Məhkəmə qərarları › İş №2(103)-1612/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1612/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1612/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2810/2023 nömrəli 01 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış və abonentin istehlakçını keyfiyyətli qazla təmin edilməsi barədə qarşılıqlı razılıq əldə edilmişdir.

2. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci tarixli aktlara əsasən abonent kodu **********0000 olan, istehlakçı Adil Rzayevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanında yerləşən 26 saylı evə Cavabdeh əməkdaşları tərəfindən müxtəlif vaxtlarda baxış keçirilmiş və təbii-qazdan qeyri-qanuni istifadə edilməsi faktları aşkarlanmış və müvafiq aktlar tərtib edilmişdir. **********00000 saylı abonent saldosundan aydın olur ki, cəmi 2160 manat ziyan məbləği hesablanmışdır.

3. Hazırda həmin məbləğ abonent kodu **********00000 olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında yaşayan İddiaçı tələb olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2160 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanındakı 28 saylı ev onun istifadəsindədir və ailəsi ilə birlikdə orada yaşayır. Həmin ünvana quraşdırılmış abonent kodu **********00000 olan smart tipli qaz sayğacı onun istifadəsindədir. Sayğac onun adınadır. 2021-ci ilin dekabr ayında smart tipli qaz sayğacının kartına ödədiyi məbləğin bir hissəsi tutulduğu üçün “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, orada bildirmişlər ki, guya qaz xəttinə qeyri-qanuni müdaxilə etdiyi üçün dəymiş ziyan kimi ona 2160 manat cərimə yazılmışdır. O, buna etirazını bildirərək yazılan cərimə barədə məlumat verilməsini tələb etmişdir. Orada qonşusu - abonent kodu **********0000 olan X2 adına yazılmış 13 ədəd akt təqdim etmişlər. “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən qonşusu X2 adına yazılmış 0206629, 0211735, 0214244, 0218250, 0225275, 0232540, 0234981, 0239741, 0248167, 0251635, 0261712, 0266578, ******* saylı aktlar əsasında tələb olunan 2160 manat borc onun adına yönəldilmişdir. Hansı səbəbdən qonşusunun adına yazılmış aktların cərimə məbləğinin ondan tələb edilməsi sualına cavab olaraq, guya aktların yanlışlıqla qonşusu X2 adına yazıldığı bildirilmişdir. Bu səbəbdən sonradan düzəliş olunaraq həmin 2160 manat borc ondan tələb olunur. O, buna etraz etmiş, ailəsi ilə həmin evdə yaşadığı uzun illər ərzində nə özünün, nə də ailəsinin qaz xəttinə qeyri-qanuni müdaxilə etdiklərini bildirmiş və dərhal borcun onun adından silinməsini tələb etmişdir. Lakin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı bunu edə bilməyəcəyini bildirmişdir. Uzun illərdir ki, smart kart tipli sayğacdan istifadə edir. Təbii qazın pulunu əvvəlcədən ödəməklə qazdan istifadə edir. “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən ona verilən qonşusu X3 aid “abonentin saldosu”ndan göründüyü kimi 13 ədəd aktın tərtib olunduğu 2019-2020-ci illər ərzində həmin qonşu sayğaca heç bir ödəniş etməmişdir. Bir neçə il ərzində cəmi 22 manat qaz pulu ödəmişdir. Lakin ona aid olan abonentin ödənişləri barədə məlumat sənədində onun 2019-2020-ci illər üçün hər ay karta ödədiyi məbləğlər görünür. Bu onu sübut edir ki, həmin aktlar abonent kodu l**********000 olan qonşusu X5 barəsində tərtib olunmuşdur. Həmçinin “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşı tərəfindən ona göstərilmiş qeyri-qanuni müdaxiləni göstərən fotoşəkillər onun evinə aid deyil. Evinin qarşısından keçən qaz xəttində heç bir qeyri-qanuni qoşulma xətti yoxdur və olmayıb. Hal-hazırda həmin ərazidə işləyən Cavabdeh mühəndisləri Anar Quliyev, Urfan Əliyev və Əhməd Rəhimov adlı şəxslər həqiqətən də təsdiq edirlər ki, qaz xəttinə qeyriqanuni qoşulma X5 tərəfindən olmuşdur. Həmçinin həmin əməkdaşlar həmin aktların onun adına doğru yazılmadığını, həmin akt üzrə cərimənin ondan tələb olunmasının haqsızlıq olduğunu təsdiq edirlər. İstifadəsində olan evdə təbii qazdan istifadəyə görə indiyə qədər borcla bağlı hər hansı bir mübahisə yaranmamışdır.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2 3/932 nömrəli ekspert rəyindən görünür ki, təqdimata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 noyabr 2023-cü il tarixli 2(008)-2810/2023 nömrəli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia təmin edilmiş, İddiaçı istifadəsində olan **********00000 saylı abonent koduna əsassız olaraq hesablanmış 2160 manat məbləğində borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 41,6 manat məbləğində dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, təbii qaz xəttindən qeyri-qanuni istifadə ilə bağlı tərtib edilmiş sözügedən aktlar abonent kodu **********0000 olan, istehlakçı Adil Rzayevə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi ünvanında yerləşən 26 saylı evə münasibətdə tərtib edilmişdir. Bunu məhkəmə iclasında verdiyi izahatında cavabdehin nümayəndəsi də təsdiq etmiş, lakin bunun texniki yanlışlıq olduğunu bildirsə də, İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyini sübuta yetirə bilməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş ekspertiza rəyindən də görünür ki, mübahisə predmeti olan qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Həmin rəy məhkəmə iclasında digər sübutlarla yanaşı qiymətləndirilmişdir və məhkəmə tərəfindən mövcud sübutlar məcmu halında tədqiq edilərək belə nəticəyə gəlinmişdir ki, hazırkı iddia tələbi haqlıdır və Cavabdeh tərəfindən digər abonent koduna tərtib edilmiş aktlar əsasında hesablanmış zərər məbləği iddiaçıdan tələb edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 560.1, 560.2, 560.3, 560.3.5.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh (nümayəndə) məhkəmə iclasında gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

16. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

17. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

18. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

19. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

20. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

21. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

22. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

23. 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir;

24. 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir;

25. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göründüyü kimi dəymiş ziyanın tələb edilməsinə əsas verən aktlar başqa istehlakçıya məxsus evə aiddir.

35. Cavabdehin nümayəndəsi texniki səhv olduğunu qeyd etsə də, iddiaçıya məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə edilməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.

36. Başqa istehlakçıya məxsus evə tərtib edilmiş aktlara əsasən hesablanmış borc məbləğinin isə texniki səhv olduğuna istinadən iddiaçıdan tələb edilməsi yolverilməzdir. Digər tərəfdən 13 aktın texniki səhv nəticəsində başqa istehlakçıya münasibətdə tərtib edilməsi inandırıcı və ağlabatan hesab edilmir.

37. Məhkəməyə təqdim edilmiş ekspertiza rəyindən də görünür ki, mübahisə predmeti olan qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.

38. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişdir.

39. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2810/2023 nömrəli 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar