Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1617/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı 18 mart 2011-ci il tarixdə "xxxx" MMC-dən Bakı şəhəri, Binəqədi rayonu, M.K.Atatürk prospekti ilə S.Bəhlulzadə küçəsinin kəsişdiyi ərazidəki 3078 A saylı məhəllədə (köhnə qayda ilə ünvan) tikilmiş yüksək mərtəbəli yaşayış kompleksinin D korpusunun 15-ci mərtəbəsində yerləşən ümumi sahəsi 155,02 kv.m. olan 3 otaqlı 30 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) almışdır. "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz və cinayətkar hərəkətləri nəticəsində yuxanda qeyd edilən mənzil (eyni zamanda həmin binadakı digər mənzillər də) müxtəlif vaxtlarda iki və daha çox şəxslərə saxta sənədlər tərtib olunmaqla satılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 72/2019 saylı cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs kimi tanınmışdır. Mübahisəli mənzil 2012-ci ilin iyul ayında Cavabdeh1 da satılmışdır. Hal-hazırda mənzil İddiaçı xüsusi mülkiyyətindədir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 235, m.16, m.2 ünvanda yerləşən mənzili zəbt etmiş cavabdehlərin mənzildən çıxarılması və mənzilin əşyalardan boşaldılması, həmin mənzilə daxil olmağına mövcud olan maneələrə son qoyulması, mənzilin ona təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzilə dair çıxarış verilməsinə baxmayaraq, cavabdehlər mənzili boşaltmaqdan və açarı təhvil verməkdən imtina etmişlər.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4978/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 26 iyul 2012-ci il tarixdə Cavabdeh2 "xxxx" MMC ilə 526 saylı müqavilə imzalayaraq, mübahisəli mənzili almış, mənzilə görə 158.667 manat ödəmişdir. Bundan sonra müəyyən olunmuşdur ki, iddiaçının mənzilin alqı-satqı müqaviləsi ondan əvvəl bağlanmış, buna görə də Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən Bakı şəhəri İH-nə qarşı dəymiş ziyanın ödənilməsi və əldən çıxmış mənfəətin tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsi bu iddia ərizəsinə baxıb, xx.xx.2020-ci il tarixdə qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleğiyası 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə Nərimanov rayon məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilən məbləğ hissəsində ləğv olunmuş və həmin hissədə iddia qismən təmin edilmişdir. Bu qətnamədən kassasiya şikayəti verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində onların mənzili zəbt etmədiyi göstərilmişdir. Cavabdeh2 mənzili "xxxx" MMC-nin səlahiyyətli şəxsindən alıb, onlar mənzili zəbt etməyiblər. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası cavabdehlərin məhkəmə iclasına üzrsüz səbəbdən gəlmədikləri qənaətinə gələrək MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
13. Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin apellyasiya şikayətinə münasibətdə ona aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası bu qənaətə gələrkən işin mübahisələndirilməyən aşağıdakı hallarını nəzərə alır.
20. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə müəyyən edilmişdir ki, binanın D korpusunun 15-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 155,02 kv.m. mənzil 18 mart 2011-ci il tarixdə X9, 05 may 2011-ci il tarixli 391 №-li müqavilə ilə X14, 22 noyabr 2011- ci il tarixli 444 №-li müqavilə ilə X6, 18 noyabr 2011ci il tarixli 441 №-li müqavilə ilə X7 və 26 dekabr 2011-ci il tarixli müqavilə ilə X1 adına rəsmiləşdirildikdən sonra X8 adına yazılıb 26 iyul 2012-ci il tarixli 526 №-li müqavilə ilə Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin mənzilin X5 adına sənədləşdirilməsinə baxmayaraq mənzili almış şəxsin İddiaçı olması hesab edilmiş və hal-hazırki vaxtadək Heydər Əhmədovdan əvvəl hər hansı bir digər şəxsin adına sənədləşdirməsi müəyyən olunmadığından birinci alıcı İddiaçı hesab edilmişdir. Həmin mənzilin X3 adına yazılması xüsusatı üzrə mənzilə görə ödəniş etmiş şəxs X15 və ödənişin məbləği 93000 manat hesab edilməklə sonuncu zərər çəkmiş şəxs kimi tanınmışdır. N.Aslanovun ərizəsinə əsasən ona qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində vurulmuş maddi zərərin "xxxx" MMC tərəfindən ona ödənilməsi nəzərə alınmışdır. Bu mənzilin X4 adına sənədləşdirilməsi xüsusatı üzrə mənzili almış şəxs X11 və onun mənzilə görə ödədiyi məbləğ 124000 manat hesab edilmişdir. Mənzilin Rəşad Ağayevə satılması zamanı ona qarşı dələduzluq cinayəti törədilməsi tam sübuta yetirildiyinə görə Rəşad Ağayev zərər çəkmiş şəxs kimi tanınmışdır. Onun mənzili Mollağa Məmmədova satdıqdan sonra sonuncunun mənzilin əvvəllər başqa şəxsə satılmasını müəyyən edərək R.Ağayevə ödəmiş olduğu pulu Azər Xəlilovdan tələb edərkən aldığı 6000 manat maddi zərərin ödənilməsi kimi qiymətləndirilmişdir. Qeyd olunan mənzil 1 kv.m. 250 manata olmaqla 38750 manata Azər Xəlilov tərəfindən Pirməmməd Pirizadəyə satılmış, o isə mənzili Cəlil Muradova barter etməklə satdıqdan sonra sonuncu həmin mənzili Cavabdeh1 satmış və mənzil onun arvadı Cavabdeh2 adına sənədləşdirilmişdir. Bununla da həmin xüsusat üzrə Pirməmməd Pirizadəyə 38750 manat məbləğində maddi zərərin vurulması və ona qarşı dələduzluq cinayətinin törədilməsi tam təsdiq olunmuş, bu səbəbdən P.Pirizadə zərər çəkmiş şəxs kimi tanınmışdır. İstintaq materialları ilə müəyyən edilmişdir ki, həmin mənzil 2011-ci iln dekabr ayında Pirməmməd Pirizadəyə satılmışdır. Odur ki, həmin tarix P.Pirizadəyə qarşı dələduzluq cinayətinin törədilməsi vaxtı kimi qəbul edilmişdir. "xxxx" MMC tərəfindən ona satılmış mənzil üzrə qanunsuz hərəkətlərə yol verilməklə hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulmasına görə İddiaçı, habelə əvvəllər satılmış mənzilin Cavabdeh2 adına yazılması ilə onun əri Cavabdeh1 qarşı göstərilən nəticələrə səbəb olan cinayət əməli törədildiyinə görə sonuncu zərər çəkmiş şəxs kimi tanınmışlar.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
22. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarının mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini müəyyən edir.
23. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
24. Məhz bu prinsipi əsas götürərək məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hökmlə mübahisəli mənzilin müxtəlif vaxtlarda iki və daha çox şəxslərə saxta sənədlər tərtib olunmaqla satıldığı müəyyən edilmişdir. Bu isə o deməkdir ki, müqavilələrin etibarlılığına adı çəkilən hökmlə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, müqavilələrin etibarlılığı ilə bağlı halların əlavə araşdırılmasına və qiymət verilməsinə ümumiyyətlə zərurət yoxdur.
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
26. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir.
27. Apellyasiya şikayətinin əsas dəlillərindən biri Cavabdeh2 vicdanlı əldə edən olması və onun bu hüququnun Mülki Məcəllənin 182-ci maddəsi ilə qorunması barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayaraq qeyd edir ki, əvvəla, Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, onu apellyasiya qaydasında mübahisələndirməmişdir. Digər tərəfdən, apelyator özü də apellyasiya şikayətində mənzilin mülkiyyətçisinin iddiaçı olduğunu bildiyini göstərmişdir. Mülki Məcəllənin 182-ci maddəsinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd edir ki, həmin norma daşınmaz əmlakla bağlı mübahisələri yox, daşınar əşyalara aid mübahisələri tənzim edir və hazırkı mübahisəyə tətbiq edilə bilməz.
28. Apellyasiya şikayətinin digər dəlili "xxxx" MMC-nin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona ödəməli olduğu 164000 manat pul vəsaitinin bu günədək ödənilməməsi və bu səbəbdən mübahisəli mənzili tərk etməmələri barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, başqa bir iş üzrə qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsinin icra olunmaması hazırkı iş üzrə yekun qərar qəbul olunmasına mane ola bilməz. Apelyator qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə rayət etməklə icra icraatı qaydasında məhkəməyə müraciət edə bilər.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni hazırkı apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin göstərilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh1 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qətnaməsi həmin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.