Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1620/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması, iddia müddətinin tətbiqi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı "əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin tutulması" tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 5752/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı xx.xx.2005-ci il tarixdə Cavabdeh Şirkətinə işə qəbul edilmişdir. xx.xx.2022ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən “mexaniki sexin quyuların təmirə hazırlanması üzrə operatoru” vəzifəsindən azad edilmiş və bu barədə işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı əmr verilmişdir.
2. xx.xx.2022-ci il tarixdə Cavabdeh Şirkəti ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış və İddiaçı xx.xx.2022-ci il tarixdən QYƏTS-nə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 3 ayı sınaq müddəti olmaqla 1 il müddətinə bağlanmışdır. Onun növbəli iş rejimində əmək haqqı saat başı 3.69 manat təşkil etmişdir.
3. xx.xx.2023-cü il tarixdə öz xahişi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Bu barədə işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmr verilmişdir. Əmək kitabçası işçiyə işdən çıxarıldığı gün təqdim edilmişdir.
4. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6729/2024 saylı qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2268/2024 saylı qərardadı ilə təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı işdən öz xahişi ilə azad edilməsi barədə Cavabdeh Şirkətinin baş direktoru Sergey Naymışevin qəbul etdiyi HRR-171/22 saylı xx.xx.2022-ci il və HRR 37/2 saylı, xx.xx.2023cü il tarixli əmrlərinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, xx.xx.2023-cü ildən işə bərpa olunduğu anadək məcburi işburaxma dövrü üçün hər ay 500 manat əmək haqqının ödənilməsi, bir il beş ay müddətində keçirtdiyi mənəvi və psixoloji streslər nəticəsində 10000 manat mənəvi zərərin Cavabdeh Şirkətindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi dəqiqləşdirildikdən sonra onunla əsaslandırılmışdır ki, xx.xx.1988-ci il tarixli, 107/K saylı əmri ilə "Binagadi" neft qaz çıxarma idarəsində quyuların təmiri sexinə 4-cü dərəcəli quyuların yeraltı və əsaslı təmirlərə hazırlanması üzrə operator vəzifəsinə qəbul edilmiş, həmin tarixdən, xx.xx.2022-ci il tarixli ƏMR OHRR 174 saylı, xx.xx.2022-ci il tarixli, HRQ-201/22 saylı və xx.xx.2023-cü il tarixli № HRR-3/72 saylı Əmrlərlə, guya, öz xahişi ilə işdən azad edildiyi tarixlərədək "X8" şirkətində qüsursuz, şirkətin daxili nizamintizamlarına əməl etməklə işləmişdir. 35 il ərzində bir dəfə də olsun hər hansı təqsirli hərəkətə, xətaya yol vermədiyi səbəbindən intizam məsuliyyətinə cəlb edilmişdir. Bu faktın təsdiqi olaraq, nəticədə, həmin şirkətdə 29 il qüsursuz xidmətlərini nəzərə alıb, həmin şirkətin Baş direktoru cənab Sergey Neymışevin xx.xx.2017-ci il tarixində 128 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş peşə bayramı Neftçilər günü münasibəti ilə Azərbaycan Neft sənayesinin inkişafında böyük xidmətlərinə işinə olan layiqli münasibətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Baş direktor cənab Sergey Neymışevin ona göstərdiyi bu etimadından gücqüvvət alıb, sonrakı illərdə də yüksək həvəslə işini qüsursuz davam etdirmişdir. Bu faktlara rəğmən 2023-cü ilin yanvar ayının 31-dək həmin şirkətdə vicdanla, iş rejiminə əməl etməklə işləmişdir. 2023-cü ilin yanvar ayının 31-də soyadını bilmədiyi Qahir adlı sex rəisi onu yanına çağırıb, “icazəsiz olaraq şirkətdə yük maşınına mil turbalar yükləyərkən nəzarət kameralarına düşdüyünü” dedi. Həmin gün Qahir onu ofisə çağıraraq 19 ədəd mili icazəsiz yük maşınına (avtokrana) yüklədiyi barədə ondan izahat tələb etdi, halbuki, milləri və digər şirkətə məxsus materialları maşına yükləmək onun gündəlik işi idi. Millərin oğurlanıb-oğulanmamasına nəzarət etmək isə onun işi, vəzifə borcu deyildir! Qahir adlı sex rəisinin şirkət işçisini vəzifədən çıxartmaq səlahiyyətinə malik olub-olmaması barədə məlumatı yox idi. Yuxarıda qeyd etdiyi şirkətə məxsus millərin tərəfindən maşına yüklənilməsi faktının oğurluq hadisəsi olduğunu təsdiqləyən Qahir bəy, həmin faktdan təzyiq vasitəsi kimi istifadə edib, yaranmış vəziyyətdən çıxış yolu kimi ona öz xahişi ilə ərizə yazıb, işdən çıxmağı təklif etdi. O, isə onun bu təklifinin nəticələrini qısa zaman kəsiyində təhlil etmədən, hansı hüquqi nəticələrə gətirib çıxaracağının fərqinə varmadan onun təklifi ilə razılaşmaq məcburiyyətində qalıb, işdən çıxmağı barədə ərizə yazıb, ona təqdim etmişdir. Bu ərizəsi əsas kimi qəbul edib, pensiyaya çıxmağına 2-3 il qalmış 35 il şirkətdə qüsursuz işlədiyi halda hansı sağlam məntiqlə, illərlə qüsursuz gördüyü işlərə görə yük maşınına şirkətə məxsus milləri yüklədiyi faktını Qahir bəyin oğurluq hadisəsi kimi qiymətləndirdiyi səbəbindən işdən öz xahişi ilə çıxmağı barədə ərizə yazmağının tam əsassız və yalnış olduğu qənaətinə gəlmişdir. Hesab edir ki, məhz bu səbəbdən də işdən çıxmağı barədə şirkətin rəhbərliyi tərəfindən iki ay müddətində xx.xx.2022-ci ildən və xx.xx.2023-cü ilədək iki dəfə ƏMR vermişdir!!! Bu fakt o, anlama gətirir ki, o iki dəfə-2022-ci ilin noyabr və 2023-cü ilin yanvar aylarında işdən azad edilməyi barədə şirkətin baş direktoru cənab Sergey Neyimşevdən iki dəfə xahiş etmişdir!!! Yuxarıda qeyd etdiyi faktlar-onun- İddiaçı xx.xx.2022-ci ildə işdən öz xahişi ilə işdən azad edilməyi, həmin günün səhəri, yəni, xx.xx.2022-ci ildə isə şirkətin "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə" qəbul edilməyi barədə əmrin verilməsi və bu əmrin verildiyi tarixdən iki ay sonra, şirkətin Baş direktoru cənab Sergev Neymışevə ikinci dəfə 2023-cü ilin yanvar ayının 31-də işdən azad olunmağı barədə ərizə ilə müraciət etməyi faktları, işdən azad edilməyi barədə iki ay müddətində tərtib etdiyi-xx.xx.2023-cü il tarixli, HRR-37/2 saylı əmrini Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinin, 39.1, 69.4, 75.2 "a" bəndini və 75.2-ci maddələrinin tələblərini qəsdən pozmaqla qəbul edilmişdir! Hesab edir ki, məhz, bu səbəbdən də şirkətin Baş direktoru cənab Sergey Neymışev "Korrupsiya və Qanun" qəzetinin növbəti sorğusuna göndərdiyi xx.xx.2023-cü il tarixli cavabında İddiaçı tutduğu vəzifəsindən öz xahişi ilə, yalnız, xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixli, HRR 171/22 saylı ƏMRİ ilə şirkətdə tutduğu vəzifəsindən azad edildiyini qeyd etdiyi halda, həmin günün səhərisi, yəni, xx.xx.2022-ci ildə İddiaçı adına verilən əmək kitabçasında "Quyuların yeraltı və əsaslı təmir sexinə quyuların təmirə hazırlanması sahəsinə 4-cü dərəcəli quyuların təmirə hazırlanması üzrə operator vəzifəsinə təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli, HRRQ 204/22 saylı ƏMRİNİ, daha sonra, yəni, X1 növbəti dəfə öz xahişi ilə yazdığı ərizə əsasında iki ay keçdikdən sonra ikinci dəfə xx.xx.2023-cü il tarixli işdən azad edilməsi barədə verdiyi ƏMRİ qeyd etmir, gizlədir!!! Əgər sex rəisi Qahirin barəsində dediyini-yəni, tərəfimdən iş vaxtı şirkətə məxsus millər oğurlanmışdırsa və ya oğurlamağa cəhd göstərilmişdirsə, belə olan halda, onun bu oğurluq hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat vermək onun həm vəzifə, həm də vətəndaş borcu idi! Nə üçün o, bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir?! Belə olan halda, mən işdən Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə deyil, 72-ci maddənin "f" bəndi ilə işdən azad edilməli idi. Bundan başqa, İddiaçı edilməyim barədə şirkətin rəhbərliyinə ərizə ilə müraciət etdiyi halda, Əmək Məcəlləsinin 69-cu maddəsinin İ bəndinin tələbinə uyğun bir ay müddətinə ona vaxt verilməli, həmin Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinin tələbinə uyğun olaraq bir ay müddətində istənilən vaxt onun ərizəsini geri götürmək hüququ olduğu halda, bu hüququ da Şirkətin rəhbərliyinin "öz xahişimlə" işdən azad edilməyi barədə iki ay ərzində, yuxarıda qeyd etdiyi tarixlərdə qəbul etdiyi ƏMRLƏRLƏ kobud şəkildə pozulmuşdur!!! Bundan savayı, Azərbaycan Respublikasının Əmək Məcəlləsində vətəndaşın xahişi ilə işdən azad edilməsi barədə iki ay müddətində iki dəfə ƏMR verilməsi kimi hüquq norması nəzərdə tutulmayıb!!! Onun şirkətin Qahir adlı vəzifəli şəxsi tərəfindən şirkətə məxsus mil turbaları oğurlamağı faktı ilə bağlı şərlənərək, təhdid edilərək, işdən azad edilməyi barədə xahişimlə bağlı şirkətin rəhbərliyi Sergey Neyimşevə ünvanladığı ərizəsi əsasında qəbul edilən əmrlərlə əlaqədar "Korrupsiya və Qanun qəzeti tərəfindən üç dəfə xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində həmin qəzetin xx.xx.2023-cü il tarixli, 05(97) saylı tarixinin 14-cü səhifəsində "Binəqədi neft şirkəti 35 ilin qüüsursuz işçisini necə şərləyir" və xx.xx.2023- cü il tarixli, 06(98)-ci nəşrinin 11-ci səhifəsində isə "Baş prokurorluq Binəqədi neft şirkətindəki qanunsuzluqlara niyə göz yumur?!" başlıqlı materiallar əlavə edilməklə, sorğular göndərilsə də,həmin jurnalist sorğularına, yalnız, bir dəfə 02.1196 saylı, xx.xx.2023-cü il tarixli "X8" şirkətinin baş direktoru cənab Sergey Neymışevin imzası ilə redaksiyaya cavab məktubu ünvanlanmışdır. Lakin, həmin cavab məktubunda isə şirkətin sex rəisi Qahir adlı vəzifəli şəxs tərəfindən şirkətə məxsus mil turbalarının şirkətin işçisi İddiaçı tərəfindən oğurlanması və ya bu cinayət faktının baş verməsinə cəhd göstərilməsi barədə heç nə yazılmayıb.
7. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı iddia tələbinə yazılı etiraz verərək göstərmişdir ki, iddia tələbi təmin edilə bilməz. 1. İlk öncə Məhkəmənin diqqətinə çatdırırıq ki, iddia ərizəsi iddiaçı tərəfindən iddia müddəti ötürülməklə verimişdir. Belə ki, məlum olduğu kimi həm Əmək Məcəlləsinin tələbinə, həm də illərlə formalaşmış məhkəmə təcrübəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Lakin, həm iddia ərizəsindən, həm də tərəfimizdən təqdim edilmiş sənədlərdən göründüyü kimi, İddiaçı Şirkətin 2022 və 2023-cü illərinin əmrlərini mübahisələndirərək onların ləğvini və həmin əmrlərin ləğvindən irəli gələ biləcək öhdəliklərin Şirkətin üzərinə qoyulmasını məhkəmədən tələb edir. Yəni, iddiaçı Şirkətin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli əmrlərini hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ay müddətində mübahisələndirməli olduğu halda, bu əmrlərin qəbul olunmasından 1 il 6 aydan artıq vaxt keçdikdən sonra onların qanunsuzluğu ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-ci bəndinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin - (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Şirkət tərəfindən təqdim olunan "xxxx" ASC-nin əmək haqqı üzrə çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı AZ83PAHA41010AZNFK********** nömrəli hesabına Şirkət tərəfindən 69.51 AZN məbləğində vəsait (son haqq hesab) köçürülmüşdür (Əmək haqqı üzrə çıxarışın surəti əlavə olunur). Bundan başqa, Şirkətin Kadrlar şöbəsinin qeydiyyat kitabından çıxarışdan göründüyü kimi, İddiaçı HRR 37/23 saylı, xx.xx.2023-cü il tarixli əmrin surətini və əmək kitabçasının əslini elə həmin tarixdə, yəni xx.xx.2023-cü ildə sözügedən kitaba imza etməklə almışdır (Qeydiyyat kitabından çıxarışın surəti əlavə olunur). Beləliklə, Əmək Qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına əsaslanaraq hesab edirik ki, Ə.İ. Fərzəliyevin hüququnun pozulduğunu aşkar etdiyi gün Şirkətdən əmək kitabçasını aldığı və son haqq hesabının onun hesabına köçürüldüyü gün xx.xx.2023-cü il tarixi olduğundan, o, həmin vaxtdan 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda, göstərilən müddəti ötürməklə 1 il 6 aydan artıq müddətdən sonra Şirkətin sözügedən əmrlərini məhkəmədə mübahisələndirmişdir. Qeyd olunan səbəbdən də iddiaçı Ə.İ. Fərzəliyev iddia müddətini ötürmüşdür. Bundan başqa, Məhkəmənin nəzərinə çatdırırıq ki, İddiaçı xx.xx.2023-cü il tarixdən öz xahişi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" əsasən QYƏTS-nin quyuların təmirə hazırlanması üzrə operatoru vəzifəsindən azad edilmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5752/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X6).
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, işçi fərdi əmək mübahisəsinin həllində iddia müddətini ötürmüş, işəgötürən isə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilir ki, həqiqətən də iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür. Belə ki, işçinin hüquqlarının pozulduğu gün, ona həmçinin əmək kitabçasının təqdim edildiyi gün hesab edilir. Hansı ki, işçiyə əmək kitabçası işdən çıxarıldığı gün, yəni xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir və işdən çıxarılma barədə əmr ona təqdim edilməsə də, əmək kitabçasında bu barədə ətraflı qeydiyyat aparılmışdır. Yəni işçiyə ona əmək kitabçasının təqdim edildiyi vaxtdan işdən azad edilmənin səbəbləri aydın olmuş və həmin vatxdan da işçi hüquqlarının pozulduğunu aşkar etmişdir. Bununla belə, işçi hüquqlarının pozulduğunu aşkar etdiyi vaxtdan 1 il 7 ay sonra mediasiyaya, daha sonra isə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının fərdi əmək mübahisəsinin həlli ilə bağlı polis, prokurorluq orqanlarına müraciət etməsi, hər hansı mətbuat orqanından yardım gözləməsi, səhv məhkəmə aidiyyəti üzrə iddia verməsi 1 aylıq iddia müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Odur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin xx.xx.2022- ci il tarixli, HRR 171/22 saylı və xx.xx.2023-cü il tarixli, HRR 37/23 saylı əmrlərinin ləğv edilməsi və bundan irəli gələn hüquqi nəticələrin təmin edilməsi və.s barədə iddiaçının tələbi iddia müddəti ötürüldüyündən əsassız hesab edilməlidir. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması ilə bağlı işəgötürən tərəfindən hər hansı hərəkət edilməsi tədqiq edilmiş sübutlarla müəyyən edilmədiyindən iddia mənəvi zərərin ödənilməsi hissəsində də əsassızdır.
10. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68-ci, 69-cu, 75-ci, 76-cı, 83-cü, 290cı, 296-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və cavabdeh “X9” şirkətinə ünvanladığı sorğusu əsasında həmin şirkət tərəfindən məhkəməyə göndərilən ərizələrin onun tərəfindən kimdən sözündən sonrakı əllə yazılan yazıların ona məxsus olduğunu təsdiqləmək məqsədi ilə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə qərar qəbul edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətinin məzmunu iddia ərizəsi ilə eyniyyət təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
22. Belə ki, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında müəyyən olunur ki, tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinə xitam verilmişdir. İşçi həmin əmrlərin qanuniliyini mübahisələndirir.
23. Lakin işin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiqi ilə bağlıdır və məhkəmə kollegiyası razılaşır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları).
25. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı).
26. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
27. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
28. Hazırki halda, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixli əmrləri ilə işdən azad edilmişdir. Cavabdeh sözügedən əmrləri, əmək kitabçasını və xx.xx.2023-cü il tarixdə qeydiyyat kitabına imza etməklə qəbul etmişdir. Həmin tarixdən də iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuşdur. İddiaçı isə mediasiya təşkilatına 2022-ci ilin 12 dekabrında müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü ildə göndərilmiş, ilkin müdiasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2024-cü il tarixdə əldə etmişdir. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış isə 15 avqust 2024-cü il tarixində verilmiş, lakin iddiaçı yalnız 02 sentyabr 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsini göndərmişdir. Qeyd edilməlidir ki, əmrin surətini 31 yanvar 2023-cü il tarixdə aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuş və müddətin axımı başlamışdır. Lakin iddiaçı yalnız bundan 1 il 6 ay sonra ilk dəfə ilkin mediasiya prosesinin tətbiqi barədə müraciət etmişdir.
29. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal isə məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Halbuki, hazırki iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz 31 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı tərəf keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini də sübuta yetirə bilməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. İddiaçı tərəfindən Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan iddia müddətinin ötürüldüyü təsdiq edildiyindən, birinci instansiyası məhkəməsi iddia müddətini tətbiq etməklə iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5752/2024 nömrəli 05 noyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.