Məhkəmə qərarları › İş №2(103)-1612/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1612/2022

25.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1612/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(005)-5648/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nərimanov rayonu Faiq Yusifov küçəsində yerləşən 69 saylı evin 211 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(005)- 5648/2021 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli 2(005)- 5648/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytararkən Azərbaycan Respublikası MPM-in 150.1.7 və 149.2.3-cü maddələrinə istinad etmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 150.1.7-ci maddəsinin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yenə həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsini geri qaytaran hakim belə qənaətə gəlmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosedurundan keçməmiş, bundan əlavə iddia ərizəsinə iddia tələbinin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutlar əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Belə ki, 2021-ci il iyulun 1-dən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin tələbinə görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 3.1.2-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Yenə həmin Qanunun 26.1.5-ci maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya institutu respublikamızda yeni institut olmaqla “Mediasiya haqqında” Qanunun tətbiqi zamanı fikir ayrılıqlarının yaranması labüddür. Kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisənin ailə münasibətlərindən irəli gələn mübahisə olub-olmaması aydınlaşdırılmalıdır. İddiaçı iddia ərizəsinin məzmunundan görünür ki, cavabdehin istifadə hüququnun itirilməsi tələb olunan mənzil dövlət mənzil fonduna aiddir və iddia tələbi mənzil qanunvericiliyinin müddəaları ilə əsaslandırılmışdır. Kollegiyanın qənaətinə görə ailə münasibətlərindən irəli gələn və ailə və mənzil hüquq münasibətlərinin qarışıq elementlərini özündə əks etdirən mübahisələrdə tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmələri zəruri şərt kimi irəli sürülə bilər. Lakin hazırkı mübahisə ailə münasibətlərindən yox, mənzil münasibətlərindən irəli gələn mübahisədir və tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmələri məcburi deyil. Mübahisə tərəfləri ər-arvad olmaqla bir ailənin üzvləri olsa da, mübahisə mənzil qanunvericiliyinin tələblərinə uyğun şəkildə həll olunacaqdır. İddia ərizəsinə iddia tələbinin əsası kimi istinad edilən fakt və hallar və onları təsdiq edən sübutlar əlavə edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar əlavə etmişdir. Həmin sübutların iddianın uğurlu həlli üçün nə qədər yetərli olması isə məhkəmə araşdırmasının nəticəsinə əsasən müəyyən edilə bilər. Nəticə etibarilə, kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(005)-5648/2021 saylı qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi üçün mülki iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli 2(005)- 5648/2021 saylı qərardadı ləğv edilsin və iddia ərizəsi icraata qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar