Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-16/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, vəkili Nümayəndə və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində iddiaçıya məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda Cavabdeh tərəfindən zəbt edilmiş 755 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 nömrəli qərarına əsasən Dübəndi bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” institutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında onun adına 229 və 231 saylı bağ sahələri göstərilmiş və həmin siyahıya əsasən ona 7-ci cənub küçəsində 229 və və 231 saylı bağ sahələri ayrılmışdır. Qeyd edir ki, onunla bağ qonşusu olan hazırkı iş üzrə Cavabdeh öz bağ sahəsinə hasar çəkərkən ona məxsus torpaq sahənin 104 kv.m hissəsini zəbt edərək daş hasara almaqla öz bağ sahəsinə qatmışdır. Cavabdehdən torpaq sahəsinin boşaldılmasını dəfələrlə tələb etsə də, cavabdeh torpaq sahəsini boşaltmamış, üstəlik həmin hissədə bağ evi tikmişdir. Ona ayrılmış 229 və 231 saylı bağ sahəsinə aid plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə müraciət etmişdir. Həmin idarə tərəfindən **********32 saylı xx.xx.2016-ci il tarixli məktubla bildirilmişdir ki, ona ayrılmış torpaq sahəsinin digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş ərazi ilə üst-üstə düşür. Faktiki həmin sahə qonşu hasarın daxilindədir və həmin sahənin üstündə bağ evi tikilib. Ona verilən cavabdan da bir daha görünür ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən də bağ torpaq sahəsinə dair plan ölçü sənədi və çıxarış verilməmişdir. İş üzrə ədalətli araşdırma aparılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texnikası ekspertizası təyin olunmuş və ekspert qarşısında müvafiq suallar qoyulmuşdur. Həmin suallardan birinə əsasən bağ sahələrinin koordinatları Cavabdeh istifadəsində olan həyətyanı torpaq sahəsinin koordinatları ilə hansı hissədə üstə-üstə düşür? Eyni zamanda Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə X5 ayrılmış torpaq sahəsinin koordinatları üst-üstə düşürmü? Üstü-üstə düşdüyü təqdirdə həmin sahənin ölçüsü müəyyənləşdirilsin? Həmin suala cavab olaraq müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin koordinatları ilə X3 iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m təşkil edir. Yuxarıda qeyd olunanlar bir daha göstərir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. Hesab edir ki, sözügedən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikili cavabdeh tərəfindən sökülərək torpaq sahəsinin əvvəlki vəziyyəti bərpa edilməkə, torpaq sahəsi cavabdeh və onun ailə üzvlər tərəfindən boşaldılmalıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində ona məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda Cavabdeh tərəfindən zəbt edilmiş 755,0 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmalıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Dübəndi bağ massivi, 7-ci cənub küçəsində ona məxsus 229 və 231 saylı bağ sahəsi ilə ayrılmış ünvanda Cavabdeh tərəfindən zəbt edilmiş 755,0 kv.m torpaq sahəsinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı, 25 sentyabr 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli, 2(103)-1415/2019 saylı qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh qarşı “icra qeydinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 26 avqust 2022-ci il tarixli 2(103)-16/2022 saylı qərardadı ilə mülki işin icraatı təzələnmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı şəhər Ərzai İdarəsinin xx.xx.2015-ci il tarixli, **********02 №-li məktubun surətindən görünür ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarına əsasən Dübəndi ərazisində bağ sahələrinin ayrılmasına dair “Azərdövlətsutəslayihə” İnstitutu nəzdində “Meliorator” bağçılıq-yoldaşlığı üzvlərinin siyahısında İddiaçı adına 229 və 231 saylı bağ sahələri göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 aprel 2018-ci il tarixli 26520 saylı rəyinə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Kadastr və Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin məsləhətçisi İ.Şərifov tərəfindən imzalanmış xx.xx.2018- ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları ilə, X3 iddia etdiyi torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsi 755,0 kv.m. təşkil edir. “Meliorator” bağcılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının surətindən görünür ki, İddiaçı 7-ci cənub küçəsində 229 və 231 saylı bağ sahələri ayrılmışdır. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 iyun 2016-cı il tarixli mütəxəssis rəyindən göründüyü kimi, « "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən iddia olunan (89.2 kv.metr tikliyə 233 saylı bağ evi) reyestr nömrəsi **********15-11301 olan çıxarışla Cavabdeh adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233 saylı bağı evi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 233 saylı bağ evini X4 almışdır. Azərbaycan Respublikası Əmak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, reyestr nömrəsi **********15-11301 olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ev 233 Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bununla əlaqədar olaraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsinə dair reyestrin məzmunu mübahisələndirilmədiyindən, mübahisəyə səbəb olmuş qeyri-dəqiqliyin hansı reyestr məlumatından əmələ gəldiyi müəyyən olunmadan qeyd edilən iddia təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, iddiaçı işin apellyasiya baxışı zamanı vəsatət verərək hazırkı iddianın predmetinin cavabdehin adına verilmiş çıxarış olduğundan iş üzrə preyudisial əhəmiyyət kəsb etdiyindən icraatda olan mülki işin icraatının dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət təmin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh qarşı “icra qeydinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatı dayandırılmışdır. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh qarşı “icra qeydinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-73/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-73/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi 23 iyul 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-73/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-458/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsinə X1 adına 1200 kv.m. torpaq sahəsinə texniki pasport verilməsi ilə bağlı inzibati orqanın qeydlərinin hərəkətlərin mübahisələndirilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-73/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı 03 iyun 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. MPM-ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-330/2018 saylı, 25 sentyabr 2018ci il tarixli saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2(103)-16/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-16/2022
23.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver