Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1618/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (LPO "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2800/2024 saylı, 3 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 01 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilkin satış qiyməti müvafiq olaraq 500000 və 550000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir.
2. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC” tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və s. ünvanlanmış açıq hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli 02 №-li bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanında yerləşən əmlakların satış qiyməti müvafiq olaraq 425000 və 467000 manat olmaqla hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-17:00-dək keçirilməsi təyin edilmişdir.
3. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 18 mart 2024-cü il tarixli 395 №-li və 16 aprel 2024-cü il tarixli 400 №-li sayında) elanlar dərc etdirilmişdir.
4. "xxxx" MMC tərəfindən Sabunçu rayon İcra şöbəsinə, habelə İddiaçı və LPO "xxxx" ASC-yə ünvanlanmış ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni müvafiq olaraq 318750 manat və 350625 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.
5. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29/01 №-li 21 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dəyəri 318750 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir.
6. İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 29/02 №-li 21 may 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi dəyəri 350625 manat olmaqla ipoteka saxlayan LPO "xxxx" ASC tərəfindən əldə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə onun arasında 7 iyul 2015-ci il və 12 dekabr 2015-ci il tarixlərdə kredit müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə ona pul kediti vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi imzalanmışdır. İpoteka Müqaviləsinə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.mdən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İnfiniti Qx-56» minik markalı, **-RT- *** dövlət qeydiyyat nişanlı avtomobilə «Nissan Patrol» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X3 məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə tərəflər arasında məhkəmə mübahisəsi yaranmış və nəticədə məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə qəbul edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-37/2022 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 440968,90 ABŞ dolları, faiz borcuna görə 257479,65 ABŞ dolları məbləğində olmaqla, ümumilikdə 698448,55 (altı yüz doxsan səkkiz min, dörd yüz qırx səkkiz dollar, əlli beş sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla ondan tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə əsas borca görə 76402,65 manat, faiz borcuna görə 1624,51 manat, müqavilə müddəti bitdikdən bankın lisenziyası ləğv olunan tarixədək hesablanan gecikdirilmiş faiz borcuna görə 1664,74 manat olmaqla, ümumilikdə 79691,9 (yetmiş doqquz min, altı yüz doxsan bir manat, doxsan qəpik) manat pul vəsaiti ondan tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, xx.xx.2015-ci il tarixli 10/0002/İBK saylı kredit müqaviləsi üzrə 698448,55 ABŞ dolları məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, «İnfiniti Qx-56» minik markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilə «Nissan Patrol» minik markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X3 məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə 79691,9 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə, ünvan 6 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyr-iyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 500000 (beş yüz min) manat, ünvan 8 ünvanında birinci mərtəbədə yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiyməti 550000 (beş yüz əlli min) manat, ünvan 5ndə yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 140000 (yüz qırx min) manat, «İnfinity QX-56» markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 60000 (altmış min) manat, «Nissan Patrol» markalı, 90- RX567 dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 36000 (otuz altı min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə borc, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ipoteka predmeti olan əmlakların satışından əldə olunan vəsait hesabına xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə borc ödənilməsi, xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyanlar ona və X3 qaytarılması, xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan ona qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə xx.xx.2015-ci il tarixli, 10/0002/İBK saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli 10/0003/İBK saylı kredit müqaviləsi üzrə qalıq borc cavabdeh İddiaçı ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlaklar satıldıqdan və mülkiyyətçilər dəyişdikdən sonra əmlaklar 1 (bir) ay ərzində boşaldılsın və ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Bank ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsi müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış borcun tutulması hisəsində dəyişdirilmsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrkı dövrə görə illik 5 faizlə hesablanmış 12935,15 ABŞ dolları və xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətindən sonrakı dövrə görə illik 5 faizlə hesablanmış 4424,99 manat borc ondan iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra Sabunçu rayon İcra və Probasiya şöbəsinin məktubu ilə yuxarıda qeyd etdiyi qeyri-yaşayış sahələrinin açıq hərracda satılmasına köməklik göstərmələri Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzindən xahiş edilmişdir. Bəhs edilən mənzilin açıq auksion formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, ünvan 3 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.mdən ibarət qeyri-yaşayış sahəsi və X3 məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyriyaşayış sahəsi Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425.000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx" ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Həmçinin onu da bildirmək istəyir ki, 1-ci dəfə keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı ona rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir, yalnız 3 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildiriş gəlmişdir və ilkin hərracın 3 may 2024-cü il tarixdə keçiriləcəyini bilmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2800/2024 nömrəli, 3 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə, "xxxx" MMC tərəfindən ipoteka predmeti olan əmlaka dair həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə bildirişlərin sifarişli poçt göndərişi (məktubu) ilə hərrac təşkilatçısı tərəfindən iddiaçının ünvanı üzrə göndərildiyi, hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində (Birja yenilikləri qəzeti 18 mart 2024-cü il tarixli 395 №-li və 16 aprel 2024-cü il tarixli 400 №-li sayında) elan dərc etdirilməsi müəyyən olunmuşdur. İşdə olan sübutlardan hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə (ilk və təkrar hərracın keçirilməsi, qəzetlərdə elanların verilməsi, bildirişlərin göndərilməsi, alqı-satqı müqaviləsinin bağlanması və s.) tam riayət olunmasını müəyyən etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracların etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilmədiyindən, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Bu isə iddia tələbinin təmin edilməsini istisna edir.
12. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1, 39.2, 39.3.3, 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.5 və 42.6-cı maddələrinə; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2 və 53.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1, 319.4, 415.2 və 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
13. İddiaçı nümayəndəsi-vəkili Vəkil qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Məhkəməsinin 2-(005)- 2800/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini, "xxxx"nin xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin çıxarılması zamanı Mülki Məcəllənin qeyd olunan müddəalarının tələbləri, iş üzrə əhəmiyyət kəsb edən hallar və qanunvericiliklə müəyyən edilmiş təcrübəyə riayət edilməmişdir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs bəhs edilən mənzilin açıq auksion formasında hərracda satılması üçün cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən 2 dəfə hərrac keçirilmişdir və hərrac baş tutmamışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 347,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi, ünvan 9 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 384,9 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi və X3 məxsus olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 307,8 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 425.000 (dörd yüz iyirmi beş min) manata LPO "xxxx"ASC əldə edilməsinə razı olduğunu bildirmiş və eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Birinci dəfə keçirilmiş 14 aprel 2024-cü il tarixli hərracla bağlı cavabdehə rəsmi və ya qeyri-rəsmi, yazılı və ya şifahi qaydada heç bir məlumat verilməmişdir, yalnız 3 may 2024-cü il tarixə təyin edilmiş açıq hərracın keçirilməsinə dair bildiriş gəlmişdir və hüquqlarını müdafiə etdiyi şəxsin ilkin hərracın 3 may 2024-cü il tarixdə keçiriləcəyini bilmişdir. Qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən hərracın keçirilməsi bağlı bildrişləri hüquqlarını müdafiə etdiyi şəxsin qeydiyyatda olduğu ünvan 10 ünvanına göndərilmişdir. Halbuki cavabdeh İddiaçı qeyd olunan evdə qeydiyyatda olmasına baxmayaraq, 2 il əvvəl həmin evi başqa şəxsə satıb və həmin evdən köçüb getmişdir. Qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini nəzərə almamış, gəlinən nəticəni əsaslandıran faktları qətnamədə əks etdirməmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
21.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 22.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 23.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 24.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
25. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 26.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.
27. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.
28. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
“İpoteka haqqında” Qanunun
29.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 30.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 31.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 32.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 33.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“İcra haqqında” Qanunun
34.61.2-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 35.62.2-ci maddəsinə əsasən, hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
36.14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 37.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. İş materiallarından göründüyü kimi İddiaçı məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunlarına dair protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hərracın nəticələrinin ləğv edilməsi tələbi ilə müraciət etsə də, istinad etdiyi dəlillər 21 may 2024-cü il tarixli, 29/01 nömrəli hərracın yekunları barədə protokolun, Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaların pozulmaqla keçirildiyi üçün etibarsızlığının təsbit edilməsinə yönəlmişdir.
40. Belə ki, iddiaçı hərracın qanunsuz keçirilməsini iddia etməklə, hərrac keçirilərkən ona məlumat verilmədiyinə istinad etmişdir.
41. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldıqdan sonra hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş, bu barədə ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. Hərracın təşkilatçısı xx.xx.2024cü il tarixli hərracı, iştirakçısı olmadığına görə baş tutmamış elan etmiş, bu səbəbdən də ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca xx.xx.2024-cü il çıxarmış, bu barədə mediada elan dərc etdirmiş, ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə hərracın keçirilməsinə dair bildiriş göndərmişdir.
42. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, bundan sonra ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan xx.xx.2024-cü il tarixli protokol imzalanmışdır. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur.
43. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.
44. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
45. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur.
46. Göründüyü kimi iddiaçının xəbəri olmadan ipoteka predmetinin hərraca çıxarılması və hərracdan satılması ilə bağlı apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamış, qətnamə qanuni qüvvəsini alıdığından iddiaçı ona məxsus əmlakların hərraca çıxarılacağından artıq məlumatlı olmuşdur. Digər tərəfdən iş materiallarında olan hərracın keçirilməsinə dair, hərracın baş tutumasına dair, ipoteka predmetinin təklif edilməsinə dair bildirişlərdən və poçt sənədlərindən görünür ki, Hərrac Mərkəzi həmin bildirişləri iddiaçının qeydiyyatda olduğu ünvan 11 ünvanına göndərmişdir. İddiaçı qeydiyyat yerində yaşamadığını qeyd etsə də, yaşayış yerini dəyişdiyi barəsində məhkəməyə, icra şöbəsinə, habelə müvafiq hərrac təşkilatına dərhal bu barədə məlumat verməli olduğu halda bunu etməmiş, hazırkı halda da onun bu dəlilə istinadən hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair tələbi əsassızdır.
47. Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini (etibarsız hesab edilməsini) şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Belə olan halda kollegiya Sabunçu rayon İcra şöbəsinin sifarişi (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə) ilə "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir.
48. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
49. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2800/2024 saylı, 3 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev