Məhkəmə qərarları › İş №2(103)-1598/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1598/2024

20.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1598/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdeh, Üçüncü şəxs X3, Cavabdeh və üçüncü şəxsin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(002)-2878/2023 nömrəli qətnaməsindən cavabdeh və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Tərəflər 2007-ci ildə rəsmi nikaha daxil olmuşlar. İddiaçı qaynatasına məxsus evə gəlin köçmüşdür. 2012-ci ildə isə mübahisəli özbaşına tikiliyə köçmüşdür. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1601/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası üzrə tərəflərin nikahları pozulmuş, uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddiası təmin edilmişdir. Hazırda iddiaçı özünü və azyaşlı uşağını yaşayış sahəsi ilə təmin etmək imkanına malik olmadığına görə, onun azyaşlı uşağı ilə birlikdə mübahisəli evə köçürülməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X9 adında bir övladları doğulmuşdur. İlkin olaraq o, nikaha daxil olan kimi Cavabdeh ailəsinin yaşadığı evdə yaşamış və qısa müddət sonra birgə nikah dövründə əldə etdikləri vəsait hesabına həmin evin qonşuluğunda olan torpaq sahəsində, ünvan 1 ünvanında, ayrıca olaraq öz fərdi yaşayış evlərini tikmişlər və həmin evə köçərək yaşamışlar. Evin tam şəkildə tikintisi və təmiri təqribən 2012-ci ildə yekunlaşmış və 2013-cü ildən həmin evdə yaşamışlar. Onun cehiz əşyaları və şəxsi əşyaları da hal-hazırda həmin fərdi yaşayış evində qalmaqdadır. X14 da həmin evdə onlarla birlikdə yaşamışdır, uşağın da fərdi əşyaları hazırda həmin evdə qalmaqdadır. Tərəflər uzun müddət bir ailə kimi həmin fərdi yaşayış evində yaşamışlar, lakin münasibətləri sonradan pisləşmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, övladı X9 onun himayəsinə verilmiş, aliment təyin edilmişdir. Aliment təyin edildikdən sonra cavabdehin onlara qarşı münasibəti daha da pisləşmiş, öz evlərində yaşamaqlarına imkan verməmiş, nəticədə o, övladı ilə birlikdə Nərimanov rayonunda kirayədə qalmaq məcburiyyətində qalmışdır. Kirayədə qalmaq, eyni zamanda X14ya baxmaq ona maddi cəhətdən çox çətindir, başqa heç bir yaşayış yerləri yoxdur, uşaq Lökbatan qəsəbəsində məktəbdə oxuyur, buna görə də mübahisəli mənzilə köçməyə məcburdurlar, lakin buna baxmayaraq cavabdeh bütün vasitələrlə buna mane olur. ünvan 1 ünvanında yerləşən mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, həmin fərdi yaşayış evi onların birgə nikah dövründə tikdikləri özbaşına tikilidir. Həmin evin tikintisində atası Mirzəyev Əzizağa yaxından iştirak etmişdir. Belə ki, onların maddi durumları çətin olduğundan atası evin tikintisi üçün üç dəfəyə ümumilikdə 25000 manat pul vermişdir, onlar həmin pul vəsaiti hesabına köçmək istədikləri fərdi yaşayış evini tikmiş və təmir etmişlər. Bundan əlavə, atası öz **-XP-*** qeydiyyat nişanlı Daewoo Nexia markalı minik avtomobilini də onlara vermişdir. Cavabdeh həmin avtomobili 5400 manata satmış, oradan 1200 manat özünə götürmüş, 4200 manatı isə atasına vermişdir. Bütün bunlar onu göstərir ki, mübahisəli fərdi yaşayış evi onların birgə təsərrüfat apardıqları dövrdə onun atasının maliyyə dəstəyi ilə onların birgə vəsaiti hesabına tikilmişdir, həmin ev onun və övladının yeganə yaşayış yeridir. ünvan 1 ünvanında yerləşən mübahisəli ev birgə nikah dövründə tikilmiş özbaşına tikilidir, həmin ev 2 (iki) mərtəbədən ibarətdir. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev onun atasının dəstəyi ilə birgə nikah dövründə inşa edilmişdir. Həmin fərdi yaşayış evi iqtisadi dəyər kimi hazırda mövcuddur, bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əşyaya dair onun da cavabdehlə eyni həcmdə istifadə etmək və sahiblik etmək hüququ vardır. Bu səbəbdən hesab edir ki, həmin fərdi yaşayış evinə köçürülməsini tələb etməkdə haqlıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, o, tərəflərin birgə nikahda olduqları dövrdə övladları Dənizin müəlliməsi olmuşdur. Uşağın 5 yaşı olandan 6-cı sinifə gedənə qədər hazırlıq müəlliməsi olmuşdur, mübahisəli evə gedib-gəlmişdir. Həmin ev ikimərtəbəli ev idi. Həmin evdə iddiaçı, cavabdeh və övladları Dəniz birgə yaşayırdılar. Evin kimin tərəfindən və nə vaxt tikilməsi barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, cavabdeh onun oğludur, iddiaçı isə köhnə gəlinidir. Torpaq 2006-cı ildə bələdiyyə tərəfindən ona ayrılmışdır. Həmin ildə evi tikməyə başlamışdır. 2 il–2 il 6 ay ərzində tikib qurtarmış, bəzi xırda işlər qalmışdır. Evi öz vəsaiti hesabına tikmişdir, ona heç kim pul verməmişdir. İddiaçının atası pul veribsə, onu özlərinə verib, gözü ilə görməmişdir. İddiaçı və cavabdeh təqribən 2010-cu ildən həmin evə köçüb yaşamışlar. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(002)- 2878/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı yetkinlik yaşına çatmayan uşağı xx.xx.2009-cu il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 11.1, 27.1, 27.2, 180.2, 225.1, 228.1, 228.5-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən cavabdeh və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı mübahisəli evə köçürülmə dair iddia tələblərini sürmək üçün hər hansı subyektiv hüququ yoxdur. Ev faktiki atası Vaqif Nurəliyevə məxsusdur. Onun da bu evdə yaşamaq və evdən istifadə etmək heç bir hüququ yoxdur. Atasının ailə üzvü kimi, onun razılığı ilə həmin evdə yaşayır. Lakin İddiaçı onların ailə üzvü deyil. Hal-hazırda o, kənar adamdır. Onun atası tərəfindən tikdirmiş evə heç bir aidiyyəti yoxdur. Məhkəmə iddiaçının iddia tələblərini təmin edərək, atasına məxsus olan evin sahib olmaq, evdən istifadə etmək və evin barəsində sərəncam vermək hüquqlarından məhrum edir. Məhkəmə öz qətnaməsi ilə atasının və alinənin Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələri ilə nəzərdə tutulmuş mülkiyyət və sahiblik hüquqlarını pozmuşdur. Belə ki, mübahisəli ev iddiaçı ilə nikaha girməmişdən qabaq atasının pul vəsaiti ilə tikdirməyə başlamışdır. Mübahisəli ev atasına məxsus torpaq sahəsində tikdirilmişdir. 2006-ci ildə Bələdiyyə tərəfindən atasının adına ayrılmış torpaq sahəsində atası həmin evi tikdirməyə başlamışdır. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq atasına və atasının digər ailə üzvlərinə məxsusdur və atası bu evin sahibidir. Atasına məxsus evə onun ailə üzvü olmayan kənar şəxsi köçürməklə, məhkəmə qanunla müəyyən olunmuş atasının bu evdə sahiblik hüququnu tam pozur. İşin müəyyən olunan halına görə, iddiaçı mübahisəli evdən istifadə edən və yaşayan X3 ailə üzvü deyildir və həmin yaşayış yerində istifadə hüququ olmamaqla yaşamışdır. Hal-hazırda da İddiaçı Vaqif Nurəliyevin ailə üzvü deyil. X1 Nurəliyevlə nikahı pozulmuşdur. Bu səbəblərdən onun mübahisəli evə köçürülməsi mümkün deyil. Məhkəmə prosesində İddiaçı mübahisəli evin cavabdehlə birgə nikah dövründə ümumi pul vəsaiti ilə tikildiyinə dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı evin tikintisi üçün pulun bir hissəsinin onun atası tərəfindən verildiyinə dair heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının izahatlarını qətnamənin əsası kimi qəbul etmişdir. Məhkəmə tərəfindən cavabdehin təqdim etdiyi sübutların heç birini nəzərə alınmamışdır. O cümlədən, Cavabdeh məhkəmə zamanı verilmiş izahatlarına, həmçinin atası Vaqif Nurəliyev tərəfindən şahid qismində verilmiş ifadələrinə qiymət verməmişdir. Məhkəmə zamanı cavabdeh tərəfindən təqdim edilmiş 2006-ci ilin Bələdiyyənin qərarını da nəzərə almamışdır. Bununla da MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Mübahisəli ev faktiki olaraq X6 məxsusdur. Mübahisəli ev cavabdehə heç vaxt məxsus olmamışdır. Vaqif Nurəliyevi məhkəmə zamanı şahid qismində dindirmişlər. İfadələrində o qeyd etmişdir ki, 2006-cı ildə ona ev tikmək üçün Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmışdır və həmin ildə torpaq üzərində o fərdi yaşayış evinin tikintisinə başlamışdır. Lakin məhkəmə tərəfindən bu fakt nəzərə alınmamışdır və bu fakta heç bir qiymət verməmişdir. Beləliklə, mübahisəli ev onunla İddiaçı birgə nikah dövründə əldə edilmiş ev deyil. Həmin ev Vaqif Nurəliyevin pul vəsaiti ilə tam tikilmişdir. Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələbləri tam pozulmuşdur. Belə ki, mübahisəli ev tikmək üçün Bələdiyyə tərəfindən 2006-cı ildə ona torpaq sahəsi ayrılmışdır. Həmin ildən öz pul vəsaiti ilə torpaq sahəsində ev tikməyə başlamışdır. Nə iddiaçının, nə də cavabdehin həmin evə hər hansı bir aidiyyəti yoxdur. Bununla əlaqədar onların X5 məxsus evdə heç bir yaşayış ya da istifadə hüququ yoxdur. Həmçinin iddiaçı hal-hazırda onun ailə üzvü deyil. Məhkəmə iddia tələblərini təmin edərək X3 Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş mülkiyyət və sahiblik hüququnu tam pozmuşdur. Məhkəmə iddiaçının iddia tələblərini təmin edərək, ona məxsus evə sahib olmaq, evdən istifadə etmək və evin barəsində sərəncam vermək hüquqlarından məhrum edir. Belə ki, məhkəmə həmin evə heç bir aidiyyəti olmayan, onun ailə üzvü olmayan şəxs ona məxsus evə köçürülür. Məhkəmə öz qətnaməsi ilə onun Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələri ilə nəzərdə tutulmuş mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Belə ki, mübahisəli ev Cavabdeh iddiaçı ilə nikaha girməmişdən qabaq öz pul vəsaiti ilə tikdirməyə başlamışdır. Mübahisəli ev ona məxsus torpaq sahəsində tikdirilmişdir. 2006-ci ildə Bələdiyyə tərəfindən onun adına ayrılmış torpaq sahəsində həmin evi tikdirməyə başlamışdır. Həmin evə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq ona məxsusdur və bu evin sahibidir. Ona məxsus evə ailəsinin üzvü olmayan kənar şəxsi köçürməklə, məhkəmə qanunla müəyyən olunmuş onun da bu evdə sahiblik hüququnu tam pozur. İşin müəyyən olunan halına görə, iddiaçı mübahisəli evdən istifadə edən və yaşayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 ailə üzvü deyildir və həmin yaşayış yerində istifadə hüququ olmamaqla yaşamışdır. Hal-hazırda da İddiaçı Vaqif Nurəliyevin ailə üzvü deyil. X1 Nurəliyevlə nikahı pozulmuşdur. Bu səbəblərdən onun mübahisəli evə köçürülməsi mümkün deyil. Məhkəmə prosesində İddiaçı mübahisəli evin cavabdehlə birgə nikah dövründə ümumi pul vəsaiti ilə tikildiyinə dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı evin tikintisi üçün pulun bir hissəsinin onun atası tərəfindən verildiyinə dair heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının izahatlarını qətnamənin əsası kimi qəbul etmişdir. Məhkəmə qətnaməsində belə nəticəyə gəlmişdir ki, mübahisəli ev iddiaçı ilə cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş evdir. Bu nəticəyə gələrkən məhkəmə iddiaçının izahatlarını nəzərə almışdır. Lakin iddiaçının bu müddəaları təsdiqini tapmamış və heç bir sübuta yetirilməmişdir. Əksinə, məhkəmə iclasında cavabdeh izahatları və şahid Vaqif Nurəliyevin ifadələri ilə evin cavabdehin atası Vaqif Nurəliyevə məxsus olduğunu sübut etmişdir. X8 ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək onun müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmasını və apellyasiya şikayətinə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 1075/2024 saylı qərardadı ilə X3 ərizəsi təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, üçüncü şəxs və onların nümayəndəsi-vəkili Nümayəndə ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, son məhkəmə iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər (§ 124) Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətlərində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan fərdi yaşayış evinin tikinti və təmir işləri xx.xx.2007-ci il tarixdə tərəflər rəsmi nikaha daxil olduqdan sonra onların birgə nikahda olduğu dövrdə başa çatmış və tərəflər orada yaşamağa başlamışlar. İddia tələbinə əsasən tərəflər arasında ailə münasibətləri pozulandan sonra cavabdehin onlara qarşı münasibəti daha da pisləşmiş, öz evlərində yaşamaqlarına imkan verməmiş, nəticədə o, övladı ilə birlikdə Nərimanov rayonunda kirayədə qalmaq məburiyyətində qalmış və hazırki iddianı qaldırmışdır. Cavabdeh isə iddiaya etiraz edərək yeni ailə qurmaq niyyəti olmasını, buna baxmayaraq yalnız uşağının mənzilə köçürülməsinə etiraz etmədiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə verməsinə baxmayaraq sonradan maraqlı şəxs kimi hazırki işə qoşulmuş X8 da iddiaçının həmin evdə yaşaması faktını təsdiq etsə də, evin özünə aid olmasını, özü tərəfindən tikilməsini göstərərək bu evin nikah dövrundə əldə edilmiş ev olmadığı, iddiaçının artıq onun ailə üzvü olmadığı üçün iddianın təmin edilməsinə etiraz edir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı həmin evin tikinti və təmir işlərində iddiaçının atasının vəsaitindən də istifadə olunması faktı müəyyən edilmiş, cavabdeh iddiaçının atası tərəfindən evin inşa edilməsinə 10000 manat verilməsini etiraf etmişdir. Müəyyən edilmişdir tərəflər azyaşlı uşaqları ilə birlikdə evin tikinti və təmir işləri tamamlandıqdan sonra həmin evdə iddiaçı evdən çıxan tarixə kimi birgə təsərrüfat aparmaqla yaşamışlar. Apellyasiya şikayətlərində mübahisəli evin üçüncü şəxsə aid olması, İddiaçı mübahisəli evin cavabdehlə birgə nikah dövründə ümumi pul vəsaiti ilə tikildiyinə dair heç bir sübut təqdim etməməsinə və iddiaçının cavabdehlə artıq ailə üzvü olmamasına istinad edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, bu konstitusiyon norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insan yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın əsası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanuni iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Birinci instansiya məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi hazırkı işdə iddiaçının köçmək istədiyi yerdə əvvəl yaşaması və yaşadığı yerdən məhrum edilməsi halları mövcuddur, ona görə də 3-cü hal olan, iddiaçının köçmək istədiyi, əvvəllər yaşadığı evdən məhrum edilmənin qanuniliyinə verilən hüquqi qiymətlə apellyasiya instansiyası məhkəməsi razılaşır. Belə ki, qanunvericiliyin mənasına görə məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. İş materiallarından görünür ki, mübahisəli tikili özbaşına tikili statusuna malik olmaqla onun üzərində heç kimin mülkiyyət hüququ qeydə alınmamış, iddiaçı uzun müddət cavabdehlə birgə nikah dövründə həmin fərdi yaşayış evinini təmir edib orada yaşamışlar. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konsititusiyasının 43-cü maddəsinin 1-ci hissəsi göstərişinin xarakterinə görə səlahiyyətverici norma olmamaqla, yuxarıda qeyd edildiyi kimi qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı yəni, mənzildə yaşamaq səlahiyyəti verilsə idi, bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunması normanın istifadə hüququnun olub-olmadığına asılı olmayaraq, mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Çünki, obyektiv hüququnun normalarından biri də mühafizə funksiyasıdır. Qeyd edilən məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mübahisəli evin özbaşına tikili sayılmasının Konstitusiyanın 43-cü maddəsinin İ hissəsində ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın həmçinin tətbiq edilməsinə də maneə deyildir. Belə ki, qeyd olunan normada istifadə olunan “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edil bilməz” məzmunlu obyektlərdən qanunsuz məhrum edilməsinin qarşısını almaqdır. Çünki insanın yaşadığı obyektin nədən ibarət olmasından (mənzil, ev, yataqxana, özbaşına inşa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerindən məhrum edilməsinin nəticələri eynidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Şəxsin yaşayış yeri tam həcmdə qabiliyyətli şəxsin mülkiyyətçisi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, əgər insan obyektdən yaşamaq məqsədilə istifadə edirsə, qeyd olunan normanın (Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi) məqsədi baxımından həmin obyekt mənzil sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən, özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. Tikilinin özbaşına tikili statusunda olmasının ondan uzun illər ərzində yaşayış sahəsi kimi istifadə etmiş şəxsin həmin sahəyə köçürülməsinin qarşısını ala bilməz. Özbaşına tikililərdə yaşayan şəxsin orada yaşamaqdan məhrum edilməsi müəyyən hüquqi nəticələr doğurur və göstərilən məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyrisabitliyə səbəb ola bilər. Belə ki, bu halın mövcudluğu artıq qanunu pozmaqla özbaşına tikintini aparmış şəxsə növbəti qanunsuzluqlar etməyə, yəni, özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxartmağa və digər bu kimi hərəkətlər etməyə şərait yarada bilər. Ona görə də bu kateqoriya mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalıdır, yəni, əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili faktiki olaraq mövcuddur, birgə nikah dövründə tikilib, təmir edilib və yaşayış sahəsi kimi istifadə olunur. Həmçinin birinci instansiya məhkəməsində cavabdeh tərəf bildirmişdir ki, evin təmiri və kosmetik işlər üçün iddiaçının atası cəmi 10000 manat məbləğində pul vermiş, həmin pulu da sonradan ona qaytarmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəf iddiaçının atası tərəfindən evin təmirinə vəsait xərclənməsini qəbul etsə də həmin vəsaitin geri qaytarılması barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Göründüyü kimi mübahisəli evin tikilməsi və təmiri tərəflərin birgə nikah münasibətləri zamanı həyata keçirilmiş və evin təmir, eləcə də kosmetik işlərinə iddiaçının atasının vəsaiti hesabına aparılmışdır. Kollegiya qeyd edir ki, iddiaçının köçmək istədiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, iddiaçının mübahisəli evə onun hüququnu yaratmasa da, iddiaçının həmin evlə (özbaşına tikili) bilavasitə əlaqəli olduğuna və orada yaşadığına dəlalət edir. Məhkəmə kollegiyası caabdehin mənzilə iddiaçının deyil, birgə nikahdan anadan olmuş uşağının köçürülməsinə etiraz etməməsnə dair dəlilinə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən azyaşlı uşağın yaşayış yeri valieynlərdən birinin yaşayış yeridir. Lakin tərəflər arasında nikahın pozulması qətnaməsi ilə azyaşlının iddiaçının yanında qalması müəyyən edildiyində uşaq ananın yanında yaşamalıdır. Başqa sözlə, uşağın mübahisəli evə köçürülməsnə etiraz etməmə, onun qanuni nümayəndəsi olan anasının da həmin evə kösürülməsinə etiraz etməmə kimi qiymətləndirilir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Konstitusiyanın hər bir normasının birbaşa hüquqi qüvvəyə malik olmasının nəzərə alınmaqla, qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçının məhrum edildiyi evə köçürülməlidir. Göründüyü kimi, iddia tələbinin dəlilləri əsaslı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qanunun analogiyası nəzərə alınmaqla da düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh və üçüncü şəxs X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli, e-2(002)- 2878/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar