Məhkəmə qərarları › İş №2(103)-1609/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1609/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1609/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (MMC) qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sökülmüş evin əvəzinə mənzillə təmin edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4134/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materillarında olan Nərimanov rayon İcra Hakimiyyətinin 012242 saylı, xx.xx.1993-cü il tarixli orderindən görünür ki, Əliyev Pərviz Əli oğluna 4 nəfər ailə üzvü (arvadı A.Ç.Əliyeva, oğlu İddiaçı, gəlini S.S.Əliyeva və nəvəsi Q.A.Əliyeva) birgə Dərnəgül qəsəbəsi 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında yerləşən binada mənzil verilmişdir.

2. İş materillarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlandırılmış 12 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 113 saylı, xx.xx.2001-ci il tarixli Qərarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan ünvan 2 ünvanındakı 3 saylı yataqxana Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə xx.xx.2018-ci ildə kəskin qəzalı elan edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin 2018-2021-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşmələri məqsədilə Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülmüş və tikili istismar müddətinin başa çatması ilə əlaqədar sökülmüşdür. Bakı şəhərinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh MMCnin yataqxananın yerində müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmişdir. Yataqxana binası söküldündən sonra 23 ailə yataqxanadakı otaqlara dair orderlərinin olmasını bildirmiş və həmin şəxslərin bir qismi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.

3. İş materiallarına əlavə edilmiş Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 22 may 2020-ci il tarixli 109 nömrəli Sərəncamından görünür: 1. ünvan 3 ünvanda yerləşən 0.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilsin. 2. Sifarişçiyə tapşırılsın: 2.1. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq, torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” Müdiriyyəti ilə 3 ay müddətində torpaq icarə müqaviləsinin bağlanmasını təmin etsin; 2.3. Torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin; 2.4. Tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin; 2.5. Bu Sərəncamdan irəli gələn digər sənədləşmə işlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmasını təmin etsin; 2.6. Sahənin zəbt olunmasının, yaşıllıqların qanunsuz məhv edilməsinin qarşısının alınmasını təmin etsin və.s. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsinə görə həmin yerdə cavabdeh tərəfindən tikilən yeni çoxmərtəbəli binadan ona və ailə üzvlərinə mənzil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası Əliyev Pərviz Əli oğlu 1966-cı ildən 4 saylı Ev Tikmə Kombinatının nəzdində fəaliyyət göstərən 41 saylı İnşaat İdarəsində fəhlə işləmişdir. İşlədiyi dövrdə 1993-cü ildə Dərnəgül qəsəbəsi, 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında ona mənzil verilmişdir. Lakin, həmin bina yataqxana olduğu üçün ora əsaslı təmir edildikdən sonra sakinlərin istifadəsinə verilməli idi. Həmin təmir işlərində ora köçəcək bütün şəxslərlə bərabər iddiaçının atası da əziyyət çəkmiş, işləmişdir. Bu illər ərzində iddiaçının ailə üzvlərinin sayı 7 nəfər də artmışdır. Evin sahəsi 59,4 kv.metr təşkil edir, iddiaçının həmin ünvanda yaşamaq hüququ Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən tanınmışdır. Bu, 23 iyun 1993-cü il tarixli, 113 nömrəli orderlə öz təsdiqini tapır. İddiaçı və ailə üzvləri artıq uzun illər idi ki, həmin ünvanda yaşayırdılar. Lakin, həmin bina cavabdeh tərəfindən sökülmüş, orada çoxmənzilli yaşayış binası inşa edilməyə başlanmışdır. Əvəzində isə cavabdeh iddiaçıya nə kirayəpulu, nə kompensasiya nə də mənzil verməmiş, ailəni çətin vəziyyətdə qoymuşdur. Buna görə də, cavabdeh tərəfindən inşa edilən çoxmənzilli binadan iddiaçıya və ailə üzvlərinə mənzil verilməsi labüddür.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4134/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianı təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Belə ki, Nərimanov rayon İcra Hakimiyyətinin 012242 saylı, xx.xx.1993-cü il tarixli orderi ilə iddiaçının atası Əliyev Pərviz Əli oğluna 4 nəfər ailə üzvü birgə Dərnəgül qəsəbəsi 19-cu Dağüstü küçəsi, ev 23, mənzil 19 ünvanında yerləşən binada mənzil verilmişdir. Əliyev Pərviz Əli oğlu 1966-cı ildən 4 saylı Ev Tikmə Kombinatının nəzdində fəaliyyət göstərən 41 saylı İnşaat İdarəsində fəhlə işləmişdir. Lakin həmin dövrdə bina yataqxana kimi istifadə olunduğu üçün əsaslı təmir edildikdən sonra sakinlərin istifadəsinə verilməli idi. Həmin təmir işlərində bina təmir olunduqdan sonra oraya köçəcək olan işçilər ilə birgə Əliyev Pərviz Əli oğlu da təmir prosesində iştirak etmişdir. Yuxarıda qeyd edilən orderdə ailə üzvləri kimi Əliyev Pərviz Əli oğlunun arvadı Əliyeva Afət Cəlil qızı, oğlu İddiaçı (iddiaçı), gəlini Əliyeva Sevinc Səfər qızı və nəvəsi Məmmədova Afət Qulam qızının adları qeyd edilmişdir. Əliyev Pərviz Əli oğlu 14 oktyabr 2010-cu ildə vəfat etmişdir. Göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül qəsəbəsi 19-cu Dağüstü küçəsi (indiki Səttar Bəhlulzadə küçəsi), ev 23, mənzil 19 iddiaçıya məxsusdur. ünvan 3 ünvanında yerləşən həmin bina Cavabdeh MMC tərəfindən qanunsuz olaraq sökülərək onun yerində yeni çoxmərtəbəli yaşayış binası inşa edilməyə başlanılmışdır. Cavabdeh mənzili sökdükdən sonra da iddiaçı ilə hər hansı müqavilə bağlamağa və ya onun əmlakına dəymiş maddi zərəri naturada və ya kompensasiya şəklində ödəməyə belə cəhd göstərməmişdir. Ancaq iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh ona sökülmüş mənzilin əvəzinə 20.000 manat təklif etmişdir. Təklif edilən məbləğ çox az olduğu üçün iddiaçı razı olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilatın iddiaçıya qarşı birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd və mülki qanunvericiliyin normalarını pozan əmələ, hərəkət və ya hərəkətsizliyə yol verməsi açıqaşkar ortadadır və cavabdeh təşkilatın törətmiş olduğu delikt nəticəsində iddiaçıya maddi, mənəvi ziyan dəyməsi mülki iş materialları ilə istisna olunmur. Məlumat üçün bildirir ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, “Müharibə Veteranıdır”. Maraqlıdır ki, iddia tələbi ilə bağlı məhkəmənin araşdırması və qətnamənin əsaslandırması ancaq bir abzasdan ibarətdir. Halbuki, məhkəmə prosesi zamanı cavabdeh iddiaçıya sökülmüş evin əvəzinə 20.000 manat təklif etmiş və bununla bağlı tərəflər arasında razılığın əldə edilməsi üçün məhkəmə iclasının təxirə salınması üçün cavabdeh hətta məhkəməyə müraciət etmişdir. Ancaq iddiaçı təklif edilən məbləğlə evin dəyərindən çox aşağı olduğu üçün razı olmamışdır. Cavabdehin vəkili binanın sökülməsinə dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən R.Mahmudun imzası ilə verilən xx.xx.2021-ci il tarixli, Tİ-65/21 saylı obyektin tikintisinə icazə sənədini təqdim etmişdir. Həmin sənəddə icazəyə əlavə olunan sənədlər göstərilmişdir ki, onlardan biri də Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 109 saylı Sərəncamı olmuşdur. Cavabdeh tərəfə həmin sərəncamı da təqdim edilməsi xahiş edilsə də cavabdeh sərəncamı məhkəməyə təqdim etməmişdir. Hakimdən bu işin ədalətli araşıdırılması üçün əsas olan sərəncamın əldə edilməsi üçün sorğu verilməsi xahiş edilsə də məhkəmə sərəncamın əldə edilməsinə ehtiyac olmadığını bildirmişdir. Məlumdur ki, hansısa binanın sökülməsi və yerində yeni binanın inşa edilməsi ilə bağlı tənzimləmələr (mülkiyyətçilərin köçürülməsi, kirayə evlərdə yerləşdirilməsi, sökülən evin əvəzinə kompensasiya və ya mənzil verilməsi ilə bağlı məsələlər) sərəncamlarda nəzərdə tutulur. Odur ki, bu iddia üzrə araşdırma üçün əsas sənədlərdən biri yuxarıda qeyd edilən sərəncamdır. Maraqlıdır ki, məhkəmə adı çəkilən sərəncamın əldə edilməsində, işin araşdırılmasında maraqlı olmadan, heç bir məhkəmə araşdırması aparmadan (baxmayaraq ki, məhkəmə iclasıbir neçədəfə təxirə salınmışdır, ancaq bu zaman ərzində lazımı araşdırma aparılmamışdır) qətnamə qəbul etmişdir. İddiaçının verdiyi sorğuya isə Bakı Şəhər İcra Hakimiyyəti sərəncamı təqdim etməkdən imtina etmişdir. Danışıqlar zamanı bildirmişdir ki, ancaq məhkəmə sorğusu əsasında sərəncamın təqdim edilməsi mümkündür. Məhkəmə aydınlaşdırmamışdır ki, ünvan 3 ünvanında yerləşən bina kimin tərəfindən sökülmüşdür, söküntü aparılmamışdan əvvəl mülkiyyətçilərin mülkiyyət hüquqları necə təmin edilmişdir, Binəqədi rayon İcra Hakimiyyətinin sorğuya cavabında göstərildiyi kimi sökülən binadakı mənzillərə dair orderləri olan 23 ailə ilə bağlı nə tədbir görülmüşdür? Məhkəmə yalnız cavabdeh tərəfin “binanı biz sökməmişik” ifadəsinə inanaraq, heç bir sübuta istinad etmədən iddianı rədd edərək, cavabdehin xeyirinə qərar qəbul etmişdir. Məhkəmə heç onu da araşdırmamış və nə də qətnamədə əsaslandırmamışdır ki, əgər cavabdeh doğrudan da (əvvəl barışıq təklif etdi ancaq son məhkəmə prosesində iddianı qəbul etmədiyini bildirdi) bu iş üzrə cavabdeh deyildirsə və binanı onlar sökməmişdirsə, o zaman nə üçün iddiaçıya 20 000 manat təklif edirdi. Halbuki, qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 2013-cü il 22 yanvar tarixli Qərarı). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Sübutları qiymətləndirən zaman Məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul etməlidir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya fakt ilə bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

13. Maddə 13. 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29. 4-cü bəndinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

15. Avropa İnsan HüquqlarıKonvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

16. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4134/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

27. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin 012242 saylı, xx.xx.1993-cü il tarixli orderi təşkil edir və iddiaçı qeyd edir ki, ünvan 3 ünvanda yerləşən ona məxsus mənzil Cavabdeh MMC tərəfindən sökülmüşdür. Ona görə də həmin yerdə cavabdeh tərəfindən tikilən yeni çoxmərtəbəli binadan ona və ailə üzvlərinə mənzil verilməsinin cavabdehə həvalə edilməsini xahiş edir.

28. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Məhkəmə kollegiyası işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

30. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında Cavabdeh istifadəsinə verilməsi haqqında Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 22 may 2020-ci il tarixli 109 nömrəli Sərəncamında ünvan 3 ünvanda yerləşən 0.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilməsi göstərilmişdir.

31. Qanunvericiliyin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (MM 1096).

32. İstinad edilən sərəncamda, binanın sökülməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilməmiş, həmçinin binadan olan şəxslərlə müqavilə bağlanması öhdəliyi də müəyyən edilməmişdir. Ümumiyyətlə iddiaçıya məxsus binanın məhz cavabdeh tərəfindən sökülməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

33. Həmçinin qeyd edilməlidir ki, cavabdeh hüquqi şəxslə iddiaçı arasında sökülmüş binanın yerində tikilən binada iddiaçıya mənzil verilməsi ilə bağlı tərəflər arasında hər hansı bir müqavilənin olması iş üzrə müəyyən edilməmişdir.

34. Belə olan halda hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilin (binanın) sökülməsi, habelə, cavabdehin iddiaçıya mənzil verməsi ilə bağlı öhdəliyinin olması işin faktiki halları və iş materialları ilə sübuta yetirilmədiyindən, Cavabdeh MMC iddiaçı qarşısında hər hansı mülki hüquq məsuliyyəti daşıya bilməz.

35. Beləliklə iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 113 saylı, xx.xx.2001-ci il tarixli Qərarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan ünvan 2 ünvanındakı 3 saylı yataqxana Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin və rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə xx.xx.2018-ci ildə kəskin qəzalı elan edilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli “Texniki vəziyyət haqqında” Aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xətlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən 3 saylı yataqxana binasında məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailəsinin 2018-2021-ci illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti yerləşmələri məqsədilə Qobustan rayonunda yerləşən “Qobu Park”a köçürülmüş və tikili istismar müddətinin başa çatması ilə əlaqədar sökülmüşdür. Bakı şəhərinin ümumi memarlıq görüntüsünə xələl gətirdiyini nəzərə alaraq, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Cavabdeh MMCnin yataqxananın yerində müasir üslubda yeni yaşayış binasının tikinti işlərinin aparılmasını məqsədəuyğun hesab etmişdir. Hazırkı iddia üzrə iddiaçı daxil olmaqla 23 ailə orderlərinin olmasına baxmayaraq həmin binada ümumiyyətlə yaşamamışlar. Yataqxana binası söküldündən sonra 23 ailənin yataqxanaya dair orderlərinin olmasını müəyyən olunmuşdur. Həmin şəxslər (hazırkı iddiaçı istisna olmaqla) cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia tələbləri qismən təmin edilmiş və qərarlar qanuni qüvvəsini almışdır.

36. Göründüyü kimi, məhkəmə qərarı ilə yataqxananın sökülməsinə görə kompensasiya ödənişinin verilməsi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmaqla hazırkı mübahisə ilə cavabdeh olan şəxs kimi tanınmışdır.

37. Bundan başqa kollegiya qeyd edir ki, Nərimanov rayon İcra Hakimiyyətinin 012242 saylı, xx.xx.1993-cü il tarixli orderi hazırkı iddia üzrə iddiaçının deyil, onun atası Əliyev Pərviz Əli oğlunun adına verilmiş və sonuncunun ailə üzvləri iddiaçı ilə yanaşı arvadı A.Ç.Əliyeva, gəlini S.S.Əliyeva və nəvəsi Q.A.Əliyeva olması qeyd edilmişdir. İddiaçının atası Əliyev Pərviz Əli oğlu 14 oktyabr 2010-cu ildə vəfat etmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərəkən atası Pərviz Əliyevin vərəsəsi olmasını təsdiq edən sənədi (vərəsəlik şəhadətnaməsini) və orderdə qeyd edilən digər şəxslərin razılıq ərizəsini əlavə etməmişdir. Nəzərə alınmalıdır ki, iddianının hazırkı halda təmin edilməsi halında belə orderdə göstərilən digər şəxslərin hüquqlarının itirilməsi ilə nəticələnmiş olardı.

38. Həmçinin qeyd edilməlidir ki, hazırkı iddia üzrə iddiaçı və orderdə adları qeyd edilən şəxslər Əliyev Pərviz Əli oğlunun vərəsəsi olduğunu təsdiq edildiyi halda kompensasiyanın ödənilməsi tələbi ilə Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ilə müvafiq məhkəməyə müraciət etmək hüququ istisna edilmir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı hazırkı cavabdehə münasibətdə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4134/2022 saylı 21 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar