümayəndəsi X3 məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, Əmanətlərin Sığortalanması Haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin Sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bank əmanətçilərinin hüquq və qanuni mənafelərini qorumaq, əhalinin əmanətlərinin bank sisteminə cəlb edilməsini stimullaşdırmaq, ona olan inamı möhkəmləndirmək, fiziki şəxslərin əmanətlərinin icbari sığortası sisteminin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29- cu maddəsinin İ, İİ və İİİ hissələrdinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Qanunun və Plenumun xüsusi qeydlərindən görünür ki, Fond əmanəti şəxsin mülkiyyəti kimi deyil kompensasiya olaraq əmanətçiyə ödəyir. Bundan əvvəl məhkəməyə ünvanlanan ərizədə qanunamüvafiq qərarın qəbul edilməsi və məhkəmənin tərəfə tövsiyəsi xahiş edilmişdir. Lakin son məhkəmə iclasında iddiaçı tərəfin vəkilinin mövqeyinə əsasən Fondun kompensasiya olaraq mübahisə predmeti olan məbləği icra etməsi tələbi birmənalı təmin edilməməlidir. Fond tərəfindən kompensasiya ödənişi sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin, tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə, tələb üzrə ödəniş kompensasiya olaraq deyil növbədən kənar qaydada ödənilmə nəzərdə tutulmalıdır. Belə ki, ƏSH Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Ləğv prosesində olan “Dekabank’’ ASC Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)- 3617/2016 saylı qərarı ilə məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Qanundan görünür ki, kompensasiya olsa belə artıq ümumi 5 il müddət belə ötürülmüşdür. Bu xüsusatlara və qanunvericiliyin müvafiq müddəalarına əsasən hesab edirlər, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla müştəri arasında olan münasibətləri tənzimləyir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından, aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. İddiaçı tərəfin məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsinə mürasibətdə isə bildirmişdir ki, məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək cinayət əməlinin olubolmamasının araşdırılması üçün Baş Prokurorluğa göndərilməsinə etiraz etmir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

20. İddiaçıların vəsatətinə əsasən ekspertiza təyin edimiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı məhkəmə-xətşünaslıq ekspertiza rəyinə əsasən; 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza İddiaçı2 tərəfindən icra olunmuşdur; 1.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 1.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 2.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar və “Alanın imzası” qrafasındakı imza, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar və “Alanın imzası” qrafalarındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar - X2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar ilə İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

21. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)1954/2022 nömrəli iş üzrə 2022-ci il 10 oktyabr tarixli qətnaməsi ilə (hakim Natəvan Tağıyeva) iddia qismən təmin edilmiş, "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanılmış 24 fevral 2016-cı il tarixli, 429 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödənilməsi, "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016cı il tarixli, 427 saylı Əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsinin eyni tarixli xüsusi qərardadı ilə "xxxx" ASCnin işçilərinin, eləcə də digər şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin olubolmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumatın verilməsi və bu məqsədlə xüsusi qərardadın surətinin və iş materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

23. Birinci instansiyası məhkəməsi, xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərinə əsasən əmanət məbləğlərinin tam məxaric edilməsi ilə bağlı məsələyə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, əmanət məbləğlərinin iddiaçılara ödənilməsi ilə bağlı olan məxaric orderlərinin iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Hazırda iddiaçılar əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə kompensasiya olaraq onlara ödənilməsini məhkəmədən xahiş edirlər.

24. Cavabdeh tərəfin iddiaçıların kompensasiya almaq üçün müraciət etmək müddətini ötürdüklərini bildirirək iddianın rədd edilməsi barədə etirazına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların bankdan əmanətlərini məxaric etməməsi hazırkı məhkəmə mübahisəsi ərzində ekspert rəyi ilə təsdiq olunduğundan, göstərilən müddət iddiaçılara aid edilməməlidir.

25. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına istinad edərək qeyd etmişdir ki, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun qeyd olunan şərti tərəflər arasında bağlanan müqavilələrdə də öz əksini tapmışdır.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanan əmanət müqavilələri ilə banka yerləşdirilmiş əmanətlərin 30.000 manat hissəsi sığortalanmışdır.

27. Birinci instansiya məhkəməsi öz mövqeyini “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 25.1.4, 26.1, 27.1, 28.3, 28.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2, 948.1, 949, 950-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

28. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apelyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçıların Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla da göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçılar Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bu ötürülməni hər-hansı səbəblə ötürdüklərini təsdiq edən sənəd əlavə etməmişlər. Məhkəmə öz qətnaməsində hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilən normalar bankla əmanət qoyan arasında olan münasibətləri tənzimləyir. Məlumdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə kompensasiya alan arasındakı hüquq normalarını xüsusi normalar tənzimləyir (Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanunu, Banklar haqqında Azərbaycan Respublikasının Qanunun). Hazırkı işdə işin mübahisəli halı sığorta hadisəsi baş verən anda iddiaçıların əmanətlərinin sığortalı olub-olmaması ilə bağlıdır. Sığorta hadisəsi baş verəndə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verənədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli deyildi. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. Göründüyü kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq banka belə bir müraciət daxil olmamışdır.

30. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1022/2023 nömrəli iş üzrə 2023-cü il 27 mart tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edilmişdir. Lakin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən mübahisələndirilən məbləğlərin hələ 2016-cı ilin iyul ayında məxaric edilməsinə dair xəzinə məxaric orderləri təqdim edilmişdir. Bununla belə, cavabdeh ilk olaraq ümumiyyətlə iddiaçıların hazırda belə bir əmanətlərinin olmadığı mövqedən çıxış etmişdir. Bununla bağlı təyin edilmiş məhkəməxəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində həmin orderlərdə olan imzaların iddiaçılara məxsus olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılara münasibətdə müddətin axını məhz bu halın müəyyən edildiyi tarixdən başlayır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

32. Cavabdeh kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmidir.

33. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Şikayətdə göstərilmişdir ki, iddiaçılar (əmanətçilər) bankın səhmdarının yaxın qohumlarıdırlar və “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.5.2-ci maddəsinə əsasən həmin şəxslər qorunan əmanətçi hesab edilmirlər və onlara kompensasiya ödənilməsi qanuna uyğun deyildir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 4167/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1022/2023 saylı, 2023- cü il 27 mart tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

36. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

37. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçılar və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

38. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

39. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

40. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

41. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

42. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

43. Maddə 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

44. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.

45. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.

“Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu:

46. Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir.

47. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir: Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər.

48. Maddə 8.1.20. X4 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir;

49. Maddə 25.1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var.

50. Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 (otuz yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. (18 dekabr 2020-ci il tarixədək olan redaksiyada)

51. Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

52. Maddə 27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur.

53. Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

54. Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarı:

55. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı:

56. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

60. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

61. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

62. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

65. Hazırki halda apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)1954/2022 nömrəli, 2022-ci il 10 oktyabr tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

67. Kollegiya kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin müddətlə bağlı yanaşması düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə üzürlü səbəb kimi qiymətləndirdiyi halların depozitin qaytarılmasına dair gecikdirilmiş müraciətin edilməsindən sonrakı dövrə təsadüf etməsini nəzərə almamış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

68. Kollegiya qeyd edir ki, məhkəmə müddətin axımının Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk bildirişin xx.xx.2016-cı il tarixində dərc edildiyi tarixdən hesablanmalı olduğunu da nəzərə almamışdır.

69. İşin araşdırılmış hallarından görünür ki, əmanətçilər kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində Fonda ərizə ilə müraciət etməmiş, iddiaçıların kompensasiya almaq hüququ cavabdeh tərəfindən ilk bildirişin dərc edildiyi xx.xx.2016-cı il tarixindən başlayaraq beş il müddətində saxlanılmışdır və iddiaçılar xx.xx.2021-ci il tarixdə Fonda və xx.xx.2022-ci ildən məhkəməyə müraciət edərkən bu müddəti ötürmüşlər.

70. Kollegiya qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğunu yalnız həmin müddət çərçivəsində baş vermiş hallara münasibətdə aydınlaşdırması ilə bağlı kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, üzürlü halların müəyyənləşməsi ilə əlaqədar iddiaçı tərəfə sübutların təqdim edilməsi bildirilsə də, iddiaçı tərəf hər hansı sübut təqdim edə bilməmiş, mövqeyini əsaslandıracaq fikir bildirməmişdir.

71. Belə ki, “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə görə isə bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildyi gündən başlayaraq beş il müddətinə saxlanılır.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)1954/2022 nömrəli iş üzrə 2022ci il 10 oktyabr tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar