Məhkəmə qərarları › İş №2(103)-1613/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1613/2025

07.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1613/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 qarşı işi üzrə Açar sözlər: (“mənzilə köçürülmə”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3718/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X11 ilə 06 mart 2009-cu il tarixdə ailə həyatı quraraq cehiz əşyalarıyla birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. 16 sentyabr 2011-ci il tarixdə isə nikahları rəsmi qaydada qeydə alınmışdır. O, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçüb X11 ilə birlikdə yaşayan dövrdə əlavə olaraq, həmin ünvanda 5 ev tikmişdilər. Hal-hazırda 5 sot torpağın içərisində 6 ev vardır. X4 15 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir.Hal-hazırda onun cehiz əşyaları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərin birindədir.Cavabdeh mərhum ərinin oğludur. Cavabdeh ona həmin ünvanda yerləşən evdə yaşamağa imkan vermir. O, hal-hazırda İ Qarabağ müharibəsində şəhid olmuş X3 evində yaşayır. Qardaşı oğlunun öz ailəsi və anası həmin evdə yaşadığına görə həmin evdə yaşamağı onun üçün çətindir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küç., ev 53 E ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Konstitusiyasının 43; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının iddiasında göstərdiyi hallar iş materialları ilə, fotoşəkillərlə, yerində müayinə zamanı öz təsdiqini tapmışdır. İddiaçının ailə həyatı qurduqdan sonra gəlin olaraq, həmin ünvana köçməsi mübahisələndirilmir. Cavabdehin hazırki iddianı qəbul etməməsi bir daha iddiaçının həmin evdən yaşamasına maneəçilik törədilməsini təsdiq edir. Evə, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin ev üzərində mülkiyyət hüququ, istifadə hüququ və ya digər əşya hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində qeydə alınan hüququ olmadığından onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Belə olduğu halda, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, iddiaçı məhrumedilən evə (yəni ünvan 4 ünvanda yerləşən üç otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir. Beləliklə, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ümüd Əkbərov küç., ev 53 E ünvanında yerləşən üç otaqlı fərdi yaşayış evinə köçürülməlidir. 3.Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Azərbaycan Respublikası Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 046615 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə X12 16 sentyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ərə Musayev, arvada isə Musayeva soyadı verilmişdir; - Azərbaycan Respublikası Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 noyabr 2022-ci il tarixli Ölüm haqqında şəhadətnamənin dublikatından görünür ki, X11 15 oktyabr 2022-ci il tarixdə ölmüşdür; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir; - Məhkəmə tərəfindən keçirilən yerində müayinə zaman müəyyən olunmuşdur ki, ünvan 4 özbaşına tikinti mövcuddur. Həyətə taxta qapı vasitəsilə giriş mümkündür. Dar yolla irəliləyib həyətə meydança açılır. Sol tərəfdə mavi rənglə rəngləşmiş 2 mərtəbəli tikili müəyyən olunmuşdur. İddiaçının bildirdiyinə görə ailə qurduqdan sonra həmin tikiliyə gəlin köçmüş və orada yaşamışdır. Tikilinin birinci mərtəbəsində qıfılla bağlı iki qapı müəyyən olunmuşdur. İddiaçının bildirməsinə görə həmin otaqlar Cavabdeh tərəfindən kirayəyə verilmişdir. Düz istiqamətdə hərəkət etdikdə sol tərəfdə 2ci tikili müəyyən olunmuşdur. Bir qədər irəli getdikdən sonra qarşıda sol və sağ tərəfdə bitişik, lakin qapıları ayrı olmaqla iki tikili müəyyən edilmişdir. İddiaçı köçülməsini istədiyi evin sol tərəfdəki ev olduğunu bildirmişdir. Ev arakəsmə ilə əhatələnmişdir. Arakəsmə qapıdan daxil olduqda ayrılıqda balaca həyəti olduğu müəyyən edilmişdir. Ev mətbəx kimi istifadə olunan dəhliz, bir qonaq və iki yataq otağı olmaqla 3 otaqdan ibarətdir. İddiaçı yataq otağındakı mebellərin onun cehiz əşyaları olduğunu bildirmişdir. Evdə yaşayan qadın kirayəçi olduğunu, bir ildir orada kirayə yaşadığını, kirayə haqqını Cavabdeh ödədiyini bildirmişdir. Sağ tərəfdə digər tikilinin də iki otaqdan ibarət olması, evin Cavabdeh tərəfindən Babək Osmanov adlı şəxsə kirayə verildiyini və sonuncunun ailəsi ilə birlikdə 3-4 ildir orada kirayə yaşadıqları müəyyən olunmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 3718/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 228.1, 228.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9, 77, 88, 217, 385.1, 386, 387.1, 394.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçıOruc qızı həmin torpaq sahəsində olan evlərin birində 2009-cu ildən kirayəşin kimi yaşamış, 2011-ci ildə cavabdehin atası ilə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra həmin evdən köçmüşlər və özlərinə məxsus evdə yaşamışlar. Bu halı həmin ərazidə, qonşuluqda yaşayan şahidlər X9,X6 və X7 öz ifadələrində məhkəməyə bildirmişlər. Təəssüf ki, hakim qərəzli olduğu üçün həmin ərazidə yaşayan şahidlərin ifadəsini deyil, 2020-ci ldən həmin sahənin deyil, digər sahədə sahə müvəkkili işləyən və həmin evlərin 2009-2012-ci illərdə (?) tikildiyini bildirən və nəyinsə xatirinə yalan danışdığı açıq-aydın görünən Şahid ifadəsinə üstünlük verməsi səbəbindən tərəflərin aralarında olan hüquqi münasibətə uyğun olmayan bir qətnamə qəbul edilmişdir. İddiaçı uzun illər orda yaşadığını bildirsə də, həmin torpaq sahəsində neçə tikilinin olduğunu bilmir.Belə ki iddia ərizəsində və daha sonra təqdim edilmiş ərizədə göstərir ki, o həmin torpaq sahəsində olan dörd otaqlı evə gəlin köçmüşəm və daha sonra orada əriylə birlikdə əlavə 5 yaşayış evi tikmişlər. Onlara xəbər vermədən və iştirakları olmadan məhkəmənin keçirdiyi yerli baxışa əsasən hakim həmin torpaq sahəsində 4 tikilinin olduğu qeyd edir ki, bu da iddiaçının dediyi ilə uyğun gəlmir. Təqdim olunan sənəddən də görünür ki, iddiaçının əri vəfat edərkən, mübahisəli evdə deyil, Bakı şəhəri Abşeron rayonu, Hökməli kəndində yaşamışlar.Ümumiyyətlə, nə İddiaçı, nə də ki, onun X4 bir gün də olsun məhkəmə qətnaməsində göstərikən evdə yaşamamışlar və orada qeydiyyatda olmamışlar. Halbuki, evə köçürülmə tələbi ilə əlaqədar birinci şərt şəxsin həmin evdə nə vaxtsa yaşamasıdır. İddiaçı X11 ilə rəsmi nikaha daxil olduqdan sonra Musayev Əliyə məxsus Masazır kəndindəki evdə, daha sonra isə Binə qəsəbəsindəki evdə yaşamışlar. X1 vəfat etdiyi və dostuna məxsus Abşeron rayonu, Hökməli kəndindəki evdə yaşamışdır. İddiaçı təqdim etdiyi ərizələrdə dord otaqlı evə köçərək əri ilə orada yaşadığını qeyd etmişdir. Nə iddiaçı, nə də onun ərinin hər hansı tikinti aparmaq üçün heç bir imkanları olmamışdır. Belə ki, iddiaçı heç bir yerdə işləməmişdir. X11 isə 2012-ci ildən əlilliyə görə pensiya alır. X11 vəfat etməmişdən xeyli əvvəl (rəsmi nikaha daxil olduqdan dərhal sonra) Cavabdeh məxsus evdən getmiş və ölüm haqqında şəhadətnamədəndə görünür ki, Abşeron rayonunun Hökməli kəndində vəfat etmişdir. Nəhayət qeyd etmək istəyir ki, iddiaçının adına torpaq sahəsi, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan mövcuddur. Belə olan halda iddiaçının yaşamağa yerinin olmadığı barədə ərizədə yazdıqları tamamilə yalandır. Çox təəssüf ki, məhkəmə tərəfindən konstitusiyanın bu maddəsinin tələbi qəsdən pozulub. İşə baxan məhkəmə prosesin əvvəlindən axırına kimi yalnız iddiaçının mənafeyini əsassız olaraq müdafiə edilmişdir. Məhkəmə tərəfindən bilərəkdən qanunvericiliyin tələbləri pozulmuş, tərəflər arasında hər hansı münasibətin olmaması, heç bir qohumluq əlaqələrinin mövcud olmaması nəzərə alınmamışdır. Mübahisə mövzusu olan ev mülkiyyət hüququ ilə Cavabdeh məxsus olmasa da,o, həmin evləri öz vəsaiti hesabına inşa etdirmiş, evə görə tələb olunan xərcləri ödəyir və özü həmin evdə tək qeydiyyatdadır və yaxın vaxtlarda həmin evlər üzərində mülkiyyət hüququnun tanınması üçün müvafiq orqana müraciət olynacaq. Lixtenşteyn ŞahzadəsiHans-Adam İİ Almaniyaya qarşı işdə Avropa Məhkəməsi qeyd etdi ki, Konvensiya orqanlarının bərqərar olmuş presedent hüququna əsasən, “mülkiyyət” şikayətçinin mülkiyyət hüququndan effektiv istifadənin əldə oluna biləcəyinə dair onda olan ən azı “hüquqi gözləntilər”in mübahisələndirilə biləcəyi iddialar da daxil olmaqla, “mövcud olan əmlak və ya mülklər” ola bilər. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini qətiyyən icra etməmişdir. (İcraetmək istəməmişdir) Bu nöqteyi nəzərdən də hesab edir ki, barəsində şikayət olunan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən qanunun bu prinsipi pozulub. Bakı şəhəri Yasamal rayon Məhkəməsi prosesin əvvəlindən sonuna kimi ancaq iddiaçının mənafeyini müdafiə etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:

5. Mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatında olarkən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsi müvfiq sorğular edilməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququnun olmadığını, ümumiyyətlə, iddiaçının köçürülməsini iddia etdiyi mənzildə yaşamadığını, bununla bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilmədiyini, birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələrində də iddiaçının həmin evdə 2008-2009-cu il ərzində kirayəşin kimi yaşadığını, bu müddətdən sonra iddiaçını görmədiklərini qeyd etdiklərini, 2015-ci ildən iddiaçının mərhum ərinin başqa ünvanlarda yaşadığını, ümumiyyətlə, iddiaçı və mərhum həyat yoldaşının müxtəlif vaxtlarda ayrı-ayrı ünvanlarda yaşadığını, həmin həyətin içində iddiaçının iddia etdiyi kimi 6 ev deyil, sadəcə 4 ev olduğunu və onların tikilməsində iddiaçının iştirakının olmadığını, hazırda həmin evin özbaşına tikili olduğunu, lakin cavabdeh tərəfindən mənzilə dair çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edildiyini qeyd etmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsinin dedikləri ilə razı olduğunu, həmin evlərin nə atasının, nə də iddiaçının dövründə deyil, doğma anasının sağlığında tikildiyini, orada sadəcə 4 ev olduğunu, onları da ailəsini dolandırmaq üçün kirayə verdiyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, mərhum həyat yoldaşı ilə 2009 cu ildən orada yaşadıqlarını, 2011-ci ildən isə mərhum həyat yoldaşı ilə rəsmi nikaha daxil olduğunu, həmin torpaq sahəsində yerləşən 6 evin 5-nin məhz onun orada yaşadığı müddətdə, onun da köməkliyi ilə tikildiyini, cehiz əşyalarının da həmin evdə qaldığını, cavabdehin oradan qovduğunu və hazırda həmin evi kirayə verdiyini, hazırda qeydiyyatda olduğu evdə faktiki olaraq yaşamadığını, çünki o evin cavabdeh tərəfindən satıldığını və bu barədə ondan razılığın alınmadığını qeyd etmiş, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

9. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yasamal Rayon Bələdiyyəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 11.Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin İV hissəsinə əsasən Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.7. Sahibsiz daşınmaz əşyalar, habelə ictimai sular və becərilməyə yararsız torpaqlar, məsələn, qayalar, yüksək dağlar və onlardan çağlayan bulaqlar, habelə faydalı qazıntılar dövlətə mənsubdur. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. 241.2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 256.1. Servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. 256.2. Servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır.

13. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə əsasən: 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 3 . Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir:1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.5. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur:1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir);2) doğum haqqında şəhadətnamə;3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.Bu maddədə nəzərdə tutulan sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən : 12.1. Yaşayış sahələri mənzil hüququnun obyektidir. 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. 12.3. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. 12.4. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. 12.5. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir. 14.1. Yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. 14.2. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. 14.3. Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir. 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. 15.Azərbaycan Respublikası Tikinti Məcəlləsinin tələblərinə əsasən: 3.0.11. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti; 3.0.12. qurğu – müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyekti (yollar, körpülər, piyada keçidləri, tunellər, hidrotexniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndis-kommunikasiya təminatı sistemləri və sairə);3.0.16. müvəqqəti tikili – torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıbsökülən tikili;3.0.23. tikinti ərazisi – tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsi; 3.0.29. tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyət; 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 82. Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi məqsədləri üçün tikintiyə icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinə münasibətdə isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada məlumat verilməsi təmin edilir.89.1. Aşağıdakı tikinti layihələri ekspertizadan keçirilmir: 89.1.1. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan birmərtəbəli, aşırımının uzunluğu ən çoxu 6 metr olan tikinti obyektlərinin layihələri; 89.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri. 89.2. Bu Məcəllənin 89.1.3 və 89.1.4-cü maddələrində nəzərdə tutulmuş layihələrlə bağlı şübhələr olduqda, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum şübhə doğuran halların aydınlaşdırılması barədə ekspertiza müəssisəsinə sorğu ilə müraciət edir. 16.Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008-ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. 17.Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir .77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir . 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 18.Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

19. İddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı mübahisəli evə hər hansı hüququ olmasını təsdiq edə bilməmişdir. İş materiallarında müəyyən edilir ki, mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, iddia tələbi iddiaçıya münasibətdə daşınmaz əşyaya istifadə hüququnun mənsubluğu baxımından köçürülməsi hissəsində əsaslı olmamışdır. Məlum məsələdir ki, qeyd edilənlərdən irəli gələrək həmin evdən istifadə qaydasının müəyyən edilməsi də yolverilməzdir. Qanunvericiliyin tələblərinə əsasən mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçının həmin evdən istifadə qaydasının tələb etməsi və özbaşına tikiliyə köçürülməsi təmin edilə bilməz. Kollegiya hesab edir ki, köçürülməsi tələb edilən özbaşına tiklinin hər hansı hüquq müəyyənedici sənədləri olmamaqla dövlət qeydiyyatına alınmadığı, mənzil, ev, yaşayiş yeri (olduğu yer) və sair hüquqi statusu müəyyən edilmir. İddiaçının məhz həmin evə hər hansı bir hüququnun olmaması nəzərə alınmaqla həmin tikliyə köçürülməsi əsaslı hesab edilə bilməz.

20. İddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədən və mübahisəli tikilinin yerləşdiyi ərazinin (torpaq sahəsinin) mülkiyyətçisin müəyyən etmək belə mümkün olmadığından, məhkəmə Mülki Prosessual Məcəllənin 2.2, 9, 13, 14, 15, 217, 218 və 220-ci maddələrinə zidd iddianın təmin edilməsi mümkün deyil. Şəxsin (şəxslərin) hansı əsasla özbaşına tikiliyə qeydiyata düşməsi və yaşaması hazırki müki icraatın baxış predmeti (səlahiyyətlərinə aid) olmadığından, habelə şəxsin qeydiyyatının olması əsası ilə onun həmin tikiliyə köçürülməsi hüquqlardan sui-isifadəyə şərait yaradan haldır. Belə ki, şəxsin qeydiyyatda olması belə əmlak və ya istifadə hüquqlarının olmasını müəyyən etmir. Hazırki münasibətlərin əsası inzibati səciyyə daşıyan şəxsin öz hüquqlarının təsbit edilməsindən irəli gələn subyektiv hüquqların əldə edilməsinə aiddir. Məhkəmə öz səlahiyyətlərini aşaraq mülki icraat qaydasında müvafiq icra hakimiyyətinin vəzifələrinə və səlahiyyətlərinə aid məsələyə müdaxilə edə bilməz. Ona görə, iddiaçıya ilk növbədə öz (əmlak) hüquqlarının təsdiq edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməsi izah edilir.

21. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. 22.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, İddiaçı “ mənzilə köçürmə” tələbinə dair iddiası rədd edilməlidir.

23. Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar