Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1613/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti" Publik Hüquqi şəxsinə qarşı “işə bərpa və işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)- 5763/2021 saylı qərardadından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti" Publik Hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş əmrin ləğvi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti"nə həkim vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(001)- 5763/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin idarə heyətinin sədri Abar Bayramov tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, **********3 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı X1 reabilitasiya şöbəsinin həkimi vəzifəsinə bərpa edilməsi, onunla bağlanmış 04 dekabr 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi vasitəsi ilə məhkəmənin 05 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti tərtib olunarkən mexaniki olaraq səhv edilmiş və apellyasiya şikayətində Mülki Kollegiya əvəzinə İnzibati Kollegiya yazılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)- 5763/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində “şikayətin verildiyi məhkəmənin adı – Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına” göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 358.0 və 358.0.1ci maddəsinə əsasən, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına apellyasiya qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 361.1, 361.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı göstərilməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına ünvanlandırmaqla MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə riayət etməmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, istinad edilən normaların tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətində texniki səhv etməsi həmin şikayətin geri qaytarılması barədə qərardadın ləğv edilməsi üçün əsas deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)- 5763/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(001)- 5763/2021 saylı qərardadı apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1613/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1613/2022
26.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver