Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1602/2022 07.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(001)-8327/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan övladı 22.12.2013-cü il təvəllüdlü X1 ilə birlikdə Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında yerləşən evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 08.01.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan 22.12.2013-cü il təvəllüdlü X1 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli 2(001)-5606/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaq onun yanında saxlanılmışdır. O, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ünvanında yerləşən evə gəlin köçmüş, cehiz əşyalarını həmin evə aparmışdır, hazırda da cehiz əşyaları həmin ünvandadır. Lakin əri və ailə üzvləri onun orada yaşamasına imkan vermirlər. Hazırda anasının yanında yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(001)- 8327/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, köçmək istədiyi evdə əri, qayınatası, qayınanası ilə birlikdə yaşamış, ev 2 qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşaqdan ibarət olmuşdur. Cavabdeh onu evdən məcburi çıxardaraq yaşamasına icazə verməmişdir. Qətnamədə qeyd edilmişdir ki, hər iki tərəf evin cavabdehə məxsus olmamasını qəbul edir, halbuki belə bir ifadə işlətməməklə, birlikdə yaşadıqları özbaşına tikilinin cavabdehə məxsus olmasını və evləndikdən sonra da birgə təsərrüfat hesabına evdə təmir, yaxşılaşdırmalar etdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, O, ailə qurub mübahisəli evə gəlin köçərkən ev hazır vəziyyətdə idi, ancaq əri demişdir ki, evi özü tikib. 2017-ci ildə söz-söhbətlərə görə ailəsi, o cümlədən əri ilə birlikdə evdən çıxaraq bir müddət anasıgildə yaşamışlar, sonra təxminən 6 ay da kirayədə qalmışlar, lakin 2020-ci ildə əri ilə münasibətləri korlandığı üçün uşaqları ilə birlikdə anasıgilə qayıtmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, mübahisəli ev 2003-cü ildə tikilmişdir, o, uşaq idi və tikintinin ona heç bir aidiyyəti olmamışdır. Torpağı əmisi almışdır. O, 8-9 aydır ki, başqa ünvanda yaşayır, yeni ailə qurmuşdur. Hazırda həmin evdə anası və atası yaşayır, iddiaçıya məxsus əşyalar evdədir, özləri gəlib götürmür. İddiaçı ilə bir müddət kirayədə də yaşamışlar. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər 2013-cü ildə ailə qurmuş, birgə nikahdan 22.12.2013-cü il təvəllüdlü X1 doğulmuş, ailə qurduqdan sonra iddiaçı mübahisəli evə gəlin köçmüş, cehiz əşyalarını da həmin evə gətirmişdir. Mübahisəli ev özbaşına tikilidir. İddiaçı bildirir ki, o, gəlin köçərkən ev hazır vəziyyətdə olsa da, evi cavabdeh tikmişdir. Cavabdeh isə bildirir ki, mübahisəli evi hələ 2003-cü ildə əmisi tikmişdir, hazırda anası və atası yaşayır. Məhkəmə mübahisəli evin özbaşına tikili olmasını, tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini nəzərə alaraq, tərəflər arasında yaranmış mövcud mübahisənin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməsi qənaətinə gələrək, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə əsaslanaraq iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, çünki özbaşına tikililərlə (yaşayış evlərilə) bağlı münasibətləri tənzimləyən norma mövcud deyil, normanın mövcud olmaması isə iddiaya baxılmasından imtina üçün əsas ola bilməz. Özbaşına inşa edilmiş evlərin sökülməsi yox, onların qeydə alınması prioritet təşkil etdiyindən, həmin evi inşa etmiş şəxsin mülkiyyət hüququnun gözləntisi mövcuddur. Digər tərəfdən, özbaşına tikiliyə çəkilmiş xərcə münasibətdə də məhz bu xərci çəkmiş şəxs mülkiyyətçi hesab olunur. Odur ki, məhkəmə iddianın dəyərləndirilməsini Mənzil Məcəlləsinin 30-cu maddəsinin dispozisiya şərtləri daxilində aparmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə doğru olaraq göstərmişdir ki, iddiaçının hazırkı tələblə Cavabdeh qarşı məhkəməyə müraciət etməsinin hüquqi əsası mövcud deyil. İddiaçı evin cavabdeh tərəfindən tikildiyini bildirsə də, belə bir hal müəyyən edilmir, iddiaçı iddia tələbini əsaslandıra bilməmiş və qeyd etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçı mübahisəli evdə yaşadığı müddətdə birgə vəsait hesabına əsaslı təmir işlərinin aparılmasını da əsaslandıra və sübut edə bilməmişdir. Əksinə, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evə hazır vəziyyətdə köçmüş və 2017-ci ildə ailəsi, o cümlədən cavabdehlə birlikdə həmin evdən köçmüşdür. Eləcə də iddiaçı nə cavabdehin əmisinin, nə də valideynlərinin ailə üzvü və ya «digər qohumu» hesab olunmur. İddiaçının tələbini təmin etmək üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8327/2021 saylı iş üzrə 16 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1602/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1602/2022
07.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver