Məhkəmə qərarları › İş №2(103)-1600/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1600/2025

14.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1600/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 dekabr 2024-cü il tarixli qərardaddan cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və sair tələbi barədə” iddiasına dair mülki işə baxmış Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, QSC tərəfindən iddiaçının işdən azad olunması ilə bağlı verilmiş əmrin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əmək haqqının gecikdirildiyi hər günü üçün xx.xx.2021-ci il tarixdən başlayaraq 1 faiz olmaqla hesablanmış ödəncin iddiaçıya ödənilməsi vəzifəsinin, iddiaçının işdən azad edilməsi ilə bağlı əmri üzrə müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində aparılmış qeydlərin silinməsi vəzifəsinin və iddiaçının işə bərpa edilməsi ilə bağlı məlumatın müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin QSC-nin üzərinə qoyulmasını qət etmişdir. Cavabdeh QSC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh QSC, eyni zamanda ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı onlara məlum olmuşdur ki, Xətai Rayon Məhkəməsinin icraatında 2(011)-1717/2022 nömrəli iş olmuş və xx.xx.2022-ci il tarixdə iş üzrə qətnamə qəbul edilmişdir. Lakin, sözügedən qətnamə QSCyə göndərilməmişdir. Cavabdeh QSC qətnamənin onun ünvanına göndərilməsini məhkəmədən xahiş etsə də, Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, iş üzrə qəbul edilmiş qətnamə QSC-yə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. QSC bildirir ki, həmin qətnamə qeyd edilən qaydada ona təqdim edilməmişdir. Bu səbəbdən də, apellyasiya şikayətinin verilməsi müddət buraxılmamış hesab edilməli, əər bu mümkün deyilsə, onda prosessual müddətin buraxılmasının səbəbi üzürlü hesab etməli və buraxılmış müddət bərpa etməlidir. QSC-nin verdiyi "xxxx" ərizəyə və QSC tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh QSC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, "xxxx" ərizənin təmin edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Rayon Məhkəməsi qeyd etmişdir ki, müddətin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin ərizədə qeyd etdiyi səbəbi məhkəmə üzrlü və ağlabatan hesab etmir. Rayon Məhkəməsinin bu qənaətini haqlı hesab edən Məhkəmə bildirir ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş çıxarışdan görünür ki, Rayon Məhkəməsinin 22(011)-1717/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə xx.xx.2022-ci il tarixdə cavabdeh QSC-nin elektron kabinetinə yüklənmiş, buna baxmayaraq QSC həmin qətnamədən apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermişdir. QSC bildirir ki, qətnamə ona verilməmiş və qətnamədən onun xəbəri olmamışdır. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, QSC həmin qətnamənin izah edilməsi barədə ərizə ilə Bakı Şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla (iş № 8(011)-379/2023) ərizənin təmin edilməməsini qərara almışdır. Göründüyü kimi, cavabdeh QSC qətnamədən məlumatlı olmuş və apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Cavabdehin apellyasiya şikayətinin müəyyən edilmiş müddətdə təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyi üçün müddətin buraxılması Məhkəmə tərəfindən üzrlü hesab edilə bilməz. Şikayətin dəlilləri əsassızdır. MPM-in tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, "xxxx" QSC-nin ərizəsi əsassızdır. Rayon Məhkəməsinin həmin ərizənin təmin edilməməsi barədə qərardadı əsaslıdır. Həmin qərardaddan QSC-nin verdiyi şikayət əsassızdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 29 dekabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar