Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1621/2020 02.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, X1, İddiaçı və onun vəkili X4, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Sabri-Təbrizi Gholam-Reza, Cavabdeh2 və Cavabdeh3 qarşı “çıxarışın və texniki pasportun qismən etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5850/2019 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Sabri-Tabrizi Gholam-Reza, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdeh X7 Rezaya məxsus xx xxxxx 2001-ci il tarixli texniki pasportda və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus 127,8 kv.m ümumi sahədən onlara məxsus **********68-15101- 093004 reyestr, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışa və xx.xx.2019-cu il tarixli texniki pasporta əlavə edilmiş iki mərtəbəli binanın zirzəmisinin 20,7 kv.m anbar, 11.2 kv.m köməkçi otaq, 13.6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz adı ilə olan hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 40 saylı evin ümumi mülkiyyətçilərinə məxsus zirzəmisinin bütün sahəsini həm reyestr xidmətindən alınmış xx.xx.2018-ci il tarixli çıxarışa, həm də texniki pasporta əlavə etdirmişdir, onlara məxsus xx.xx.2019-cu il tarixli texniki pasportdan görünür ki, 127 kv.m ümumi sahənin zirzəmisi olan 20,7 kv.m anbar adı ilə, 11.2 kv.m sahə köməkçi otaq adı ilə, 13.6 kv.m sahə də köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11,0 kv.m dəhliz adı ilə öz mülkiyyətlərinə keçirmişlər. O, 1965-ci ildən ünvan 2 saylı evin 2 otaqlı mənzilində yaşayır və həmin mənzil ümumi sahəsi 49,4 kv.m olmaqla 1996-cı ildən onun xüsusi mülkiyyətindədir. Bina əvvəllər həyat yoladaşının valideynlərinin şəxsi mülkiyyəti olmuş, zirzəmidə həmişə qaz, işıq, su olduğundan ailə üzvlərinin bəziləri həmin zirzəmidə yaşayıblar. Sonradan isə mənzil alıb köçmüşlər. Mənzilin yerləşdiyi bina əvvəllər 1 mərtəbədən ibarət olmuş, mənzilinin altında isə istifadə üçün tam yararsız, antisanitar, çirkab sularının yığıldığı, sahəsi təxminən 40 kv.m yaxın zirzəmi olmuş, həmin zirzəminin nisbətən yararlı (quru) hissəsinə bəzi əşyalarını yığaraq istifadə etmiş və bu gün də istifadə edir. Təxminən 90-cı illərin axırlarında qonşuluğundakı 1 otaqlı mənzili əslən İran İslam Respublikasından olan Qulam Reza adlı bir şəxs almış və orada yaşamışdır. Sonuncu bəzi əşyalarını qoymağa evdə yeri olmadığı üçün onun mənzilinin altındakı zirzəmiyə yığması üçün icazə verməsini xahiş etmiş, o da bir qonşu olaraq ona şifahi razılıq vermiş və açarın birini ona vermişdir. Bir müddətdən sonra Qulam Reza onun mənzilinin üstündə əlavə mənzil tikmək istədiyini, İcra Hakimiyyəti ilə danışdığını, bunun üçün qonşuların yazılı razılığını almalı olmasını və razılıq üçün ona 3000 manat pul verəcəyini bildirmiş, daha sonra sonuncu mənzilin üstündə ikinci mərtəbə qaldıraraq özü üçün mənzil tikmişdir. Onun adından yazılmış razılıq ərizəsini imzalamağı xahiş etmiş, o da yataqda olduğundan ərizəni oxumadan imzalamış, ona 1000 manat pul versə də, qalan 2000 manatı verməmişdir. 2006-cı ildə Şair adlı bir şəxs ona bildirmişdir ki, yaşamağa yeri olmadığından ucuz kirayə ev axtararkən Qulam Reza ona təklif edib ki, “istifadə etdiyi zirzəmi var, üstündəki qonşudan razılıq al, açarı verim sənə, özüm başqa evə köçəcəyəm.” Şairə zirzəminin yaşayış üçün yararsız olduğunu demiş, Şair də bildirmişdir ki, zirzəmini öz vəsaiti hesabına qaydaya salıb yaşayacaq. Şair həmin vaxtdan zirzəmidə minimal şərait yaradıb yaşamağa başlamış və bu gün də yaşayır. Zirzəmiyə daxil olmaq üçün Qulam Reza özünün 1-ci mərtəbəsindəki evinin dəhlizindən yol açmışdır. Zirzəmiyə giriş yalnız həyətə daxil olduqdan sonra qapını açmaqla mümkündür. Qulam Rezanın evinin girişi küçə tərəfdəndir, həyətdən yol yoxdur. Lakin bu günlərdə ona məlum olmuşdur ki, Qulam Reza nəinki özünə məxsus evi, eyni zamanda onun mənzilinin tam altında yerləşən bütün zirzəmini hələ 1990-2000-ci illərdə onun və digər birgə mülkiyyətçilərin xəbəri və razılığı olmadan hansısa yolla adına olan qeydiyyat vəsiqəsində sahəni 127,8 kv.metr, amma texniki pasportda isə 211,3 kv.metr yazdırıb və 2018-ci ilin oktyabr ayında bu iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 satmışdır. Hazırda isə onlar iddiaçı kimi cavabdeh X5 yaşadığı zirzəmidən çıxarılması barədə məhkəmədə iddia qaldırmışlar. O, birgə mülkiyyətçi kimi nə Qulam Rezaya, nədəki digər cavabdeh şəxslərə zirzəmini satın almağa razılıq verməmişdir. Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində yerləşən 2 mərtəbəli 40 saylı evin ümumi mülkiyyətçiləri təkcə iddiaçlar Cavabdeh2 və Cavabdeh3 deyil, həm də o, Tamara Bünyatova və Zümrüd Hüseynovadır. Cavabdeh X7 Rezaya məxsus texniki pasportda əks olumuş 47,5 kv.m və 36 kv.m sahə şüşəbəndir ki, bu sahə qeydiyyat vəsiqəsində əks olunmamışdır. Amma cavabdehlər Quliyev Rəhim Mövsüməli oğluna və Cavabdeh3 məxsus tekniki pasportda isə 127,8 kv.m sahədə 47,5 kv.m və 36 kv.m sahə şüşəbənd əks olunmamış, əvəzində 127 kv.m ümumi sahənin 20,7 kv.m anbar adı ilə, 11.2 kv.m sahə köməkçi otaq adı ilə, 13.6 kv.m sahə də köməkçi otaq adı ilə, 2.6 kv.m sanitar qovşağı, 11,0 kv.m isə dəhliz adı ilə yazılmış və mülkiyyətə keçirilmişdir. Halbuki adı çəkilən sahələr zirzəmini təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)- 5850/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Sabri-Təbrizi Gholam-Rezanın adına xx xxxxx 2001-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evə dair texniki pasport tərtib edilmiş, onun əsası kimi sonuncuya aid xx xxxx 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə və Yasamal rayon İHB-nin xx xxxx 2000-ci il tarixli, 505 saylı sərəncamına istinad edilmişdir. xx xxx 2019-cu il tarixdə digər Cavabdeh2 adına texniki pasport tərtib edilmiş, texniki pasportda iki mərtəbəli binanın zirzəmisi də əks olunmuşdur, texniki pasporta əlavə edilmiş iki mərtəbəli binanın zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz kimi göstərilməsi əsassızdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onların mülkiyyətlərində olan hissələri digər cavabdeh Sabri-Tabrizi Gholam-Rezadan almışlar. Sabri-Tabrizi Gholam-Reza isə göstərilən evin zirzəmisinin 20,7 kv.m anbar, 11,2 kv.m köməkçi otaq, 13,6 kv.m köməkçi otaq, 2.6 kv.m sanitar qovşağı, 11.0 kv.m dəhliz kimi göstərilən hissələrini inşa etməmişdir. Sonuncu hər hansı hüquqa malik olmamış və öz payını digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 özgəninkiləşdirərkən həmin hissələrə dair hər hansı hüquqlar əqd üzrə əldə edən M.Quliyevə və Cavabdeh3 keçməmişdir. Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan göründüyü kimi, ünvan 2 saylı ünvanda yerləşən ev Yasamal rayon MKTBnin balansındadır. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi və ya özəlləşdirilməsi ilə bağlı komitədə hər hansı əqd bağlanmamış, qeyri-yaşayış sahəsinin (zirzəminin) dövlət reyestrində qeydiyyat keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, mübahisəli sahə Rayon İcra Hakimiyyətinin balansındadır. Ona məxsus əşyalar hələ də mübahisəli sahədədir. Sabri-Tabrizi Gholam-Rezanın zirzəmisi ayrıdır. Mübahisəsi gedən və ümumi sahəsi 59,1 kv.m sahəsi olan zirzəmi əsassız olaraq qeydiyyat orqanı tərəfindən 2001-ci ildə cavabdeh Sabri-Tabrizi Gholam-Rezanın adına qeydə alınmışdır. Həmin qeydiyyat əsasında Sabri- Tabrizi Gholam-Reza 2018-ci ildə yaşayış evi ilə birlikdə həmin zirzəmini də cavabdehlər Quliyev Rəhim Mövsüməli oğlu və Cavabdeh3 satmışdır ki, hazırda da mübahisəli zirzəmi həmin cavabdehlərin adına qeydə alınmaqla paylı mülkiyyətlərindədir. Ona görə də hesab edir ki, zirzəmiyə dair qeydlər əsassız olduğundan cavabdehlərin adına verilmiş çıxarış və texniki pasportların həmin hissələri etibarsız hesab edilməlidir. İddiaçının vəkili isə qeyd etdi ki, Sabri-Tabrizi Gholam-Rezanın adına olan texniki pasportdan görünür ki, mübahisəsi gedən 59,1 kv.m zirzəminin ilkin olaraq Gholam- Rezanın adına qeydə alınmasının əsası kimi Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 505 nömrəli sərəncamı göstərilmişdir. Halbuki həmin sərancam zirzəmi barəsində olmamış, Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 239 saylı sərəncamına dəyişiklik edilməsi haqqında olmaqla, sərəncamının birinci bəndində dəyişiklik edilmiş və Əlibəy Hüseynzadə küçəsi, 40 saylı evdə yaşayan Sabri-Tabrizi Gholam-Rezaya yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 113,0 kv.m sahədə yüngül konstruksiyalı talvarın quraşdırılmasına icazə verilmişdir. Ona görə də hesab edir ki, qeydiyyat orqanı həmin sərancama istinad edərək mübahisəli zirzəmini Sabri-Tabrizi Gholam-Rezanın adına qeydə almaqda haqlı olmamış, iddiaçının hüquqlarını pozmuşdur. Digər cavabdehlərə gəldikdə isə onlar mübahisəli zirzəmini aldıqları yaşayış sahəsi ilə birlikdə alqı-satqı müqaviləsi əsasında əldə etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsivəkili isə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər. Cavabdeh həmçinin qeyd etdi ki, iddiaçının evindən zirzəmiyə giriş yoxdur, giriş yalnız onun evindən var. Bildiyinə görə Sabri-Tabrizi Gholam-Reza bu evdə və zirzəmidə heç vaxt yaşamayıb, ev və zirzəmi boş olub, buna görə sonuncu bəzi qonşulara, həmçinin iddiaçıya zirzəmidə öz əşyalarını saxlamağa icazə vermişdir. Mübahisəli zirzəmini o, yaşayış evi ilə birlikdə almışdır. Həmin zirzəminin hansı qaydada Sabri-Tabrizi Gholam- Rezanın adına qeydə aılnmasından isə onun məlumatı yoxdur və o, bunun məsuliyyətini daşımamalıdır. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-5850/2019 saylı qətnaməsi ləğv edilməli və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, iddiaçıya müvafiq tələblə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə ki, iddia ərizəsi və iş materiallarından göründüyü kimi, iddiaçının tələbi cavabdehlər Sabri-Tabrizi Gholam-Rezanın, Cavabdeh2 və Cavabdeh3 adlarına verilmiş çıxarışların və həmin mənzillərə dair tərtib edilmiş texniki pasportların qismən – ümumi sahəsi 59,1 kv.m olan zirzəmiyə aid hissədə etibarsız hesab edilməsindən ibarətdir. Bakı şəhər İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 179327 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə (keçmiş İskra) küçəsi, 40 saylı evin yaşayış sahəsi 24.5 kv.m+12.0 kv.m, ümumi sahəsi 34.5 kv.m+93.3 hissəsi xüsusi mülkiyyət kimi xx.xx.1999-cu il tarixdə Sabri-Tabrizi Gholam-Rezanın adına 15562 saylı reyestr kitabının 23028 nömrəli səhifəsində qeydiyyatdan keçmişdir. Bakı şəhər İcra Hakimiyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Sabri-Tabrizi Gholam-Rezaya aid Texniki Pasportda mülkiyyət hüququnu təsdiq edən sənədlər kimi xx.xx.1999-cu il tarixli Qeydiyyat vəsiqəsi və Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 505 nömrəli sərəncamı göstərilmişdir. Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 505 nömrəli sərəncamından görünür ki, həmin sərəncam Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 239 saylı sərəncamına dəyişiklik edilməsi haqqında olmuş və sərəncamla Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 239 saylı sərəncamının birinci bəndində dəyişiklik edilərək, Əlibəy Hüseynzadə küçəsi, 40 saylı evdə yaşayan Sabri-Tabrizi Gholam-Rezaya yaşadığı evin ikinci mərtəbəsində mənzilin qarşısında aşağı mərtəbənin damı üzərində 113,0 kv.m sahədə yüngül konstruksiyalı talvarın quraşdırılmasına icazə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 127.8 kv.m olan mənzil 1/2 hissədə Cavabdeh2 və 1/2 hissədə Cavabdeh3 adlarına xx.xx.2018-ci il tarixdə 2873 nömrəli reyestr kitabının 268024 nömrəli vərəqində ********** və ********* qeydiyyat nömrələri ilə qeydiyyata alınmışdır. Sabri-Tabrizi Gholam-Rezaya verilmiş qeydiyyat vəsiqəsi və texniki pasportdan göründüyü kimi, mübahisələndirilən zirzəmi sahələri ilkin olaraq onun adına qeydiyyata alınmış, qeydə alınmanın əsasında isə hər hansı mülki-hüquqi əqd yox, inzibati orqanın aktı dayanmışdır. Sonradan Sabri-Tabrizi Gholam-Reza həmin zirzəmini yaşayış sahələri ilə birlikdə digər cavabdehlərə satmışdır. Etibarsızlığa səbəb olan ilkin hərəkətlər isə Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti tərəfindən edilmişdir, ona görə də, hazırki iddia tələbinə ümumi yox, inzibati məhkəmədə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) dair tələblərə inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar göstərilmişdir: «Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir… İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.» “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununbəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarınaəlavə və dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununxx.xx.2020-ci il tarixli Qərarı ilə «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına edilmiş əlavə və dəyişikliyə əsasən ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. ...Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır». Hazırki iddianın təbiətindən belə aydın olur ki, iddiaçı məhz ilkin və sonrakı qeydəalmanı mübahisələndirir. Mübahisəli zirzəminin ilkin olaraq Sabri-Tabrizi Gholam- Rezanın adına qeydə alınmasının əsası kimi Yasamal RİHB-nin xx.xx.2000-ci il tarixli 505 nömrəli sərəncamı göstərilsə də, iddiaçı həmin sərancamın zirzəmi ilə bağlı olmadığını israr edir. Hər bir halda, istər həmin sərancamın etibarsızlığı, istərsə də həmin sərancamı əsas tutub zirzəmini Sabri-Tabrizi Gholam-Rezanın adına qeydə almış qeydiyyat orqanının hərəkətləri yalnız inzibati icraat qaydasında mübahisələndirilə bilər. Yalnız sərancam və ya zirzəmi ilə bağlı qeydiyyat qanunsuz sayıldığı təqdirdə (iddiaçının seçiminə görə) sonraki mübahisələrə (zirzəminin alqı-satqısına dair müqavilənin etibarsızlığı və həmin müqavilə əsasında aparılmış qeydin ləğvi) mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şəhr olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 391, 402 və 405.0.2-ci maddələrini rəhbər tuturaq məhkəmə, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5850/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və işin icraatına işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunsun. İzah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür, Sədrlik edən Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1621/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1621/2020
02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver