Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1601/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı və s" tələbi barədə iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh Nazirliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Nazirlik qarasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Nazirliyin xx.xx.2024-cü il tarixli, 1035k saylı əmrin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin Nazirlik tərəfindən ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 2003-2011-ci illərdə cavabdeh Nazirliyin Meşələrin İnkişafı Departamentində, 2018-2024-cü illərdə Meşələrin İnkişafı Xidmətində işəmişdir. İşlədiyi müddətdə, yəni 2009-cu ildə X7 Komissiyasının keçirdiyi 8-ci müsabiqənin test imtahanından və müsahibədən müvəffəqiyyət qazanaraq, Meşələrin İnkişafı Departamenti, Meşə qanunvericiliyin icrasına nəzarət sektorunda məsləhətçi müfəttiş vakant inzibati vəzifəsi üzrə, mümkün olan bir vakant yerə yalnız o tək keçmişdir. Qanunvericiliyə uyğun olaraq sənədləri Komissiya tərəfindən xx.xx.2009-cu il tarixli məktubla analoji vakant vəzifəyə təyin olunmaq üçün Nazirliyə təqdim olunmasına baxmayaraq, Nazirliyin əvvəlki rəhbərliyinin qeyri-müəyyən, qanunsuz hərəkətləri səbəbindən iddiaçı keçdiyi vakant vəzifəyə təyin edilməmişdir. İddiaçı, o zaman abrına söykənərək məhkəməyə müraciət etməmiş, lakin inciyib işdən çıxmışdır. Ehtiyatda qaldığı 2 il ərzində iddiaçı bununla bağlı Nazirliyin rəhbər şəxslərinə, dövlətin müxtəlif orqanlarına müraciətlər etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Keçirtdiyi sarsıntı onun səhhətinə mənfi təsir göstərmiş və onun ürəyində 3 dəfə əməliyyat aparılmışdır. 2018-ci ildə Muxtar Babayev nazir vəzifəsinə təyin olunduqdan sonra iddiaçı onun qəbulunda olmuş, hüququnun pozulmasını bildirmişdir. Nazirin qərarı nəticəsində, iddiaçı, Nazirliyin Meşələrin İnkişafı Departamentinin (Meşələrin İnkişafı Xidməti) Meşə qanunvericiliyinin icrasına nəzarət sektorunda məsləhətçi-müfəttiş vəzifəsinə müqavilə ilə işə qəbul olunmuşdur. Nazirin bu qərarı digər rəhbər şəxslərdə qıcıq yaratmış və iddiaçı xx.xx.2021-ci il tarixdə bülletendə ola-ola, heç bir əsas olmadan onun “Əmək müqaviləsinə” müddətinin keçməsi əsası ilə xitam verilmiş və o, Xidmət rəisinin qərəzli münasibəti əsasında işdən azad edilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və onun iddiasına dair mülki işə baxmış məhkəmə iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 2(004)-4428/2021 saylı qətnamə ilə onun iddiasını təmin edərək, onun işə bərpa edilməsini qət etmişdir. İddiaçı işə bərpa olunduqdan sonra ona qarşı təqiblər daha da güclənmiş, təzyiqlər artmış və xx.xx.2024-cü il tarixdə verilmiş əmrlə iddiaçının “Əmək müqaviləsinə”, müqavilənin müddətinin qurtarmasına 1 ay qalmış Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “e” bəndi ilə xitam verilmişdir. Bununla da, Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İşə götürən olan Nazirliyin tabeliyində olan Meşələrin İnkişafı Xidmətində hazırda bir neçə dövlət qulluğu vəzifələrinə işə müqavilə ilə qəbul edilmiş işçilərin sayı kifayət qədərdir. Bəhanə etdikləri dövlət qulluğu vəzifəsinə təyin edilməyəcəyi halda dövlət qulluğu olmayan Ekspertiza və X1 iş ilə təmin olunmağı üçün ümumilikdə 9 dəfə, 2018-ci ildən 2024-cü ilə qədər 6 dəfə nazirə müraciət etmişdir. Lakin onun müraciətlərindən sonra vakant vəzifələr kifayət qədər olsa da təyin edilməmişdir. Hər müraciətinə şablon cavablar verilərək, müsahibəyə dəvət ediləcəyi ilə bağlı cavab verilərək də heç bir müsbət nəticə əldə olunmamışdır. İddiaçı məhkəməyə müraciət etməzdən 15 gün əvvəl nazirin qəbulunda olmuş, lakin təəssüf ki, heç bir müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı münasibəti barədə məlumat
3. Cavabdeh Nazirliyin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iş üzrə iddiaçı, Nazirliyin xx.xx.2022-ci il tarixli, 966/k nömrəli əmri ilə Meşələrin İnkişafı Xidmətinin Meşəmühafizə Şöbəsinin mühafizəyə nəzarət üzrə baş məsləhətçisi vəzifəsinə onunla “Əmək müqaviləsi” bağlamaqla müvəqqəti təyin edilmişdir. Həmin vəzifə dövlət qulluğunun inzibati vəzifəsi olduğundan “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X8 tərəfindən xx.xx.2024-cü il tarixdə ümumi müsahibəyə çıxarılmış və X5 ümumi müsahibədə keçid balı toplamışdır. İddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” 9.5.1-ci bəndində qeyd edilmişdir ki, əgər iddiaçının işlədiyi vəzifəyə dövlət qulluğundan keçmiş şəxs qəbul edilərsə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam veriləcək. Odur ki, göstərilənləri nəzərə almış işəgötürən iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara əsasən əmək müqaviləsinə xitam verilməsi əsası) və “Dövlət qulluğu haqqında” Qanunun 28 və 29-cu maddələrinə əsasən xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli əmr qəbul etmişdir. Əmr qanunidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 10 dekabr 2024-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə işəgötürənin verdiyi xx.xx.2024-ci il tarixli əmr qanunidir və “Əmək müqaviləsinin” şərtlərinə cavab verir. İşəgötürənin rəhbər tutduğu norma düzgün seçilib. İddia əsassızdır. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və onun cavabdeh Nazirliyin dövlət qulluğu sayılmayan Ekspertiza və X3 iş ilə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi “Əmək müqaviləsində” nəzərdə tutulmuş və cavabdeh Nazirliyin istinad etdiyi 9.5.1-ci bəndinə əsaslanaraq Nazirliyin mövqeyini əsaslı hesab etsə də, “Əmək müqaviləsinin” 9.3-cü bəndinin tələbini nəzərə almamışdır. Hal bu ki, həmin bəndə qeyd edilmişdir ki, “Əmək müqaviləsi” ləğv edilməzdən əvvəl işəgötürən azı 1 təqvim ayı qabaqcadan işçini bu barədə xəbərdar etməlidir. Amma Nazirlik bunu etməmişdir. Eyni zamanda Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2024-ci il tarixli əmrdə, əmrin verilməsi üçün əsas kimi göstərilmiş “Dövlət qulluğu haqqında” Qanunun 28 və 29-cu maddələri səhv tətbiq edilmişdir. Belə ki, həmin maddələrdə müddətli əmək müqaviləsinə xitam verilməsi zərurəti “yaranması” barədə “heç bir kəlmə söz yoxdur və ümumiyyətlə iddiaçının iddiası ilə əlaqəsi yoxdur. Sözügedən maddələr dövlət qulluqçularına aiddir iddiaçı isə dövlət qulluqçusu deyil. Həmin maddələrə əsasən həmin vəzifəyə işçi qəbul edildikdə müqavilənin müddətindən asılı olmayaraq müqaviləyə xitam verilir. Tamamilə kökündən səhvdir. Qanunu tətbiq edən zaman digər vətəndaş barədə qarar qəbul edilən zaman onun hüquqları əleyhinə qərar qəbul edilməməlidir. Rayon Məhkəməsi həmçinin nəzərə almamışdır ki, iddiaçı 2018-2024 illər ərzində fasiləsiz işlədiyi üçün onunla işəgötürən arasındakı əmək münasibətləri müddətsiz olmuşdur. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, əgər iddiaçının işlədiyi və dövlət qulluğuna aid olan vəzifəyə təyin edilməsi mümkün deyilsə, onda iddiaçı dövlət qulluğuna aid olmayan (Nazirliyin dövlət qulluğu sayılmayan Ekspertiza və X4 aid) vəzifəyə təyin oluna bilər. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. İddiaçı apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
9. Apellyasiya baxışının növbəti (sonuncu) iclasına iddiaçı gəlməmişdir. O, Məhkəmənin ünvanına teleqram göndərərək, səhhətində yaranmış problem ilə əlaqədar iclasda iştirak edə bilmədiyini bildirmiş və iclasının təxirə salınmasını xahiş etmişdir.
10. Məhkəmə iclasın təxirə salınması üçün əsas görməmişdir. Birincisi, iddiaçı səhhətində problemin yaranmasını bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq tibbi sənədi Məhkəməyə təqdim etməmişdir. İkincisi, iddiaçının iştirakı ilə Məhkəmə tərəfindən iş üzrə 3 apellyasiya baxışı iclası keçirilmiş, iddiaçı həmin iclaslarda iştirak edərək, izahatlar vermiş, mövqeyini sərgiləmiş, cavabdehin nümayəndəsinə suallar vermiş, vəsatətlər vermiş, vəsatətlərin müzakirəsində iştirak etmişdir. Həmin iclaslarda Məhkəmə iş üzrə yekun qərara qəbul etməmiş və iş üzrə növbəti (sonuncu) apellyasiya baxışı iclasını xx.xx.2025-ci il tarixə ona görə təyin etmişdir ki, məhkəmə tərkibinə daxil olan hakimlər iş üzrə tərəflərin verdikləri izahatları və təqdim etdikləri sənələri öz aralarında bir daha araşdırsınlar. Faktiki olaraq sonuncu iclasda iş üzrə tərəflərin iştirakı vacib olmamışdır, çünki iş üzrə tərəflərin verdikləri izahatları və təqdim etdikləri sənələri öz aralarında bir daha araşdırmış hakimlərin onlara sualları yaranmamışdır. Əgər suallar və ya əlavə araşdırılması tələb olunan hallar yaransa idi iclas təxirə salınacaqdır. Odur ki, Məhkəmə iddiaçının iştirakı olmadan apellyasiya baxışının tamamlanmasını və iş üzrə yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir.
11. Cavabdeh Nazirliyi nümayəndəsi apellyasi baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə”, müqavilənin 9.5.1-ci bəndində qeyd edilmiş şərt ilə xitam verilmişdir. Həmin şərt ondan ibarət olmuşdur ki, əgər iddiaçının işlədiyi vəzifəyə dövlət qulluğundan keçmiş şəxs qəbul edilərsə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam veriləcək. Göründüyü kimi “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallara əsasən əmək müqaviləsinə xitam verilməsi əsası) əsasən xitam verilmişdir. Əmək Məcəlləsi isə “Əmək müqaviləsinə” bu əsasla xitam verilməsi zamanı işə götürən tərəfindən işçinin 1 təqvim ayı qabaqcadan xəbərdar etməsini nəzərdə tutmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndindən başqa “Dövlət qulluğu haqqında” Qanunun 28 və 29-cu maddələrinə istinad edilməsi həmin əmrin ləğv edilməsi və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki artıq qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış “Əmək müqaviləsində” qeyd edilmişdir ki, əgər iddiaçının işlədiyi vəzifəyə dövlət qulluğundan keçmiş şəxs qəbul edilərsə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam veriləcək. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, iş üzrə tərəflərin Rayon Məhkəməsinə və apellyasiya icraatı zamanı Məhkəmə təqdim etdikləri sənədlərdən görünür ki, iddiaçı, fasilə ilə, yəni 2003-2011-ci illərdə və 2018-2024-cü illərdə Nazirliyin Meşələrin İnkişafı Xidmətində (Meşələrin İnkişafı Departamenti) işəmişdir. Onun sonuncu vəzifəsi Nazirliyin Meşələrin İnkişafı Departamentinin Meşə qanunvericiliyinin icrasına nəzarət sektorunda məsləhətçi-müfəttiş vəzifəsi olmuşdur. Nazirlik ilə iddiaçı arasında bir neçə, o cümlədən sonuncu – xx.xx.2024cü il tarixli “Əmək müqaviləsi” bağlanmışdır.
14. İş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, iddiaçı dövlət qulluqçusu deyil.
15. Nazirlik ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Əmək müqaviləsinin” görünür ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müəyyən edilmişdir. Müqavilənin 9.3-cü bəndində qeyd edilmişdir ki, “Əmək müqaviləsi” ləğv edilməzdən əvvəl işəgötürən azı 1 təqvim ayı qabaqcadan işçini bu barədə xəbərdar etməlidir. Müqavilənin 9.5.1-ci bəndində isə qeyd edilmişdir ki, əgər iddiaçının işlədiyi vəzifəyə dövlət qulluğundan keçmiş şəxs qəbul edilərsə, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam veriləcək.
16. İş üzrə tərəflərin bildirdiklərindən müəyyən edilir ki, iddiaçının tutduğu vəzifə dövlət qulluğunun inzibati vəzifəsi olduğundan və iddiaçı dövlət qulluqçusu olmadığından həmin vəzifə “Dövlət Qulluğu haqqında” Qanunu 29.2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq X8 tərəfindən xx.xx.2024-cü il tarixdə ümumi müsahibəyə çıxarılmış və X5 ümumi müsahibədə keçid balı toplayaraq həmin vəzifədə işləmək hüququnu qazanmışdır.
17. Cavabdeh Nazirlik üzrə xx.xx.2024-cü il tarixdə verilmiş 1035K saylı əmrdən görünür ki, iddiaçı ilə Nazirlik arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilmişdir. Əmrdə, əmrin verilməsinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndi və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28 və 29-cu maddələri göstərilmişdir.
18. İddiaçı həmin əmrin əsassız olduğunu bildirərək, əmrin ləğv edilməsini tələb edir. İddiaçının dəlilləri iddia ərizəsində, qətnamədən verdiyi apellyasiya şikayətində qeyd edilmiş və yuxarıda artıq təsvir edilmişdir (bax: hazırkı qətnamənin 1-ci və 7-ci bəndlərinə).
19. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, cavabdeh Nazirlik üzrə xx.xx.2024-cü il tarixdə verilmiş əmrdə istinad olunmuş Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə görə, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinə əsasdır.
20. Həmin əmrdə həmçinin “Dövlət qulluğu haqqında” Qanunun 28 və 29-cu maddələrinə istinad olunduğu üçün qeyd edilməlidir ki, həmin Qanunun “Dövlət qulluğuna qəbul” adlı 28-ci maddəsinin və “İnzibati vəzifələrin tutulması” adlı 29-cu maddəsinin dispozisiyasında görünür ki, həmin maddələrin iddiaçı ilə cavabdeh Nazirlik arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi üçün heç bir əhəmiyyət kəsb etmir.
21. Bu baxımdan müəyyən edilir ki, iddiaçının bu barədə bildirdikləri əsassız deyil.
22. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu halın mövcudluğu əmrin ləğv edilməsi üçün əsas ola bilməz, çünki yuxarıda qeyd edildiyi kimi, əmr həmçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinin tələbilə də əsaslandırlmışdır.
23. Buna görə də qəbul edilməlidir ki, iddiaçının bildirdiyi bu xüsusatla əmrin ləğv edilməsi qeyri-mümkündür.
24. Hazırkı qətnamənin 15-ci bəndində qeyd edilənlərə əsasən müəyyən edilir ki, cavabdeh Nazirlik ilə iddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “Əmək müqaviləsində” iddiaçının əsas gətirdiyi “9.3-cü bənd” və Nazirliyin əsas gətirdiyi “9.5.1-ci bənd” müqaviləyə daxil edilmişdir.
25. Məhkəmə bildirir ki, müqavilə tərəflərinin əmək müqaviləsində müəyyən etdiyi halların baş verməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürən tərəfindən işçiyə əvvəlcədə xəbər verilməsindən ibarət vəzifə Əmək Məcəlləsi ilə işəgötürənin üzərinə qoyulmamışdır. Amma nəzərə alınmalıdır ki, işəgötürən və işçi, onların arasında bağlanan “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin, Azərbaycan Respublikasının digər qanunlarının və normativ hüquqi aktların tələblərinə zidd olmayan şərtləri daxil edə bilərlər.
26. Buna baxmayaraq Məhkəmə hesab edir ki, müqavilədə xəbərdarlı ilə bağlı “9.3-cü bəndin” qeyd edilməsi və həmin bəndə qeyd edilən vəzifəsinin cavabdeh Nazirlik tərəfindən icra edilməməsi əmrin ləğv edilməsi üçün əsas götürülə bilməz. Çünki müqavilənin “9.3-cü bəndi” sıra ilə “9.5.1-ci bəndən” əvvəl müqaviləyə daxil edilmişdir və Məhkəmənin qənaətinə görə, “9.3-cü bəndin” tələbi “9.5.1-ci bənddə” qeyd edilən şərtə deyil, ondan əvvəlki bəndlərdə qeyd edilən (yəni “Əmək müqaviləsinin” Əmək Məcəlləsinin digər maddələri ilə ləğv edilməsi) şərtlərə təsiri var.
27. Buna görə də qəbul edilməlidir ki, iddiaçının bildirdiyi bu xüsusatla əmrin ləğv edilməsi qeyri-mümkündür.
28. İddiaçı, iddia ərizəsində birbaşa olmasa da, dolayı yolla bildirir ki, işə götürən ona qarşı qərəzli mövqedə olmuşdur. Belə ki, o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4428/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə işə bərpa olduqdan sonra ona qarşı təqiblər daha da güclənmiş, təzyiqlər artmış və nəticə də o, xx.xx.2024-cü il tarixdə verilmiş əmrlə işdən çıxarılmışdır.
29. Bunu bildirən iddiaçı həmin halın baş verdiyi təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Hal bu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Məhkəmə, həmin halı təsdiq edə biləcək sübutların iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməməsini, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” daha əvvəl başqa əsasla xitam verilməsi barədə əmrin məhkəmə qaydasında ləğv edilməsini, bundan sonra iddiaçının işə bərpa edilərək 3 il müddətində əvvəlki vəzifəsində işləməsini nəzərə alaraq hesab edir ki, müzakirə edilən bu dəlil də əsassızdır.
31. İddiaçının digər dəlili ondan ibarətdir ki, o, 2018-2024 illər ərzində fasiləsiz işlədiyi üçün onunla işəgötürən arasındakı əmək münasibətləri müddətsiz olmuşdur.
32. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Çünki, iddiaçının tutduğu vəzifə dövlət qulluğunun inzibati vəzifələrinə aiddir. İddiaçı isə dövlət qulluqçusu deyil. Buna görə də, həmin vəzifədə işləməsi ilə əlaqədar onunla cavabdeh Nazirlik arasında bağlanmış “Əmək müqaviləsi” müddətli olmuş və yuxarıda qeyd edildiyi məhz bu səbəbdən müqaviləyə “9.5.1-ci bəndə” əlavə edilmişdir.
33. Bununla da müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Nazirlik arasındakı əmək münasibətləri müddətsiz olmamış və ola da bilməzdir.
34. İddiaçı tərəfindən cavabdeh Nazirliyə qarşı verilmiş iddia ərizəsində bu məsələ ilə bağlı qətnamənin qəbul edilməsi xahiş edilməsə də, qətnamədən verilmiş apellyasiya şikayətində iddiaçı xahiş edir ki, əgər işlədiyi və dövlət qulluğuna aid olan vəzifəyə onun təyin edilməsi mümkün deyilsə, onda o, dövlət qulluğuna aid olmayan (Nazirliyin dövlət qulluğu sayılmayan Ekspertiza və X4 aid) vəzifəyə təyin olunsun.
35. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir və bununla bağlı bildirir ki, MPM-in tələblərinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (maddə 218.3.). Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4.).
36. İddiaçı cavabdeh Nazirliyə qarşı verdiyi iddia ərizəsində onunla Nazirlik arasında bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Nazirliyin əmrinin ləğv edilməsi ilə yanaşı onun əvvəlki işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ona əmək haqqının, ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin Nazirlik tərəfindən ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Qeyd edilən həmin iddia tələblərinin də əsası ona bağlanır ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsi barədə Nazirliyin əmri qanunsuzdur.
38. Yuxarıda artıq qeyd edildiyi kimi, apellyaisya baxışının nəticəsi ilə müəyyən edilmişdir ki, Nazirliyin həmin əmri qanuni və əsaslı olmuş, əmrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
39. Belə olan halda qəbul edilməlidir ki, qeyd edilən həmin tələblərin təmin edilməsi üçün də əsas mövcud deyil. Rayon Məhkəməsi həmin tələbləri təmin etməməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
40. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh Nazirlik hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. Lakin iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
43. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 dekabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.