Məhkəmə qərarları › İş №2(103)-1595/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1595/2024

26.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1595/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili “V.İ.Lenin” adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında İddiaçı verilmiş qərarda onunla birlikdə ailə üzvləri - əri X1, övladları Cavabdeh, X6, X2 və gəlini X3 adları göstərilmişdir.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2231/2012 nömrəli, 18 dekabr 2012-ci il tarixli qərarı ilə mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsi və onun adına mülkiyyət hüququna dair DƏDRX Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən, 13 saylı evin yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013cü il tarixdə qeydiyyata alınmışdır.

4. Bakı şəhəri ASAN 2 mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildə İddiaçı, X6, X4, X5 və Cavabdeh qeydiyyatdadır.

5. MKTB-nin 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 173 saylı arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilində qeydiyyatdadır, lakin qonşuların aktına əsasən 1997-ci ildən etibarən mənzildə yaşamamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8055/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildən Cavabdeh pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili keçmiş “Lenin” adına toxuculuq kombinatı, indiki “Tağıyev” adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında onun adına qeydiyyatdan keçmişdir. Ona məxsus olan mənzildə özü, oğlu, gəlini, nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Lakin cavabdeh uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, ona məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamamış, mübahisəli mənzili tərk etmiş, onlarla birgə təsərrüfat aparmamış, kommunal xərclərin ödənilməsində iştirak etməmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamamışdır. İşin bu halı həm iş materiallarında olan sənədlər, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilənlərlə öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlı olmuşdur. İş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2015-ci il tarixdən sonra belə, mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar olmamışdır. Cavabdehin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinə qarşı cavabdehin (cavabdeh həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) mənzildən qeydiyyatdan çıxarılması barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan mənzildən faktiki olaraq orada yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Qeydiyyatda olan şəxs (yəni cavabdeh) sözügedən mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilmişdir. Göstərilən iddia tələbi üzrə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılarkən də cavabdehin mənzildə yaşamadığı və formal olaraq pasport qeydiyyatında olması müəyyən edilmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin digər əsaslarla təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdeh 2015-ci ildə mübahisəli mənzilin bir hissəsi olan bir otağı mübahisəli mənzilin bir hissəsi kimi tikərək həmin hissədən istifadə etmişdir. Belə olan halda 2009-cu ilədək qüvvədə olan qanunvericilik normalarının ümumiyyətlə hazırkı mübahisəyə tətbiq edilməklə iddianın təmin edilməsi əsassız olmuş və cavabdeh üçün hüquqi nəticələr yaratmışdır. Belə ki, münasibətlər Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməli olduğu halda məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, cavabdehi mülki hüquqi mənada istifadə hüququndan məhrum etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edilməklə iddianın təmin edilməməsi hissəsində də əsassız olmuşdur. Belə ki, qeyd edilən qərar qanuni qüvvəsini almamış, hazırda mübahisə davam edildiyindən həmin qərarda göstərilən əsaslar hazırkı işdə preyudisal əhəmiyyət kəsb etməməlidir. Əksinə hazırkı işdə müəyyən edilən nəticələr inzibati iş üzrə nəticəyə gəlmək üçün əsasdır və bu iş üzrə müəyyən edilən hallar həmin işin nəticəsinə təsir edəcəkdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3768/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını yəni, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını düzgün tətbiq etsə də, işin mahiyyəti üzrə gəldiyi qənaəti ilə razılaşmamaqla qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal cavabdehin tətbiq edilən qanunvericilik normalarının tələbləri baxımından mövcud olan istifadə hüququnun itirilib-itirilməməsidir. Qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünki işdəki sübutların məcmusu onun mənzili birdəfəlik tərk etdiyi, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas verməmişdir. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən də görünmüşdür ki, mübahisəli mənzilin arxa hissəsində ona bitişik otaq tikilmişdir. Həmin özbaşına tikilinin cavabdeh tərəfindən inşa olunduğunu, mübahisəli mənzilin divarına bitişik olduğunu tərəflərin heç biri mübahisələndirməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da nəzərə almışdır ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilin divarına bitişik özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı özbaşına tikilinin cavabdehə məxsus olması və tərəfindən kirayə verildiyini qeyd etmişdir. Cavabdeh tərəf isə 2015-ci ildən etibarən həmin mənzilə bitişik inşa edilmiş tikilidən istifadə etdiyini və hazırda orada yaşadığını bildirmişdir. Müəyyən vaxtlarda isə kirayəyə verməsini də cavabdeh bildirmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli mənzillə bağlı əlaqələrini kəsməmiş, 2015ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bitişik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməmişdir. Yəni iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsasları getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Çünki belə halda müvəqqəti olaraq orada yaşayan şəxslərdən kirayə haqqını almaqla oradan gəlir əldə etməsi də mənzilə bağlılığının itməməsi anlamına gəlir. İddiaçı tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi barədə iddia qaldırması da ona dəlalət etmişdir ki, şəxs hazırda da orada yaşamış və həmin tikili bilavasitə istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilən mənzilə bitişik olmaqla tərkib hissəsi olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4346/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3768/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

19. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 19.1 İddia tələbində göstərilən Bakı şəhəri, Xətai rayonu Altay Məmmədov küçəsindəki 13 saylı evin - yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət 2 saylı mənzili DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Göründüyü kimi həmin mənzilə bitişik inşa edilsə də, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v.126) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir. 19.2 Apellyasiya instansiya məhkəməsi isə mübahisəli mənzilin çoxmənzilli binada yerləşib-yerləşməməsini, mənzillə özbaşına tikilinin giriş-çıxış yolunun eyni olubolmamasını, kommunal xidmətlərin eyni, yoxsa fərqli hesablar üzrə göstərilməsi və ödənilməsini, özbaşına tikiliyə aid hər hansı ünvanın olub-olmamasını, özbaşına tikilinin müstəqil olmaqla mübahisəli mənzildən asılılığının olub-olmamasını, özbaşına tikilinin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən mənzildən ayrıla bilməsini, habelə özbaşına tikilinin kimə məxsus torpaq sahəsində inşa edilməsini və mənzillə özbaşına tikilinin hər hansı başqa bağlılığının olub-olmamasını araşdırmadan, bu məqsədlə mübahisəli mənzilə yerində baxış keçirmədən, zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, cavabdehin istifadəsində olan özbaşına tikilinin mübahisəli mənzilə bitişik olmaqla tərkib hissəsi olması, belə olan halda, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması barədə nəticəyə gəlmişdir. 19.3 Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsi tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilinin yalnız mübahisəli mənzilə bitişik olması nəzərə alınmaqla, həmin mənzilin tərkib hissəsi kimi qəbul edilməsi barədə nəticə əsassızdır. 19.4 Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh iddianın verildiyi vaxtdan 25 il əvvəl (təxminən1997-ci ildə) ailə quraraq mübahisəli mənzildən çıxıb başqa ünvana köçmüş, cavabdehin özünün dediyinə görə isə 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamış, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Təbii ki, Cavabdeh (təxminən1997-ci ildə) ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Ailə qurmuş Cavabdeh (təxminən1997-ci ildən) əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada uzun müddət ərzində yaşaması ilə bağlı hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bu halın sonuncunun başqa yerdə daimi yaşayış yerinin olmasına dəlalət edən hal olub-olmamasına heç bir münasibət bildirilməmişdir. Cavabdehin 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi, hazırki vəziyyətdə mübahisəli mənzilə heç bir aidiyyəti olmadığı görünən özbaşına tikilidə yaşaması və daha sonra həmin özbaşına tikilini də tərk etməsi ilə halların, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması kimi qiymətləndirilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. 19.5 Bundan başqa Cavabdeh 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamasını, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçməsini qeyd etsə də, özbaşına tikilidə yaşadığı halda onun mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. 19.6 Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə dair hüququna münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinin müddəalarının tətbiq edilməli olması əsaslıdır. 19.7 Göstərlənlərdən aydın olur ki, Cavabdeh (təxminən 1997- ci ildə) ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb qalxmaması, həmin mənzillə bağlılığının aradan qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

21. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı cavabdehin anasıdır. Birlikdə uzun müddət yaşayıblar. Cavabdeh iddiaçının icazəsi ilə mənzilə bitişik başqa otaq tikdirmişdir. İddiaçı çertyoju da təqdim etmişdir. 1997-ci ildə mənzil inşa olunub, 1 otaqlıdır və mübahisəli mənzilə bitişikdir. Cavabdeh ailə qurana qədər mübahisəli mənzildə yaşamışdır. 2022-ci ilə qədər mübahisə yaranmamışdır. 2015ci ilə qədər cavabdeh həmin mənzildə yaşayıb, iddiaçı da bunu mübahisələndirməyib. Ailə üzvlərinin razılığı ilə mənzil tikilmişdir, iddiaçı bunu da mübahisələndirməyib. Cavabdehin başqa mənzili yoxdur. Ehtiyacı olduğu üçün 1 otaqlı mənzili bəzən kirayəyə verə bilər, sonra da kirayəşinləri oradan çıxarıb. Cavabdeh bugün orada yaşayır və iddiaçının razılığı ilə inşa edilmişdir. Cavabdehin bir qızı var, qızı ailə qurandan sonra ehtiyacı olanda qızının yanına gedib-gəlib. İddiaçı mənzilin onlar tərəfindən inşa olunması ilə bağlı etiraz verməyib. İddia da qaldırılıb ki, mənzil sökülsün.Yerli baxış keçirilsə hər şey aydın olar. Cavabdehin yaşamaq üçün yeri olmadığı üçün 1 otaqlı mənzil inşa edilib, tərəfindən istifadə edilir. 2015-ci ilə qədər cavabdehin orada yaşamağını iddiaçı keçən apellyasiya baxışında qəbul etmişdir. İddiaçı əlavə tikinti etdiyi üçün giriş-çıxış dəyişdirilib. Qonşu da artırma etmişdir, giriş-çıxışı dəyişmişdir. 1 otaqlı mənzilin sökülməsi ilə bağlı başqa məhkəmədə iş vardır, ekspertiza keçirilmişdir ki, tikilinin binaya aidiyyatının olub-olmaması aydınlaşdırsın. Ekspertizanın nəticəsi olmadığı üçün təqdim edə bilmir. Tikintinin harada yerləşməsini başqa məhkəmə araşdırır.

22. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar etiraf etməyiblər ki, cavabdeh 2015-ci ilə qədər orada yaşayıb. 1993-cü ildə tikinti aparılmışdır. Rayon məhkəməsində cavabdeh bildirib ki, guya ki, ev 2015-ci ildə tikilib, o vaxta qədər tərəflər birgə yaşayıblar. 2015-ci ildən guya ki, cavabdeh köçmüşdür. Onlar sənəd təqdim ediblər ki, çertyoj 2009-cu ildə çəkilmişdir. Orada qeyd edilib ki, 1993-cü ildə tikilmişdir. Cavabdeh yalan izahat verib. Evlərin giriş-çıxışı eyni deyil, fərqli yerlərdədir. Yerli baxış olunsa aydın olar. Cavabdeh illərdir ki, mənzili kirayəyə verir. İddiaçı evi oğluna bağışlamaq istəyir, buna görə də cavabdehin evdən qeydiyyatdan çıxmasını istəyir. Cavabdeh də razılaşmayıb. Cavabdehin başqa evi də var, başqa yerdə də yaşayır. 1997ci ildən köçüb, getmişdir. Cavabdeh ailə qurub, köçmüşdür. Cavabdehin ev ilə heç bir əlaqəsi yoxdur.

Tətbiq edilən hüquq normaları:

23. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

24. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu Altay Məmmədov küçəsindəki 13 saylı evin, 2 saylı mənzili “V.İ.Lenin” adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında İddiaçı verilmiş qərarda onunla birlikdə ailə üzvləri - əri X1, övladları Cavabdeh, X6, X2 və gəlini X3 adları göstərilmişdir. 2013-cü ildə mənzil iddiaçının adına özəlləşdirilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda mənzildə İddiaçı, onun oğlu X6, gəlini X4, nəvəsi X5 və qızı Cavabdeh qeydiyyatdadırlar. MKTB-nin 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 173 saylı arayışa əsasən, cavabdeh mənzilində qeydiyyatda olsa da, lakin qonşuların aktına əsasən 1997-ci ildən etibarən mənzildə yaşamamışdır. Cavabdeh özü mənzilə bitişik özbaşına tikilidə 2015-ci ilədək yaşadığını bildirir. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildən Cavabdeh pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

31. İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Altay Məmmədov küçəsindəki 13 saylı evin 2 saylı mənzilinə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir.

32. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, cavabdehin öz istəyi ilə bağlı uzun müddət, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamamasını, mənzildə qeydiyyatda olsa da, uzun müddət orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsməsini, bununla da onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmasını, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbinin də təmin edilə bilinməməsini qeyd edərək, gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əsaslandırmışdır.

33. Cavabdehin apellyasiya şikayətinin dəlili odur ki, o, 2015-ci ildə mübahisəli mənzilin bir hissəsi olan bir otağı mübahisəli mənzilin bir hissəsi kimi tikərək həmin hissədən istifadə etmişdir. Belə olan halda 2009-cu ilədək qüvvədə olan qanunvericilik normalarının ümumiyyətlə hazırkı mübahisəyə tətbiq edilməklə iddianın təmin edilməsi əsassız olmuş və cavabdeh üçün hüquqi nəticələr yaratmışdır. Belə ki, münasibətlər Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməli olduğu halda məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, cavabdehi mülki hüquqi mənada istifadə hüququndan məhrum etmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

35. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v.126-127) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, iddiaçının mülkiyyətindən olan mənzilə bitişik inşa edilsə də DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir.

36. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən araşdırma nəticəsində əldə edilmiş 133 saylı mənzil kommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli arayışından müəyyən olundu ki, Xətai rayonu Altay Məmmədov küçəsi, 13 saylı evin 2 saylı mənzil ilə Cavabdeh məxsus Altay Məmmədov küçəsi ev 13 a ünvanı kimi tanınan özbaşına tikilinin hər birinə aid kommunal xidmətlərlə bağlı sayğacları ayrı-ayrılıqda quraşdırılmışdır. Altay Məmmədov küçəsi, 13 saylı evin 2 saylı mənzilinə aid kommunal ödənişlər (mənzil fondunun saxlanılması və məişət tullantılarının daşınması üçün) İddiaçı tərəfindən ödənilir.

37. O cümlədən, tərəflərin nümayəndə və vəkillərinin iştirakı ilə şəkillərə baxış keçirildi. Müəyyən olundu ki, cavabdehin istifadəsində olan özbaşına tikilinin giriş-çıxışı ayrıdır. Mənzillərə ayrı ayrılıqda sayğaclar quraşdırılmışdır.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh iddianın verildiyi vaxtdan 25 il əvvəl (təxminən1997-ci ildə) ailə quraraq mübahisəli mənzildən daimi əsaslarla çıxıb getmişdir. Cavabdeh 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamasını bildirsə də həmin özbaşına tikilinin iddiaçının mülkiyyətində olan mənzilə hər hansı bağlılığı müəyyən edilməmişdir. Habelə, cavabdeh onu da qeyd etmişdir ki, 2015-ci ildən sonra özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçmüşdür. 39.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.§24.

40. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

41. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2023 nömrəli, 20 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar