Məhkəmə qərarları › İş №2(103)-1595/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1595/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1595/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Cavabdeh ilə X2 (İddiaçı əvəzinə) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh “ikinci tərəfin” mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür, satılan əmlak 250.000 (iki yüz əlli min) manata qiymətləndirilir. Həmin məbləğin 40.000 (qırx min), manatını «İkinci tərəf» beh olaraq verdi qalan hissəsini isə 210.000 (iki manatı alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün birinci tərəfə ödəməyi barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri hazırki müqavilədən irəli gələn öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Əgər «Birinci tərəf» özünə məxsus olan evin razılaşdırılmış müddətdə (xx.xx.2018) «ikinci tərəfin» mülkiyyətinə keçməsindən imtina edərsə, o halda «İkinci tərəfin» ödədiyi 40.000 (qırx min) manat behin əvəzində «Birinci tərəf» dən ikiqat olaraq 80.000 (səksən min) manat atmaq hüququna malikdir.

2. İddiaçı cavabdehin xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən edilmiş vaxtda icra etmədiyini bildirir və cavabdehdən aralarında bağlanmış beh müqaviləsi üzrə 80.000 manat məbləğində pul vəsaiti tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 354 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40.000 (qırx min) manat məbləğindən behin ikiqat olaraq 80.000 (səksən min) manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7.951 (yeddi min doqquz yüz əlli bir) manat məbləğində pulun, cəmi 87.951 (səksən yeddi min doqquz yüz əlli bir) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 (üç yüz əlli dörd) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında 24 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunda beh müqaviləsi bağlanmış, həmin beh müqaviləsinin şərtlərinə görə cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixədək notariat kontorunda onunla alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. Aralarında olan razılığa görə satılacaq əmlak 250.000 manat qiymətləndirilmişdir. Həmin məbləğin 40.000 manatı beh müqaviləsinə əsasən, tərəfindən cavabdehə verilmiş, qalan 210.000 manat məbləğində pulun ödənilməsini isə alqı-satqı müqaviləsi bağlandığı gün ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və beh müqaviləsi ilə müəyyən olunmuş müddətdə onunla alqı-satqı müqaviləsi bağlamamışdır. Belə ki, cavabdehlə arasında beh razılaşması olan zaman cavabdeh evin sənədlərinin qaydasında olmadığını, lakin xx.xx.2018-ci il tarixədək sənədləri qaydasına salacağı və alqı-satqı müqaviləsi bağlanması üçün sənədlərin tam hazır olacağını bildirmişdir. Cavabdeh bunun üçün 40.000 manat pula ehtiyacı olduğunu və evin sənədlərinin tam qaydasına salınması üçün həmin məbləği ona verməsini bildirmişdir. Aralarında gedən danışıqlardan sonra onlar razılığa gəlmiş və o, 40.000 manat məbləğində pulu cavabdehə vermişdir. Çünki sənədlərdən də görünürdü ki, sənədlər alqı-satqı üçün tam hazır deyildi və cavabdehin dediyinə görə də alqı-satqı müqaviləsini bağlaması üçün sənədlərin hazırlanmasına 40.000 manat məbləğində pul tələb olunurdu. Cavabdehin ondan istədiyi məbləğ xeyli miqdarda olduğundan aralarında beh müqaviləsi bağlamağa qərar vermişlər. Cavabdehlə beh müqaviləsi bağladıqdan iki ay, yəni müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra əlaqə saxlamış, sənədlərin hazır olub-olmadığını soruşmuş, o isə sənədlərin hazır olmadığını və əlavə müddətə ehtiyacı olduğunu bildirmişdi. Bir neçə aydan sonra, yəni 2018-ci ilin dekabr ayında təkrar cavabdehlə əlaqə saxlamış və o, ona bildirmişdir ki, artıq sənədlər hazır olur, müəyyən prossedur var ki, onları keçmək lazımdır. Beləliklə xeyli müddət keçdi, lakin cavabdehdən heç bir xəbər çıxmadı. 2019-cu ilin fevral ayında təkrar əlaqə saxlamış və bu dəfə bildirmişdir ki, artıq çox vaxt keçib sənədlər hələ də hazır deyil. Cavabdeh isə cavabında ona ilin sonu ilə əlaqədar işlərin dayandırıldığını və buna görə də yubanmalar baş verdiyini bildirmişdir. Bundan bir neçə ay sonra, yəni iyul ayında cavabdehlə yenidən əlaqə saxlamış və bildirmişdir ki, əgər sənəd düzəlmirsə verdiyi pulu qaytarsın. Cavabdeh isə əminliklə bildirmişdir ki, bir neçə günə əlaqə saxlıyacaq, alqı-satqıya gedəcəklər. Lakin bu dəfə də cavabdeh vədinə yalan çıxmış, heç bir sənədi ortaya çıxartmamış və beləliklə də alqı-satqıya gedə bilməmişdir. Bundan sonra yenə təkidlə ondan pulunu istəmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməyə başlamışdı. Daha sonra o pandemiyanı bəhanə etməyə başladı və beləliklə onu aldatmaqda davam etdi. Bir ay əvvəl isə ona məlum olmuşdur ki, cavabdeh 2018-ci ilin sonu evin sənədini düzəltmiş və evi başqa şəxsə satmışdır. Lakin həmin vaxtadək o evin sənədinin hazır olmadığını və bu səbəbdən alqı-satqıya gedə bilmədiklərini bildirirdi. Görünür ki, cavabdehin niyyəti onun pulu ilə evinin sənədlərini düzəltdirmək, onun pulunu ələ keçirmək, evi isə başqa şəxsə satmaq olmuşdur. Bu da onu göstərir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun 40.000 manat pulunu ələ keçirmiş, bundan başqa ona əlavə maddi ziyan vurmuşdur. Belə ki, o cavabdehə beh müqaviləsi bağladıqları gün 40.000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu ona satacağı evinin sənədlərini düzəltdirmək məqsədi ilə almış, lakin cavabdeh evin sənədlərini düzəltdirərək evi başqa şəxsə satmış, müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və dörd il ərzində o 40000 manat məbləğində pul vəsaitindən faydalanaraq Mərkəzi Bankın milli uçot dərəcəsinə uyğun olaraq ən azı 7.951 manat məbləğində pul qazanacağı halda, əksinə cavabdehin hərəkəti nəticəsində ona 7.951 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın vurulduğu dövr xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (beh müqaviləsinin bağlandığı gündən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi günədək keçən müddət - 46 ay 22 gün) olan müddəti əhatə edir. Cavabdeh vaxtından gec evin sənədlərini düzəldərək, evi başqa şəxsə satmaqla beh müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməsini göstərmişdir. Beh müqaviləsinin 3-cü bəndində qeyd olunur ki, “birinci tərəf’ özünə məxsus evin razılaşdırılmış müddətdə (xx.xx.2018) “ikinci tərəf’in mülkiyyətinə keçməsindən imtina edərsə o halda “ikinci tərəf’ ödədiyi 40000 manat behin əvəzində “birinci tərəf’dən ikiqat olaraq 80000 manat almaq hüququna malikdir. Buna görə cavabdehə qarşı 40000 manat məbləğində behin ikiqat olaraq 80000 manat və Mərkəzi Bankın illik 5% milli uçot dərəcəsinə uyğun olaraq 7951 manat, cəmi 87.951 manat məbləğində pulun tutulması barədə iddia qaldırmaq zərurəti yaranmışdır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-2895/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Aytən Novruzava), iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pulun və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı ilə Cavabdeh əmlakın alqı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gəlmişlər və bu məqsədlə, İddiaçı Cavabdeh 40.000 manat məbləğində beh verməklə aralarında müqavilə bağlamışlar. Lakin, sonradan Cavabdeh öz üzərinə düşən işləri yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh məsuliyyət daşıdığından aldığı behin iki mislini, yəni 80.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390, 427.3, 442, 445.2.1, 448.1, 491.1, 491.2, 491.3 və 492-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2018-ci il tarixli beh müqaviləsində müəyyən edilmiş öhdəliklər öhədliklər arasında cavabdeh onun hər hansı işlər görmək, o cümlədən evin alqı-satqısı ilə bağlı sənədlər hazırlamaq kimi bir öhdəlik müəyyən edilməmişdir. Belə bir öhdəliyin müəyyən edilməsi mümkün deyildir, çünki beh müqaviləsinin bağlandığı tarixdə alqı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (şikayətə əlavə edilir) artıq xx.xx.2018-ci il tarixdən mövcud idi. Məhz beh müqaviləsi də həmin çıxarışın notariat ofisinə təqdim edilməsi ilə və onun əsasında bağlanmışdır. İddia ərizəsində qeyd olunanlar isə hər hansı sübutla öz təsdiqini tapmayan və işin faktiki hallarından tamamilə fərqli olan iddiaçının şəxsi mülahizələridir. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi torpaq sahəsi və evə dair hər hansı sənədin hazırlanması zərurəti olmamışdır, çünki beh müqaviləsi bağlanan tarixə cavabdehin torpaq sahəsi və evə dair alqı-satqının bağlanması üçün bütün sənədləri mövcud idi. Digər tərəfdən iddiaçı dəfələrlə onunla əlaqə saxlayıb alqı-satqı müqaviləsini bağlamağa hazır olduğunu bildirməsi barədə iddia ərizəsində qeyd etsə də, bununla bağlı da hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əslində isə işin faktiki halları ondan ibarətdir ki, o, xx.xx.2018-ci il tarixədək və ondan sonra da iddiaçı ilə əlaqə saxlamış ona müddətin başa çatdığını və alqı-satqı müqaviləsinin bağlanmasını təklif etsə də, beh müqaviləsi ilə müəyyənləşdirilmiş məbləği tam həcmdə ödəməyə hazır olmadığını bildirmişdir. Buna görə də, yəni beh müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən icra edilməməsi - xx.xx.2018-ci il tarixinədək 210000 manat məbləğində pul vəsaitinin ödənilməməsi səbəbindən alqı-satqı müqaviləsi bağlanmamışdır. Göründüyü kimi beh müqaviləsinin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıdığına görə beh məbləği əsaslı və qanuni olaraq cavabdehdə qalmışdır. Lakin tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə məhkəmə öhdəliyin yaranma əsasını və müqavilənin icra edilməməsi üçün hansı tərəfin məsuliyyət daşıdığını müəyyən etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan və Mülki Prosessual Məcəllənin tələblərini pozmaqla işə baxmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı

11. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

15. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları təsbit edilir.

17. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

21. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

22. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

23. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

24. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

25. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

26. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 138.1. Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir.

31. Maddə 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır.

34. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.2. işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa; Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası cavabdehin izahatını və onun müdafiəçisinin çıxışını dinləyib, mülki işin materiallarını, apelyasiya şikayətinin dəlillərini, müzakirə edib hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

39. Cavabdeh apelyasiya şikayətində birinci inctansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi əsası kimi onun birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamasına və məhkəmə qətnaməsinin çəkişmə prinsipinin pozulması ilə çıxarılmasına istinad etmişdir.

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilləri ilə razılaşır.

41. Belə ki, Mülki Prosessual Məcəllənin 138-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Mülki Prosesual Məcəllənin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyatı keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Çəkişmə prinsipi tələb edir ki, hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara, o cümlədən qarşı tərəfin təqdim etdiyi qeydlərdən və sübutlardan xəbərdar olmaq və onlar barəsində izahat vermək imkanlarına malik olmalıdır. Hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

42. İş materialları ilə müəyyən olunur ki, işə baxılarkən birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən cavabdehin şəxsiyyətini, yaşayış yerini, qeydiyyatda olduğu yeri müəyyənləşdirmək üçün hər hansı bir araşdırma aparmamış, məhkəmə bildirişlərini cavabdehin ünvanı kimi göstərilmiş ünvan 2zil 230-a göndərmiş, lakin məhkəmə bildirişləri cavabdehə çatdırılmadan məhkəməyə qaytarılsa da, məhkəmə prosessual qanunvericiliyin tələblərinə uyğun məhkəmə bildirişlərinin cavabdehə çatdırılmasını təmin etməmiş, həmçinin “sms” bildirişlərin də cavabdehə çatdırılması mümkün olmamışdır.

43. Məhkəmə öz qətnaməsində cavabdehin məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsi qənaətinə gəlsə də, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, cavabdeh prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məlumatlandırılmamış, bununla da prosessual qanunvericiliyin çəkişmə, tərəflərin bərabərliyi prinsipləri pozulmuşdur.

44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipi ilə əlaqədar yol verilmiş prosessual pozuntuları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri əsaslıdır və həmin qətnamə ləğv olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh iştirakı təmin olunmamaqla, o, cavabdeh kimi məhkəmə prosesində dəlillərini irəli sürmək, sübutlarını təqdim etmək hüquqlarından məhrum olmuşdur. Bu da mülki prosessual qanunvericiliyin (MPM 387.2.2) tələblərinə əsasən qətnamənin ləğvi üçün əsasdır.

45. Cavabdeh qətnamənin ləğv edilməli olması barədə apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iş materiallarında cavabdehin beh müqaviləsi üzrə öhdəliyini pozmasını təsdiq edən hər hansı bir sübut olmadığı halda işə baxan məhkəmə yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanaraq, əsassız olaraq iddianı təmin etmişdir.

46. Məhkəmə kollegiyası apelyatorun qətnamənin ləğvi barədə qeyd edilən dəlilləri ilə də razılaşır.

47. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh ilə X2 (İddiaçı əvəzinə) arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətdə olan 0.07 ha torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh “ikinci tərəfin” mülkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqı-satqı müqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür, satılan əmlak 250.000 (iki yüz əlli min) manata qiymətləndirilir. Həmin məbləğin 40000 (qırx min), manatını “İkinci tərəf” beh olaraq verdi qalan hissəsini isə 210000 manatı alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün birinci tərəfə ödəməyi barədə öhdəlik götürmüşlər. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra tərəflərdən biri hazırki müqavilədən irəli gələn öhdəliklərinin icrasından imtina edərsə o, bununla əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Əgər “Birinci tərəf” özünə məxsus olan evin razılaşdırılmış müddətdə (xx.xx.2018) «ikinci tərəfin» mülkiyyətinə keçməsindən imtina edərsə, o halda “İkinci tərəfin” ödədiyi 40.000 (qırx min) manat behin əvəzində “Birinci tərəf” dən ikiqat olaraq 80.000 (səksən min) manat atmaq hüququna malikdir. İddiaçı, cavabdehin xx.xx.2018-ci il tarixdə bağlanmış və 3 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat Kontoru tərəfindən təsdiq edilmiş beh müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən edilmiş vaxtda icra etmədiyini bildirir və cavabdehdən aralarında bağlanmış beh müqaviləsi üzrə 80.000 manat məbləğində pul vəsaiti tələb edir.

48. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2018-ci il tarixə kimi evin sənədlərini qaydaya salıb, evə və torpağa çıxarış alacağına və bundan sonra alqı-satqını rəsmiləşdirəcəyinə söz versə də, sözünə əməl etməmiş, dəfələrlə əlaqə saxlasa da, hər dəfə müxtəlif bəhanələr gətirərək, müqavilənin bağlanmasından yayınmaqla, öhdəliyini pozmuşdur.

49. Cavabdeh apelyasiya şikayətində və apelyasiya icraatı zamanı verdiyi izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsində öhdəliyin onun tərəfindən pozulması barədə göstərdiyi dəlillər tam əsassızdır. Belə ki, beh müqaviləsi bağlanarkən, onun tərəfindən hər hansı bir sənədin hazırlanmasına zərurət olmamışdır. Çünki, beh müqaviləsi bağlandığı vaxt onun satmaq istədiyi fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri notariat orqanına təqdim edilmişdir. İddiaçı iddia ərizəsində sənədlərin hazır olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əslində isə işin faktiki halları ondan ibarətdir ki, cavabdeh xx.xx.2018ci il tarixdə və ondan sonra da iddiaçı ilə əlaqə saxlamış, ona müddətin başa çatdığını və alqı-satqı müqaviləsinin bağlanmasını təklif etsə də, iddiaçı beh müqaviləsi ilə müəyyən etdikləri məbləği tam həcmdə ödəməyə hazır olmadığını bildirmişdir. Buna görə də, yəni beh müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən icra edilməməsi - xx.xx.2018-ci il tarixdən 210.000 manat pul vəsaitinin ödənilməməsi səbəbindən, alqı-satqı müqaviləsi bağlanılmamışdır.

50. Cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş Seriya RX ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1, 0,07 ha torpaq sahəsinin yerləşdiyi ümumi sahəsi 282,7 kv.m olan fərdi yaşayış evi tam olaraq xx.xx.2018-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir.

51. Mübahisəyə baxan birinci instansiya məhkəməsinin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməsi barədə gəldiyi nəticə əsaslı olmamışdır. Çünki, yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, beh müqaviləsində cavabdehin üzərinə hər hansı bir sənəd hazırlamaq barədə öhdəlik olması qeyd edilməmişdir. İddiaçının dəlilinin əksinə olaraq müəyyən olunur ki, beh müqaviləsi bağlanılan vaxt cavabdehin sənədləri qaydasında olmuşdur.

52. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələb və etirazının əsaslarını sübut etməlidir (MPM 77-ci maddə).

53. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etmədən çəkişmə prinsipinin tələblərini pozmuş, cavabdehin mövqeyini öyrənmədən, yalnız iddiaçının subyektiv mülahizəsinə əsaslanaraq, işin həqiqi hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

55. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

56. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır.

57. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

58. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən tərəflər arasında bağlanmış beh müqaviləsi üzrə öhdəliyin yaranmasının əsasını və müqavilənin icra edilməsi üçün hansı tərəfin məsuliyyət daşıdığını müəyyən etməmişdir.

59. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh tərəfindən öhdəliyin pozulması halını müəyyən etmir və hesab edir ki, iddiaçı iddia tələbini təsdiq edən sübutları təqdim etmədiyi üçün iddia tələbi rədd edilməlidir.

60. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apelyasiya icraatında iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə qeyd edir ki, həmin ərizənini təmin edilərək, iddia müddətinin tətbiqi üçün əsaslar yoxdur. Çünki, məhkəmə kollegiyası iddia tələbinin əsassız olması qənaətinə gəlmişdir. İddia müddəti isə, iddia əsaslı olduğu halda tətbiq oluna bilərdi. Hazırki halda bu ərizənin təmin edilməsi üçün əsaslar yoxdur.

61. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

62. Azərbaycan Rеspublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar