Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1604/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3, Cavabdeh3 Seyidnəhəmməd oğluna və Cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 (sonradan cavabdeh qismində cəlb edilmişdir) və Cavabdeh1 qarşı “torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması və digər tələbinə dair”mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X4 (Cavabdeh3 anasıdır) arasında ünvan 1 ünvanında (yeni qaydalarla ünvan 2 sahəsində yerləşən, 18,0 kv.m-dən ibarət, “A” tikilisi adlandırılan 1 otaqdan ibarət 3 saylı evin (bundan sonra - Fərdi yaşayış evi) alqı-satqısına dair xx.xx.1999-cu il tarixdə 082663 saylı müqavilə bağlanmış və iddiaçının Fərdi yaşayış evinə dair mülkiyyət hüququ ilkin olaraq xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə 007678 saylı Qeydiyyat vəsiqəsi verilmişdir.
2. Sonradan, qeyd edilən ünvanda iddiaçının mülkiyyətində 18 kv.m yaşayış, 10.4 kv.m köməkçi sahədən ibarət “A” tikilisi adlandırılan 1 otaqlı, Məryəm Nurmətovanın mülkiyyətində 26,1 kv.m yaşayış, 13 kv.m köməkçi sahədən ibarət “B” tukilisi adlandırılan 2 otaqlı fərdi yaşayış evinin olması barədə dövlət reyestrində düzəliş edilərək, bu barədə xx.xx.1999-cu il tarixdə 002524 saylı Qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçının Fərdi yaşayış evinə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə ********** nömrəli yeni çıxarış verilmişdir.
3. X4 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Ondan qalmış miras əmlak ünvan 1 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, N.Mahmudov küçəsi, 42) ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisi və mülkiyyətində olan torpaq sahəsindən ibarət olmuşdur. Məryəm Nurmətovanın iki vərəsəsi olmuşdur: X1 və Cavabdeh3.
4. X1 ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixində notarial qaydada bağlanmış miras payın bağışlanması müqaviləsinə əsasən Rafiq Nurmətov anasından (Nurmətova Məryəm) miras qalmış Fərdi yaşayış evinin ona düşən ½ hissədən ibarət miras payını Cavabdeh3 bağışlamış və sonuncunun Fərdi yaşayış evinə dair mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən mülkiyyətində olan 0,03442 ha torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılaraq boşaldılması, həmin torpaq sahəsində aparılmış qanunsuz tikililərin, hasarın cavabdehlərin hesabına sökülməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, aldığı ev “A" tikilisi olmaqla, 57,5 kv.m sahəsi vardır və altındakı torpaq sahəsi (0,0344 ha) ilə birgə onun xüsusi mülkiyyətindədir. 17 iyun 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən müvafiq çıxarış almışdır. “B” tikilisinin mülkiyyətçisi Məryəm Nurmetova 25 avqust 2016-cı il tarixdə ölmüşdür. Onun ölümündən sonra ona məlum olmayan əsaslarla həmin tikilidə cavabdehlər Cavabdeh1 və onun arvadı Cavabdeh2 yaşayır. Cavabdehlər orada yaşamağa başladığı vaxtdan onun və ailəsinin çətin günləri başlamışdır. Onun xüsusi mülkiyyətində olan 3 sotdan bir qədər artıq olan torpaq sahəsinə giriş-çıxışı qeyri-mümkün olmuşdur. Cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinə girişi bağlayaraq ondan istifadəni tam olaraq məhdudlaşdırmış və həmin torpaq sahəsinə qanunsuz sahiblik etməyə başlamışlar. Hətta vəziyyət o yerə gəlib çatmışdır ki, həmin torpaq sahəsində qanunsuz B tikililər quraşdırmışlar. Dəfələrlə onlara bu kimi qanunsuz əməllərinə son qoymaqlarını bildirsə də, aralarında mübahisələr yaranmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və bunun nəticəsi olaraq cavabdehlər Polis bölməsinə dəvət edilmiş və onlarla profilaktik söhbətlər aparılmış, cavabdehlər münaqişəli ailə kimi qeydiyyata götürülmüşdür. Lakin bundan sonra da o, və ailə üzvləri mülkiyyətində olan torpaq sahəsi üzərində cavabdehlərin qanunsuz sahibliyinə son qoyulması barədə xəbərdarlıqlar etsə də, təhqirlərə və hətta arvadı X2 Məmmədova tərəfindən döyülmüşdür.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 oktyabr 2022-ci il tarixli, 2(011)-330/2022 saylı qətnaməsi ilə (hakim Zamanlı Pərviz) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında və məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli torpaq sahəsinin onlara məxsus olmasına dair sübutları məhkəməyə təqdim etməmişlər. Birinci instasiya məhkəməsi işin bu hallarını,yəni cavabdehlərin mübahiəli torpaq sahəsinə müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüqunun pozulub-pozulmadığını araşdırmadan əsassız qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 152.1, 152.2, 152.3. 152.4. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
15. Maddə 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
19. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
25. Belə ki, iş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/23 saylı rəyi ilə müəyyən edilmişdir ki, göstərilən ünvanında “A” və “B” tikililərindən başqa əlavə tikili inşa edilmişdir. “A” tikilisinin qarşısında sahəsi 12,25 kv.m mətbəx sahəsi, 10.32 kv.m olan digər tikili inşa edilmişdir. Hər iki tikilinin yola tərəf ayrıca giriş-çıxışı olduğundan “B” tikilisindən isitifadə “A” tikilisindən və onun yerləşdiyi torpaq sahəsindən sərbəst istifadəyə maneçilik yaratmır. Hər iki tikili bir-birindən təcrid olunmuşdur. Onlar arasında olan qalan boş torpaq sahəsi 70 kv.m-dir. Tikililər arasında rəsmi bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.
26. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 07 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Nadir Mahmudov küçəsi, 3 saylı fərdi yaşayış evinin ümumi sahəsi 67,50 kv.m, yerləşdiyi torpaq sahəsi 0.0344 ha olduğu üçün hər iki çıxarışda sahələr eyni göstərilmişdir.
27. İş materiallarından aydın olur ki, məhkəmə tərəfindən mübahisəli əraziyə yerində baxış keçirilərkən də “A” və “B” tikililərinin bir-birindən təcrid olunmaları və hər ikisinin ayrıca giriş-çıxışının olması, “A” tikilisindən “B” tikilisinin yerləşdiyi torpaq sahəsinə, ümumiyyətlə hər hansı keçidin olmaması müəyyən edilmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda “A” və “B” tikililərinin dövlət reyestrində qeydə alınmalarına da çıxarışlar mövcud olsa da, naturada bölgü olmadığından mübahisəli torpaq sahəsinin konkret hansı tikiliyə aid olmasını və “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin zəbt olunub-olunmamasının müəyyən edilməsi mümkünsüzdür. Bu baxımdan da, kollegiya hesab edir ki, iddiaçının torpaq sahəsinin qanunsuz sahiblikdən geri qaytarılması, torpaq sahəsində aparılmış qanunsuz tikililərin və hasarın cavabdehlərin hesabına sökülməsi tələbi üzrə hazırki halda subyektiv hüququn sahibi kimi qəbul edilməsi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin hazırki halda iddia tələbinin təmin edilməməsi barədə iş üzrə qənaəti qanuni və əsaslıdır. Belə olan halda apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(011)- 330/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.