Məhkəmə qərarları › İş №2(103)-1612/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1612/2021

01.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1612/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4770/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı və əvvəlki aylara nisbətlə dəyən bonus zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)-4770/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə götürənin ayrı-seçkilik edərək işə dəvət etməməsinə baxmayaraq xx.xx.2020 tarixində əmək funksiyalarını yerinə yetirmək üçün banka getmişdir. İşə tez getdiyi üçün 1.5 saat komputerindən istifadə edərək işdə olmadığı vaxtda olan yeniliklərlə tanış olmaq və rəhbərliyə yenidən müraciət etmək üçün iş komputerindən istifadə etmişdir. Daha sonra saat 10 radələrində filial müdiri işə gəldiyi zaman işə gəlməyinin və komputerdən istifadə etməyinin qanunsuz olduğunu bildirərək əmək funksiyalarını yerinə yetirməyinə mane olmuş və biraz sonra komputeri filial müdiri və ya bankın baş ofisi tərəfindən blok edilmişdir. Bundan sonra öz şəxsi e-maili vasitəsilə İdarə heyəti sədri və bir neçə departament rəhbərinə komputerinin niyə bloklanmasıyla və digər məsələlərlə bağlı müraciət ünvanlamışdır. Bu müraciətinə əsasən İnsan Resursları departametinin direktoru Məmmədova Fərqanə xanım tərəfindən növbəti gün ona cavab verilmişdir. Cavabda deyilirdi ki, məzuniyyətdə olanlarla bağlı “daxili qaydalara” əsasən hər kəsə komputerin blok edilməsi qaydası tətbiq edilir. O, xx.xx.2020 tarixində rəsmən məzuniyyətdə olmağına, xx.xx.2020 tarixində məzuniyyətdən sonrakı ilk iş günü olmasına baxmayaraq komputerindən istifadə edərək maillər yazmış və bu hallar rəhbərliklə olan yazışmalarda öz əksini tapır. Bu tarixlərdə deyilən “qayda” tətbiq edilməmişdi. Belə bir qayda olmuş olsa belə xx.xx.2020 tarixindən rəsmi işdə olduğuna görə bu qayda ona tətbiq edilə bilməzdi. İşəgötürən Əmək məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinin tələbi olan işçilərin əmək funkiyalarının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin vaxtında verilməsinə dair öhdəliyini pozaraq iş komputerindən istifadəyə imkan verməmiş və bankdan kənarlaşdırılmışdır. İşçinin işdən kənarlaşdırılması bu Məcəllənin 62-ci maddəsi ilə tənzimləndiyi halda, buna uyğun olmayan səbəblərdən işəgötürənin və ya filial müdirinin qərəzli münasibətinə görə əsassız olaraq işdən kənar edilmişdir. X1 direktoru maillə yazışmalarında əqidəsinə və dəyərlərinə uyğun iş tapmağını tövsiyyə edir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü hissəsində dövlətin əqidəsinə görə hər kəsin hüquqlarının bərabərliyinə təminat verməsi və əqidəyə görə hüquqların məhdudlaşdırılmasının qadağan edilməsi deyilir. Eyni maddənin 4-cü hissəsində isə 3cü hissədə göstərilən əsaslara görə kiməsə zərər vurma qadağan edilir. 71-ci maddənin 4-cü hissəsində deyilir: Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Ancaq yuxarıda sadalananlardan da göründüyü kimi əmək müqaviləmə xitam verilməsi hansısa əmək funksiyalarına bağlı deyildir. Sırf ayrı-seçkilik və qərəzlilikdən bu addım atılmışdır. Əqidəsinin icra etdiyi işlə hansı ziddiyyətlər təşkil etdiyi sualına cavab verilməmişdir.İşəgötürənə xx.xx.2020 tarixində ünvanladığı müraciətdəki: Cavabdehda onun vəzifəsinə uyğun hansı əmək funksiyaları yerinə yetirilir ki, əqidə fərqi qoyulur və əqidəsinə uyğun iş tapmağı tövsiyyə olunur? İşçilər növbəliliklə işə dəvət edildiyi halda o, xx.xx.2020-xx.xx.2020 tarixlərində nəyə əsasən işə dəvət edilməmiş, hansı əsaslarla ayrı-seçkilik edilmişdir?Bu tarixlərdə komputeri hansı əsasla blok edilmişdir? tipli sualları cavabsız buraxılmışdır. Beləliklə, ona qarşı Əmək Məcəlləsinin daha bir-12-ci maddəsinin 1-ci hissəsinin “e” bəndinin işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq tələbi pozulmuş hələ də cavab verilməmişdir. Daha sonra yazışmasındaa Fərqanə xanım ən qısa zamanda yerinə işçi götürüləcəyini vurğulayıb. 30 ay eyni vəzifədə işləmiş, işini yetərincə mənimsəmiş, heç bir tənbehi olmayan bir işçini çıxarıb yerinə təcrübəsiz işçi götürmək, onu yetişdirmək üçün zaman və vəsait sərf etmək məntiqsizdir biznes üçün. Təkcə bu fakt qanun qadağan etsə belə işəgötürənin hüquqlarından ona qarşı sui istifadə edərək işdən uzaqlaşdırdığını və ona qarşı qərəzli davranıldığını göstərməyə bəs edir və müqaviləyə xitam verilməsi filialda işçi və ya ştat ixtisarına əsaslanmır, sadəcə ona qarşı bir fəaliyyətdir. Müvafiq olaraq xx.xx.2020 tarixində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə sənəd əksikliyi səbəbindən geri qaytarılma ilə bağlı qərardad çıxarmışdır və xx.xx.2020 tarixində əksikliyi aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi iddia ərizəsi üzrə işə baxaraq əmrin ləğvi və iş buraxmaya görə əmək haqqı və bonus zərərinin ödənilməsiylə bağlı mülki iş üzrə xx.xx.2020 -ci il tarixli qətnaməsi ilə müəyyən edib ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, işəgötürən əmək müqaviləsinin müddəti başa çatdığından əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçnii xəbərdar etmiş, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Belə ki, müqavilə bitdiyinə görə yox qərəzlilik, ayrıseçkilik və s. hallara görə müqavilə 1 ildən 3 aya azaldılaraq və bank hüquqlarından sui istifadə edərək müqaviləyə xitam vermişdir. Çünki bankın vəzifəli şəxsinin yazısından da görünür ki, əvəzinə yeni işçi götürüləcək. Buradan da görünür ki, işi tam mənimsəmiş şəxsi uzaqlaşdırıb yerinə təcrübəsiz birini götürmək məntiqsizdir və hüquqlardan öz xeyrinə sui istifadədir. İşlədiyi dövrdə ayrıseçkilik olması, rəsmi işdə olduğu halda iş kompyuterinin bloklanması, vəzifəli şəxsin əqidəsinə uyğun iş tapmalı olduğu ilə bağlı tövsiyyəsi, haqqında tənbeh olmadığı halda işində yetərsiz, effektsiz olduğunu vurğulaması, heç bir intizam tədbiri olmadığı halda haqqında mənfi xasiyyətnamə verilməsi, müqavilənin xitamına səbəb göstərdikləri məhsulların satışının Əmək Məcəlləsinə zidd olması və iddiada göstərdiyi digər hallara görə qətnaməni əsassız hesab edir. İddialarını sübut edən bütün sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, bankın ondan vəzifə öhdəliyi kimi tələb etdikləri əslində vəzifə təlimatlarında olmayıb. Lakin bank onun işlədiyi dövrdəki vəzifə təlimatını təqdim etmir. Çünki, həmin təlimatdan görünəcək ki, ondan tələb etdikləri onun vəzifə təlimatı olmayıb. Bank iddia edir ki, o, vəzifə təlimatlarını icra etməmişdir. O, vəzifələrini bilir. Lakin onların tələb etdikləri onun vəzifə təlimatı olmayıb. Vəzifə təlimatlarının heç bir bəndini pozmamışdır. Onun işində haram deyilən işdən söhbət gedə bilməz. Hansısa kartın satışı necə haram hesab oluna bilər? Dedikləri tələblər onun vəzifə təlimatında ümumiyyətlə olmayıb. Rayon məhkəməsi işi araşdırmadan qərar qəbul edib. Cavabdeh tərəf hüququndan sui-istifadə edib. Onun müqaviləsinin ləğvinin əsası müddətin bitməsidir. Lakin müddətin uzadılmaması üçün hansısa bir səbəb olmalıdır. Dediklərini əmrdə göstərməsələr də, Bankın insan resurslarının rəhbəri yazışmalarda bunu qeyd edib, hansı ki, bankın yüksək vəzifəli şəxsidir. Lakin bunu bir nəfər yox, attestasiya komissiyası müəyyən edə bilərdi. Ona deyirlər ki, əqidənizə uyğun iş tapın. Bu iş necədir ki, onun əqdisinə uyğun deyil. “Banklar haqqında” Qanunda da göstərilir ki, bank işi daimi işdir. Necə olur ki, işəgötürən müddətli müqavilə bağlaya bilər, lakin işçi müddətsiz müqavilə bağlaya bilməz. Bu, işçi ilə işəgötürənin bərabər hüquqlu olmadığını göstərir. O, başqa bir şirkətdə işə düzəldi, lakin o da müddətli müqavilə bağladığı üçün imtina etdi və nəticədə onun müqaviləsi başlamadan xitam olundu. İşəgötürənlər bu hüquqlarından sui-istifadə edirlər. Onun işdən kənarlaşdırılmağı qanunda nəzərdə tutulmayan əsaslarla edilib, hansı ki, bu heç əmrdə də qeyd olunmayıb. Həmçinin rayon məhkəməsində hakim işi araşdırmadan tələsik qərar qəbul etdi. Bankın hansısa işinin düzgün olmaması barədə bankın filial müdirinə və insan resursları rəhbərinə bildirmişdir. Onun vəzfəsi Bankın məhsulunu təklif etməkdi. Təklif olunanı istəmirlərsə, o, vətəndaşı məcbur edə bilməz. Müqavilə müddəti 1 ildən 3 aya endirilib. Bu, sui-istifadədir. Keçən il o, Bankın Mingəçevir filialında könüllü olaraq kassa bölməsində təcrübə keçdi. Çünki, vətəndaşı aldatmağı özünə yaraşdırmırdı. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış bu hadisə oldu. Sonra isə müqavilə müddətini 1 ildən 3 aya endirdilər. Təcrübə müddətində onun müqaviləsi bitirdi. Burada, qarşı tərəfə güvəndiyi əvvəlki rəftar olub. Müqaviləni imzalamasaydı, hazırki proseslər 6 ay əvvəl baş verəcəkdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 bildirdi ki, iddiaçı işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən çıxarılıb. İddiaçının işindən raz qalıb-qalmaması məsələsi işəgötürənə aiddir. İşdən müddətin bitməsi əsası ilə çıxarılıb. Digər məsələlər də var, lakin hazırki işin predmeti olmadığı üçün hazırda onları qeyd etməyi əsas görmür. İşində də qüsurlar olmuşdur. İşçiyə vəzifə təlimatları təqdim olunur. Tərəf işdən çıxandan sonra tələb edir ki, bununla bağlı Konstitusiya Məhkəməsi şərh verməli idi. Hüquq bərabərliyi prinsipinə əməl olunub. Müqavilə qarşılıqlı razılıq əsasında bağlanıb. İşəgötürən işçinin iş keyfiyyətini bəyənmirsə, müddət bitdikdən sonra müqavilə müddətini uzatmaya bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (bir il müddətinə) Bankın Yevlax rayon filialının satış bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilərək onunla müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2019-cu il tarixli 3 №-li əlavəyə əsasən xx xxxxxx 2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixli 4 №-li əlavəyə əsasən xx xxxxx 2020-ci il tarixinədək və həmin müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (3 aya) - xx xxxx 2020-ci il tarixədək uzadılmış, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə xx xxxx 2020-ci il tarixli əmrlə xx xxxx 2020-ci il tarixdən ləğv edilmişdir. Əmrin surəti xx xxxx 2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmış, işəgötürən əmək müqaviləsinin müddəti başa çatdığından əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçini xəbərdar etmiş, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. İddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmuşdur. Əvvəla ona görə ki, İddiaçı Cavabdeh ASC tərəfindən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək (bir il müddətinə) Bankın Yevlax rayon filialının satış bölməsinin mütəxəssisi vəzifəsinə qəbul edilərək onunla müddətli əmək müqaviləsi bağlanmış, həmin müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə müqaviləyə edilən xx.xx.2019-cu il tarixli 3 №-li əlavəyə əsasən xx xxxxxx 2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixli 4 №-li əlavəyə əsasən xx xxxxx 2020-ci il tarixinədək və həmin müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə (3 aya) - xx xxxx 2020-ci il tarixədək uzadılmış, nəhayət, əmək müqaviləsi müddətinin qurtarması səbəbi ilə xx xxxx 2020-ci il tarixli əmrlə xx xxxx 2020-ci il tarixdən ləğv edilmişdir.Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin qeyd olunan tələblərinə riayət etmişdir. İkincisi, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır(ƏM:m.45.b.4)Düzdür qeyd olunan normanın imperativ tələbinə görə iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işinin daimi xarakterə malik olduğu qabaqcadan bəlli ola bilər, lakin bu halda da Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallar istisna hallar kimi, əmək müqaviləsini tərəflərin razılaşdığı müddətə bağlanmasına imkan verir. Konkret olaraq hazırki işdə iddiaçı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” yarımbəndindən işəgötürənlərin sui istifadə etdiklərini (həmin yarımbənddə göstərilir ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər) bildirir, hətda vəsatətlə müraciət edərək hüquq bərabərliyi ifadəsinin və əmək müqaviləsi bağlanarkən işçinin öz əleyhinə qanunun bu bəndinin tətbiqinə niyə razılaşmasının şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsini də xahiş etmişdir. Əlbətdə, iddiaçının göstərdikləri açıq-aşkar əsassız görünməyə bilər. Lakin əmək müqavilələri də sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz(ƏM.m.42.b.1) Cavabdeh də müddətli əmək müqaviləsini, o cümlədən müddətsiz əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əgər edilmiş olardısa onda hüquq bərabərliyi prinsipi də pozulmuş olur. Bundan əlavə, iddiaçı özü də əvvəldən onunla müddətli əmək müqavilələri bağlamağa razı olmuş və həmin dövrlərdə bu halı heç vaxt mübahisələndirməmişdir. Yalnız, onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra bu cür müqavilənin hüquq bərabərliyi prinsipini pozduğunu yadına salaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(006)- 4770/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar