Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-162/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X6 qarşı qeyri – yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: subyektiv hüquq, maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı qeyri – yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(007)-305/2023 nömrəli qətnaməsindən cavabdeh X4 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1 ünvanında 4-cü blokda yerləşən 52 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır və o, həmin mənzildə ailə üzvləri ilə yaşayır.
2. Cavabdeh Dilşad Əhmədova isə, ünvan 1 ünvanında 4-cü blokda yerləşən 51 saylı mənzildə yaşayır.
3. Binanın 4-cü blokunun girişində qeyri-yaşayış sahəsi vardır.
4. Tərəflər arasında həmin qeyri-yaşayış sahəsi ilə bağlı mübahisə mövcud olmuş və İddiaçı Elxan Ramazanov, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin cavabdeh Dilşad Əhmədovadan alınıb ona verilməsi və həmin binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-372/2020 saylı, 26 fevral 2020ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
6. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)- 5336/2020 saylı qətnaməsi ilə X1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsinin “binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələrin ortasında qoyulmuş dəmir şkafın götürülməsi” barədə iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun ikinci və üçüncü mərtəbələri arasındakı pilləkən meydançasında yerləşdirilmiş dəmir şkafın X8 tərəfindən götürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Həmin qətnamədə qeyd edilmişdir ki, yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malikdir.
8. 01 mart 2024-cü il tarixli, 4661 nömrəli dövlət əmlakının (qeyri – yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən - Azərbyacan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 01 mart 2024-cü il tarixli, 38 nömrəli sərəncamına əsasən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 ünvanında 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 10,2 kvm təşkil edən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil - Kommunal Təsərrüfatı Departamenti, Nizami rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin sərəncamında olan qeyri – yaşayış sahəsini 1 aylıq icarə haqqı 67 manat müəyyən olunmaqla X4 icarəsinə vermişdir.
9. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən əsasən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 ünvanında yerləşən qeyri – yaşayış sahəsi üzərində X4 icarə hüququ qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında yerləşən binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh X8 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 126 ünvanındakı yaşayış evi koorperativ tipli yaşayış sahəsidir. Onlar 1983-cü il tarixdən həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Həmin dövrdə qüvvədə olan Mənzil Qanunvericiliyinin normalarına görə kooperativ yaşayış sahəsi payçının ailə üzvülərinin sayı və ehtiyacı nəzərə alınmaqla verilirdi ki, bu da qanunvericiliyə uyğun olaraq koorperativ üzvünün və ailə üzvlərinin mənzil üzrə müəyyən olunmuş paydan və ümumi istifadə üçün tutulmuş sahələrdən istifadə qaydalarını müəyyən edirdi. Bundan başqa, qanunauyğun olaraq binanın sakini ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin və ümumi istifadədə olan sahələrin saxlanması və təmirinə görə xərclərdə iştirak etməyə borclu olması və bu borcunu paylara mütənasib hissədən artıq olaraq həyata keçirməsi, həmçinin mübahisə predmeti olan sahənin əsaslı və cari təmir xərclərini həyata keçirməsi iddiaçıya subyektiv hüquq yaradır. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 saylı binanın 4-cü giirşində yerləşməklə həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaqdır. Bu hal məhkəmə qaydasında da təsdiq edilmiş, işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi mübahisə edilən və cavabdehin şəxsi istifadəsində olan qeyri-yaşayış sahəsi sahə mülkiyyətçilərinin ümumi birgə əmlakıdır və binanın tərkib hissəsi olaraq ümumi istifadədə olmalıdır.
12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(007)- 305/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsinə X8 tərəfindən İddiaçı yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 372/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5336/2020 saylı qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaq olması faktı işin mübahisəsiz halı olmuş və yaşayış binasının bütün mənzillərə xidmət edən ümumi otaqları, pilləkən meydançaları və digər hissələri hər bir mənzil sahibinin ümumi mülkiyyəti olduğu üçün, onlardan hər hansı biri binaya qanunsuz müdaxilənin qarşısının alınması üçün iddia qaldırmaq hüququna malik olduğu müəyyən edilmişdir. Hər iki məhkəmə qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Bütün bu hallar isə göstərir ki, iddiaçının hazırda mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iddia qaldırmaq hüququ olduğundan və bu hal qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunduğundan cavabdehin etirazı əsassızdır və mülki iş üzrə icraata xitam verilməsinə heç bir əsas yoxdur. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçının qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ və mübahisəli qeyri-yaşayış sahəsinin həmin ünvanda yaşayan mənzil sahiblərinin ümumi mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Hazırda iddiaçıya cavabdeh tərəfindən də həmin qeyri - yaşayış sahəsindən istifadəyə maneələr yaradıldığı etiraf edildiyindən və iddia tələbi əsaslı olduğundan təmin edilməlidir
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(103)-5336/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, “Hazırkı işdə mübahisəli qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 126 saylı binanın 4-cü blokunun girişində yerləşməklə, həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaq olması işin mübahisəsiz halıdır. Belə olan halda, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Elxan Ramazanovun “sözügedən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin cavabdeh Dilşad Əhmədovadan alınıb ona verilməsi tələbinə dair haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Mübahisəli qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsinin cavabdehdən alınaraq ona verilməsi tələb etsə də, həmin qeyri-yaşayış sahəsi yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılmaqla, nə iddiaçının nə də cavabdehin xüsusi mülkiyyətində deyil. Ona görə də, onun mübahisə predmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur”. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(007)-372/2020 saylı qətnaməsində qeyd edilmişdir ki, “Qeyd olunanlara əsasən məhkəmə iddiaçı X1 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyriyaşayış sahəsinin qapısının açarının bir nüsxəsin cavabdeh X2 alınıb ona verilməsinə dair tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Belə ki, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı X7 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayevprospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsin cavabdeh X2 alıb X5 verilməsi tələbini irəli sürsə də, Bakı şəhəri, QaraQarayev prospekti 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsi nə onun, nə də cavabdehin xüsusi mülkiyyətində deyil və nəticə etibarı ilə onun mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur”. Buna baxmayaraq məhkəmə İddiaçın Bakı şəhəri, QaraQarayev prospekti 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətində olmasa belə onu mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ olan şəxs olaraq qəbul etmişdir. İddiaçı sözügedən qeyri-yaşayış sahəsi 1983-cü il tarixdən cavabdehin istifadəsində olmasına baxmayaraq 2020-ci il tarixdən, yəni, 27 il sonra məhkəməyə müraciət etmək qərarına gəlmiş, halbuki iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-373.2-ci maddələrində qeyd edilənləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində qeyd edilir ki, ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində qeyd edilir ki,müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Bundan əlavə, subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. İddiaçı X7 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokun girişində yerləşən qeyri-yaşayış sahəsinin qapısının açarının bir nüsxəsin cavabdeh X2 alıb X5 verilməsi tələbini irəli sürsə də, Bakı şəhəri, Qara Qarayev prospekti 126 saylı binanın 4-cü blokunun girişində yerləşən qeyri-yaşayış sahəsi nə onun, nə də cavabdehin xüsusi mülkiyyətində deyil və nəticə etibarı ilə onun mübahisə pretmeti ilə bağlı hər hansı tələb hüququ yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq izahatında göstərdi ki, mübahisə predmeti olan Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 ünvanında yerləşən qeyri – yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 01 mart 2024-cü il tarixli müqaviləyə əsasən X4 icarəsinə verilmiş və sonuncunun hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yəni, hal – hazırda iddiaçının subyektiv hüququ mövcud deyildir.
19. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1-35.2. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr, işin hallarına uyğun gəlmir, bu da qətnamənin ləğv olunması üçün əsasdır.
26. Apellyasiya şikayətinin əsas dəlilini iddiaçının subyektiv hüququnun olmaması təşkil edir.
27. İddiaçı isə subyektiv hüquqla bağlı mövqeyini onunla əsaslandırır ki, mübahisə predmeti olan otaq binanın girşində yerləşməklə həmin binanın bütün mənzillərinə xidmət edən ümumi otaqdır, sahə mülkiyyətçilərinin ümumi birgə əmlakıdır və binanın tərkib hissəsi olaraq ümumi istifadədə olmalıdır.
28. Lakin 01 mart 2024-cü il tarixli müqavilənin məzmunundan görünür ki, Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 126 ünvanında yerləşən, ümumi sahəsi 10,2 kvm təşkil edən qeyri – yaşayış sahəsi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil - Kommunal Təsərrüfatı Departamenti, Nizami rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin sərəncamındadır və həmin birlik tərəfindən icarə müqaviləsi əsasında X4 icarəsinə vermiş və sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
29. Qeyd olunan hal apellyasiya şikayətinin subeyktiv hüquqla bağlı dəlilinin qanuni olması qənaətinə gəlməyə əsas verir.
30. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının subeyktiv hüququnun olmadığı işin hallarına əsasən təsdiqini tapdığından apellyasiya şikayətinin digər dəlilləri və işin digər halları üzrə araşdırıma aparmaba zərurət yoxdur.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız olmuş, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(007)- 305/2023 nömrəli qətnaməsindən cavabdeh X4 verdiyi apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli, 2(007)- 305/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı X6 qarşı qeyri – yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması barədə iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev