Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1615/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X15 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh QSC-nin nümayəndəsi X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “mənzildən istifadə hüquqlarının tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4663/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X11 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar.
2. xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil X3 tərəfindən X7 bağışlanmış, bununla bağlı X5 mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır.
3. X13 ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsi üzrə X8 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh QSC ilə X11 arasında xx.xx.2012-ci il tarixli 15M000000451 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-ci məhəllə, 30 nömrəli evin 33 nömrəli mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-50/2018 nömrəli qətnaməsinə əsasən, ilkin iddia qismən təmin edilərək Cavabdeh QSC ilə X13 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, eyni zamanda qarşılıqlı iddia tələbi qismən tələb edilərək cavabdehlər X13 və "xxxx" Firması MMC-dən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə ümumilikdə dörd kredit razılaşması üzrə cəmi 344.561,61 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın digər əmlaklarla yanaşı X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilin açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh QSC-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh QSC-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər X13 və "xxxx" Firması MMC-dən müştərək şəkildə tutulması qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
5. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil Cavabdeh QSC tərəfindən əldə edilmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 30 saylı evin 33 nömrəli mənzilinə dair istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh QSC ilə X13 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, eyni zamanda qarşılıqlı iddia tələbi qismən tələb edilərək cavabdehlər X6 və "xxxx" Firması MMC-dən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə, 15R0002593 saylı kredit razılaşması üzrə 82.693, 38 ABŞ dolları məbləğində əsas borc, 36.039, 88 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 15R000002904 saylı kredit razılaşması üzrə 70.445, 68 ABŞ dolları məbləğində kredit borcu, 31.918,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 102.863,7 ABŞ dolları borc, 15R000002924 saylı kredit razılaşması üzrə 57.418,00 ABŞ dolları məbləğində kredit borcu, 26.421,21 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84.339,21 ABŞ dolları borc, 15R000003225 saylı kredit razılaşması üzrə 26.311,42 ABŞ dolları məbləğində kredit borcu, 11.314,02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38.125,44 ABŞ dolları borc olmaqla, ümumilikdə hər dörd kredit razılaşması üzrə cəmi, 34.4561,61 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın X9 məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70.000 manat dəyərində qiymətləndirilməklə), X9 məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası YDM-yə (ilkin satış qiyməti 230.000 manat dəyərində qiymətləndirilməklə) və X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə (ilkin satış qiyməti 140.000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh QSC-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh QSC-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər X6 və "xxxx" Firması MMC-dən müştərək şəkildə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4277/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-890/21 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4277/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Yasamal Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar mübahisə predmeti olan X7 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə dair hərrac keçirilmiş və bank tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığına dair məhkəməyə iddia ərizəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2(004)-4093/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh QSC-yə və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin, hərracın yekunlarına dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işin araşdırması zamanı xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/246 saylı, 11 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı adından olan xx.xx.2012-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza onun tərəfindən deyil başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Göründüyü kimi iddiaçının razılığı alınmadan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və hərracda satılmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli 2(004)- 4663/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, İddiaçı və X14 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzil xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, yəni əvəzsiz olaraq X5 mülkiyyətinə keçmişdir. Beləliklə mənzil iddiaçı və X5 birgə nikah müddətində əldə edilməsinə baxmayaraq, onların birgə qazancı hesabına əldə edilmədiyindən, əvəzsiz olaraq, yəni hədiyyə kimi X5 mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Olur ki, mənzil yalnız X5 mülkiyyəti olduğundan iddiaçının həmin mənzilin ipoteka qoyulması zamanı notariat qaydasında təsdiq edilmiş razılığının alınmasına zərurət omamışdır.
Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli e-2(004)-4663/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi tərəfindən digər şəxslərin razılıqlarının alınması tələbi mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam vermək hüququ baxımından təhlil olunmalıdır. Göründüyü kimi onun razılığı alınmadan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və hərracda satılmışdır. Məhkəmənin mövqeyi isə mübahisəli mənzilin birgə nikah dövründə əldə edilməməsinə istinad edərək iddia ərizəsi təmin edilməmişdir. Halbuki iddia ərizəsində birgə nikah dövründə əldə edilmiş əmlaka razılığın verilməsinə istinad edilməmişdir. İddia ərizəsi birgə mülkiyyət hüququna istinad edilərək istifadə hüququnun tanınmasına aid olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iddia qaldırılan zaman əvvəlcə ipoteka müqaviləsinin etibarsızlığı ilə bağlı idi. Belə ki, onlar istinad etmişlər ki, əmlak birgə nikah dövründə əldə edilmişdir. İş üzrə ekspertiza keçirildi və daha sonra müəyyən olundu ki, əmlak bağışlanma ilə keçdiyi üçün birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilmir. Birinci instansiya məhkəməsində məhkəmə iddianın mahiyyətinə deyil, apellyasiya instansiya məhkəməsində araşdırılan məsələyə qiymət vermiş və bu məsələnin araşdırıldığını qeyd etmişdir. Orada artıq müəyyən olundu ki, iddiaçının notarial qaydada təsdiq olunmuş razılığı olmamışdır. “İpoteka haqqında” Qanununa istinad olunmuşdur. Mübahisəli əmlak ümumi birgə mülkiyyətdir. İddiaçının həmin mənzildən istifadə hüququ olmuşdur. Mənzil bankın mülkiyyətinə keçməmişdən qabaq mənzilə istifadə hüququ olan şəxslərdən ərizə alınmalı idi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh QSC-nin nümayəndəsi X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4663/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi qanun normaları birgə nikah dövründə əldə olunmuş əmlakla bağlıdır, lakin mübahisəli əmlak birgə nikah dövründə əldə olunmamışdır. Digər bir məsələ isə iddiaçının istinad etdiyi normalarda ailə münasibətlərində olan şəxslərin yaşayış sahəsinə köçürülməsindən söhbət gedir, lakin burada iddiaçının cavabdehlə heç bir ailə münasibəti yoxdur.
15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, mənzil 2008- 2009-cu il tarixlərində əldə olunmuşdur. Evin ipoteka ilə yüklü olmasından iddiaçının xəbəri var idi, lakin bank yoldaşını çağırmamışdı. Apellyasiya baxışının hədləri
16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
20.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
22.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 23.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 24.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 25.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 26.228.1-ci, 228.2-ci və 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun
27.59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 28.59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
29.4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 30.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
32.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 33.İş materiallarından göründüyü kimi X11 mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzili X13 ilə Cavabdeh QSC arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000977 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2012-ci il tarixli 15M000000451 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. X13 Cavabdeh QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün QSC tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-50/2018 nömrəli qətnaməsi ilə ümumilikdə dörd kredit razılaşması üzrə hesablanmış 344.561,61 ABŞ dolları məbləğində borcun tutulması digər əmlaklarla yanaşı X9 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə yönəldilmiş, həmin mənzil açıq hərracdan satılmışdır. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli protokola əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil Cavabdeh QSC tərəfindən əldə edilmiş və sonuncunun mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 35.İddia ərizəsindən və apelyasiya şikayətindən müəyyən edildiyi kimi iddiaçı qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, lakin istinad etdiyi qanuni əsasının işin faktiki halları ilə əlaqələndirməmişdir. Halbuki, hazırki işdə iddiaçının istinad etdiyi maddələrin dispozisiya şərtləri mövcud deyildir.
36. Belə ki, iddiaçı ilə mənzilin hazırki mülkiyyətçisi arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamış, onun yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, mənzildən istifadə etməsinə əsas verən, müvafiq yazılı razılaşma olmadan mülkiyyətçiyə məxsus evdə yaşama hüququ yaradan münasibətlərinin, həmçinin alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi halının mövcudluğu müəyyən edilməmişdir, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaranmasına əsas deyildir.
37. Göründüyü kimi Cavabdeh QSC Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilin hazırki mülkiyyətçisidir. İddiaçının isə cavabdehə məxsus mənzilə hər hansı aidiyyətinin olduğunu, mənzil üzərində hər hansı əşya hüququna malik olduğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə hər hansı bağlılığı müəyyən edilmədiyindən onun həmin sahədən istifadə hüququnun tanınmasına dair tələbi də əsassız olmuşdur.
38. İddiaçının apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar isə qeyd edilməlidir ki, bu dəllilər əsassızdır və mülahizə xarakter daşıyır, həmçinin hazırki iddianı fərdiləşdirən iki elementə (iddianın predmeti və əsası) hər hansı aidiyyəti yoxdur. 39.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4663/2023 saylı 28 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova